NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Ölüm dəhlizi: şahid qeydləri

O, Vilnüsdən Yerevana qədər bütün Avropanı pedalalları əzmlə fırladaraq qət etmişdi. Bu, Miatsum kimi təhlükəli daşnak ideyasının sürətlə yayılaraq, Qarabağda qanlı müharibəyə səbəb olduğu və Ermənistanı qalib tsağakronistlərin ölkəsinə çevirəcəyini vəd etdiyi qaranlıq bir dövrə təsadüf edir. Bu, iki yüz əlli min azərbaycanlının etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarından insanlığa xas olmayan vəhşiliklə qovulduğu, onların zorakılığa və təzyiqlərə məruz qaldıqları vaxt idi. Saysız-hesabsız insan nəfəs kəsən şaxtalı dağlarda, donmuş çaylarda tələf oldular. Aydındır ki, ermənilər bu barədə Riçardas Lapaytisə heç nə deməmişdilər, sadəcə başının kəsilməyini istəmirsə, Azərbaycana getməməyi tövsiyə etmişdilər. O da Azərbaycana gəlməmişdi. Lapaytisin növbəti səyahəti Baykal ətrafına, Sibir və Ural bölgəsinə oldu. Hətta bir il Şimal qütbündə qaldı. 1992-ci ilin fevralında Orta Asiyaya gedib, sonra da səyahətini Çində davam etdirmək istəyirdi. O, Xəzər dənizini keçib Orta Asiyanı salamlamaq üçün tranzit yol kimi Bakıdan keçməli idi. Lakin tale ona fərqli – sonsuz dəhlizə doğru bir səyahət planı hazırlamışdı.


*Miatsum şüarı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və azərbaycanlıların doğma torpaqlarından qovulması ideyasını özündə təcəssüm etdirirdi. Erməni cəmiyyətində Miatsum ideologiyası çox geniş rəğbətlə qarşılandı və ermənilər bu aqressiv ideologiyanı dəstəkləməyə başladılar.

*«Tsağakron» ermənicə “qəbilə”, “irq” mənasını verirdi. Bu çağırış Hitlerin məsləkdaşı və Erməni SS Legionunun lideri Haroqin Njde tərəfindən təsis edilmiş erməni nasist idelogiyasının əsasını qoydu.

*Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı 1987-1989-cu illərdə öz dədə-baba yurdlarından zorla qovulub. Bu etnik təmizlənmə nəticəsində 57-si qadın olmaqla, 5 yeni doğulan körpə, müxtəlif yaş qruplarından olan 18 uşaq, ümumlikdə, 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə ağır yaralanıb.

