Kristofer Bauder işıq və media sahəsində tanınmış alman rəssamıdır. O, dünyanın müxtəlif yerlərində genişmiqyaslı instalyasiyalar yaradır. Bauderin işləri səs, işıq, hərəkət və obyektlərin vəhdətinə əsaslanır. İstedadı ona Alman İşıqlandırma Mükafatı və Red Dot Dizayn Mükafatı da daxil olmaqla bir neçə nüfuzlu mükafat qazandırıb. Ülviyyə Mahmud işığın gücünü daha yaxından anlamaq və dəyərləndirmək üçün onunla görüşmək məqsədilə Berlinə yollanıb.

MÜSAHİBƏ ÜLVİYYƏ MAHMUD
FOTO OLIVIER RIMBON FOELLER, RALPH LARMANN, VLADİSLAV MAKAROV

Mən işıqla işləyirəm və işıq yalnız qaranlıqda təsir göstərir
Belə şouları yaratmaq üçün sizə nə lazımdır?
Mənə böyük bir məkan və maliyyə lazımdır. Məkanın ölçüləri minimum 40x20 metr, hündürlüyü isə 10 metr olmalıdır. Bu minimum göstəricidir, amma nə qədər böyük olsa, bir o qədər yaxşıdır. Sənaye tipli məkanları sevirəm, amma mütləq sənaye məkanı olmasına ehtiyac yoxdur. Bir də tam qaranlıq mühit lazımdır — sözün əsl mənasında zülmət qaranlıq.
Niyə qaranlıq?
Çünki mən işıqla işləyirəm və işıq yalnız qaranlıqda təsir göstərir.
Sizin işlərinizdə gizli mesaj nədir?
Qaranlıq gündüz saatlarında güvəndiyiniz bütün adi hissləri sizdən alır. Qaranlıqda hər şey minimuma enir — və məhz o zaman mən sizə yeni bir enerji verə bilirəm. DARK MATTER-ə daxil olanda tamam başqa bir dünyaya keçirsiniz; instalyasiyaların ritminə uyğunlaşmağa vaxt ayırsanız, meditativ bir hala düşə bilərsiniz. Fikir də elə budur.
Böyükmiqyaslı şoularımda da eyni prinsip var: onlar tam qaranlıqdır. Qaranlıq və geniş bir məkan insana kilsədə olduğu hissini verir. İnsan hansı dinə bağlansa da, kilsəyə girəndə müəyyən bir duyğu yaşayır.
Qaranlığ sizin üçün mənfi, yoxsa müsbət bir anlayışdır?
Mən qaranlığı həqiqətən çox sevirəm. Onu tamamilə müsbət bir hal kimi görürəm. Gecəni də sevirəm — mən tam bir gecə insanıyam. Mənim üçün qaranlıq isti bir hissdir, sanki doğulmazdan əvvəl hiss etdiyiniz o sakitlik kimidir.
Musiqi ilə də məşğul olursunuz?
Bəli. Mən öz musiqimi yaradıram. Başqalarının musiqisini qarışdırmıram və istifadə etmirəm.
Hansının yaranması əvvəl gəlir: işığın, yoxsa musiqinin?
Əslində, onlar birlikdə formalaşır — sanki ping-ponq kimidir. Əvvəl hekayə gəlir: mən onu eskizlərlə, kiçik rəsm və təsvirlərlə, bir növ storyboard şəklində qurmağa başlayıram. Sonra Kris hekayənin hər hissəsi üçün kiçik musiqi parçaları bəstələyir və birlikdə onların necə uyğunlaşdığına baxırıq.
Həmişə işinizdən məmnun qalırsınız?
Əgər tamamlanıbsa, bəli, məmnun qalıram. Mən bunu ona görə edirəm ki, sadəcə bunu etmək istəyirəm.
Komandanızda nə qədər adam var?
Hazırda ümumilikdə 65 nəfərik, üstəlik bir neçə freelancerlə işləyirik. Çünki dünyanı dolaşdığımız üçün instalyasiyalarla məşğul olan freelancerlərlə də əməkdaşlıq edirəm.
Siz mühəndislər ailəsindən gəlmisiniz – bu sizi hansısa formada təsirləndiribmi?
