KRİSTOFER NOLANIN “OPPENHEİMER” DRAMI DÜNYA ÜZRƏ TOPLAMDA 912 MİLYON DOLLAR QAZANIB. BU MƏBLƏĞ KİNO TARİXİNDƏ ƏN ÇOX GƏLİR GƏTİRƏN BİOPİK FİLMİ OLMAQ ÜÇÜN KİFAYƏT İDİ. KİLLİAN MÖRFİ VƏ "BÖYÜK ATOM BOMBASI" HAQQINDA FİLM BİR ÇOX İNTERNET İSTİFADƏÇİLƏRİNİN ŞÜURUNU ƏLƏ KEÇİRDİ. O, İSTƏR QƏHRƏMAN, İSTƏR CANİ, İSTƏRSƏ DƏ HƏR HANSI BİR ROLU OYNASIN, ONUN ÇIXIŞLARI HƏMİŞƏ CƏLBEDİCİ VƏ UNUDULMAZDIR. MAVİ GÖZLƏRİ, KƏSKİN ÜZ CİZGİLƏRİ VƏ İNTENSİV EKRAN İŞTİRAKI İLƏ KİLLİAN MÖRFİ, ÇOX YÖNLÜLÜYÜ VƏ MÜXTƏLİF PERSONAJLARI CANLANDIRMAQ BACARIĞI İLƏ TAMAŞAÇILARI VALEH EDİR.
“Lakin, real insanları təsvir edərkən etməli olduğunuz budur – onların xarakterik xüsusiyyətlərini özünüzdə tətbiq etməlisiniz.”
Karyeranız boyu bir çox mürəkkəb və gərgin personajları canlandırmısınız. Daha problemli şəxsiyyətləri olan personajları təsvir etməkdə necə davranırsınız?
Real həyatdakı insanlara gəlincə, mən həmişə onlar və həyatları haqqında mümkün qədər çox araşdırma aparıram. Ancaq televiziya və ya film üçün yaradılan bir personajdırsa, olan imkanları araşdırmaq üçün bir az vaxt ayırıram. Bir roldan digərinə keçərkən həmişə aralarında vaxt ayırmağa çalışıram. Baş qəhrəmandan antaqonist personaja keçdikdə, bu mənim üçün o qədər böyük dəyişiklik olur ki, sonradan yenidən özümə qayıtmağa vaxt tapmağa çalışıram.
Populyar televiziya serialı "Peaky Blinders" üzərində işləmək təcrübənizi və onun karyeranıza necə təsir etdiyini necə təsvir edərdiniz?
"Peaky Blinders" on ildən artıqdır ki, həyatımın ayrılmaz bir hissəsidir. Bu serialla mən ilk dəfə personajımın necə qocaldığını və necə inkişaf etdiyini hiss etdim. Bir filmdə hekayənizi danışmaq üçün bəlkə iki saatınız olabilər, amma “Blinder”də mənim həyatımın, demək olar ki, on ili keçib və çoxsaylı çəkiliş saatlarım olub. Bu qədər uzun müddət çəkiliş saatlarının olmağı mənə Tommi ilə birlikdə inkişaf etməyə imkan yaratdı.
Rola necə hazırlaşırsınız və personajı canlandırmaq üçün hansı üsullardan istifadə edirsiniz?
Tommi obrazını canlandırmaq, hətta bütün bu illərdən sonra belə asan olmadı – əgər məndən bunu indi etməyimi istəsələr, bunu edə biləcəyimə əmin deyiləm. Aksenti çətin idi, amma mən onun düzgün səslənməsi üçün çox çalışdım. Bu, sadəcə olaraq, rahatlıqla “yandırıb-söndürə” biləcəyiniz aksent deyil, ona görə də hər il çəkilişlərə başlamazdan əvvəl ləhcəmi təzələmək və onu təkmilləşdirmək üçün özümə vaxt ayırmaq məcburiyyətində idim. Formaya qayıtmaq üçün öz üzərimdə çox çalışmalı oldum.
“Prodüser olanda masa arxasına keçib, aktyor üçün mümkün olmayan yaradıcı ideyalarınızı həyata keçirmək imkanınız olur”.
“Misterman” və “Grief is the Thing with Feathers” pyeslərində də səhnədə uğurla çıxış etmisiniz. Səhnədə və ekranda aktyorluğa yanaşmanız nə ilə fərqlənir?
