NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Gülüş uğura aparan bir yoldur

Həyatınızı daha yaxşı hala gətirmək üçün yumor hissinizi inkişaf etdirməyi öyrənin...

Yumor hissi sadəcə ən əhəmiyyətli xarakterik xüsusiyyətlərdən biri deyil, həmçinin özünü inkişaf etdirmək üçün vacib bir elementdir. Yumor bizə rahatlaşmağa, kəskin düşüncələrdən həzz almağa, müzakirələrdə fəal şəkildə iştirak etməyə və həyatdan zövq almağa imkan yaradır. Gülüşün ömrü uzatdığı faktı elmi şəkildə sübuta yetirilib. Gülmək 16 üz əzələsini işə salaraq, qanın daha çox oksigenlə təmin olunmasına şərait yaradır, eyni zamanda cavanlaşmağa və daha gözəl görüntüyə sahib olmağa kömək edir.

Bundan əlavə, gülüş bədənimizdə xoşbəxtlik hormonu hesab olunan endorfinin miqdarını artıra bilir, hansı ki, bu hormonlar immun sistemini gücləndirməyə və stresslə mübarizə aparmağa da kömək olur.

Yumor hissi olan insanlar daha cəlbedici olurlar və onlarla ünsiyyət qurmaq asandır. Məhz bu səbəbdəndir ki, onlar partner və yaxud dostlar taparkən, həmçinin işgüzar sövdələşmələr həyata keçirərkən daha inamlı olurlar. Bu xüsusiyyət onlara münaqişələri həll etməyə, cəmiyyətdə, eyni zamanda karyeralarında daha ön planda olmağa şərait yaradır.

Son olaraq, həyata təbəssüm və istehza ilə baxmaq qabiliyyəti psixologiyamız və bədənimiz üçün qoruyucu funksiya daşıyır. Bu hədiyyəyə sahib olduqda, yaxud zarafatları anlayışla qarşılamağı zamanla öyrəndikdən sonra biz həyatın çətinliklərini daha rahatlıqla təcrübə edirik, onların öhdəsindən daha asanlıqla gəlirik ki, bu da ümumi inkişafımızın vacib bir nöqtəsidir. Özünüzə gülməyi bacarmaq yumor hissinizi inkişaf etdirmək üçün əla bir yoldur. Sizə güvənən, həmçinin sizin güvəndiyiniz insanlarla ünsiyyətdə olmaq sizə hədəf rolunu oynamaq imkanı verir – bu isə o deməkdir ki, insanların zarafatlarının mərkəzində olmaq sizin üçün problem deyil. Lakin unutmayın ki, kiminləsə gülmək və kiməsə lağ etmək iki fərqli anlayışdır. Xoş ab-havanı qorumaq və insanların sərhədlərinə hörmət etmək mühümdür. Zarafat gülməli olmalı və kiminsə xətrinə dəymək məqsədi daşımamalıdır (gülməli səslənsə belə), çünki belə zarafatlar həqiqətən xoş deyil, belə ki, başqalarını güldürmək məqsədilə birini incitdiyinizi düşünürsünüzsə, deməli, zarafat qabiliyyətiniz o qədər də yaxşı deyil. Sizə qarşı edilən zarafatın əyləncə məqsədilə, yoxsa sizi qıcıqlandırmaq üçün edildiyini hər zaman hiss edə bilərsiniz… Bu tip situasiyalarda buna kəskin bir zarafatla qarşılıq verə bilər, ya da gülümsəyərək heç nə demədən oradan uzaqlaşa bilərsiniz.
Müəyyən situasiyalarda zarafatların heç də həmişə uyğun və ya məqbul olmadığını başa düşmək vacibdir. Yumorun tonu mətləbə və ünsiyyət qurduğunuz şəxsə uyğun seçilməlidir. Zarafatınızın kimisə qıcıqlandıra və ya incidə biləcəyini düşünürsünüzsə, həmin zarafatı ümumiyyətlə etməmək daha məqsədəuyğundur. Unutmayaq ki, nəzakəti qorumaq və təmkinli davranmaq yumorun əsas xüsusiyyətlərindəndir.

Nəzakətlilik və yaxşı yumor hissi - bu iki xüsusiyyətə sahibsinizsə, siz istənilən vəziyyətdə qalibsiniz.