Şahin

Bakının tutqun və soyuq fevralı Riçardasa qonaqpərvər davranmadı. Qatardan enən kimi küçə soyğunçularından ibarət dəstə başının üstünü aldı. Qonağın adının Riçardas olduğunu öyrənən avaralar: “Yəqin bu almanın yaxşı pulu var” – deyib, onu məsxərəyə qoymağa başladılar. Riçardas 23 yaşında olsa da, onu qorxutmaq elə də asan deyildi. O, bıçaq üçün yol çantasına əl atanda quldurlar onun tapança çıxaracağını düşünüb tez gözdən itirlər. Amma qaçanda onun pul olan çantasını da götürməyi unutmurlar. Quldurlar Riçardasın tapançasının olmadığını anlayana qədər o, yer altı keçiddən tez çıxaraq yaxınlıqdakı Təzə Pir məscidində gizlənməyə müvəffəq olur. Tərslikdən, cümə namazının vaxtı idi. İbadətə gələn insanlar namaz vaxtı səcdəyə gedəndə molla Riçardasdan məsciddən çıxmağı xahiş edir. Aclıqdan və yorğunluqdan süst düşmüş Riçardas könülsüz çıxışa doğru irəliləməyə başlayır. Əmin idi ki, küçədə onu həmin zorba avaralar gözləyir. Çölə çıxanda kimsə onu səsləyir. Dönüb baxdıqda onu çağıranın on səkkiz yaşlı cavan oğlan olduğunu görür. O, divarın yanında bir qrup gəncin əhatəsində dayanmışdı. Oğlan Riçardasa: “Mənimlə gəl” – deyir. Başqa çıxış yolu görməyən Riçardas bu naməlum adamın arxasınca gedir. Kimsə həmin vaxt Riçardasa desəydi ki, bu naməlum adam onun ən yaxın dostu olacaq və bu görüş bir gün qeyri-adi şəkildə onun Heydər Əliyevin şəxsi avtomobilində Ordubaddakı dostunu ziyarət etməsinə səbəb olacaq, o, əlbəttə, buna inanmazdı. Naməlum gənc onu arxa qapıdan keçirərək, rəsm əsərləri ilə bəzədilmiş bir otağa gətirir.
“Tələbə rəssam Şahin Babayevin Dmitrov küçəsi, 38 ünvanında yerləşən miskin emalatxanası bir neçə günlük mənim sığınacağıma çevrildi. Şahinin qəpik-quruş təqaüdü yalnız bir parça qara çörək və bir stəkan çaya çatırdı, bu da bizi acından ölməkdən xilas edirdi. Bir dəfə yenə çayxanada kasıb süfrəmi açıb nahara hazırlaşırdım. Birdən bir nəfər yemək dolu sinini qarşıma qoydu. Sinidə ət yeməkləri, qəlyanaltı, salat vardı. Mən neçə gün idi ki, ac idim və az qala huşumu itirəcəkdim. Adam yemək dolu məcməyini qarşıma qoyaraq geriyə baxmadan uzaqlaşdı. “Nə üçün? Niyə? Axı sən məni tanımırsan” - deyə, arxasınca səsləndim. Həmin an içimdə inqilab baş verdi və Azərbaycan həmişəlik mənim evimə çevrildi. O gündən sonra Azərbaycan tanımadığı adamla öz evini və ruzisini bölüşən yer kimi yadımda qaldı. Belə xatirələr unudulmur”.
Litvalı qonağı bundan başqa, Məsihin şəkli də təəccübləndirmişdi. Şahinin otağına girən kimi Riçardasın gözü bu şəkli tutmuşdu. “Müsəlman niyə xristianın şəklini çəksin?” fikri ona dinclik vermirdi. Ümidsizliyə qapılan Şahinin simasında dərin iztirabın kölgəsi gəzişirdi. O, dəhşətli yanvar hadisələri zamanı qardaşını itirmişdi. Şahinin ailəsi Bakıya Ordubaddan köçmüşdü. Şahinin valideynləri sadə insanlar idi. Atası radiomühəndis idi, anası isə uşaq xəstəxanasında işləyirdi. Qardaşlar Bakıya təhsil almaq üçün gəlmişdilər. Şahinin böyük qardaşı Rəhim Salyan kazarması ətrafında dostu Bahəddini xilas edərkən öldürüləndə cəmi 20 yaşı var idi. Dostuna hasardan atlamağa kömək etmişdi. Lakin özü xilas ola bilməmişdi. Riçardas Şahini çox gözəl anlayırdı. Çünki Vilnüsdə də eyni dəhşətli hadisələrin şahidi olmuşdu. Bəs niyə məhz Məsihin rəsmi? Şahin İsa Məsihin nəsihətlərini oxuduğunu və bağışlama əmrindən xüsusən çox təsirləndiyini söyləmişdi.
“Ertəsi gün Şahinin dostları gəldi. Pullarımın oğurlandığını biləndə cəld öz aralarında pul toplayaraq mənə verdilər. “İstəmirik Azərbaycanı belə tərk edəsən, Azərbaycan haqqında yalnız gözəl xatirələrin olsun” – deidlər. Onlar hətta oğruların yerinə məndən üzr istədilər. Bu hərəkət məni inanılmaz dərəcədə təsirləndirdi. Sonra mənə Qarabağda baş verən müharibə haqda məlumat verdilər. Mühasirəyə düşən və həlak olan dinc sakinlərin faciəsinə bütün dünyanın barmaqarası baxıb, susmasından danışdılar. Bir gecə Şahin dərin yuxuda ikən ona və dostlarına necə təşəkkür edəcəyim barədə düşündüm. Yanvar hadisələri zamanı həlak olan şəhidlərin və eləcə də, Rəhimin əziz xatirəsini yad etmək üçün Qarabağa birgünlük səfər etmək qərarına gəldim. Xəritəni diqqətlə nəzərdən keçirib, oranın uzaq, yoxsa yaxın olduğunuı araşdırmağa başladım. “Görəsən, hansı yollar Qarabağa aparır?” - deyə, düşündüm. Mən Ağdama qədər uzanan dəmir yolunun üzərində dayandım. Gecənin bir aləmi bəzi şəxsi əşyalarımla bərabər Şahinə ünvanlanmış məktubu da otaqda qoyaraq, Dmitrov küçəsindən elə də uzaqda olmayan dəmir yolu stansiyasına getdim. Qatarda öz sərnişin oturacağıma əyləşər-əyləşməz gözlərimi yumub, ta qəflətən oyanmaq məcburiyyətində qalmayana qədər dərin yuxuya getdim. Məni Qarabağa sürükləyən xüsusi missiya deyil, həqiqi minnətdarlıq hissi idi.

