NARGIS
Ru En
NARGIS MAGAZINE
Sağlamlıq və Gözəllik

Bakıdan Kilian Paris-ə: Narmina Vəliyeva ilə söhbət

Həmişə inanmışam ki, bəzən qoxu sözlərdən daha çox şey deyir. O, arxada qalır, xatirələrlə danışır və adını qoya bilmədiyin bir əhval-ruhiyyə buraxır. Əgər nə vaxtsa Kilian ətirlərini hiss etmisinizsə, anlayırsınız ki, bu sadəcə yaxşı qoxu deyil — bu, duyğudur.

Narmina Vəliyeva isə bu duyğunun arxasındakı insanlardan biridir. Kilian Paris-in qlobal komandasında çalışan azərbaycanlı bir qadın olaraq o, tez-tez görüntü ilə ölçülən lüks dünyasına məqsəd, dəqiqlik və incəlik gətirir. Strategiyanı və yaradıcılığı birləşdirən peşəkar təcrübəsi ilə o, brendi yalnız içəridən formalaşdırmır — ona varlıq, xarakter qazandırır.

Onun ətirlə bağlı ilk xatirələrindən, heç kimin sənə bənzəmədiyi bir otağa daxil olmağın necə hiss etdirdiyindən və səssiz güclə necə lider olmağın mənasından danışdıq. Bu sadəcə gözəllik haqqında söhbət deyil. Bu, identiklik, zəriflik və icazə istəmədən yer tutmaq haqqındadır.

1. Sizi gözəllik və lüks dünyasına aşiq edən xüsusi bir an — bir ətir, bir reklam, ya da bir insan olmuşdurmu?
Düzünü desəm, ətir sənayesində işə başladığımda ətrafımda olan heç kim təəccüblənmədi. Dostlarım, ailəm, hər kəs eyni sözü deyirdi: “Bura məhz sənin aid olduğun yerdir.” Hətta məktəb illərində, mən hər zaman “ətirli qız” olmuşam – hər zaman ətirlər haqqında danışırdım, dostlarıma ətir tövsiyyələri verirdim, qoxu notları və flakonlarla yaxından maraqlanırdım.

Keçmişə nəzər salsaq, düşünürəm ki, hər şey atamla başladı. Bizim bir ənənəmiz var idi, demək olar ki hər bazar günü Bakıda alış -verişə gedirdik və gözəllik və qulluq məhsulları satan böyük mağazaların qarşısında dayanırdıq. Atam mənə ətir seçmək fürsəti verirdi və bir müddət sonra mən öz kiçik kolleksiyamı yaratdım. Mən heç vaxt boş flakonları atmırdım – onlar özlərində xatirələr, emosiyalar və anları saxlayırdı. Şəxsi bir həvəs kimi başlayan şey zamanla daha böyük bir işə çevrildi.

2. İlkin uğursuzluqlar və çətinliklər sizə bu sahə və ya özünüz haqqında nə öyrətdi?
Fikrimcə hər kəs məzun olduqdan sonra bu dönəmdən keçir – hara aid olduğunu, hansı sahədə daha uğurlu olacağını, hansı vəzifə onun bilik və bacarıqlarına uyğun olduğunu tapmağa çalışır. Həyatımın bu mərhələsi, təslim olmamağın nə qədər vacib olduğunu öyrətdi. Sadə səslənsə də, əzmkarlıq uğurun açarıdır.

Bir çox gənc məzunlar ruhdan düşür, çünki istədikləri işi tapmaq, xüsusilə də təcrübə az olanda, çətin ola bilər. Bəli, ətrafınızdakı insanlar da sizə bunun mümkün olmadığını deyə bilər — xüsusən də Fransa kimi rəqabətli bazarlarda. Mən bunu tez-tez eşitmişəm. Amma vacib olan odur ki, bu səs-küyə qulaq asmayasınız, diqqətinizi cəmləyəsiniz və inanasınız ki, əgər siz məqsədinizə sadiq qalsanız və nə istədiyinizi dəqiq bilsəniz, mütləq nail olacaqsınız. Hər kəsin yolu fərqlidir.

3. Kilian Paris-də bir günüzü təsvir edin — təkcə e-mailləri və zəngləri deyil, həm də ovqatı, toxunuşları, ritmi.
Bu, bir çox baxımdan tipik bir korporativ gündür — ofisə gəlirəm, bu isə mənə həqiqətən də xoş gəlir, çünki mən tam olaraq ofis insanıyam və bizim məkanımızı doğrudan da çox sevirəm. Günüm adətən dolu keçir və sürətlə irəliləyir. Bir an strategiya, proqnozlar və ya qiymətlərlə bağlı iclasdayam, növbəti an isə qarşıdan gələn kampaniyanın yaradıcı istiqaməti barədə söhbətə atılıram.

