NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

Möhtəşəm Möcüzələr Ölkəsində Sehrli Odisseya

Artıq qırx ildir ki, Parisin zərgərlik səhnəsində Lidiya Kurte öz cəsarətli və sərhəd tanımayan yaradıcılığı ilə meydan oxuyur. Vandom meydanının görkəmli evlərinə rəğmən, o, öz dəsti-xətti ilə seçilən əsərlər yaradır, ənənəni sərhədlərini aşaraq sənətini provokativ, eyni zamanda sehrli notlarla təqdim edir.

Karyerasına antikvar naxışların bilicisi kimi başlayan Kurte, çox keçmədən öz adını daşıyan brendi təsis etmiş və dünya ilə zərgərlik sənətinin sirli, xəyal dolu dili ilə danışmağa başlamışdır. Onun həvəsinin təntənəli nəticəsi isə Extraordinary Jewellery of Imagination and Dreams — «Xəyal və Arzuların Nadir Bəzəkləri» adlı kitab oldu. Nargıs jurnalına verdiyi eksklüziv müsahibəsində Lidiya Kurte oxucularımızı əsərlərinin sehrli aləminə aparır, ilhamının qaynaqlarını və yaradıcılığının sirrini paylaşır.

Həqiqi zəriflik incəlikdə gizlidir

Şəxsi brendinizin yaradılma hekayəsini bizimlə bölüşün. Özünüzü zinət əşyaları dizaynına həsr etmək istədiyinizi ilk dəfə nə zaman anladınız?

Həmin dönəmdə ana olmağa hazırlaşırdım və biokimyaçı karyerasına ara verdim. Ana olmağa hazırlaşdığım dövrdə tam gözlənilmədən içimdə zərgərlik dünyasına bir cazibə hiss etdim. Bu yeni maraq məni gemmologiya məktəbinə gətirdi və orada elmdən daha çox qəlbimə toxunan başqa bir həvəs kəşf etdim. Əvvəlcə düşünürdüm ki, antikvar kimi fəaliyyət göstərəcəyəm, qədim bəzəklərlə məşğul olub onların ticarəti ilə məşğul olacağam. Amma çox keçmədən anladım ki, bu, müvəqqəti bir mərhələ deyil, əslində daha böyük və əhəmiyyətli bir yolun başlanğıcıdır.

Kolleksiyalarınız hər zaman mövzu və hekayələri ilə seçilir. Bu kolleksiyalar arasında sizin şəxsiyyətinizi daha yaxından əks etdirən və ya sizin ən çox sevdiyiniz hansıdır?

Əvvəldən hər bir kolleksiyanı bir növ inisiasiya səyahəti, böyük hekayənin ayrıca bir fəslinə bənzətmişəm. Hər bir bəzək öz süjetini, öz ruhunu daşıyır. Mənim üçün bunlar heç vaxt sadəcə zərgərlik məmulatları olmayıb — onlar daha dərin mövzuları, hissləri və ideyaları araşdırmaq üsuludur.

Hər bir kolleksiya müəyyən bir zaman anında mənim emosional və yaradıcılıq ovqatımı əks etdirir, buna görə də sevimlini seçmək çox çətindir. Amma yenə də qəlbimə xüsusilə yaxın olanı fərqləndirməli olsam, yəqin ki, bu, avstraliya opallarından yaradılmış Deep Sea kolleksiyası olar. Bu daşlarda həqiqi bir sehr var: onların zəngin rəng oyunu və dərinliyi okeanın sirrini və gözəlliyini ifadə edir, halbuki okean həmişə məni valeh edib. Opallar sanki özlərində bütöv kainatları gizlədir, işıqda parıldayaraq canlanır və mənim üçün o vaxt keçdiyim şəxsi yolun mükəmməl bir metaforasına çevrilirdi.

İşlərinizdə başqa bir aləm yaratmağı necə bacarırsınız?

Sərhədləri genişləndirmək və qəbul olunmuş qaydaları sarsıdan əsərlər yaratmaq arzusu mənim işimin əsasını təşkil edir. Mənim üçün naxışlar sadəcə dekor deyil, onlar bir dil, bədii özünüifadə forması və incəsənətlə şəxsi dialoqa dəvətdir. Zərgərlik məmulatı gündəlik həyatla qeyri-adi olan arasında körpüyə çevrilir.