*1990-cı ilin 19 yanvar tarixində SSSR İ Ali Sovet Rəyasət Heyətinin qərarına əsasən Azərbaycan Ali Sovetinin razılığı olmadan Bakıda fövqəladə vəziyyətin elan olunması barədə fərman imzalandı. Bunun ardınca Sovet müdafiə naziri marşal Yazovun rəhbərliyi altında hərbi əməliyyatlara başlanıldı. Bakı qarnizonunun hərbi hissələri və hərbi gəmilərin desant, eləcə də Azərbaycana xüsusi göndərilmiş qoşunlar Bakıya hücuma etdilər. Ağır hərbi texnika istehkamları asanlıqla dağıdırdı. Hərbi qoşun gözyaşardıcı qazdan istifadə edərək, insanları atəşə tuturdu. Əsgərlər yoldan keçən piyadaları, çoxmərtəbəli yaşayış binalarını və şəxsi avtomobilləri gülləbaran edirdilər. İnsanlar tankların tırtılları arasında can verirdi. Sovet ordusunun irimiqyaslı hərbi əməliyyatları Bakıda və respublikanın digər bölgələrində 131 nəfərin ölümünə, 744 nəfərin yaralanmasına, 4 nəfərin itkin düşməsinə və 400 nəfərin həbs olunmasına səbəb oldu. Yüzdən çox yaşayış evi yandırıldı, vətəndaşlara və şəhər iqtisadiyyatına külli miqdarda zərər vuruldu.

