Axşam saat 6 üçün dinləmələrə gələn gənc Robin Fenti hamını o qədər valeh etdi ki, hətta Cey-zi özü ondan yubanmasını istədi və gecə saat 2-də artıq müqavilə imzaladı. İntuisiyası onu aldatmadı: gənc barbadoslu qızın dəhşətli xarizması, istedadı və məqsədyönlülüyü onu milyonların kumiri etdi. Bu gün Rianna bütün dövrlərin ən populyar müğənnilərindən biridir, dünyada onun albomlarının 20 milyondan çox surəti və 60 milyon sinqlı satılıb. İfa etdiyi kompozisiyaların əksəriyyətini Rianna özü yazıb. Jurnalistlər zarafatla qeyd edirlər ki, o kiçik Barbados xüsusiyyətlərini özündə saxlayıb: pulları topa ilə yandırmaq, bonqdan siqaret çəkmək və çılpaq bədənə geyinilmiş dəbdəbəli islaq kürkdə gəzmək. Rianna həqiqətən də daim izn verilənlərin sərhədlərinin möhkəmliyini sınayır, amma bununla yanaşı ulduz xəstəliyindən əziyyət çəkmir. Bizimlə söhbətdə o, tam səmimi olaraq mühacir həyatından, öz qorxularından, gücündən və öz üzərindəki qələbələrdən söz açdı.
Siz 2012 ildə Bakıda çıxış etmisiniz. Şəhər Sizə hansı təəssüratı bağışladı?
Mənim üçün əvvəllər heç zaman çıxış etmədiyim ölkədə çıxış etmək – həmişə xüsusi hadisədir. Bu qədər fanat ilk dəfə səni canlı izləyə bilir!
Barbadosdan ABŞ-yə gəldikdə Siz, yəqin ki, tez-tez dərinizin rənginə görə problemlərlə üzləşirdiniz. O zamandan vəziyyət nə dərəcədə dəyişib?
İnsanlar çox zaman unudurlar ki, mən Barbadosdan savayı başqa bir yerə getdikdə hələ də mühacir olaraq qalıram – və mən bu sözdən utanmıram. Mən bilirəm ki, insan sıfırdan başlaya və hər şeyə nail ola bilər, hətta seçdiyi fəaliyyət sferasından asılı olmayaraq baş rolu ifa edə bilər. Dünyada milyonlarla belə Riannalar var və onlara zibil kimi münasibət bəsləyirlər. Odur ki, siz məni sevirsinizsə, o zaman mənim kimi olan digərlərini də sevməlisiniz. Ümumiyyətlə, insanlara daha şəfqətlə yanaşmalısınız.
Siseron deyib ki, ən böyük qələbələr özümüz üzərində qazandıqlarımızdır. Öz üzərinizdə ən böyük qələbəniz hansıdır?
Bizə özümüzü dərk etmək və sahib olduğumuzla necə kifayətlənməyi anlamaq üçün, adətən, zaman tələb olunur. Amma elə ki özünü sevməyi öyrəndin, sən həyatının ən böyük qələbəsini qazanacaqsan. Özünü sevməyi və olduğun kimi qəbul etməyi öyrəndiyin an hər şey dəyişir. Sən özün üçün yaşamağa başlayırsan və başqalarının nə düşündüklərinə görə narahatlıqlarına son verirsən.
Siz bir dəfə dediniz ki, Robin – Sizsiniz, Rianna isə - insanların Sizin haqqınızda düşündükləri. Robinlə Rianna arasındakı fərq nədədir?
Kimsə mənə Robin deyə müraciət edirsə, özümü bir qədər qəribə hiss edirəm: bu o deməkdir ki, mən həqiqətən o insanla tanışam. Rianna adına gəldikdə isə, bu daha çox insanların özləri üçün yaratdıqları obrazdır. Buna görə də, mənə Rianna deyə müraciət edən insanlara elə də reaksiya vermirəm. Amma kimsə mənə Robin deyə müraciət etsə, mən dərhal canlanıram, çünki bu mütləq ya ailə üzvümdür, ya da çox yaxın dostum.
Həyatda məqsədiniz nədir?
Mən xoşbəxt olmaq istəyirəm; istəyirəm ki, sevdiklərim xoşbəxt olsunlar. Amma karyeramı nəzərə alaraq, gələcəkdə də yaradıcılıq çərçivələrini aşmaq istəyirəm. Həm də yalnız prosesin özü üçün yox. Həm musiqidə, həm modada əvvəllər heç kimin etmədiyini etmək istəyirəm. İndi məşğul olduğum hər şeydə bizim fərqliliklərimizin haqqını vermək istəyirəm və eyni zamanda anlayıram ki, məhz onlar bizə unikallıq bəxş edir.
