NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Oskar ona yaraşır: Emma Stoun

Emma Stoun həmişə filmlərdə oynamaq arzusunda olub. 15 yaşında anası ilə birlikdə azyaşlı aktrisa olmaq istəyini həyata keçirmək üçün Los-Ancelesə köçüb. 2007-ci ildə o, "Superbad" komediyasında debüt etdi və bununla da onun "Zombieland" kimi komediya layihələrində iştirakına da yol açılmış oldu.

2010-cu ildə o, orta məktəb skandalı haqqında çəkilmi "Asan A" komediya-dramasında rol alıb. "Spider-Man"in iki filmində aldığı rollardan sonra Stoun, Vudi Allen və Kameron Krou kimi məşhur rejissorların idarə etdiyi layihələrdə yer almağa başladı. Aktrisa 2015-ci ildə "Ən yaxşı film" mükafatına layiq görülən "Birdman" filmindəki ikinci plan roluna görə ilk Oskar nominasiyasını əldə etdi. İki il sonra o, Damien Şazelin "La La Land" musiqili filmindəki performansına görə "Ən yaxşı aktrisa" nominasiyasında Oskar mükafatına layiq görüldü. O vaxtdan bəri Stoun davamlı olaraq izləyiciləri valeh etməyə və kütlənin sevgisini qazanmağa davam edir. Onun son layihələri arasında diqqəti cəlb edən rejissor Yorqos Lantimos ilə əməkdaşlığıdır. Emma Stoun fevralın 18-də keçirilmiş “BAFTA 2024” tədbirində "Poor Things" filmindəki roluna görə “Ən Yaxşı Aktrisa” mükafatını əldə edib.

Martın 11-də isə o, "Poor Things" filmindəki rolu ilə ikinci dəfə “Ən yaxşı aktrisa” nominasiyasında Oskarı mükafatını qazandı. Onun bahalı geyiminin fermuarı sındığına görə göz yaşları içərisində ikən "Geyimimin arxasına baxmayın!" deyərək zarafat etməsindən tutmuş minnətdarlıq hissi ilə dediyi cümlələr ilə Emmanın səhnədəki çıxışı xeyli emosional alındı. Ümumilikdə, "Poor Things" filmi “Ən yaxşı makiyaj” və “Ən yaxşı kostyum dizaynı” kateqoriyaları da daxil olmaqla, 4 fərqli kateqoriyada mükafata layiq görüldü.

Bütün film bir metaforadır.

Lantimos ilə əməkdaşlığınız necə başladı?
Proses olduqca sadə baş verdi – agent mənə ssenarini göndərdi, onu oxudum və dərhal fikirləşdim: “Bu əsl mənlikdir!” Əvvəlcə "The Favourite" üzərində işləyirdik, buradakı üç qadın personaj arasında keçən maraqlı sevgi üçbucağı məni bu rola marağımı artırdı. Əvvəlcə obrazım çox süni, bir o qədər də cazibədar görünürdü. Ssenariyə daha dərindən endikcə anladım ki, bu obraz düşündüyümdən daha mürəkkəbdir. Fərqlərimizə baxmayaraq, özümü ona uyğunlaşmış halda tapdım. Bu obrazı canlandırmaq üçün həyatla bağlı öz təsəvvürlərimə meydan oxumalı oldum. Yorqosla birlikdə inkişaf etdirdiyimiz obraz olan Bella Bakster (“Poor Things”in baş qəhrəmanı) isə mənim üçün tamamilə fərqli bir təcrübə oldu. Mənim Bella personajına marağımı artıran isə onun qadının necə danışmalı, hərəkət etməli və ya hiss etməli olduğu ilə bağlı cəmiyyətdə mövcud olan normalara uymaqdan imtina etməsi idi. O, heç bir utanc hiss etmir, keçmiş travmaları yoxdur və cəmiyyətin ondan gözlədiklərindən tamamilə kənarda bir həyat yaşayır. O, cinsi əlaqə və sevgini araşdırarkən, bu mövzuların, xüsusən də onların içərisində olanlar üçün niyə bu qədər mübahisə və mühakimələrə səbəb olduğunu sorğulayır.