Əhd etmək

“1992-ci ilin 28 fevralında Ağdamda qatardan endim. Zülmət qaranlıq məni içinə çəkdi. Qaranlığı yara-yara irəliyə doğru uzun müddət hərəkət etməli oldum. Nəhayət, uzaqda zəif işıq göründü. İşığa çatanda yaşlı bir adam və qarşısında öləziyən şam gördüm. Öyrəndim ki, yaxınlıqda mehmanxana var. Mən yatmağa yer tapdığım üçün sevindim. Lakin yaşlı kişi isə barmağı ilə torpağı göstərirdi. Sanki mənə burada gecələməyi təklif edirdi. Özümü itirmişdim. Onun nə demək istədiyini anlayana qədər gözlərim qaranlığa öyrəşdi. Artıq yerdə hərəkətsiz uzanmış insan fiqurlarını, boşluğa zillənmiş baxışları ayırd edə bilirdim. İnsanlar gəlməkdə davam edirdi. Bunlar Xocalı qətliamından sağ qurtulanlar idi.
Gün işığı ətrafımdakı dəhşətli reallığın ağırlığını yüngülləşdirmədi. Əksinə, baş verən faciənin böyük miqyasını ortaya çıxardı. Mən hələ də Xocalı hadisəsini xatırladıqca titrəyirəm. Bu, amansız həyat təcrübəsi idi.
Mən Ağdamda işığı, suyu kəsilmiş mehmanxanada qalırdım. Bütün günü ac-susuz dolaşırdım. Ağdam məscidinin yanında bir neçə anbar vardı. Oraya ağır yük maşınları ilə ermənilərdən ya satın alınmış, ya da dəyişdirilmiş onlarla cəsəd gətirilirdi. Cəsədlərin bəzilərinin başı yoxdu, bəzilərinin gözləri çıxarılmışdı. Bəzi uşaq cəsədlərinin ağır işgəncələrə məruz qaldığı görünürdü. Orada olduğum az müddətdə 200-ə yaxın cəsədin gətirilməsinin şahidi oldum. Bəzilərinin barmaqları və dişləri sındırılmış, qulaqları kəsilmişdi, hətta bir cəsədin başının dərisi soyulmuşdu. Cəsədlərin içində təxminən altı yaşlı qızcığaz meyiti gördüm. Kəsik-kəsik bədəni güllə yaraları ilə örtülmüşdü. Böyrəkləri döş qəfəsinin altında sallanırdı, üstünə benzin tökmüşdülər. Tibbi xidmət göstərən sanitar qatarında mənə yaralıların 596-dan çoxunun aşağı və yuxarı əzalarının donma səbəbindən kəsilməsinin qeydiyyatı aparılan jurnalı göstərdilər. Bunları izləmək cəhənnəm əzabı idi”
Jurnalist Yuri Romanov “Mən müharibəni lentə alıram” (2001) kitabında eynilə belə sanitar qatarda rast gəldiyi Xocalıdan olan 6 yaşlı qızcığazla görüşünü qələmə alıb. Göz bandajı taxırdı. “Göz bandajı hər iki gözünü örtmüşdü. Videokameranı söndürmədən ona tərəf əyilib soruşdum: “Balaca, sənə nə olub?” Uşaq cavab verdi: “Gözlərim yanır, əmi, gözlərim yanır!” Həkim izah etmək üçün çiynimə toxundu: “Kordur. Gözləri siqaret kötükləri ilə yandırılıb. Bizə gətiriləndə siqaret kötükləri hələ də gözlərində idi”. Dan yeri söküləndə Romanov saçlarının ağardığını görüb.
“Müsahibə götürdüyüm Xocalı sakinlərindən heç kim açıq dəhliz haqqında nəsə bilmirdi. Ermənilər bu mifi törətdikləri vəhşiliklər dünyaya faş olduqdan sonra uydurmuşdular. Erməni hərbçiləri Xocalı sakinlərini təqib edir, pusqular qurur, işgəncəyə məruz qoyur, öldürürdülər. Onlar hətta bəzi əsirləri Yerevana apararaq, işgəncələrini davam etdirmişdilər. Ağdam xəstəxanasında həkimlər bəzi azyaşlı qızların zorlandığını da aşkara çıxarmışdı. Bəzi əsir düşmüş Xocalı sakinləri həyatlarına qəsd etmək istəmişdilər. Bir dəfə ermənilər bəzi cəsədlərlə Xocalıdan olan əsir yeddi qızı dəyişdirmək istədi. Danışıqlar başlayanda Azərbaycan tərəfi qızlarla radio vasitəsilə əlaqə yaratdı. “Yaxşı olardı ki, cəsədləri girov düşmüş əsgərlərlə yaxud oğurlanmış mal-qara ilə dəyişdirəsiniz. Burada yaşadığımız işgəncə və əziyyətlərdən sonra bizə yaşamaq haramdır” - deyə, qızlar cavab vermişdilər.
“İzvestiya” qəzetinin müxbiri Vadim Belıx yerli həkim Malik İsmayılovun 5 yaşlı qızını təsvir edərək yazırdı ki, uşaq üzünü atasına tutaraq, uşağa xas olmayan ciddiyyətlə xahiş etmişdi: “Atacan, nəsə olsa, əvvəlcə məni öldür, sonra anamı, sonra özün öl. Söz verirsən?”
3 mindən çox dinc sakin elektrik, istilik və su olmayan şəhərdə mühasirədə qalmışdı. Yarıdan çoxu qocalar, qadınlar və uşaqlar idi. Cəmi 80 nəfərlik müdafiə dəstəsi milli ordunun 20 hərbçisindən və hava limanının təhlükəsizliyini təmin edən 60 yerli polis zabitindən ibarət idi. “Ermənilərin planında dinc sakinləri öldürmək yox idisə, nəyə görə Xocalıya gecə saat 21:00-da hücum etmişdilər?”


*1992-ci il 25 fevral tarixində saat 21:00 radələrində Rusiya Federasiyası Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayı və (xaricdən gətirilən muzdlulardan ibarət 3 batalyon) tərəfindən dəstəklənən erməni quldur birləşmələri Xocalıya hücum etdi. Bu hücum nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfər öldürüldü. Eləcə də, 76-sı uşaq olmaqla 1000 nəfərdən çox dinc sakin müxtəlif bədən xəsarətləri alaraq, ömürlük əlil oldular. 1275 nəfər əsir düşdü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 56 nəfər gözləri çıxarılaraq, dərisi soyularaq, diri-diri yandırılaraq, başları kəsilərək, hamilə qadınların qarnı yarılaraq, misli görünməmiş vəhşilik və amansızlıqla qətlə yetirilmişdi.

