Oskar mükafatlı Melanie Qriffitin və Hollivudun cazibədar ulduzu Don Consonun qızı olsa da, o artıq çoxdan təkcə “məşhur valideynlərin övladı” deyil. Milyonlarla insan üçün o, “Fifty Shades” trilogiyasında Anasteyşa Stil olaraq yadda qaldı – ona dünya şöhrəti gətirən, lakin şəxsiyyətini tam müəyyən etməyən rol. Bu il Dakota Conson Kann Kino Festivalında “Splitsville” filmi ilə debüt etdi – müasir münasibətlər haqqında provokativ komediya. Bu layihədə o təkcə baş rolun ifaçısı deyil, həm də prodüserdir. Başlanğıcda zarafat kimi görünən hekayə tezliklə azadlıq və istək arasındakı həssas balansı qoruyan mürəkkəb sevgi dörd bucağına çevrilir. Filmin Kann premyerasından dərhal sonra Dakota ilə söhbət etmək imkanımız oldu. Elə isə kino dünyasına unudulmaz bir səyahətə hazır olun.
Fifty Shades-dən sonra o etiket mənimlə qaldı”
Bu layihə necə başladı?
“Splitsville” komandasını təxminən bir il yarım əvvəl tanıdım, o vaxt onlar artıq filmlə bağlı ilkin ideyaya sahib idilər. Sonra ssenari yazmaq üçün bir neçə günlük səfərə çıxdılar. Geri dönəndə hazır mətnlə mənə müraciət edib prodüser kimi layihəyə qoşulmağı təklif etdilər. Həmin anda mənim filmə həm də aktrisa kimi qatılmağım müzakirə olunmurdu. Prodüser kimi dərhal hiss etdim ki, bu hekayənin böyük potensialı var. Məni ən çox təəccübləndirən isə belə güclü bir layihənin diqqətdən kənarda qalması idi. Bu sənayedə bəzən belə olur – ən təsirli hekayələrin belə işığa çıxması üçün bir az dəstəyə ehtiyacı olur. Maykl Kovino əla rejissordur, o və Kayl Marvin isə bir-birini tamamlayan ssenarist duetidir. Onların işində həm intellektual yanaşma, həm də emosional dərinlik var. Biz də məhz belə yaradıcılarla işləməyi sevirik – bəlkə də çox məşhur deyillər, amma inanılmaz dərəcədə istedadlıdırlar.
Məni sonsuz davamlar və remeyklər maraqlandırmır. Orada yaradıcı çətinlik yoxdur. Məni həqiqətən həyəcanlandıran – yeni baxış, yeni səs, ilk addımlarını atan bir rejissorun cəsarətidir. O anda nəyinsə doğulduğuna şahid olursan və özü də öyrənirsən. Mənim üçün işin ən ilhamverici tərəfi budur.
Julie kimdir?
O ilk növbədə sadəcə yorulmuş bir qadındır – hər şeydən və hər kəsdən. Ən yaxınlarının davranışı onu getdikcə daha çox narahat edir, dostları, tərəfdaşı… Elə bil hər gün yeni bir xəyal qırıqlığı və kiçik xəyanət gətirir. Bütün bunlar içində yığılır və dəyişiklik istəyinə çevrilmiş dərin bir yorğunluq yaradır. O, açıq münasibətə daha çox partnyorunu məmnun etmək üçün razılaşır – çünki əvvəlki dinamika artıq işləmir. Dərinlikdə isə yaxşı başa düşür ki, bu eksperiment belə problemlərini həll etməyəcək. Bu çox incə emosional haldır – nəyin bahasına olursa-olsun hər şeyi saxlamağın mümkün olmadığını anlamaq. Bu gerçəyi göstərmək mənim üçün vacib idi. Culi hazır cavabları olan biri deyil; o sadəcə baş verənləri səmimi şəkildə yaşamağa çalışır.
Sizi prodüserliyə nə gətirdi?
Bir məqamda anladım ki, təkcə aktrisa olmaq mənə kifayət etmir. Bir layihəyə sırf ifaçı kimi qoşulduqda tez-tez belə olur: çəkiliş meydançasında bir hiss yaşayır və tam başqa bir nəticəni ekranda görürsən.
Bir neçə dəfə premyerada oturub ilk dəfə tamamlanmış filmi izləyəndə düşündüm: “Bu, bizim çəkdiyimiz film deyil, mənim çəkilişdə yaşadıqlarıma uyğun gəlmir.” Bu qəribə hissdir – sanki təcrübənin bir hissəsi səndən alınıb. Bəzən nəticə gözəl olur, bəzən isə çox məyusedici – amma hər iki halda bir şeyə nəzarəti itirdiyini duyursan. Mən hekayənin kağız üzərində yaranmasından tutmuş, çəkiliş atmosferinə qədər hər mərhələdə iştirak etmək istədim.
Kino inanılmaz dərəcədə ağır işdir. Çəkiliş günləri uzun olur, şərait sərt ola bilər. Amma insanlar özlərini həqiqətən prosesin bir hissəsi kimi hiss edəndə, nəyinsə yaranmasına töhfə verdiklərini biləndə hər şey dəyişir. Ən çətin şəraitdə belə sevə-sevə işləyirlər, çünki ortada dəyərli bir iş var.
TeaTime Pictures artıq altı ildir fəaliyyət göstərir. Şirkət qadınların səsini dəstəkləməsi ilə tanınır. Sizi ən çox nə qürurlandırır?