Bu, daim rejimi dəyişməyi tələb edir, ona görə də çevik, diqqətli və tez reaksiya verməyə hazır olmaq lazımdır. Temp intensivdir, iş günləri uzundur, amma eyni zamanda dinamikdir və insanı daim ayıq saxlayır. Həmişə həllini gözləyən və ya yaradılacaq yeni bir şey olur.

  •  
  •  
  •  
  •  
/

4. Hansı kampaniya və ya təqdimat sizə yaradıcı peşəkar kimi özünüzə fərqli baxmağa vadar etdi?
Müəyyən bir kampaniya göstərə bilmərəm, xüsusən də işlədiyim layihələrin çoxu hələ təqdim edilməyib. Amma deyə bilərəm ki, hər yeni layihə — xüsusən yaradıcı baxımdan — mənə hekayə danışmağın yeni yollarını kəşf etməyə imkan verir. Hər ətirin öz dünyası, ifadə edəcək öz duyğusu var və hər tapşırıqla ona yeni, fərqli yanaşmağa çalışıram. Həmişə o an olur ki, “Bunu daha da irəli apara bilərəm” deyə düşünürəm və məhz bu düşüncə məni yaradıcı olaraq inkişaf etməyə sövq edir. Bu, davamlı öyrənmə və hər dəfə baxış bucağımı bir az daha genişləndirmə prosesidir.

5. Qlobal marketinq xaosunda sizi nə sakitləşdirir?
Niyə bunu etdiyimizi bilmək. Kimsə bizim flakonumuzu əlində saxlayanda və ya ətirlərimizdən birindən danışanda, işimin bunun bir hissəsinə töhfə verdiyini bilmək məni qəribə bir qürur və duyğusallıqla doldurur.

6. Kann — parlaq, gərgin, miflər yaratmaq üçün səhnədir. Orada yaşadığınız ən qəribə an nə olub?
Kann həqiqətən sehrli bir yerdir. Vaxt çox sürətlə keçir, amma orada olduğun zaman sanki yuxuda kimi hiss olunur. Təbii ki, məşhurlarla əhatə olunmaq özlüyündə həyəcanvericidir, amma mənim üçün ən qəribə an, bəzi istedadlarımızla birlikdə qırmızı xalçada gəzdiyim və bir film premyerasında iştirak etmək şansı qazandığım vaxt oldu.

Bu, keçən il idi, Fransız rejissoru tərəfindən çəkilən və Francois Civil-in rol aldığı L’Amour Ouf filmini izlədim — gözəl, emosional bir film idi və həqiqətən də mənə dərin təsir bağışladı. O qədər istedadlı kino insanlarının yanında oturmaq inanılmaz və real olmayan bir hiss idi. Bu, ömür boyu yadda qalan anlardan biridir.

7. Konsepsiyadan qırmızı xalçaya — Kilian Kann kimi bir tədbirdə necə “özünü göstərir”?
Kann-da insanların xaricdən gördüyü yalnız buzdağının görünən hissəsidir. O zərif və hamar imicinin arxasında böyük bir iş durur. Hər şeyin problemsiz keçməsi üçün çoxlu hazırlıq, koordinasiya və komanda işi tələb olunur. Hər anın arxasında insan gücü dayanır — təcrübənin hamar və asan görünməsinə baxmayaraq, əslində belə deyil.

Məqsəd yalnız istedadlarımıza görüntü vermək deyil, onlara markayla mənalı bir an yaşatmaqdır — onların tamamilə dünyamıza daxil olduqlarını hiss etdirmək istəyirik. Onların həm lüks, həm də şəxsi bir təcrübə ilə ayrılmalarını istəyirik. Bu, sadəcə iştirak etmək deyil — məqsədlə iştirak etməkdir.