Nəyə görə hücumda 366-cı motoatıcı alayın Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın komandanlığı altında 2-ci batalyonunun, Yevgeni Nabokixinin komandanlığı altında 3-cü batalyonun, 1-ci batalyonun qərargah rəisi Şitçyan Valeri İsayeviçin və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizirin iştirakını danırlar? Hücum zamanı qanunsuz olaraq, qadağan edilmiş 5.45 çaplı sursat və kimyəvi silah istifadə edilib. 25 fevral tarixində Xocalı Xankəndidən sionidlə doldurulmuş 122 mm-lik mərmilərlə atəşə tutulub. General-leytenant Yuri Qrekov hesabat vermişdi: “Xocalı şəhərini azərbaycanlı sakinlərindən təmizləmək üçün “Qrad” və “Uraqan” artilleriya sistemlərindən istifadə edildi”.
1992-ci ildə baş vermiş bu dəhşətli hadisənin digər şahidi Yuri Pompeyev Xankəndinin gizli bir mesajından bəhs edərək: “Xocalı əməliyyatı zamanı 366-cı alayın bu hücumda iştirak etmədiyini sübuta yetirmək və izləri itirmək üçün həlak olan alayın 20 hərbçisinin cəsədi döyüş maşınlarının saxlandığı qapalı qarajda partladıldı. Bu hərbçilərə fərari damğası vurularaq, geri tarixlə icazə verildi. General-leytenant İosif Ohanyanın 366-cı alayın zabitlərinə rüşvət vermək üçün 1 milyon rublla Zaqafqaziya Hərbi Dairəsi Baş Qərargahından Qarabağa gəlməsi heç kimə sirr deyildi. Hücumu könüllü tərk edənlərin şahid ifadələrinə görə, hərbçilər Xankəndində yerləşən 18920-ci hərbi bazaya məxsus PDM (Piyadaların döyüş maşını) və ZTR (zirehli transportyorlardan) azərbaycanlı sakinlərə qarşı istifadə ediblər. Bir ZTR (zirehli transportyor) üçün gündəlik kirayə qiyməti 2000 rubl təşkil edirdi. Ermənilər Şuşanı atəşə tutan alay üzvlərini hər gün 20 litr spirtlə təmin edirdilər.
“Onlar bunu xristian-müsəlman davası kimi qələmə verməyə çalışırdılar. Biz xristianıq və müsəlmanlara qarşı qanlı müharibə etməliyik. Biz dəhşətli şəraitdə həyatda qalmağa çalışırdıq. Bu vəziyyətə dözməyərək, alayı tərk edib Xocalıya qaçmalı olduq”. 366-cı alayın piyada döyüşçüsü Yuri Yahoviç vəziyyəti bu cür izah edirdi. Hücumda Ermənistanın gələcək prezidentləri Robert Köçəryan və Serj Sarksyan, eləcə də, Fransa, Suriya və Orta Şərqin digər bölgələrindən olan elit döyüşçü qrupları da iştirak edirdi. Özü şəxsən Qarabağda 366-cı motoatıcı alayın tərkinində xidmət edən və “Mövcud olmayan dövlətin ordusu” kitabının“ (2002) müəllifi Yuri Qirçenko şəxsən şahid olduğu hadisəni belə təsvir edir: “Erməni hərbçiləri Xocalı qaçqınlarına atəş açmağa başladılar, onlar nə uşaqlara, nə qadınlara, nə qocalara rəhm edirdilər”. Bu insan axının içərisindən bəzi girovları seçərək, yerincədə güllələyib öldürür, xüsusi təyinatlı polis dəstəsi hərbçilərinin isə gözlərini ovur, dırnaqlarını çıxarır, qulaqlarını və başlarını kəsir, sonra öldürürdülər.
Ağdam yaxınlığında “Reuters” agentliyinin fotoqrafı Frederika Lanqan iki yük maşının meyitlə dolu olduğunu etiraf etmişdi. “Bir yük maşınında təxmini 35 cəsəd saydım, digərində də təqribən o qədər vardı. Bəzilərinin başı kəsilmişdi, bəzi meyitlər yandırılmışdı. Hamısı əynində xaki rəngdə formalar olan kişi meyitləri idi“.
Bu soyqırımda iştirakdan imtina edən 366-cı alayın əsgərlərindən biri S. Tangirov: “Şəhər artilleriya atəşinə tutulmuşdu. Heç vaxt unuda bilməyəcəyim səhnələr gözümün önündə yaşanırdı. Öz doğma evlərində şam kimi yanan insanlar, yaralıların ah-naləsi, son nəfəsini verən insanların hayqırtıları hələ də qulaqlarımdadır. Sağ qalan dinc əhali ilə biz şəhəri tərk edən kimi erməni hərbi texnikası şəhərə daxil oldu. Lakin kəndə çatar-çatmaz (Naxçıvanlı kəndi) bizi yenə gülləbaran etdilər. İnsanlar məhz orada güllə yağışına tutulacaqlarını düşünmürdülər. Onlar kökündən kəsilmiş çinarlar kimi bir-bir yerə yıxılırdılar. Bu kənd yaxınlığında çoxlu öldürülənlər və yaralananlar oldu. Biz onları özümüzlə götürə bilmədik, çünki sağ qalanları xilas etməli idik”.