Teatr mənim üçün həmişə ikinci ev kimi olub - karyerama İrlandiyada məhz teatrda başlamışam. Teatrın sevdiyim cəhəti odur ki, orda hər şey indiki anda baş verir. Hər şeyi saxlaya və yenidən baxa biləcəyiniz televiziya və filmdən fərqli olaraq, teatr “burada və indi” deməkdir və bunun tamaşaçı qarşısında baş verdiyini və yenidən çəkilişlərin olmayacağını bilirsiniz.
“The Wind That Shakes the Barley” filmindəki rolunuz İrlandiya Film və Televiziya Mükafatlarında tənqidi bəyənmə və Ən Yaxşı Aktyor mükafatı aldı. Bu filmin çəkilişi ilə bağlı təcrübəniz və siyasi təlatümlər dövründə personajı canlandırarkən qarşılaşdığınız çətinliklərdən danışa bilərsinizmi?
Təbii ki, bu, mənim çox şey bildiyim bir tarix dövrü idi və film üçün etdiyim araşdırmada o dövr haqda daha çox şey öyrəndim. Bu film üçün əsl məsuliyyəti hiss etdim və onun böyüdüyüm Korkda və onun ətrafında çəkilişi bu filmi daha da xüsusi etdi.
Bir çox insan sizi incə üz ifadələri və bədən dili ilə emosiyaları çatdırmaq bacarığınıza görə qiymətləndirir. Rollarınızdakı detalları inkişaf etdirmək üçün necə çalışırsınız?
Mənim üçün aktyorluğun güclü fiziki komponenti var - bu, təkcə üz ifadələri deyil, həm də obrazın hərəkətləri və səsidir. Mən bütün bədənimlə oynamağı sevirəm, çünki bu, özümü personaja daha yaxın hiss etməyə kömək edir. Oppenheymeri götürsək, o, ayaq barmaqlarında yeriyirdi, vokal tembrə malik idi, və mən bir aktyor kimi bu detallara diqqət yetirirəm. Uydurma personaj rolunu üzərinizə götürəndə yaradıcılıqla məşğul olmaq və o kiçik xüsusiyyətləri özünüzdən əlavə etmək imkanınız olur.
Siz həm də prodüser və rejissor kimi layihələrdə iştirak etmisiniz. Sizi bu vəzifələrə nəyin cəlb etdiyi və aktyorluğa yanaşmanıza necə təsir etdiyi barədə danışa bilərsinizmi?
Aktyor olanda öz işini görürsən, sonra isə onu prodüser və rejissora ötürürsən. Prodüser olanda masa arxasına keçib, bir aktyor kimi mümkün olmayan yaradıcı ideyalarınızı həyata keçirmək imkanınız olur.
Bu sənayedə yenicə fəaliyyətə başlayan aktyorlara nə məsləhət verərdiniz?
Bir dəfə bir rejissor mənə dedi ki, aktyor olmaq üçün 30 il işləmək lazımdır. Düşünürəm ki, o demək istəyirdi ki, öz sənətini öyrənməlisən və mən şəxsən həmişə buna can atmışam. Ola bilsin ki, mən bir az mühafizəkaram – amma geyim brendi yaratmaq və ya musiqi ilə məşğul olmaq istəmirəm, məni yalnız çətin rollar maraqlandırır. Ona görə də mənim məsləhətim odur ki, sizin üçün çətin olan rolları götürün və diqqətinizi yalnız işinizə yönəldin.
Ekranda və səhnədə canlandırdığınız hekayələrdən tamaşaçıların nəyi götürməsini istəyirsiniz?
Hekayələri danışarkən insanların "Bu nə idi? Rejissor nə demək istəyirdi?" deməyini eşitmək istəyirsiniz. İstəmirsiniz ki, insanlar teatrdan çıxıb bir daha film haqqında danışmasınlar. İnsanların mövzuları, məsələləri, mənaları müzakirə etmələrini istəyirsiniz. Mənim üçün hər zaman çəkildiyim hər hansı bir filmdən götürməyi ümid etdiyim şey məhz budur.
Valideyn olmaq sizin üçün nə deməkdir?
Biz oğlanlar böyüdürük - bu mənə çox təsir edir. Oğlanlarım artıq yeniyetmədirlər, bu mənə qeyri-adi gəlir. Bu, qorxuludur, lakin, bir o qədər faydalı və gözəldir və çox şey sizin nəzarətinizdən kənardadır. Düşünürəm ki, mənim işim onları bacardığım qədər doğru yola yönəltməkdir.