Siz qaydaları pozursunuz, təqsirləri bağışlayırsınız, savaşırsınız... Siz özünüzə inanırsınız və zəifliyinizi nümayiş etdirməyi sevmirsiniz. Bəs güc mənbəyiniz haradandır?
Qadınlar dünyanın ən güclü məxluqlarıdır. Bu güc bütün qadınlarda var, amma onu özündə tapmalısan. Özümüzü olduğumuz kimi qəbul etməliyik, sonra isə bizi və sevdiklərimizi xoşbəxt edəcək şeyləri etməliyik. Sizin üçün az əhəmiyyəti olan insanların fikirlərinə diqqət yetirməyə son qoyduqda gücünüzün necə artdığını hiss edəcəksiniz...
Sizə bodipozitivliyi və özünüzə məhəbbəti kim aşılayıb?
Mən müstəqil qadınların əhatəsində böyümüşəm, onlar mənim rol modellərim olublar. Anam və nənəm güclü və müstəqil idilər, məcburiyyət qarşısında olsa da, öz məqsədlərinə nail olurdular. Mənə göstərdikləri nümunə üçün onlara o qədər minnətdaram ki!
Rianna yalnız öz bədənində məmnuniyyətlə yaşamır, həm də yaşından, çəkisindən, forma mütənasibliyindən və dərisinin xüsusiyyətlərindən asılı olmayaraq bütün istəyənlərə özlərini cazibədar hiss etməyə imkan verir. “Savage x Fenty” qadın alt geyimlərinin nümayişində həm 57 yaşlı kino ulduzu Demi Mur, həm bodipozitivizm fəalı Lizzo iştirak etdilər, 2020-ci ilin payızında isə kişi modelləri də ərsəyə gəldi və reklam kampaniyasında plyus-sayz model Stiven Ci poz verirdi. Reaksiya dərhal gəldi: insanlar yazırdılar ki, bu, onlarda özünəinam yaradır. Elə eyni vaxtda da digər reklam kampaniyası yarandı – orada döş xərçənginə qalib gələn qadınlar çəkildilər. Heç bir retuş tələb olunmurdu: zinət əşyalarının reklamında modelin yanağında kəsiklər göründüyü kimi, burada da süd vəzinin kəsilməsi əməliyyatından sonra qalan çapıqları görmək mümkün idi. Rianna, öz etirafına görə, “kontrol-frik”dir – şəxsən brendinin bütün fəaliyyətlərində iştirak edir və hər kampaniyada əsas ismarıcı sezmək mümkündür: biz hamımız fərqliyik və bu əladır! O, insanların özlərini olduqları kimi qəbul etmələri uğrunda mübarizə aparır. Hərçənd, Rianna gözəl görüntü ilə kifayətlənmir: Riannanın “Savage x Fenty” alt paltarı markası onkoloji xəstəliklərin tədqiqatına sponsorluq edən “Clara Lionel Foundation” fonduna maliyyə yardımı edib. Rianna tərəfindən 2012-ci ildə yaradılan bu xeyriyyə fondu fövqəladə vəziyyətə düşən insanlara yardım göstərir. Məsələn, pandemiyanın ən qızğın vaxtında fond məişət zorakılığı qurbanlarına yardım üçün 4,2 milyon dollar ayırmışdı.
Robin nədən qorxur?
Mən qorxularımla mübarizə aparıram – onlar heç bir yaxşı şey vəd etmir. Şöhrətə ehtiyatla yanaşmağa çalışıram: kənardan o çox cəlbedici görünür, lakin ona məğlub olmamaq üçün çox çalışmaq lazımdır. Bəzən sadəcə “istirahətə çıxmaq” və sən şöhrət qazanana qədər səni tanıyan insanlarla zaman keçirmək lazımdır.
Şayiələr gəzir ki, karyeranızın lap əvvəlində Sizin kontrakta qırmızı pomada və çılğın paltarlara qadağa da daxil edilib. İkinci və üçüncü albomlar arasında nə baş verdi ki, “yaxşı” qız qəfildən “pis” oldu?