Bəli, bu maraqlı məqamdır. Qohumlarımın hamısı, atam, babam — hamısı mühəndisdir. Amma mən mühəndislik oxumadım. İncəsənət oxudum, amma bəzən düşünürəm ki, bəlkə də onların hamısından daha yaxşı mühəndisəm, çünki hər gün etdiyim iş budur. Burada gördüyünüz bütün motor sistemləri mənim yaratdıqlarımdır. Bütün bu motor sistemlərini, işıqları — hər şeyi özüm inkişaf etdirirəm. İşimin əsasında yaradıcılıq dayanır, amma etdiyim hər şeydə çox güclü mühəndislik elementi var.
Işıqlarınızı satırsınız?
Bəli, satıram. Bu yalnız sənət əsəri deyil, həm də bir məhsuldur. Sanki bu iki sahənin kəsişməsidir. Əvvəlcə sənət əsərini yaradıram, sonra müştəri gəlir. Məsələn, Mercedes-in yeni avtomobil təqdim etdiyini bilmirdim. Onlar işıq şoumı görüb, “avtomobil təqdimatı üçün buna bənzər bir şey” istədilər və biz əməkdaşlıq etdik. ABBA ilə də eyni idi — şoumu gördülər və mənimlə işləmək istədilər. Beləcə, hər zaman hər iki istiqamətdə gedir. Çünki mənim sənətim çox bahalıdır və bunu yalnız sənətlə məşğul olaraq ödəyə bilməzdim; buna görə kommersiya layihələri ilə incəsənəti balanslaşdırıram. Mən incəsənətlə kommersiyanı ayırmaq fikrinə inanmıram. İncəsənət kommersiyadır. İnsanlar sənət əsərlərini satmaq, ya da bilet satmaq üçün yaradır. Məsələn, Tate Modern-də belə, keçən il sponsor Hyundai idi.
Musikallarla ilə əməkdaşlıq etmisiniz mi?
Xeyr, amma biz hər şeylə işləyirik — teatrdan tutmuş böyük turlara qədər. Dünya üzrə bir çox A-list sənətçilərlə tura çıxırıq. Klublar üçün də instalyasiyalar yaradırıq və daha müxtəlif məkanlarda işləyirik.
Berlin klub səhnəsi ilə işləyibsiniz?
Əslində yox. Berlində bu cür “bəzəkli” şeylərə maraq yoxdur. Berlin klub mədəniyyəti işıqdan çox rəqsə əsaslanır. Amma məsələn, 2019-cu ildə Las Veqasdakı Hakkasan Nightclub-da işləmişik. Bununla belə, Berlin klubları özlüyündə bir sənət əsəridir. Mən həmişə deyirəm ki, mənim ilham mənbəyim Berlinin texno mədəniyyətidir. 90-cı illərin sonlarında burada böyümüşəm — bu mənim hərəkətverici gücümdür.
Berlin haqqında xoşuma gələn şey odur ki, burada hər şey promosiyaya bağlı deyil. Siz nə düşünürsünüz?
Berlin çox dürüstdür. Bu həm yaxşı, həm də pis ola bilər. Berlinlilər son dərəcə seçicidirlər — bir şeyi bəyənirlərsə, əladır, amma bəyənmirlərsə, bunu açıq şəkildə bildirəcəklər. Başqa yerlərdə işləyən şey Berlində işləməyə bilər.
Sizin üçün nə daha önəmlidir: özünüz üçün yaratmaq, yoxsa insanlar üçün?
Yaradıram, çünki bundan zövq alıram. DARK MATTER-i insanların “bu ən cazibədardır” deməsi üçün yaratmamışam. Bu, sadəcə yaratmaq istədiyim instalyasiyadır. İnsanların bəyənməsi və gəlib görməsi məni sevindirir, amma heç vaxt kimisə sevindirmək üçün xüsusi bir şey yaratmaram.
İşiniz texnologiya ilə həssaslığın birləşməsi kimidir. Bu ideyalar necə yaranır?
İlhamım adətən iki istiqamətdən gəlir. Biri texnologiyadır — innovasiyalar və əvvəllər mümkün olmayan şeyləri yaratmaq məni heyran edir. Digəri isə hekayə yaratmaqdır — işim vasitəsilə hansı hekayəni danışmaq istədiyimi düşünürəm.
İşinizlə nəyi çatdırmaq istəyirsiniz?
