YARAT Müasir İncəsənət Məkanında “Öz adanı kəşf et” sərgisi davam edir, ekspozisiyada 21 Azərbaycan rəssamının əsərləri yer alıb. Layihənin adı haradan götürülüb? Sərgi nə ilə maraq oyadır? Niyə bu sərgini mütləq ziyarət etməliyik? Bütün bu sualları sərginin kuratoru Səbinə Şıxlinskaya NARGIS üçün cavablandırdı.
Художник Абасов Шамо
"80-90-cı illərdə çox şey baş verirdi və mənə elə gəlirdi ki, bu dövrləri bir layihə çərçivəsində birləşdirmək çətindir, həm də düzgün deyil" - Səbina Şıxlinskaya bildirir. - Mən 1988-1996-cı illər üzərində dayanmağı təklif etdim, çünki məhz bu illərdə Sovet İttifaqı dağıldı, Qarabağ və ona bitişik yeddi rayon işğal edildi, Berlin divarı yıxıldı, Şərqi-Qərbi Avropa birləşdi, Sovet qoşunları Əfqanıstandan çıxdı... bu bir apokalipsis dövrü idi, sənət adamları isə ətraflarında baş verən hər bir şeyə reaksiya verirlər və onlar baş verənlərin miqyasına uyğun bütün hadisələrə mənəviyyatlarını və duyğularını qatırlar. Bu çətin günlərdə rəssamlar, musiqiçilər, bütün sənət xadimləri öz studiyalarına qapandılar. Buna görə də, sərginin adı dostumuz, gözəl şair rəhmətlik Aydın Əfəndinin “Öz adanı kəşf et, özünü yarat və tənhalıqda möhkəmlən” poemasındakı misralardan götürülüb. Bəlkə də, güc elə tənhalıqda möhkəmlənərək bu çətin zamanlara tab gətirməkdədir. Rəssamların bu dövrlərdə yaratdığı əsərlər sonralar, demək olar ki, başqa muzeylərdə sərgilənmirdi, yalnız bir neçəsi şəxsi kolleksiyalara daxil olub və geniş tamaşaçı kütləsinə tanış deyil, çünki belə dramatik gərginliyə malik olan sənət, adətən, divarları bəzəmir. Bu əsərlər o qədər açıq idi ki (həqiqəti əks etdirirdi), rəssamlar öz əsərlərini emalatxanalarında saxlayırdılar. Biz sərgidə daha əvvəl heç kimin görmədiyi əsərləri toplamışıq. Bir tərəfdən çox məşhur rəssamların, demək olar ki, bilinməyən əsərlərindən ibarət unikal kolleksiya alınıb. Digər tərəfdən isə, bu 30 illik keçmişi olan, bugünkü hadisələr nöqteyi-nəzərindən çox aktual bədii sənəddir.
Yarım il əvvəl bu layihə üzərində işləməyə başlayanda 44 günlük azadlıq müharibəsinin baş verəcəyini və işğal altında olan ərazilərin Azərbaycana qayıdacağını təsəvvür belə edə bilməzdik. Layihəmiz bu müharibənin başlanğıcı haqqındadır. Kimsə Qarabağdan bir milyon qaçqının olduğuna şübhə edirdisə, o zaman 1993-cü ilin "Pəncərələr. Qaçqınlar palatası" əsərlər seriyasına diqqət yetirsin. Bu, artıq 1993-cü ildə bütöv bir qaçqın şəhərciyinin var olduğunun sənədli sübutudur. Onlar öz çadırlarının pəncərələrini bəzəyirdilər, yəni söhbət müvəqqəti yaşayışdan getmir, bu çadırlarda onların həyatı keçirdi. 20 Yanvar hadisələrinə hansı əsərlərin həsr olunduğuna bir baxın... Rəssamlar tənhalıq mövzusu ilə əlaqəli simvolik əsərlər yaradaraq faciəvi hadisə mövzusunda öz təəssüratlarını əks etdiriblər. Bu rəsmlər, fotoşəkillər, heykəllər və sənət obyektləri o illərdə baş verənləri birbaşa təcəssüm etdirir, lakin onlarda mənəvi gərginlik və xüsusi bir daxili faciəni görmək olar.