Biznesdə ilk addımlar həmişə qorxudur və sən özgələrin xahiş və istəkləri ilə barışmağa meyilli olursan. Bu sferada qaldıqca, inamın artır – məsələn, özünü ifadə etməkdə. İndi hansısa paltarı ancaq bəyəndiyim üçün geyinirəm və özümü bu cür ifadə etmək istəyirəm və bu ətrafdakılarla hec cür bağlı deyil.
Siz deyirdiniz ki, hər şeyə asanlıqla nail olduqda yaşamaq darıxdırıcı olur. Nəyə daha çox çətinliklə nail olmusunuz? Hansı qərar daha çətinliklə qəbul olunub?
Etdiyim hər şey ideal olmalıdır – istər musiqi olsun, istər paltar. Mənə 100 faizlik məmnunluq bəxş etməyən məhsul istehsal etmək istəmirəm. Bu asan deyil: çox işləmək lazım gəlir, nəticə isə gözləniləndən çox fərqli ola bilər. Amma sonunda səylər özünü doğruldur.
Riannanın “hər yerdə olmaq bacarığı” olduğu deyilir: o eyni zamanda bir çox layihələrlə məşğul olmağa qadirdir. 2018-ci ildə o, Barbadosun təhsil, turizm və investisiyalar məsələləri üzrə fövqəladə və səlahiyyətli səfiri oldu. Yeri gəlmişkən, həmyerliləri onunla çox fəxr edirlər və hər il fevralın 22-də “Rianna Günü”nü qeyd edirlər. Bundan əlavə, o kinoda çəkilməyə, paltar, ayaqqabı, “Fenty Beauty”, “Fenty Skin” dekorativ və qulluq kosmetikası istehsal etməyə, müxtəlif tip bədən formaları üçün nəzərdə tutulmuş “Savage x Fenty” alt paltarı brendini yaratmağa və hətta ayaqqabı biznesinin nəhəngi “Manolo Blahnik”lə birgə çalışmağa vaxt tapır. Rianna bir sıra digər kollaborasiyalarda da iştirak edir, məsələn, “Armani” və “River Island” kimi dəbli brendlərlə. O, “Puma”nın kreativ direktoru postunu tutub, “Dior”un reklam kampaniyasında çəkilən ilk qaradərili model oldu. Onun iştirakı ilə “Balmain”in reklam kampaniyası mətbuatda əsl fırtına yaratdı... 2016 ildə Rianna 6 müəllif parfümü təqdim etdi, 2020-ci ildə populyar sosial şəbəkə üçün video çəkilməsi mümkün olan “Fenty Beauty TikTok Home” - “tiktokerlər evi” yaradaraq özü haqqında söz açmağa daha bir səbəb verdi.
Siz eyni zamanda çox sayda müxtəlif layihələr üzərində işləyirsiniz. Vaxtınızı necə bölürsünüz?
Mənim üçün karyera heç zaman ətalətli olmayıb. Mən heç də bütün sutkanı işləməyin əleyhinə deyiləm: öz biznesimi inkişaf etdirmək və fəxr edə biləcəyim musiqini yaratmaq... Karyera mənə məqsəd və aramlıq bəxş edir, amma özün üçün zaman ayırmasan, o zaman sevimli işində yanacaqsan. Bəzən təqvimimdə 2-3 günü “P” hərfi ilə qeyd edirəm - “personal time”, mənə zövq bəxş edən istirahət və məşğuliyyətlər üçün şəxsi zaman. Bu, psixi sağlamlıq üçün çox vacibdir!
Siz şou-biznesə gənc yaşlarınızda gəlmisiniz. 18 yaşınızdakı və indiki yaradıcılığınız arasındakı fərq nədədir?
Yaradıcılıqda çox şey mənim kim olmağımdan, nə hiss etməyimdən, nə yaşadığımdan və hansı təcrübə toplamağımdan asılıdır. Məntiqlidir ki, yaşa dolduqca mənim yaradıcılığım da dəyişir. Kosmetika və paltar xətləri tərtib olunur, mən indi inklüzivliyə və digər müxtəlif aspektlərə gənclikdə olduğundan daha çox diqqət ayırıram. Bu da tam təbiidir, axı indi daha çox bilgiyə malikəm.
Nə olmadan Siz heç zaman səfərə çıxmırsınız?
Səfərlərdə mənim üçün rahatlıq çox vacibdir. Mən krosovkaları çox sevirəm, buna görə də çox zaman “Puma”dan olan özümün “Fenty Slides” krosovkalarımı geyinirəm. Onlar çox gözəl görünürlər, geyinib soyunmağa isə bir hərəkət yetərlidir – səfərlər və uçuşlar üçün çox rahatdır!