Rejissor Lantimos hansı prinsiplərlə işləyir? Onunla dəfələrlə əməkdaşlıq etməyə sizi cəlb edən nədir?Yorqos maraqlı biridir. İlk vaxtlar onun işə yanaşması mənə yad görünürdü, amma zaman keçdikcə buna öyrəşdim və hətta onun metodlarından həzz almağa başladım. O, aktyorlarını alışılmamış vəziyyətlərə salmağı xoşlayır. Çəkiliş başlamazdan əvvəl biz nadir hallarda ssenariyə əsaslanan məşqlər edirik, bunun əvəzinə bəzi qəribə məşqlərdə iştirak edirik. Məsələn, biz yerdə yuvarlanırıq, əl-ələ tuturuq, rəqs edirik və ya oynaq şəkildə bir-birimizlə əlaqəyə keçirik. Yeni başlayanda düşünürdüm ki, rejissor çəkiliş meydançasında bizə müxtəlif hərəkətlər etdirməklə bizi axmaq vəziyyətə salmaq istəyir. Lakin daha sonra başa düşdüm ki, onun metodları aktyorları komfort zonalarından çıxarmaq məqsədi daşıyır, həssaslığı artırır, özlərini kontrolda saxlamamağa imkan yaratmaqla orijinal performansların ərsəyə gəlməsinə səbəb olur. Çəkiliş zamanı Yorqos çox az göstəriş verir. Digər direktorlar "Daha yüksək səslə danış! Sürəti artır! Onu et, bunu et!" kimi göstərişlər verə bilir. Yorqos isə sadəcə müşahidə edir, arabir dayanıb soruşur: “Hansı filmdə olduğunu düşünürsən?” Bir dəfə bu sualı Nikolas Houlta verdiyini xatırlayıram, o isə cavabında: "Hansı filmdə olduğumdan əmin deyiləm. Hələ də başa düşməyə çalışıram" demişdi. Yorqos ona sadəcə baxış atdıqdan sonra oradan sakitcə uzaqlaşmışdı.

Lantimosun filmlərinin qəhrəmanları çox vaxt qadınlar olur. "The Favourite" 18-ci əsrin əvvəllərində İngiltərəni idarə edən üç qadından bəhs edir. "The Poor Things" filmində isə Bella hətta müasir qadınların belə yalnız xəyal edə biləcəyi bir azadlıq içərisində yaşayır...
18-ci əsrdə İngiltərəni idarə edən qadınlar olduqca dəqiq bir tarixi faktdır. Kraliça Anna ardıcıl olaraq hakimiyyətə gəlmişdi. O, Stüart sülaləsinin sonuncu nümayəndəsi idi. Ancaq görünür, rejissor tarixi faktların dəqiq olması ilə o qədər də maraqlanmır, daha çox satiraya meyl edir. Onun filmlərində personajları necə canlandırdığına diqqət yetirin, biz alışmışıq ki, adətən tarixi şəxsiyyətlər tarixin gedişatını formalaşdıran, çətinliklərə tab gətirən, mübarizə aparan, sevgi yaşayan və nəhayətində ölümlə yekunlaşan cəsur fərdlər kimi təsvir edilsin. Yorqosun filmlərində isə bu personajlar hündürdaban ayaqqabılarda saraylarda qaçır, qeybətlə məşğul olurlar. Görünən odur ki, rejissor tarix və ədəbiyyatdan yalnız insan davranışını tədqiq etmək üçün istifadə edir və bu hələ uzun müddət dəyişməyəcək.

Davranışlardan danışmışkən, qəhrəmanlarınızın tez-tez etdiyi kimi, başqa qadınlarla rəqabət aparmalı olubsunuzmu?
Yadımdadır, orta məktəbdə belə hiss etmişdim. O yaşlarda bir çox qızlar belə xasiyyətə sahib olurlar – daim qalib gəlməyə və diqqət mərkəzində olmağa can atırlar. Yeniyetməlik illərində panik ataklarla mübarizə aparırdım və terapevtlərdən dəstək alırdım. Bu təcrübədən öyrəndiyim mühüm dərs odur ki, insan öz emosiyalarını idarə etməyi öyrənməlidir; əks halda emosiyaları onları idarə etməyə başlayacaq. Böyüdükcə başqa qadınlarla yarışmağa və həyəcan axtarmağa marağım azaldı. İndi mənim üçün ən vacib məsələ daxili balansı tapmaq, sakit və rahat hiss etməkdir.



Keri Fukunaqanın "Maniac" filminə baxdıqdan sonra psixoloji cəhətdən mürəkkəb rolları bəyəndiyinizi hiss etdim.
Mənim üçün heç bir fərqi yoxdur, istənilən obrazı, hətta dəli və ya bədheybət obrazlarını belə canlandırmağa hazıram. Məhz elə buna görə aktrisa olmuşam: müxtəlif insanları təcəssüm etdirmək, qeyri-adi dünyalara girmək, yeni və maarifləndirici şeylər kəşf etmək. Rol seçərkən həmişə intuisiyama güvənirəm. Bəzən beynimdə müəyyən şeyləri vizuallaşdırır, yekun qərar verməzdən əvvəl ssenarini zehnimdə canlandırıram. Qəribə və ya çətin səslənə bilər, amma mənim üçün canlandırdığım personajlara tam şəkildə köklənmək, yatırım etmək vacibdir.

