Musk Flower Kot-d’Azurun ab-havasından ilhamlanıb: sakit sular, ilıq günəş işığı və sahilboyu uzanan bağlar. Ətir parlaq və oynaq bir akkordla ravənd və bənövşə ilə açılır. Sonra isə pion və moruq kompozisiyanı daha da yumşaldır. Lakin notlar dərinləşdikcə ətrin ovqatı dəyişir. Vetiver ürək notlarına odunsu çalar, qızılgül duyğusallıq, qərənfil isə xəfif ədviyyəli toxunuş qatır. Müşk ətri dəriyə daha yaxın, üst notların vəd etdiyindən daha isti və intim edir. Səndəl ağacı, dəri və tüstü baza notlarına nəzərəçarpacaq ağırlıq və dərinlik verir, tonka paxlası isə kompozisiyanı daha şirin istiqamətə yönəldərək onu meyvədən çox vanilə yaxınlaşdırır. Bir neçə saatdan sonra dəridə qalan ətrin isə ravənd və ya moruqla artıq çox az əlaqəsi olur.
Ətrin müəllifi parfümer Kévin Mathysdir. Peşənin incəliklərini ilk illərdə müstəqil şəkildə öyrənən Mathys Monpelyedə təhsil aldığı dövrdə öz ətir xammalları kolleksiyasını formalaşdırıb. Hazırda Dubayda CPL Aromasşirkətində baş parfümer kimi çalışan Mathys Leypsiqdə Bell F&F şirkətində Sebastian Reuterin rəhbərliyi altında beş il təcrübə keçib, bundan əvvəl isə Symrise və Sensient şirkətlərində çalışıb. Vetiver və dəri onun sevimli maddələr sırasındadır və hər ikisi bu kompozisiyada öz yerini tapıb. Onun yaradıcılığının əsas xüsusiyyətlərindən biri təzad üzərində qurulan yanaşmadır: təravətli notları daha dərin və ağır akkordlarla birləşdirmək. Musk Flower da məhz bu yaradıcı prinsip üzərində qurulub.
Bu ətir HFC Parisin yeni Musk Collection kolleksiyasının iki ətrindən biridir; kolleksiyanın digər ətri Sunmuskdur. Hər iki flakon qızılı qapaq və şüşəyə yerləşdirilmiş dairəvi medalyonla tamamlanıb. Sunmuskun medalyonu ağ fonda günəş şüalarını xatırladan naxışla, Musk Flower isə kobalt-mavi fonda çəhrayı və qızılı rəngli çiçəklər və kəpənəklərlə bəzədilib. Biri gün işığına, digəri isə çiçəklənən bağa işarə edir. İki ətri bir-birinə bağlayan əsas element isə hər iki formulada yer alan müşkdür.

NOTLAR
Üst notlar: ravənd, bənövşə, pion, moruq
Ürək notları: vetiver, qızılgül, qərənfil, müşk
Baza notları: səndəl ağacı, tonka paxlası, dəri, tüstü
HFC bu ətri çiçəkli, meyvəli və müşklü ətir kimi təsnif edir. Eau de Parfum konsentrasiyasında təqdim olunan Musk Flower 75 ml-lik flakonda satışa çıxarılır.
Daha ətraflı məlumatı www.hfcparis.com saytında tapa bilərsiniz.


