NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Mayli Sayrus: Özünü Sevmə Himni

13 yanvar 2023-cü ildə Mayli Sayrusun səkkizinci studiya albomu olan "Endless Summer Vacation"dan "Flowers" mahnısına musiqi videosu yayımlandı. Mahnı, aktyor Liam Hemsvort ilə uğursuz evliliyinə həsr olunub və təsadüfən doğum günündə buraxılıb. "Flowers" mahnısında Sayrus əvvəlcə münasibətdən ayrılmaq istəmədiyini, lakin zaman keçdikcə tək qalmağın daha yaxşı olduğunu başa düşdüyünü bildirir. Xəyalpərəst və təsirli mahnı tez bir zamanda populyarlıq qazandı, kommersiya uğuruna nail oldu və bir çox rekord qırdı. İlk iki həftədə “Spotify” platformasında ən çox dinlənən mahnı oldu və bununla əvvəlki rekordu qırdı. Bundan əlavə, "Flowers" cəmi 112 gün ərzində “Spotify”da bir milyard yayıma nail olaraq, platformanın tarixində bu rəqəmə ən sürətli çatan mahnı oldu. Mahnı “Billboard Global 200”də birinci yerdə debüt etdi və ABŞ və Böyük Britaniya daxil olmaqla, 43 ölkədə ilk sıraya yüksəldi. "Flowers" mahnısının motivasiya ilə dolu sətirləri dinləyicilər tərəfindən seviləcək, mahnının özü isə güc və azadlıq bəstəsinə çevriləcək. Bu mahnı ilə gənclər özlərini sevməyi təbliğ edərək, münasibətlərin sonunu düşünmədən rəqs edirlər.

"Mənim üçün oynadığım obraz yox, özüm olduğumu sübut etmək vacib idi. Mən həmişə maraqlı həyatın maraqlı hekayələrin yaratdığına inanmışam."

"Hannah Montana" dövrdən indiki musiqinizə qədər bir yaradıcı kimi inkişafınızı necə təsvir edərdiniz?

Bir anda anladım ki, mən bir insan kimi inkişaf etməliyəm. Hannah Montana güclü idi, məndən qat-qat güclü idi. Mən heç vaxt Hannah Montana qədər uğur qazana bilməyəcəyimi düşünürdüm. Beləliklə, geriyə baxaraq bu obrazla özüm arasında məsafə yaratmağa çalışdım.

“Disney Channel” ulduzu olmaqdan daha yetkin və canlı obraza keçmək qərarınız barədə bizə məlumat verə bilərsinizmi?

Mən öz istəyim ilə səhnədə açıq-saçıq geyinməklə və obrazdan uzaqlaşmaqla diqqət çəkdim. Əslində, mən şəxsən çox diqqət çəkməyi sevmirəm, amma mənim üçün oynadığım obraz yox, özüm olduğumu sübut etmək vacib idi. Mən həmişə maraqlı həyatın maraqlı hekayələri yaratdığına inanmışam.

Musiqinizdə çox vaxt azadlıq və özünüifadə mövzuları var. Bu dəyərlər karyera seçiminizə necə təsir edib? Yaradıcılıq prosesinizi necə formalaşdırıb?

Əsl azadlıq, öz həyat təcrübəmizdən istifadə etdiyimiz və standartlarla bağlı təzyiqə məruz qalmadığımız zaman olur. Bu, vaxt apara bilər və məndə bu böyüdükcə formalaşdı, beləliklə, hazırda mən deyə bilərəm: "Yox, bu mən deyiləm. Bunu edəndə özümü rahat hiss etmirəm".

Son illərdə mental sağlamlıq problemləriniz barədə açıq danışırsınız. Bu, musiqinizə necə təsir etdi və mübarizələrinizi bölüşməklə nəyə nail olacağına ümid edirsiniz?

Mental sağlamlıq və depressiya ilə bağlı problemlərim barədə pərəstişkarlarımla açıq və dürüst olmaq mənim üçün çox vacibdir. Bilirəm ki, sözlərim bəzi pərəstişkarlarımı peşəkar yardım axtarmağa sövq edib. Bu, mənə əsl məqsəd, səhər oyanmaq üçün səbəb verdi. Açıq və dürüst olduğunuz zaman bu, şəxsiyyətinizin bir hissəsinə çevrilir və yaradıcılığınızda əks olunur.

İfalarınız sərhədlərdən kənar olması ilə tanınır, buna görə də tamaşaçılar arasında mübahisə yaradır. Sizi işinizdə standartlara meydan oxumağa nə sövq edir və çətinliklərinizi pərəstişkarları ilə bölüşməklə nəyə nail olmağa ümid edirsiniz?