Aktrisa olmağa qərar verdiyiniz vaxtı xatırlayırsınız?
Dünənki kimi xatırlayıram. 2003-cü ilin oktyabrında mən Los-Ancelesə köçmək qərarına gəldim və cəmi üç aydan sonra artıq orada yaşayırdım. O vaxt mənim cəmi 15 yaşım var idi. Atam mənə pul göndərərək, ruhlandıraraq ciddi şəkildə dəstək olur, xəyallarımın arxasınca getməyim üçün cəsarətləndirirdi. Anam isə bu mövzuda daha skeptik davranırdı. O, mənə qərarımın nəticələrini nəzərə almağım və uğursuzluq ehtimalına hazır olmağımla bağlı xəbərdarlıq edirdi. Etirazlarına baxmayaraq, o, mənə nüfuzlu bir agentlə çalışmalı olduğumu da tövsiyə edirdi. Onun məsləhətini dinləyərək, mən agentlik tapdım və 17 yaşımda artıq filmlərdə çəkilmək üçün təkliflər alırdım.

Həmin vaxt Hollivudun ayağınızın altına gələcəyini təxmin edirdiniz?
Qətiyyən! Həmin dövrdə mən kiçik bir mənzildə yaşayır, nizamsız qidalanır, aktyorluq dərslərində iştirak edir və bunlarla bərabər yarım-ştat işləyirdim. Etdiyim ən əyləncəli işlərdən biri itlər üçün qidalar hazırlamaq idi. Digər uşaqlar səhər tezdən məktəbə gedəndə mən itlər üçün keks bişirməklə məşğul olurdum. Bu, Los-Ancelesdə çox da rastlaşmayacağınız, nadir və qəribə təcrübədir. Bu iş ümumiyyətlə mənə uyğun deyildi. 20 yaşım tamam olanda Nyu-Yorka köçdüm, hələ də filmlərə çəkilmədiyim dövrlərdə vaxtımın çoxunu burada keçirirəm. İşimin tələblərinə və daimi səyahətlər etdiyimə görə çox az dostum var, amma bunu müsbət bir şey kimi qəbul etməyə başlamışam. Dostluq münasibətlərini qorumaq vaxt və enerji tələb edir, daha az əlaqələrə sahib olmaq mənə həqiqətən vacib olan insanlara daha çox diqqət yetirməyə imkan verir. Üstəlik, sevdiklərimdən daim ayrı yaşamaq mənim üçün çətin olardı.

“La La Land” filminin premyerasını xatırlayırsınız? Həyatınızın o dövründən ən yaddaqalan şey nədir?
Bir səhnəni hələ də aydın şəkildə xatırlayıram: rejissorla birgə Venesiyada premyera əsnasında dayanıb, əl-ələ vermişdik, stresdən tərləyirdik. O vaxtlar filmin bu qədər böyük uğur qazanacağını təsəvvür edə bilməzdim. Ümumiyyətlə, o filmdən sonra həyatım nağıl kimi keçirdi. Möhtəşəm rejissorlarla işləmək, maraqlı filmlərdə rol almaq, mükafatlar və nominasiyalar əldə etmək və bir-birinin ardınca mükafatlara layiq görülən rolları canlandırmaq imkanım oldu!

Siz “La La Land”də gözəl rəqs etmişdiniz, “Cabaret”in “Broadway” versiyasında isə hətta mahnı oxumağa da başladınız...
Rəqslərimlə bağlı təriflərinizi məmnuniyyətlə qəbul edirəm, amma oxumağımı tərifləməyə başlasanız, yalan danışdığınızı anlayacağam! Mənim müğənnilik qabiliyyətim ümumiyyətlə yoxdur. Qulaq duyumum buna kifayət etmir, səsim həmişə mənim üçün diskomfort mənbəyi olub. Düşünürəm ki, buna görə gənc yaşlarımda rollardan imtinalarla da qarşılaşmışam. Təsəvvür edin: incə, sarışın bir qız, sonra ağzını açır və bas səsi gəlir. Mənə tez-tez deyirdilər ki, üzdən çox gənc görünürəm, səsim isə həddən artıq yetkin səslənir, buna görə də məndən üz döndərirlər. Şükürlər olsun ki, uşaqlığım arxada qalıb. Uşaqlığımdan heç vaxt həzz almamışam.

