NARGIS
Ru En
NARGIS MAGAZINE
She’s Next

“Le miracle d’Asunta” -nın təsisçisi, Mikro Biznes kateqoriyasının qalibi

“Le miracle d’Asunta” – nın yaradılma fikri necə meydana gəldi?

Oğlum atopik dermatitdən əziyyət çəkirdi və onun üçün təhlükəsiz, zərif tərkibli məhsulun axtarışı mənim üçün öncəliyə çevrilmişdir. Uzun axtarışlardan sonra, özüm təbii tərkibli sabun hazırlamaq qərarına gəldim. Atopik dermatit adətən dəri quruluğu ilə müşahidə olunur və yağ əsaslı sabun dərini mükəmməl nəmləndirir. Mən oğluma həqiqətən də kömək ola bildim. Bir qədər sonra, dostlarım və ətrafımdakılar bu sabunlardan istifadə etməyə başladı və müsbət rəylərini bildirdilər.

Hər şey evdə soyuq proses üsulu ilə həyata keçirilirdi. Bu üsul vasitəsi ilə əldə edilən məhsullar daha yüksək keyfiyyətlidir, belə ki, yüksək temperatur vasitəsi ilə emal zamanı yağlar öz faydalı xüsusiyyətlərini itirir. Soyuq üsul isə onların qidalandırıcı xüsusiyyətlərini gücləndirir.

Nə üçün bu qədər poetik, demək olar ki, nağıllara bənzər ad seçdiniz?

Adım Asuntadır. Adımı atam qoyub. İstədim ki, brend Asuntanın Möcüzəsi adlansın, çünki bu möcüzə mənə kömək edibsə, yəqin ki, başqalarının da dadına çatar.

Ən çox işləməyi sevdiyiniz ətirlər və ya inqrediyentlər hansılardır?

Mənim sabunlarımda heç bir sintetik ətir və ya kimyəvi ətir komponentləri yoxdur. Biz kimyəvi qoxulara o qədər alışmışıq ki, onları şüuraltı şəkildə gözləyirik. Halbuki, təbii məhsullarda ümumiyyətlə qoxu olmamalıdır. Əgər hər hansı bir ətir hiss olunursa, bu yalnız lavanda və ya portağal kimi təbii yağlardan qaynaqlanır. Amma sabunlaşma prosesi zamanı həmin qoxuların böyük hissəsi yoxa çıxır. Nəticədə çox zəif, olduqca təbii bir aroma qalır – bu da məhsulun doğrudan da təbii olmasının göstəricisidir. Sabunlarımın əsasını üç yağ təşkil edir: zeytun yağı, kokos yağı və gənəgərçək yağı. Bundan əlavə, həmişə soyuq üsulla əldə olunmuş şi yağı və badam yağı da istifadə edirəm. Köpük əldə etmək üçün heç bir kimyəvi komponent əlavə etmirik. Buna baxmayaraq, sabunlarımız çox gözəl köpüklənir. Ən çox sevilən məhsullarımız arasında saç tökülməsinə və kəpəyə qarşı sabunlar var. Bu sabunlar xüsusilə kişilər tərəfindən seçilir və tərkibində gil və lavanda olur. Qadınlar isə daha çox dəri səpkilərinə, artıq yağlılığa və ya quruluğa qarşı lavanda sabununu üstün tuturlar.

Necə sahibkarlığı və müəllimlik sənətini bir araya sığışdıra bilirsniz?

Mən Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm. Artıq məktəbdə çalışmasam da, fərdi hazırlıqlar keçməyə davam edir və bu sahədə artıq 12 illik təcrübəyə malikəm. Bu təcrübəmin qalib olmağımda böyük payı oldu. Belə ki, gözəl nitq nümayiş etdirir və özümü səlis şəkildə ifadə edirdim.

Birbank Biznesin dəstəyi ilə həyata keçirilən She’s Next Empowered by Visa təşəbbüsündə iştirak etməyə sizi nə vadar etdi?

Müsabiqə elanına təsadüfən rast gəldim və “Niyə də yox?” deyib iştirak etməyə qərar verdim. Ətraflı oxuyub dərhal qeydiyyatdan keçdim. Proses kifayət qədər strukturlaşdırılmış şəkildə aparılırdı: bizə motivasiya məktubu və video təqdim etmək üçün son tarix qoyulmuşdu. Ümumilikdə üç mərhələ var idi və son tarix 13-ü idi. Amma həmin gün ərizəmi tamamlaya bilmədim. Xoşbəxtlikdən, tarix 17-sinə qədər uzadıldı – sanki elə məhz mənim üçün. Elə bu dəfə də çətinliklə hər şeyi vaxtında çatdırdım! Daha sonra yarımfinala seçildim və 100 baldan 84 bal topladım. Mentorluq mərhələsi başlayanda çox həyəcanlı idim – ilk görüşdə səsim əsirdi. Amma azacıq da olsa dəstək hiss etdiyim andan – xüsusilə Afət xanımdan – sanki canlandım. Özümü ələ alıb layihəmi daha inamla təqdim etməyə başladım. Bu yol boyunca mənə ən çox dəstək olan məhz o oldu. Mənim üçün bu təşəbbüs əsl fürsət idi və yaxşı ki, bu imkanı əldən vermədim – buna görə çox minnətdaram.