Sadəcə diqqəti cəlb etmək üçün meydan oxumaq mənasızdır - siz bunu yalnız zövq aldığınız halda etməlisiniz və bununla siz pərəstişkarlarınızın sevəcəyi musiqi yaradacaqsınız. Dolli Parton mənim xaç anamdır və o, “country” musiqisini cazibədar və dürüst etmək üçün mənə meydan oxudu. Bu, bir növ hiylə deyildi, o, sadəcə özü olduğu kimi davranırdı. Mənə özüm olmağı öyrətdi.

Mahnı sözləriniz çox vaxt şəxsi təcrübə və münasibətlərə əsaslanır. Həssaslığınız mahnı yazma prosesinə necə kömək edir və dinləyicilərin musiqinizin səmimiliyindən nəyi götürəcəyini ümid edirsiniz?

Mahnı yazanda mümkün qədər vizual olmağa çalışıram. Əksər mahnılar zamanın bir anına və ya baş vermiş hadisəyə əsaslanır. Nə qədər çox həyat təcrübəsi və təfərrüatlardan istifadə edirsinizsə, mahnı bir o qədər səmimi olur. İstəyirəm ki, pərəstişkarlarım mahnılarımdan birinə qulaq asanda mənim onlarla danışdığımı hiss etsinlər.

Çoxşaxəli bir sənətçi olaraq aktyorluq, aparıcılıq, moda dizaynı kimi müxtəlif yaradıcı fəaliyyətlərlə məşğul olmusunuz, bəs gələcəkdə həyata keçirmək istədiyiniz başqa yaradıcılıq istiqamətləri varmı?

Əgər bu, real və uğrunda mübarizə apardığım bir şeyə uyğun gəlirsə, mən həmişə yeni ideyaları dinləməyə hazıram.

Karyeranız boyu mübahisələr və ictimai rəylə qarşılaşmısınız. Tənqidlərə qarşı necə davranırsınız və şəxsi inkişaf üçün necə istifadə edirsiniz?

Tənqid və diqqət qaçılmazdır, amma məni ən çox təəccübləndirən uşaq vaxtı aldığım tənqidlər olub. Gənc aktyor kimi özümü diqqət mərkəzində tapdım və böyüklərin sərt mühakiməsi ilə üzləşdim. İndi bunun nə qədər səhv olduğunu başa düşürəm və bu mənə uşaqları heç vaxt mühakimə etməməyi öyrətdi.

“İstəyirəm ki, pərəstişkarlarım mahnılarımdan birinə qulaq asanda mənim onlarla danışdığımı hiss etsinlər.”

Gələcəyə nəzər salsaq, musiqi və ümumiyyətlə karyera ilə bağlı gözləntiləriniz nədir? Gələcək nəsil üçün qoymağı ümid etdiyiniz bir iz varmı?

Kumirlərimdən biri olan Debbi Harriyə baxanda onun müğənnilər üçün açdığı yoldan ilham alıram, çünki o, əvvəllər mövcud olmayan bir şey yaradıb. Mən əvvəllər mövcud olmayan və ya insanların bilmədiyi bir şeyi yaratmış bir insan kimi tanınmaq istəyirəm. Təkcə özüm üçün deyil, həm də gələcək sənətkarların görəcəyi xüsusi işlərin təməl daşını qoymaq üçün.


Zəhmət olmasa, “Flowers” mahnısının ilham mənbəyindən danışardınız? Bu mahnı ilə hansı mesajı və ya duyğuları çatdırmaq istəyirdiniz?

Başlanğıcda sözlər fərqli idi. Bu, qırıq bir ürək haqqında kədərli bir mahnı idi. Mən tamam başqa cür yazdım. Orijinal xor belə idi: "Özümə çiçəklər ala bilərəm, adımı quma yaza bilərəm, amma özümü səndən yaxşı sevə bilmərəm." Amma mən qərara gəldim ki, sözlərin ruhdan düşməkdən çox qələbə haqqında olmasını istəyirəm, ona görə də perspektivi dəyişdim. Düzünü desəm, sevdiyim "fake it till you make it" ifadəsinə bir az bənzəyir.

Şəxsi həyat sloqanınız nədir və bu, karyeranız boyu qərarlarınıza və hərəkətlərinizə necə təsir edib?

Həmişə deyirəm ki, səhv etməyi dayandırdığım an öyrənməyi dayandırdığım andır.
Səhvlərimdən dərs almağa çalışıram ki, həmişə olmaq istədiyim sənətçi olum. Ona görə dedim ki, hekayəmin heç bir hissəsini silməyəcəyəm. Mən əlbəttə ki, hər şeyi düz etmiş olduğumu demirəm, amma bunların hamısı bütünlükdə məni bu gün sənətçi edən, bugünki halıma gətirən səyahətin bir hissəsi oldu.