Dağlıq Qarabağda N02270 nömrəli hərbi hissəsinin, 366-cı alayın əks kəşfiyyat idarəsinin rəisi, Rusiya Federasiyası Baş Kəşfiyyat İdarəsinin polkovniki Vladimir Romanoviç Savelyev erməni terror təşkilatlarının Rusiya Federasiyası hərbi hissələrinin dəstəyi ilə apardığı hərbi əməliyyatlar barədə hesabat hazırladı. Məktublar 26 noyabr 1992-ci il, 19 mart 1994-cü il, 22 avqust 1998-ci il və nəhayət, dekabr ayının 16-sı 2000-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatına və Rusiya Federasiyası Baş Kəşfiyyat İdarəsinə “Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş idarəsinə zabit Puqaçyov imzası ilə göndərildi”: “Mən baş verən bu hadisələr haqqında susa bilmərəm. Hər şey gözümün önündə baş verirdi. Mən qadınların, uşaqların, hamilə qadınların bədənlərindəki güllə izlərini unuda bilmirəm. Məni azərbaycanlılar bağışlasın, amma mən bu dəhşətli soyqırımı və qırğın zamanı onlara heç cür kömək əlimi uzada bilmədim. Əlimdən gələn isə yalnız bu 19 səhifəlik məxfi məlumatı Kremlə, Müdafiə Nazirliyinə və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş idarəsinin generallarına göndərmək oldu. Rus zabitinin şərəfinin ləkələndiyini bildirmək istədim”.
“Bu əvvəlcədən hiylə ilə hazırlanmış hədə-qorxu, qisasalma və etnik təmizləmə siyasəti idi”. Hücumda sonra ermənilərlə şəhərə daxil olan rus jurnalisti Viktoriya İvleva şəhərdə yalnız meyitlərin qaldığını yazırdı.
Hazırda Vilnüs şəhərinin meri, jurnalist Arturas Zuokas barbarlıq və talanın sübutu olaraq, Xocalıda hasarlara yazılan erməni adlarını lentə aldı. Xocalı şəhərinin küçələrində erməni qəsbkarlarının qətlə yetirdikləri insanların cəsədləri qalaqlanmışdı. Ermənilər isə eyni vaxtda öldürdükləri insanların əmlaklarını bölüşdürməklə məşğul idilər.
“Mən yaralı oğlanı xilas edən tibb bacısını tez-tez xatırlayıram. O, oğlanı Qarqarçaydan çıxardarkən öz çəkmələrini itirsə də, yaralını orada atıb gəlməmişdi. Hətta ermənilərin mühasirəsinə düşərkən, oğlana yenə güllə dəyməsinə baxmayaraq, onu çiynində daşımağa davam etmişdi. Erməni qəsbkarlarının onları haqladığını görən tibb bacısı yerə uzanaraq, yanındakı meyitin qanını üzünə sürtüb, özünü ölülüyə vurub. Ermənilər ona çatanda yoxlamaq üçün başına atəş açmaq istəyəndə, quldurlardan biri qadının artıq gəbərdiyini deyərək, yoldaşını fikrindən daşındırıb. Qadının adı Süsən idi. O sağ qalıb və özünü Ağdama çatdıra bilib. Ağdama çatana qədər Xocalıdan gələn, içində azyaşlı uşaqların da olduğu onlarla meyit və yaralıya rast gəlib“.

