Sərginin açılışı: 19 may, saat 19:00
Saat 19:00 – Vüsal Rəhimin performansı
Saat 20:00 – Nigar İbrahimbəylinin performansı
Sərginin tarixləri: 19 may – 24 sentyabr, 2023
YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Çəhrayı – Qara” adlı qrup sərgisini təqdim edir.
Ekspozisiya Ağa Mehdiyev, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Fazil Nəcəfov, Fərhad Xəlilov, Elmira Hüseynova, Ələkbər Rzaquliyev, Əli Verdiyev, Əzim Əzimzadə, Rasim Babayev, Toğrul Nərimanbəyov və Elmira Şahtaxtinskaya kimi ustad sənətkarların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri ilə yanaşı, yeni nəsil rəssamları – Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Aqil Abdullayev, Aiplague və Vüsal Rəhimin rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərlərini bir araya gətirir.
Plüralistik və müasir cəmiyyətdə çəhrayı rəngi “qıza məxsus” artıq qəbul olunmuş assosiasiya/klişedir. Qara rəngin semantikası müxtəlif dövrlərdə, mədəniyyət və dinlərdə fərqli olsa da, onun assosiativ olaraq bəxş etdiyi əsas təəssürat neqativ ideyalarla səsləşir. Bununla belə, sərginin adı və konsepti qadınlığı simvolizə edərək, qadın mənsubiyyətinin görünməyən, bəzən cəmiyyətdə adi qəbul olunan amillərin və onların mənfi cəhətlərinin əks sədasını araşdırır.
“Çəhrayı – Qara” sərgisi güclü Azərbaycan qadını haqqında hekayədir. O, dövrlərin dəyişməsinə baxmayaraq, tarixin hər kəsiyində öz yerini/əksini tapır. Sərgi, qadına qarşı cəmiyyətdəki stereotip, məhdudiyyət və çətinliklərə rəğmən, onun mühüm rolunu vurğulayır. Bununla yanaşı ekspozisiya təkcə bugünkü cəmiyyətimizdə deyil, həmçinin əsrlər boyu qadına olan münasibəti, onun statusunu, təsir və gücünü, o cümlədən üzləşdiyi problemləri nəql edir.
“Çəhrayı – Qara” sərgisi illər ərzində sənətçilərin prizmasından ötürülən cinsiyyət haqqında bir mesajdır. O, tamaşaçılara müxtəlif dövrlərdə cinsin necə qəbul edildiyini düşünməyə imkan yaradır. Cinsiyyət mənsubiyyətinin mürəkkəblikləri və nüansları təsviri sənətimizdə bir çox heykəltəraşlıq və rəngkarlıq əsərlərində daima əks olunub. 1980-ci illərdən etibarən qadın və kişi idealları, keçmişin cinssiz təbliğat klişelərindən uzaqlaşaraq, nəzərdən keçirildi. Sovet hakimiyyətinin süqutundan sonra yeni qazanılan azadlıqlar neokonservativ məhdudiyyətlər ilə ayaqlaşaraq, qadın identikliyinin siyasi və ictimai əhəmiyyətini vurğulamaq üçün qadınlığın tarixi alleqoriyalarına işarələr verməyə başladı...
Ekspozisiyaya Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, AMEA Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutu, Elnur Babayev və Vüsal Rəhimin kolleksiyalarında saxlanılan əsərlər daxil edilib.
YARAT Müasir İncəsənət Məkanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə xüsusi təşəkkürünü bildirir.
Sərginin kuratoru Fərəh Ələkbərlidir.