İstənilən obrazı, hətta dəli və ya bədheybət obrazlarını belə canlandırmağa hazıram

Aktrisa olmasaydınız nə olmaq istərdiniz?
Həmişə aktrisa olmaq istəmişəm. Bu sənətdə olanlar üçün başqa bir şey istəmək çox vaxt çətin olur, çünki bizim üçün peşəmiz ən dərin sevgimiz və həvəsimizdir. Ancaq bu yaxınlarda memarlıq və tarixə qarşı olan marağımı kəşf etmişəm. İlk dəfə Londonda Britaniya Parlamentinin binasına baxanda heyran olmuşdum. Uzaqdan möhtəşəm və təsirli görünsə də, yaxından baxanda zərif görünür, sanki sadə bir nəfəs almaq belə onun parçalanmasına kifayət edəcək. Tarixi dram filmində iştirak edəndən bəri tarixə olan heyranlığım daha da artıb. Özümü bizdən əvvəl yaşamış insanların həyatları - adətləri, inancları və hətta moda seçimləri ilə maraqlanarkən tapdım.
Gələcək üçün planlarınız nədir?
Həddindən artıq çox planlarım var. Övlad sahibi olmağın vaxtıdır. Sevdiyim bir insanla daha çox vaxt keçirmək istəyirəm, çünki sevgi elə bir şeydir ki, ən gözoxşayan karyera üçün belə onu qurban verməməlisən. Həmçinin, nizamsız kofein qəbulunu azaltmalıyam. Bu günlərdə günlərimə bir fincan qəhvə əvəzinə meditasiya ilə başlamağı hədəfləyirəm.

Sevdiyim bir insanla daha çox vaxt keçirmək istəyirəm

  • Dövrümüzün ən yaxşı rejissorlarından biri kimi qəbul edilən yunan rejissor Yorqos Lantimos Hollivud və Kannın sevimlisidir. O, altı dəfə Akademiya Mükafatına, altı dəfə də BAFTA mükafatına namizəd olub.
  • Onun "Dogtooth" (2009) filmi dünyada tanınmasına səbəb oldu. Bu film Kann Film Festivalında “Un Certain Regard” mükafatını qazanıb və “Xarici dildə ən yaxşı film” nominasiyasında Oskar mükafatına namizəd olub.
  • İngilis dilində çəkilmiş ilk filmi olan "The Lobster" (2015) ona daha bir Oskar nominasiyası, 42-ci Beynəlxalq Rotterdam Film Festivalında 2013-cü il üçün “Ən yaxşı CineMart layihəsi” üzrə ARTE Beynəlxalq Mükafatını qazandırdı. Lantimosun bənzərsiz istedadı Kann Film Festivalında premyerası olan və ona ən yaxşı ssenari mükafatını qazandıran "The Killing of a Sacred Deer" (2017) filmi ilə bir daha özünü göstərdi.
  • "The Favourite" (2018) Avropa Film Akademiyasının (EFA) “Ən yaxşı film” üçün nəzərdə tutulmuş ən yüksək mükafatını qazanıb. Bu film, həmçinin 75-ci Venesiya Film Festivalında Lantimosun “Grand Jury” mükafatını almasına da yol açdı. Bu filmdəki işinə görə rejissor “İlin ən görkəmli Britaniya filmi” nominasiyasında 2019 BAFTA mükafatına və 10 Oskar nominasiyasına layiq görüldü.
  • Ən son olaraq, Lantimosun son filmi olan "The Poor Things" (2023) 2023-cü il Venesiya Film Festivalında nüfuzlu “Golden Lion” mükafatını almaqla sektorda səs-küyə səbəb oldu. Bu əlamətdar nailiyyətin ardınca “ən yaxşı film (musiqili və ya komediya)” və Emma Stouna “ən yaxşı aktrisa” nominasiyasında “Qızıl Qlobus” da daxil olmaqla bir sıra mükafatlar da qazanıldı. “The Poor Things” filmi 11 kateqoriya üzrə nominasiyalar alaraq Oskarda özünəməxsus bir iz buraxdı. Film dörd kateqoriya üzrə qalib gələrək 2024-cü ildə “Baş rol aktrisa tərəfindən ən yaxşı performans” (Emma Stoun), “Ən yaxşı hazırlanma dizaynı”, “Ən yaxşı kostyum dizaynı” və “Ən yaxşı makiyaj və saç düzümü” kateqoriyalarında Oskar mükafatına layiq görüldü.