NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Yarat. Mir Nadir Zeynalov: Mistik ruhun ömrü

YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın Xalq rəssamı Mir Nadir Zeynalovun “Mistik ruhun ömrü” adlı retrospektiv sərgisini təqdim edir. XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mir Nadir Zeynalovun Qalereyasının kolleksiyasından, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından 60-dan artıq əsərlər nümayiş olunacaq. Bu layihə bir neçə ay əvvəl əbədiyyətə qovuşan rəssamın anadan olmasının 80 illiyinə həsr olunur.


Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır.
Şirin Məlikovanın fikrincə, sərginin əsas ideyası tamaşaçını Mir Nadir Zeynalovun əsərlərinin yaradıldığı ab-havaya qərq etmək və seyrçiyə fiqurativlik və abstraksiya arasında tarazlıq yaradan rəssamın yaradıcılıq həyatının ritmini hiss etdirməkdir. Bununla da rəssamla seyrçi arasında “ünsiyyətə” nail olaraq, sənətkarın mistik ruhunun ölməzliyini vurğulamaqdır.


Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək, bir neçə tematik zallara bölünür. Abstrakt rəngkarlıq zalı rəssamın rəng ustalığını diqqətə çəkərək, bütün incəlikləri ilə əks etdirir. Bu ekspozisiyanı kollajlar zalı məntiqi şəkildə davam etdirir: rəssam klassik kətan əsərlərini müxtəlif materiallarla zənginləşdirməyi və bütün bunları nəhəng, monumental formatda birləşdirməyi sevirdi.
Fiqurativ rəngkarlıq zalı öz mövzusuna görə bir qədər məhrəmani və ailəvi xarakter daşıyır: burada Mir Nadir Zeynalova yaxın olan insanların onun tərəfindən müxtəlif illərdə çəkilmiş portretləri ilə yanaşı, rəssamın öz avtoportretləri də nümayiş etdirilir. Mənzərələr zalını, Mir Nadir Zeynalovun kiçik vətəni, Yer üzündə onun təkcə təsviri sənət deyil, həm də poeziya yaradıcılığını qidalandıran məkanının – Abşeronun himni adlandırmaq olar.


“Ömür yolu” adlanan zal isə çeşidli rənglərə boyanaraq rəssamın qəlbinə sahib çıxan mistik ruhu əks etdirir. Qrafika zalında tamaşaçıların diqqətinə unikal əsərlər təqdim olunur. Mir Nadir Zeynalov adətən yaradıcılığının bu hissəsinə çox da ciddi yanaşmayıb və bu monoxrom, minimalist əsərlər rəssamın yaşadığı dövrdə çoxsaylı sərgilərində demək olar ki, nümayiş etdirilməyib. Buna baxmayaraq, rəssam bu əsərlərdə virtuozcasına bir-iki cizgi ilə xüsusi bir əhval-ruhiyyə yarada bilmişdir.


Sərgi zallarında, həmçinin Mir Nadir Zeynalovun əsərlərinin ideyalarını tamamlayan, daha yaxşı qavranılmasına kömək edən şeirlərindən parçalar da yer alır.
Sərgi zallarının birində rəssamın ölümündən bir neçə ay əvvəl onun haqqında ərsəyə gələn film təqdim olunur. “Sənətkarın həyatında bir gün” formatında qurulan, film-monoloq janrında çəkilmiş bu sənədli film Şirin Məlikovanın təşəbbüsü və “Bakı Abadlıq Xidməti” ASC-nin maliyyə dəstəyi ilə rejissor Mübariz Nağıyev tərəfindən lentə alınmışdır.


Rəssam haqqında materialları onun öz şeirlərini oxuduğu səs yazıları (sərgi zalındakı vintaj telefonun dəstəyini qaldıraraq dinləmək mümkündür) və onun şəxsi arxivindən seçilmiş fotoşəkillər tamamlayır. Bununla yanaşı, sərgidə Mir Nadir Zeynalovun musiqi alətlərdən ibarət şəxsi kolleksiyası da nümayiş olunur: rəssam bu musiqi alətlərini sadəcə toplamır, həm də onlarda ifa edib, musiqi bəstələyirdi.


Sərgi YARAT Müasir İncəsənət Məkanının 10 illiyi çərçivəsində həyata keçirilir.