“Sonsuz dəhliz” filmində Valeh Hüseynovun çox ağır həyat hekayəti təsvir olunur. “O, mühasirəyə düşmüş kənddən qaçarkən meşədən keçməli olur. Ağdam yaxınlığında artıq xilas olmağa sayılı addımlar qalmış o öz gənc həyat yoldaşı Səadəti itirir. Azərbaycan dilində “səadət” sözü “xoşbəxtlik” deməkdir. Filmdə əsgərlərin Səadətin yorğana bürünmüş cansız bədənini gətirməsi səhnəsi sanki Xocalı sakinlərinin xoşbəxt olmaq ümidlərinin həmişəlik məhv edilməsinin simvolu idi. Əslində Səadət Valehin həyatını xilas etmişdi. Valeh Səadəti belində daşıyarkən atılan xain düşmən gülləsi onun kürəyinə dəymişdi. Həmin an onlara saqqallı erməni artıq onlara çatmışdı. Əllərindəki avtomatda tıxanma olmasaydı, Valehi dərhal yerindəcə güllələyərdilər. Ermənilər ona lap yaxınlaşanda, Valeh cəld onlardan birinin avtomatını alıb, atəş açmaq istədi. Lakin digər ermənilər onu tapançanın arxası ilə vurub yerə yıxdılar. Ermənilərə əsir düşən Valeh gözlərini Xankəndidə açdı. Onu dəfələrlə döyüb, ağır işgəncələr verdilər. Valehin musiqiçi olduğunu öyrənəndə onlar Valehin əllərini yandırdılar ki, bir də heç vaxt musiqi ifa edə bilməsin. Valehi ermənilərdən satın alaraq, ağır vəziyyətdə Ağdama gətirmişdilər“.
“İsti çay üçün tez-tez məscidə gedirdim. Ağdam məscidində qadınlar hər gün ağlayırdılar. Onlar dərin yasa batmışdılar. Bu qadınlar saçlarını çəngə-çəngə yolurdular. Üzlərini dırnaqları ilə cıraraq, dəhşətli görkəmə düşmüşdülər. Meyitlər hələ də gəlməkdə davam edirdi. Cəsədlər yığılan anbarlar qan gölünə dönmüşdü. Cəmi 23 yaşım vardı, bunları görmək mənim üçün cəhənnəm əzabı idi. Həm də qorxurdum. Gördüklərimi qorxulu yuxu kimi unutmaq istəyirdim. Lakin öldürülən uşaqların anaları və qadınlar mənə yalvarırdılar: “Oğlum, bilmirik kimsən, haradansan, amma yalvarırıq, öz ölkənə qayıdanda bunlar haqqında yaz! Burada gördüklərini, şahid olduğun hadisələri yaz! Həmin an onlara bu hadisələr haqqında yazacağıma and içdim”.
Riçardas Bakıya qayıdanda Şahin artıq onun Xocalı dəhşətlərini yaşadığını bilirdi. Riçardas Litvaya qayıtmalı və andına əməl etməli olduğunu Şahinə bildirdi. O, yenidən əşyalarını Şahinin mənzilində qoyaraq, Moskvadan keçib Vilnüsə gedən qatara mindi.
“Jurnalist olmadığım üçün Xocalı soyqırımı haqqında məqaləni çap etdirmək elə də asan olmadı. Hamı ora necə gedib düşdüyümü soruşurdu. Lakin mən bunu bacardım! “Respublika” qəzetinin siyasət şöbəsinin müdiri Algimantas Jukasa mənə inandığı üçün dərin təşəkkürümü bildirirəm. Sonradan əməlli-başlı səs-küy qalxdı. Erməni diasporu məni öldürməklə hədələyirdi. Amma onlar məni tapa bilmirdilər. Əsas odur, mən andıma sadiq qalıb, sözümü tutmuşdum”.