Художник Эльнур Бабаев
Sənətkar həmişə tənhadır, həmişə "öz adasında" olur, müharibə və fəlakətlər zamanı isə sənət adamları hər şeydən daha da uzaqlaşırlar. Lakin yaradıcılıq üçün olan bu uzaqlaşma başqadır, məcburi tənhalıqsa başqa. 80-ci illərin sonunda və 90-cı illərin əvvəllərində rəssamların muzeylərin və ya qalereyaların onların əsərlərinə ehtiyac duyacaqlarına, tamaşaçısının və ya alıcısının olacağına heç bir ümidi yox idi. Ümumiyyətlə, gələcəyə inanmırdıq. Buna görə də, sərgi üç hissəyə bölünüb. Birincisi “Dəyişiklik üçün ümidlər və qaçılmaz fəlakətin gözləntisi” adlanır - bu, 1988-1990-cı illərdir - Sumqayıt hadisələri və Ermənistandan ilk məcburi qaçqınların gəlişi dövrü. Sovet İttifaqı artıq dağılmışdı və hamımız yeni, gözəl günlərin gəlməsinə ümid edirdik, amma bunun müqabilində daha faciəli hadisələrlə qarşılaşdıq. Buna görə də, sərginin “Faciənin baş verməsi: müharibə və onun nəticələri” adlı ikinci hissəsi fəlakətin birbaşa özünə - SSRİ-nin dağılması ilə bağlı olan faciələrə həsr edilmişdir. Üçüncü hissənin adı yazıçı Kafkadan götürülmüşdür - “Tunelin sonunda işıq” - bu, həyatın yenidən qaydaya düşməyə başladığı 1994-1996-cı illərdir. Hətta qaçqınların çadırlarındakı pəncərələr də ümidə bağlıdır, pəncərələrdə səməniləri görmək olar, yeni çıxan cücərtilər isə həyatın davam etdiyinə inamı simvollaşdırır.
Sərgidə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən çəkilmiş o illərin sənədli fotoxronikasından ibarət videoçarx nümayiş olunur. Bu fotoşəkillər, poeziya, 1994-cü ildə metroda baş verən terror hadisəsi zamanı faciəvi şəkildə vəfat edən Azərbaycanın xalq musiqiçisi Rafiq Babayevin musiqi əsərlərindən parçalar sayəsində o illərin atmosferi yenidən canlanır və sərgiyə gələnlərin çoxu bu sərginin inanılmaz enerjisini hiss edirlər. Buradan getmək istəmirsən.
Художник CHINGIZ
Bu, pandemiya başlayandan bəri Azərbaycanda təşkil olunan yeganə və ən böyük sərgidir. Ziyarətçi sayı məhduddur, muzeyə eyni anda yalnız altı nəfər daxil ola bilər, ilk həftə sərgini əsasən dəvətnamə ilə ziyarət etmək mümkün idi. Ancaq bu sərginin uğurunu ziyarətçi sayı ilə əlaqələndirmək istəməzdim. Sərgini görən peşəkarlar bunun Azərbaycan incəsənət tarixinə düşəcəyini bildirirlər, çünki heç bir konyukturası olmayan qeyri-kommersiya sənətidir. Çünki çox əhəmiyyətli bir dövrə toxunur. Biz müharibədə qalib gəldik, amma 30 ildir ki, informasiya müharibəsində məğlub olurduq və bu gün Azərbaycanda nə baş verdiyini, təəssüflər olsun ki, tam anlamayan bir dünyaya bu sərgini bədii və tarixi bir sənəd kimi təqdim edə bilərik. Buna görə də sərgi üçün ictimai təhsil proqramı formalaşdırdıq, muzeyə gələ bilməyənlər üçün isə virtual bir tur hazırladıq, həmin tur YARAT Müasir İncəsənət Məkanının rəsmi saytında mövcuddur və hər bir əsəri müxtəlif rakurslardan izləmək, həmçinin videonu yükləmək, detalları böyütmək və s. imkanı var...
Художник Бабаев Расим
Əlbəttə ki, musiqi səsyazmasının konsert salonundakı canlı ifa ilə müqayisə edilmədiyi kimi canlı sərgini də virtual sərgi ilə müqayisə etmək mümkün deyil. Bir sənət əsərinin energetikası ilə heç bir şey müqayisə edilə bilməz. Ancaq pandemiya göstərdi ki, minlərlə insan üçün açılış tədbirləri və böyük toplantılara heç ehtiyac belə yoxdur. Belə bir kamera formatı mənim çox xoşuma gəlir: nə açılış oldu, nə də 300-500 nəfər adam toplandı... Böyük bir izdihamda nə kuratorluq turu, nə də başqa bir şey etmək mümkün deyil. İndi daha çox yoruluruq, çünki gündə üç-dörd nəfərdən ibarət beş-altı qrup gəlir. Yalnız sizinlə üz-üzə ünsiyyət qururam. Ancaq əvvəllər olsa idi, hamımız açılışda bir qədəh şampan içəcəkdik və ayrılacaqdıq."
YARAT Müasir İncəsənət Məkanında keçiriləcək “Öz adanı kəşf et” adlı sərgi 2021-ci ilin iyun ayına qədər açıqdır, ziyarət saatları YARAT-ın saytında qeyd olunmuşdur.