“Oppenheimer” filmi üzərində işləmək təcrübəniz haqqında bizə danışa bilərsinizmi? Rola necə hazırlaşdınız, onun xarakterini düzgün çatdırmaq üçün hansı araşdırmalar apardınız?
Müharibə, soyqırım və nüvə bombası geriyə baxılması çətin olan mövzulardır, daha çətin olanı hər an onlar haqqında düşünməkdir – bu, onun üçün tamamilə dözülməz olmalı idi. Bunlar qorxulu mövzulardır, amma rolu tam əsaslandırmaq üçün onlara dalıb əlimdən gələn bütün araşdırmaları etməli oldum. O, məndən çox arıq idi, ona görə də hazırlaşmaq üçün yeməkləri atlayırdım, bu da çətin idi. O, çox siqaret çəkən idi, və mən o qədər çox saxta siqaret çəkdim ki, bunun sağlamlığıma necə təsir edəcəyindən narahat olmağa başladım. Lakin, real insanları təsvir edərkən etməli olduğunuz budur – onların xarakterik xüsusiyyətlərini özünüzdə tətbiq etməlisiniz.
Filmin rejissoru Kristofer Nolandır, keçmişdə bir neçə layihədə birlikdə çalışdığınız şəxsdir. Nolanla iş münasibətinizdən və o münasibətin bu illər ərzində necə inkişaf etdiyindən danışa bilərsinizmi?
Məncə, “dahi” sözü çox işlədilir, amma bunu Kristofer haqqında deyiləndə, bu, tamamilə doğrudur. Biz bir-birimizi 20 ilə yaxındır tanıyırıq və 6 film üzərində işləmişik. O, mənim həyatımı həm peşəkar, həm də yaradıcı tərəfdən dəyişdi. Kristofer Nolan öz dövrünün ən yaxşı rejissorlarından biridir, onun bacarığı inanılmazdır. O, sadəcə hekayələr danışmır, tamaşaçıları düşündürən mürəkkəb və dərin süjetlər təqdim edir. Onun filmləri ilə tamaşaçılara necə təsir etməsi məni həmişə heyran edib, bunu etmək heç vaxt asan olmur.
Oppenheymerin atom bombasının hazırlanmasında iştirakı bir çox nəticələrə səbəb oldu. Sizcə, tamaşaçılar bu filmdən nəyi götürə bilərlər?
Bu cür məhvedici silahlar yaradanda sadəlövh olmamalısınız. Mən həqiqətən inanıram ki, o (Oppenheymer), bunun bütün müharibələri bitirmək üçün silah olacağını düşünürdü. O hesab edirdi ki, bu, ölkələr arasında hansısa formada nüvə sülh müqaviləsinin yaradılmasını asanlaşdıracaq.
Sizcə, Killian “zarafatı” karyeranıza müsbət və ya mənfi təsir göstəribmi?
Düzünü desəm, kimsə mənə müsahibəsində “zarafat” nə olduğunu deməzdən əvvəl bu barədə heç bir fikrim yox idi, hətta onun bir hissəsi olduğumu da bilmirdim. Mən sosial şəbəkələrdə yoxam, emojilərdən istifadə etmirəm və bunlar haqqında heç bir fikrim yoxdur!
Üzərində çalışdığınız qarşıdan gələn layihələrdən və sizi bu rollara cəlb edən səbəblərdən danışa bilərsiniz?
"Small Things Like These" layihəsinin bir hissəsi olmaqdan fəxr edirəm. “Claire Kigan”ın romanı sadəcə sensasiyalıdır və onun bir hissəsi olmaq və onu böyük ekrana çıxara bilmək çox gözəl bir hissdir. Bizim təkcə aktyorlar deyil, həm də bunu həyata keçirmək üçün bir araya gələn kreativlər və kinorejissorlardan ibarət həqiqətən möhtəşəm bir komandamız var.
Bəs oxuculara çatdırmaq istədiyiniz hər hansı bir mesaj varmı?
Serial boyu mən həmişə demişəm ki, “Blinders” fanatları dünyanın ən əla fanatlarıdır və aldığımız hər mükafat onların sayəsində olub. Gələcəkdə tamaşaçını düşündürəcək, təəccübləndirəcək, müzakirələrə səbəb olacaq filmlərin bir parçası olmaq istəyirəm - bu, mənim həmişə yerinə yetirməyə çalışacağım vəddir.