İstəyirəm ki, müştərilərim hiss etsinlər ki, onlar sadəcə zinət əşyası taxmırlar, daha dərin bir şeyi daşıyırlar — düşüncələri oyandıran, yaradıcılıq dilində danışan və incəsənətin bütün ifadələrindəki gözəlliyi tərənnüm edən bir şeyi. Bəzilərini Boshun fantastik mürəkkəbliyi cəlb edə bilər, bəzilərini Dalinin yuxuvari reallığı, bəzilərini isə De Stalın abstrakt gözəlliyi.

Hər bir kolleksiya seçilmiş mövzunun dərin analizi üzərində təsis edilir. Bu cür yanaşma mənə onun çox tərəfliliyini araşdırmağa imkan verir və yalnız estetik cazibədar zinət əşyaları deyil, həmçinin konseptual dolğun, çoxqatlı və yüksək dəyərlər qatılışmış əşyaları yaratmağa imkan verir.

  •  
  •  
  •  
/

Səhərlər necə hazırlaşırsınız, seçiminizə nədən başlayırsınız?

Adətən ilk öncə donumu seçirən, sonra isə ayaqqabı və paltonu.

Hazır məhsulun emosional duyğular oyatması üçün nə edirsiniz?

Rəng və simvollar – hər zaman! Mənim işlərim çox simvolikdir, ona görə də çalışıram elə naxışlar yaradam ki, onlar dərhal tanınsın və vizual dilə köklənsin. Rəng mühüm rol oynayır: çünki o, müxtəlif hissləri oyada bilər — istilik, sakitlik, gərginlik və ya hətta narahatlıq.

Rəngdən savayı mən, həm dini, həm də siyası simvollara müraciət edirəm. Onlarda estetika çərçivələrini aşan dərin məna gizlidir. Siyasi simvollar cəmiyyətin aktual əhvalını əks etdirir, düşünməyə və gündəlik problemləri müzakirə etməyə vadar edir. Bu visual kodları forma ilə birləşdirərək, sadəcə diqqət cəlb edən deyil, həmçinin daxili əks səda doğuran sənət əsərləri yaratmağa can atıram. Rəng, forma və simvolların məhz bu ahəngi mənim əsərlərimə emosional dərinlik qatır və insanla çox şəxsi bağ əmələ gətirir.

İşarələrə inanırsınızmı?

Bəzən, lakin çox da xürafatçı deyiləm. Onlardan asılı olmaq istəmirəm.

Love Story kolleksiyasında yer alan “göz” nəyin simvoludur?

1784-cü ildə Uels şahzadəsi Meri Fitscerbert ilə operada ilk dəfə qarşılaşmışdır. Bu, ilk baxışdan məhəbbət idi. Lakin Britaniya qanunları şahzadəyə onunla evlənməyi qadağan edirdi, çünki Meri katolik idi. Tarixə əsasən, Corc və Meri gizlicə evlənmiş və bir-birinin gözlərini təsvir edən kiçik portretlərlə bir-birinə hədiyyə etmişdi. Bu xırda fil sümüyü üzərində akvarel şəkillər, zinət əşyalarına yerləşdirilərək, onların məhəbbətinin simvoluna çevrildi. Portretlərdə yalnız bir göz təsvir olunduğu üçün aşiq cütlüyün sirri qorunurdu.

  •  
  •  
/

Sizcə, şah əsər həyat tərzi ilə uyğun olmalıdırmı?

Hər gün bir incəsənət əsəri – istər qeyri-adi üzük, istərsə də zərif hazırlanmış kulon – taxdığınız zaman o, sadəcə aksesuar olmaqdan çıxır. O, manifestə çevrilir, şəxsiyyətinizin əsl ifadəsi olur. Ən gözəl tərəfi budur ki, incəsənəti müntəzəm taxmaq adi həyatı qeyri-adi bir şeyə çevirmək gücünə malikdir.

Necə olur ki, hətta bir çoxları tərəfindən dərhal qəbul etməsə belə cəsarətli üslubunuza sadiq qala bilirsiniz,?

Mən əsərlərimi kütlə üçün yaratmıram. Mənim işlərim incə zövqlü auditoriyaya ünvanlanıb, yəni həqiqi lüksün qiymət etiketilə və ya sərgilənən var-dövlətlə müəyyən olunmadığını bilənlərə.

Mən şüurlu yaşayan, nadirliyi və ustalığı gördüyü yerdə qiymətləndirən insanlar üçün yaradıram. Lüks sadəcə sahiblik deyil, o, eksklüzivlikdir. Həqiqi zəriflik isə incəlikdə gizlidir: özünü qışqıraraq deyil, sakitcə hekayəsini danışan naxışlarda.

Mənim istəyim odur ki, əsərlərim dərhal tanınsın və vizual dilin bir parçasına çevrilsin