NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Nargis Fondu və Macarıstanın Azərbaycandakı səfirliyinin birgə ənənəvi xeyriyyə konserti

Ənənəvi xeyriyyə konserti Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsinə geri dönür!


Hər il Yeni il bayramı ərəfəsində Macarıstanın Azərbaycandakı səfirliyi və “Nargis” fondu və jurnalının birgə təşkilatçılığı ilə konsert və yarmarkadan ibarət xeyriyyə axşamı keçirilir. Pandemiya səbəbilə verilmiş aradan sonra növbəti xeyriyyə konserti 15 dekabr 2021-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq.


Artıq ənənəyə çevrilmiş xeyriyyə layihəsi iki dost ölkənin zəngin mədəniyyətini bir səhnədə birləşdirir. Xeyriyyə konsertində Macarıstan Dövlət Xalq Ansamblı və Pál István Band səhnəni Azərbaycan Respublikasının xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, pianoçu Murad Hüseynovla bölüşəcəklər.


Müxtəlif beynəlxalq və yerli mükafatların laureatı István Pál Macarıstan Dövlət Xalq Ansamblının bədii rəhbəridir. Dünyaca məşhur István Pál Band Karpat bölgəsinin qədim tarixə malik mədəniyyətini orijinal folklor repertuarında yaşadır. Macarıstan Dövlət Xalq Ansamblı və Pál István Band Avropanın bütün mühüm festivallarında xüsusi yer alır, eyni zamanda dünyanın hər nöqtəsində bənzərsiz əsərlərdən ibarət konsert proqramları ilə çıxış edirlər.


Ənənəyə sadiq qalaraq, bilet satışından, həmçinin Dövlət Filarmoniyasının foyesində təşkil olunacaq xeyriyyə yarmarkasından əldə olunan bütün gəlir Elmi–Тədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Müalicə Mərkəzinə yönləndiriləcəkdir.
Tədbirdə sizi klassik və folklor musiqi, rəqslər və bol əyləncə gözləyir, ən önəmlisi isə tədbirə qoşulmaqla siz xeyir məqsədə nail olmağa töhfə vermiş olursunuz.


Qeyd edilir ki, xeyriyyə konserti və yarmarkası “MOL Group” şirkətinin dəstəyi ilə keçirilir. "MOL Group" mərkəzi ofisi Macarıstanın paytaxtı Budapeştdə yerləşən, Mərkəzi və Şərqi Avropanın aparıcı inteqrasiya olunmuş neft və qaz korporasiyasıdır. Korporasiya 30-dan çox ölkədə fəaliyyət göstərir, dünya üzrə işçi sayı isə 25.000 nəfər təşkil edir. 2019-cu ildə "MOL Group" “Azəri-Çıraq-Günəşli” neft yatağında səhmlərin 9,57% və xam nefti Aralıq dənizinin Ceyhan limanına nəql edən Bakı-Tbilisi-Ceyhan boru kəmərində 8,9% pay almaqla Azərbaycan bazarına daxil olub.


Biletləri şəhərimizin kassalarından və iTicket.az saytından əldə edə bilərsiniz.


Əlavə məlumat və suallar üçün “Nargis” fondu və jurnalı, Macarıstanın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlaya bilərsiniz.
Tel.: (99412) 404 23 03, (99412) 404 23 13