Bizim əldə etdiyimiz hər şeylə qürur duyuram. Amma ən çox şirkətdəki iş münasibətimizə görə qürurluyam. Mənim möhtəşəm tərəfdaşım Ro Donnelli var. Məncə, bu sənayedə – demək olar ki, hər yaradıcı sahədə – düşüncə tərzinlə bu qədər üst-üstə düşən birini tapmaq çox nadirdir. Ro sanki beynimin digər yarısıdır. Eyni cür düşünürük, zövqümüz, dünyagörüşümüz oxşardır. Qadınların xüsusi bir gücü olduğunu düşünürəm – sözsüz bir-birini anlama bacarığı. Şirkətdə işləyənlərin çoxu qadındır, yalnız yaxınlarda ilk dəfə bir kişi işçi götürdük.
Film premyeraları həm də qlamur, üslub və qırmızı xalça deməkdir. Bu anlar üçün şəxsi ritual və ya gizli sirriniz varmı?
Həmişə məni həqiqətən sevən insanlarla işləyirəm – yalnız o zaman görünüşüm sevgi ilə yaradılır. Vizajistim Corci altı ildir yanımdadır və mən onu ruh yoldaşı hesab edirəm.
Saç ustam Mark Taunsend – ya da Marki – saçlarımı artıq on iki ildir edir. Saçıma çox bağlı adamam və nəyisə dəyişmək istəsəm də, bunu demək olar ki, heç vaxt etmirəm. Ona görə yeganə eksperiment edə bildiyim sahə geyimimdir.
Moda ilə aranız necədir?
Moda ilə şəxsi münasibətim həmişə güclü olub. Uşaq vaxtı heç kimə özümü geyindirməyə icazə vermirdim. Saatlarla anamın qarderobuna girib paltarlarını sınaqdan keçirirdim. Ən çox sevdiklərim onun vintaj, xüsusi tikilmiş Levi’s cinsləri idi – çox xarakterli idilər.
Nəhayət bir gününüz boş olanda nə edirsiniz?
Yatıram. Bir günü tamamilə yata bilərəm. Hər vaxt vanna qəbul etməyi də sevirəm. Özümü yorğun və ya məyus hiss etdiyim anda suya girirəm – dərhal sakitləşirəm. Dincələndən sonra yenidən rutinimə qayıdıram: yoqa, pilates və gündə iki dəfə etdiyim transendental meditasiya.
Məşhur iki aktyorun övladı olaraq böyümək necə idi?
Buna baxmayaraq, diqqət mərkəzində olmağı heç vaxt sevməmişəm – və yəqin ki, heç vaxt öyrəşməyəcəyəm. Belə bir atmosferdə böyümək insanın başqalarının məşhurlara necə reaksiya verdiyini çox erkən anlamasına səbəb olur. Bu diqqət bəzən insanı narahat, hətta kövrək edir.
Bəzən demək olar ki, qorxulu olur. Məncə, daim diqqət istəyən insanlar bir az itkindirlər. Amma gördüyüm iş var və bununla tamaşaçıya borcluyam. İnsanların etdiyim işi qiymətləndirməsi isə həqiqətən xoşdur.
Bəzən nəticə möhtəşəmdir, bəzən isə dərin məyusedici

Hollivud “Fifty Shades of Grey”ə necə reaksiya verdi? Daha maraqlı təkliflər aldınızmı?
Xoşbəxtlikdən mənə gələn ssenarilərin hamısı erotika ilə bağlı deyildi – amma kifayət qədər çoxu elə idi. “Fifty Shades”dən sonra o etiket uzun müddət mənimlə qaldı və mən başqa obrazlar oynaya biləcəyimi sübut etməli oldum. Amma bu dövr də keçdi.
Ananızın filmi izləmək istəmədiyi məlumdur. Niyə?
Açığı, mən də ailəmin filmi izləməyini istəmirdim – səbəb aydındır. Bunun uyğun olmadığını düşünürdüm. Sonra öz-özümə dedim: “Axı bu sadəcə filmdir. Baxsalar da, qorxulu heç nə olmayacaq.” Nəticədə bacım filmi izlədi və mənlə qürur duyduğunu dedi.
Məşhur ailənin üzvü olmaq karyeranıza mane olurmu?
Bu həm xeyirdir, həm çətinlik. Bir tərəfdən sənayeni içəridən görərək böyümüşəm, bu isə böyük üstünlükdür. Digər tərəfdən isə hər gün valideynlərim, onların şöhrəti, ailəm haqqında suallar alıram. Hər gün həyatımı yenidən izah etməli oluram. Bir müddət sonra bu həm yorucu, həm də əsəbi olur.
Kino sahəsini tərk etsəniz ehtiyat planınız varmı?
Həmişə kinoda işləmək istəmişəm. Amma yaxşı düşünsəm, digər böyük həvəsim şirniyyatçılıqdır. Elə bilirəm ki, bir gün kiçik bir çörək bişirmə dükanım ola bilər. Niyə də olmasın? Çox “şirin” alternativdir.
Qadınların bir növ supergücü var

- Dakota nənəsi Tippi Hedren kimi heyvan haqları fəalçısıdır; o, 2014-cü ildə kəsilmək üzrə olan 12 atı satın alaraq xilas etmişdi.
- Onun sevimli kitabı Vladimir Nabokovun 1955-ci il “Lolita” romanıdır.
- Dakota həqiqətən güləndə göz yaşlarına boğulur.
- Onun çantasında həmişə olan üç şey: açarlar, dodaq balzamı və konfet.