8. Məşhurlarla işləmək diplomatiya, etimad və vizion tələb edir. Heç kino səhnəsi kimi, demək olar ki, real olmayan bir an yaşamısınızmı?
Doğrudur, məşhurlarla işləmək çox diplomatiya tələb edir — amma eyni zamanda empatiya da vacibdir. İlk başda bu tamamilə qyeri – adi bir hissdir. Birdən ekranlarda və ya jurnallarda gördüyün insanlarla əhatə olunursan və “vau” deməkdən özünü saxlaya bilmirsən. Amma zaman keçdikcə anlayırsan ki, onlar da günü sonunda sadəcə insanlardır. Yorulurlar, acırlar, stress keçirirlər — hər kəs kimi. Ona görə də ayaq üstə qalmaq və sadəcə başqa bir insanla işlədiyini unutmamaq çox vacib olur. Elə o zaman ünsiyyət sadəcə peşəkar yox, insanlığa da çevrilir.

Kinoya bənzər anlara gəlincə, mənim üçün ən yadda qalanı Kann-da istedadların qırmızı xalçaya getməzdən əvvəlki son 10 dəqiqədir. Hər kəs hazırlaşır, həyəcan və əsəb qarışığı var və hər şey çox sürətlə baş verir. O anı kənardan izləmək həmişə bir az möcüzəvi olur — sanki kinonun səhnə arxasını seyr edirsən.

9. Azərbaycan köklərinə sahib olmanız gözəllik, stil və ya hekayə anlatma bacarığınıza necə təsir edir?
Mən gözəlliyin həmişə böyük məna daşıdığı bir mədəniyyətdə böyümüşəm — xüsusilə qadınlar üçün. Bu, yalnız görünüşlə bağlı deyil, həm də özünü necə aparmağın, daşımağın, enerjini və varlığını dünyaya necə təqdim etməyinlə bağlıdır. Dərindən köklənmiş bir qürur var — səliqəli, sakit və zərif görünməkdə, və ətrafımda bu keyfiyyətləri özündə cəmləşdirən qadınlar olub — güclü, zərif və hər zaman qaydasında. Nənəm ən yaxşı nümunələrdən biri idi — o, geyinməyi sevərdi və hətta evdə olarkən belə ətir sürərdi. Bu, mütləq gözəllik baxışımı formalaşdırırdı. Mən zəngin vizuallarla əhatə olunmuşam — anam həmişə gözəl ev yaratmağı sevirdi və mən onun dekorasiya zövqündən çox şey öyrəndim. Xalam məni moda ilə tanış edən insan idi — o, həmişə niyə müəyyən parçaların bir yerdə yaxşı göründüyünü və ya niyə bir şeyin zərif olduğunu izah edərdi. Ətrafımda isə həmişə rəsm əsərləri, rənglər və detallarla dolu mühit var idi və bunlar uzun müddət yaddaşımda qaldı. Bütün bunlar zamanla, hətta fərqinə varmadan, zövqümü formalaşdırdı.

  •  
  •  
  •  
  •  
/

10. Azərbaycanda bu sənayedə çalışanların və ya bu sahə ilə maraqlananların daha çox bilməsini və dəyərləndirməsini istədiyiniz nədir?
İstəyərdim ki, daha çox insan Azərbaycanda həm yaradıcı, həm də peşəkar imkanların nə qədər geniş olduğunu dərk etsin. Burada zəngin mədəniyyət, dərin tarix və estetik irs mövcuddur ki, çox vaxt gözardı edilir. Memarlıqdan tutmuş vizual sənətlərə qədər ilham alınacaq çoxlu mənbələr var.

Həqiqətən də, Azərbaycanda gözəllik sənayesi hərtərəflidir. İnsanlar gözəllik və özünüifadə mövzusunda son dərəcə maraqlı, həvəsli və biliyə sahibdirlər. Ümid edirəm ki, bu, qlobal səviyyədə daha çox tanınar və dəyərləndirilər.

11. Ofisdən kənarda sizi həqiqətən nə ilhamlandırır — poeziya, kino, ətrafdakı yad insanlar?
Mən Parisdə yaşayıram, bu şəhəri çox sevirəm — və açığı, şəhərin özü məni daim ruhlandırır. Sadəcə gəzintiyə çıxmaq kifayətdir, həmişə əvvəllər görmədiyin bir yerə rast gəlirsən. Mən yeni yerlər, kiçik kafelər kəşf etməyi çox sevirəm; belə gündəlik gözəlliklər məni həqiqətən hərəkətə gətirir.

Səyahət etmək də uzaqlaşmaq istədiyim zaman müraciət etdiyim bir vasitədir. Parisdə yaşamaq qısa səfərlər etmək üçün əlverişlidir və fürsət tapdıqca, həmişə dəniz kənarına qaçmağa çalışıram. Bu, mənə özümü yenidən tənzimləməyə kömək edir.