Bu müsabiqə sizə nə verdi və bu təcrübənin ən dəyərli tərəfi nə oldu?

Çox dəyərli bir təcrübə qazandım və strategiyamı yenidən gözdən keçirdim. Afət xanım mənim üçün əslində göz açan biri oldu: o, mənə brendinqin necə işlədiyini göstərdi, sabun kimi sadə bir məhsulun necə qablaşdırılıb estetik şəkildə təqdim edilə biləcəyini izah etdi. O, mənə başa saldı ki, məhsulum kütləvi bazar üçün deyil və biz birlikdə ümumi yanaşmadan uzaqlaşıb daha fərqli və hədəfli bir təqdimat formalaşdırdıq. Əvvəllər heç tam formalaşmış bir biznes planım belə yox idi. Biz yeni bir təqdimat hazırladıq – büdcə, vəsaitlərin bölüşdürülmə planı və satış proqnozu daxil olmaqla hər şey yerində idi.

Nəticələr açıqlananda hansı hissləri keçirdiniz?

Əvvəlcə əmin idim ki, qalib gələcəyəm. Amma ikinci və üçüncü yerin sahibləri açıqlananda və adım çəkilməyəndə birdən tərəddüd etməyə başladım – ilk dəfə düşündüm ki, bəlkə də hər şey istədiyim kimi olmayacaq.
Və sonra... qalibin adını elan etdilər – mənim adım! Hisslərimi saxlaya bilmədim, sevincdən qışqırdım!

Qazandığınız mükafat məbləğini necə xərcləməyi planlaşdırırsınız?

Hər şey ən xırda detallarına qədər əvvəlcədən planlaşdırılıb. Planımıza əsasən, ilk növbədə vəsait istehsala yönəldiləcək. Aylıq istehsal xərclərini qarşılamaq üçün əvvəlcədən təxminən 4000 manat nəzərdə tutulub. Eyni zamanda, korporativ sifarişlərlə də işləməyi planlaşdırırıq. Bu isə o deməkdir ki, qablaşdırma yüksək keyfiyyətli olmalıdır. Təmiz, peşəkar görünüşlü və fərdi üslubda olan qablaşdırmalar üçün 2500 manat ayırmışıq. Hazırda hər şeyi özüm görürəm – çəkiliş edirəm, montaj edirəm, storilər paylaşır, sosial media hesablarımızı idarə edirəm və çatdırılmaları da özüm həyata keçirirəm. SMM menecer də mənəm, kuryer də, kontent yaradıcısı da. Açığı, bu asan deyil. Hər şeyə kifayət qədər vaxt ayırmaq olmur və bu, bəzən keyfiyyətə də təsir edir.

Düşünürəm ki, hər kəs yalnız ən yaxşı bildiyi işlə məşğul olsa, nəticə daha uğurlu olar. Məsələn, bizim foto və video kontentimiz daha güclü ola bilərdi – buna görə də büdcənin bir hissəsini bu sahənin yaxşılaşdırılmasına ayıracağıq.
Gələcəyə baxsaq, bu il üçün əsas məqsədlərimizdən biri fiziki satış məkanının açılmasıdır.

Öz biznesini qurmağı yeni-yeni düşünən qadınlara nə tövsiyə edərdiniz?

Bəli, bu yol çətindir, amma qorxmayın. Sadəcə irəliləyin, dayanmadan davam edin. Bəzən geriyə baxanda düşünürəm ki, əgər əvvəlcədən daha fəal olsaydım, bəlkə də bu gün daha çoxuna nail olardım. Ona görə də mənim tövsiyəm budur: özünüzü saxlamayın və heç vaxt imtina etməyin.

Uğursuzluqdan qorxmayın – bu yolun təbii və zəruri bir hissəsidir. Uğursuzluq olmadan uğurun sevincini tam şəkildə dərk etmək mümkün deyil.

Və ən əsası – bunu unutmayın: hər kəsin bir parladığı an var. Sizin də anınız gələcək, və o an gəldikdə, sizi özü tapacaq.