Pablo Pikasso və Dora Maar incəsənət tarixinin ən məşhur və nüfuzlu cütlüklərindən biridir.
Fotoqraf və rəssam olan Dora Maar fotoqrafiya və kollaj sahəsində eksperimentləri ilə tanınırdı. Katolik bir fransız qadının və xorvat memarın qızı, o, 20 ilə yaxın, atasının işi ilə əlaqədar ailəsinin köçdüyü, Argentinada yaşayıb.
Parisə qayıdanda Maar rəssamlıq və dekorativ sənəti öyrənir və 25 yaşında onun artıq uğurlu bir studiyası var idi. Daha sonra Dora ən çılğın foto montajlarını yaratdığı şəxsi studiya açdı. Ən məşhurunu “Pere Ubu” adlandırmaq olar – armadillo embrionuna bənzəyən qəribə, qeyri-insani bir məxluqun təsviri. O, sirrini açmamaq üçün heç vaxt onun hansı heyvan olduğunu demək istəmirdi.
Maar Pablo Pikasso ilə İspaniyada vətəndaş müharibəsi başlamazdan bir il əvvəl tanış olub. O dövrdə onun adı fotoqrafiya həvəskarları və moda jurnallarının oxucuları arasında tanınırdı. Pikasso Olqa Joylova ilə evli idi və Mari-Tereza Valter adlı gənc məşuqəsi var idi. Pikassodan 26 yaş kiçik olan Dora ekssentrikliyi ilə onun diqqətini çəkdi, üstəlik o, mükəmməl ispan dilini bilirdi. Rəssam Maara dəlicəsinə aşiq oldu və o, onun qəribə dünyasının vacib hissəsinə, onun əsas ilham pərilərindən birinə çevrildi. Onlar birlikdə səkkiz il keçirdilər və bu müddət ərzində Pikasso Maarın portretləri də daxil olmaqla, bir çox ən uğurlu əsərlərini yaradır. Dora, “Guernica”-nın yaradıcılıq prosesini foto lentə aldı, bu isə o dövr üçün bir yenilik idi.
Onların münasibətləri mürəkkəb idi: Dora depressiyadan əziyyət çəkirdi və Pikasso tərəfindən tez-tez emosional və fiziki zorakılığa məruz qalırdı. Bu, onun yaradıcılığına və psixi vəziyyətinə təsir etdi.
1944-cü ildə Pikasso və Maar ağrılı münasibətlərinə son qoydular. Bu zaman Dora dəlilik partlayışları yaşamağa başladı və psixiatriya xəstəxanasına yerləşdirildi, burada elektrik şoka və amansız müalicələrə məruz qaldı. Vaxtilə onları tanış edən, kömək üçün Pikassoya üz tutan şair Pol Eluardın sayəsində Maar xəstəxanadan çıxa bildi. Daha sonra sağaldı, katolik mistisizmində rahatlıq axtardı (o zaman onun məşhur ifadəsi yarandı: “Pikassodan sonra, yalnız Tanrı”) və keçmiş partnyorunun şöhrətinə heç vaxt çatmasa da, özünü rəsmə həsr etdi.
1996-cı ildə Dora Maar rolunu Juliana Murun oynadığı Ceyms İvorinin rejissoru olduğu “Pikasso ilə yaşamaq” filmi çıxdı. Dora Maar 16 iyul 1997-ci ildə 89 yaşında vəfat etdi və Klamartdakı “Bois-Tardieu” qəbiristanlığında dəfn edildi.