Amma ən çox, ətrafımdakı insanlar məni ilhamlandırır. Mənim üçün ətrafda məni inkişaf etdirməyə, motivasiya etməyə və hər gün onlardan bir şey öyrənməyə təşviq edən insanların olması çox önəmlidir. Bu, mənim üçün dərin dəyər daşıyan bir şeydir.

12. Gözəlliklə bağlı hər hansı bir an ilə bölüşə bilərsinizmi — keçmişdə ya da indidən — hər xatırladıqda sizi heyəcanlandıran, tük ürpərdən?
Bir dəfə ukraynalı rejissor Anastasiya Mikovanın çəkdiyi Sephora-nın “Beauty & Belonging” adlı qısametrajlı sənədli filmini izlədim. Film 75-dən çox Sephora əməkdaşı və məşhur gözəllik brendlərinin təsisçiləri ilə müsahibələri əhatə edir, gözəlliyin fərqli mənşələrdən — müxtəlif irqlərdən, cinslərdən, imkanlardan olan insanları necə gücləndirə biləcəyini və onların özlərini görünən və özünə inamlı hiss etmələrinə necə kömək etdiyini göstərir.

Bu mənə xatırlatdı ki, gözəllik tək bir qəlibə sığmaq deyil — o, ifadə, kimlik və birlik haqqındadır. Bu mesaj məndə böyük təsir buraxdı.Əslində belə hekayənin anladılması sənayemizin emosional gücünü və önəmli olmasının səbəbini göstərir.

13. Lüks gözəllik sahəsində çalışaraq qadın gücü, qadınlıq və varlıq haqqında hansı həqiqətləri öyrənmisiniz?
Tez-tez düşündüyüm və həqiqətən heyran olduğum bir şey var — gözəllik sənayesində çoxsaylı qadınların hər şeyi necə bacarmasıdır. Bu sənaye əsasən qadınlar tərəfindən idarə olunur və mənim üçün önəmli olan yalnız onların istedadı və fədakarlığı deyil, həm də gücləridir. Onların əksəriyyəti inanılmaz dərəcədə hədəf yönümlüdür, etdikləri işə həvəslə bağlıdır və hər zaman daha çox uğur üçün çalışırlar. Eyni zamanda, onlar möhtəşəm anadır, zəngin şəxsi sahibdirlər və üzlərinə düşən bütün rolları məharətlə ifad edirlər.

Xaricdən baxanda hər şey qüsursuz görünür — baxmayaraq ki, bunun üçün böyük səy tələb olunur. Onlar həmişə səliqəli və sakit görünür, hər şeyə hazır olurlar və belə bir varlıq inanılmaz gücə sahibdir. Bu mühitdə işləmək mənə qadınların nə qədər çoxşaxəli və güclü olduğunu anlamağa kömək etdi. Biz həqiqətən hər yerdə, hər zaman və eyni anda ola bilərik — və bunu zərifliklə edə bilərik.

14. Azərbaycanlı digər gənc peşəkarlara, moda və ya gözəllik sahəsində qlobal karyera arzulayanlara nə tövsiyə edərdiniz?
Onlara hazır olmamışdan əvvəl başlamağı tövsiyə edərdim. Bu, mənim ürəkdən inandığım bir şeydir. İlk addımı atmaq üçün hər şeyi tam bilməyə ehtiyac yoxdur — bəzən həqiqətən “bacarana qədər özünü bacarır kimi göstərmək” lazımdır. Amma önəmli olan özünə inanmaq və böyümək qabiliyyətinə güvənməkdir.

Haradan gəldiyindən və ya hansı tərcübəyə malik olduğundan asılı olmayaraq, etdiyin işə ehtirasla bağlı və kifayət qədər fədakarsansa, öz yolunu tapacaqsan. Əzmkar olsan, uğur qazanmaq üçün həmişə fürsət olar.

Xüsusilə Bakıdan başqa ölkəyə köçərkən öyrəndiyim başqa bir vacib məqam — komfort zonandan çıxmağın önəmidir. Bu həmişə asan deyil, amma gerçək inkişaf məhz orada baş verir. Və bununla ən dəyərli yumşaq bacarıqlardan biri gəlir: çevik olmaq. Köklərini unutmayaraq dəyişikliklərə açıq olmaq, ətrafına və insanlara uyğunlaşmağı öyrənmək — bu çeviklik xüsusilə xaricdə karyera qurarkən vacibdir.