Rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa şirkəti və Birbank Biznes She’s Next Brunch tədbirini təşkil edərək She’s Next Empowered by Visa təşəbbüsünün Azərbaycanda 4-cü dalğasına start veriblər. Tədbir qadın sahibkarları, media nümayəndələrini və proqramın tərəfdaşlarını bir araya gətirib.
Tədbir qadınlara ödənişsiz təlim və maliyyə dəstəyi təqdim etməklə onların bizneslərini inkişaf etdirmələrinə kömək etməyi hədəfləyən təşəbbüsün yeni mərhələsi — She’s Next in Digital proqramının başlanğıcı rolunu oynayıb. İştirakçılar proqramın imkanları ilə tanış olub, əvvəlki dalğaların qaliblərinin ilhamverici hekayələrini dinləyib, biznesin inkişafı ilə bağlı təcrübə və ideyalarını bölüşüblər.
“Bir addımla başla!” şüarı ilə həyata keçirilən 4-cü dalğa Azərbaycanın bütün regionlarından olan qadınları sahibkarlığa doğru növbəti addımı atmağa — istər yeni biznes ideyasını reallaşdırmağa, istərsə də mövcud biznesini inkişaf etdirməyə dəvət edir.
Qadın sahibkarlar üçün yeni imkanlar
She’s Next in Digital təlim proqramını, mentorluğu və müsabiqəni özündə birləşdirir. İştirakçılar ödənişsiz onlayn təlimlərdə iştirak edəcək, təlimdən sonra isə biznes-planlarını ekspertlərin qiymətləndirməsinə təqdim edə biləcəklər. 3 həftə davam edəcək İnkişaf Proqramında iştirak etmək üçün 24 finalçı seçiləcək. Proqrama ekspert sessiyaları və fərdi mentorluq daxildir. Proqramın yekun mərhələsi 2027-ci ilin mart ayında keçiriləcək Layihə Təqdimatı olacaq. Həmin gün finalçılar layihələrini münsiflər heyətinə təqdim edəcəklər.
Müsabiqə 4 kateqoriyanı əhatə edir: Rəqəmsal, Sosial, Regional və Yeni başlayanlar.
Proqramın nəticələrinə əsasən 8 qalib müəyyən ediləcək və onlar ümumi məbləği 60 000 manat olan mükafat fondundan pul mükafatları əldə edəcəklər. Hər bir qalib üçün mükafatın məbləği 10 000 manatadək olacaq.
She’s Next in Digital proqramında iştirak üçün qeydiyyat 30 noyabr 2026-cı il tarixinədək shesnext.az veb-saytında açıqdır. İştirakçılar həmçinin proqram barədə yenilikləri, elanları və qarşıdakı tədbirlər haqqında məlumatları əldə etmək üçün She’s Next WhatsApp icmasına qoşula bilərlər.