Fərqli hekayələr danışmaq istəyirəm — vəziyyətə görə dəyişir. Məsələn, yaratdığım şoulardan biri kommunikasiya haqqında idi — insan kommunikasiyasından tutmuş maşınlar, şəbəkələr və internetə qədər. İnsanların bir-biri ilə necə əlaqə qurmasından bəhs edirdi. Başqa bir şou tam emosiyalarla bağlı idi — hər hissədə sevgi, qəzəb, nifrət və s. kimi müxtəlif duyğular göstərilirdi. Milad şoum isə əslində Milad barədə deyil; daha çox atmosfer haqqındadır — gözlənti, heyranlıq, Miladın sehrli dünyasına duyulan həsrət.
Sizin ailənizdə ən yaradıcı kimdir?
Anam. O, rəsm çəkir, heykəl yaradır və incəsənətə həmişə bağlı olub. Əsasən moda sahəsində işləsə də, evdar qadın olduğuna görə arzularını tam şəkildə reallaşdıra bilmədi. Sanki mən indi onun o reallaşmamış yaradıcılığını davam etdirirəm. Atamın tərəfi isə daha çox mühəndisliyə meyllidir.
Uşaqlığınızın ən parlaq xatirəsi nədir?
Uşaqlığımı çox sevirəm. Hələ də bir az uşaq kimiyəm — o bağ heç vaxt itməyib. Ən xoşbəxt xatirələrim təbiətlə bağlıdır. Saatlarla çöldə olurdum. Məktəbdən çıxıb birbaşa meşəyə gedirdim və tam qaranlıq düşənə qədər orada qalırdım.
DARK MATTER sərgisində Odlaq instalyasiyası var, insanlar oturub ona baxırlar. Mən orada demək olar bir saat keçirdim, sonra düşündüm ki, evdə də real sobaya baxa bilərəm — amma nədənsə eyni hiss deyildi. Sizcə niyə?
Bu, odun mükəmməlliyidir. Real həyatda belə mükəmməl odu heç vaxt əldə edə bilməzsiniz. Beyninizdə bir obraz ola bilər, filmlərdə görürsünüz, amma özünüz etməyə çalışanda nəsə alınmır — odun yaş olur, düzgün yanmır, yanacaq bitir. Həmin o “odun yanında gitarayla oturmaq” səhnələri yalnız filmlərdə olur. Bu instalyasiyada isə təcrübənin mükəmməlliyi və təkrarlana bilməsi var. O həmişə oradadır — onu yandırmaq, saxlamaq lazım deyil. Əmək tələb etmir. Təbiəti imitasiya etmək ideyası xoşuma gəlir və bəzən imitasiyanın özü də real şey qədər cazibədar ola bilir.
Və mən doğrudan da istiləndiyimi hiss etdim…
Bəli! Bu, ən maraqlı tərəfidir. Əvvəlcə içəridə isti hava üfürən cihazlar quraşdırmaq istəyirdim ki, daha real hiss olunsun. Amma sonra anladım ki, insanlar onsuz da özlərini daha isti hiss edirlər. Əlbəttə, otağın temperaturu dəyişmir — amma mən sizin yaddaşınızı işə salıram. Məqsəd də budur. Çox abstrakt vasitələrlə sizdə artıq mövcud olan konkret duyğuları və xatirələri oyadıram.
Bunu necə edirsiniz?
Necə? Bilmirəm. Bu, intuitivdir. Mən tam intuisiya ilə işləyirəm. Plan qurmuram, araşdırma aparmıram. Başqa rəssamlar kimi deyiləm. Bir çoxu əsəri çəkir, sonra qayıdıb yenidən dəyişir. Mən heç vaxt etmirəm. “Bitdi” deyirəmsə, deməli, bitib. Sonradan baxıb “burada bir az detal əlavə edə bilərdim” desəm belə, fərqi yoxdur. Bu, işi bir faiz belə yaxşılaşdırmaz və tamaşaçı bunu heç hiss etməz.

Heç vaxt kimisə xoşbəxt etmək üçün nəsə yaratmayın.
- Bauder mühəndis ailəsində böyüyüb və uşaqlıqdan texnologiyaya maraq göstərib.
- DARK MATTER-də təqdim olunan instalyasiyalar son iyirmi ili əhatə edir – bu, bir növ Bauderin şəxsi arxividir.
- Bauder eyni anda işıq rəssamı, dizayner, ixtiraçı və musiqiçidir.
- O, öz şoularında ənənəvi audio-vizual sərhədləri aşır.
- O, Berlinin yeraltı mədəniyyətindən gəlir və əslində, şəhərin məşhur underground klub mühitində formalaşmış bir gənclik nümayəndəsidir.