Cinayət və cəza

“Təəssüf ki, Xocalı soyqırımı ermənilərin törətdiyi yeganə vəhşilik deyildi. Erməni hərbi qüvvələri Qarabağda cəbhəboyu kimyəvi silahlar istifadə etsə də, bu haqda nə yerli, nə də xarici mətbuatda heç bir məlumat yayımlanmırdı. Azərbaycan hökuməti yerli əhaliyə əleyhqazlar paylayır, içməli sudan istifadə etməmək və heç nəyə toxunmamaq barədə xəbərdarlığı edirdi. Azərbaycanın o dövrki hakimiyyət rəhbərləri beynəlxalq müşahidəçiləri çağırmağın vacibliyini gec anladılar.
1992-ci ildə Səhiyyə Nazirliyinin nəzdində tibbi mütəxəssislərdən ibarət yaradılmış xüsusi komissiya laboratoriya tədqiqatları keçirməyə başladı. O dövrdə Azərbaycanın tibbi müəssisələrində və labortaroiyalarında yüksək ixtisaslı, təcrübəli rus mütəxəssislər çalışırdı. İstintaqın nəticələri onlara maraqlı deyildi. Silahların Rusiyadan alınması ilə bağlı şübhələr vardı. Araşdırmalar kənardan təzyiq olmadan və obyektiv aparılırdı. 12 may 1992-ci ildə Ağdamda 15 artilleriya mərmisi partladıldı. Eyni vaxtda şəhər kimyəvi silahlarla bombardman edildi. Mərmilərin 4-ü şəhər mərkəzi xəstəxanasına dəydi, 20 yanvar, Füzuli, Məşədi Abbas və Sabir küçələri də mərmilərə tuş gəldi. Digər 7-si isə yaşayış evlərinə düşdü. Kimyəvi silahlardan xilas olanlar zəhərlənmə diaqnozu ilə Bakının mərkəzi xəstəxanalarına çatdırıldılar. Sağ qalanlar boğulmadan, ürək və böyrək çatışmazlığından, nəbzin yavaş vurmasından və dəridə su qabarcıqlarının yaranmasından əziyyət çəkirdilər. Həkimlər bu cür yaralıların qarşısında gücsüz olduqlarını tez başa düşdülər. Xəstələr reanimasiyada olarkən belə vəfat edirdilər. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, yaralıların bədənində xardal qazı, fosgen və sionid kimi digər zəhərli qazlar qrupuna aid maddələr aşkar edildi. Ağdamda yaralanmış Aydın Hüseynov (1969-cu il təvəllüdlü) xəstəxanaya axşam saat 10 radələrində gətirildi və gecə saat 3-də öldüyü haqda məlumat verildi”.
“Qadağan edilmiş silahlardan tezliklə açıq-aşkar istifadə edilməyə başlanıldı. 1992-ci ci ilin 5 iyun tarixində tərkibində sianid qrupu maddələri olan artilleriya mərmiləri Tovuz rayonunun Muncuqlu kəndinə düşdü. Belə mərmilərdən bir neçəsi Cəbrayıl şəhərində də partladıldı. Biri internat-məktəbin yaxınlığına düşdü. Həmin il daha 4 mərmi Tərtər şəhərinin mərkəzində partladıldı və nəticədə çoxlu dinc sakin həlak oldu. Füzuli şəhərinin sakinləri nəinki kimyəvi silah bombardmanlarından əziyyət çəkirdilər, eləcə də, 5 yerli dinc sakin snayper güllələrinin qurbanı oldu”.
“Azərbaycanın Səhiyyə Nazirliyi partladılan mərmilərin tərkibi haqqında Daxili İşlər Nazirliyinə məktub göndərdi. Məktubda qeyd edilirdi ki, mərmilər ucu iti dəmirlərlə doldurulub. Onlar insana dəydikdə, bir neçə saat ərzində ölüm qaçılmaz olur. Müəyyən edilmişdi ki, mərmilərdə bir neçə növ kimyəvi maddədən istifadə olunub. Mərmilər partladıqdan sonra suluqlar əmələ gəlir yaxud yuxarıya qaz kütləsi hərəkət edir ya da ətrafa bəyaz toz səpilirdi. Bu mərmirlərin tərkibində xardal qazı, fosgen və difosgen kimi zəhərli maddələr vardı. Yeri gəlmişkən, xardal qazı Vyetnam müharibəsi zamanı ağaclardan yarpaqları tökmək üçün də istifadə edilmişdi. 1992-ci il 14 may tarixində polkovnik A. Məmmədov ağ tozla dolu patronlar gətirdi. Laboratoriya nəticələrinə görə, onlar sianid maddəsi idi. Bu güllə bədəndə yara açan zaman insan gözlərində yanğı hiss edə və kor ola bilər. Eləcə də, tənəffüs sistemində yanğı hiss yaranır. Dəridə suluq və səpgilər əmələ gətirirdi. Bu maddənin bir neçə qramı bir hərbi qulluqçunun öz əmək qabiliyyətini itirməsinə səbəb olurdu“.
“Azərbaycanlı həkimlərin qarşısında çətin vəzifə dururdu: kimyəvi hücumlardan zərər çəkənləri müalicə etməli idilər. Çox az həkim bu sahədə təcrübəyə malik idi”.
“Mən hərbi cinayətləri araşdırarkən Azərbaycan Səhiyyə Nazirliyinin bir çox yüksək vəzifəli məmurları ilə görüşdüm. Onlar mənə laboratoriya tədqiqatlarının nəticələrini, ölən şəxslərin ad və soyadlarını, ölüm şəhadətnamələrini, eləcə də, kimyəvi silahların zərər yetirdiyi bölgələri göstərdilər. Qarabağdan qayıdandan sonra topladığım bütün faktları Litva Səhiyyə Nazirliyinə təqdim etdim. Tibbi fəlakətlər üzrə mütəxəssis olan Y. Ceveçka kimyəvi silahların bakteroloji və nüvə silahları kimi saxlanılmasının ciddi bir məsələ və çətin iş olduğunu dedi. Bu silahların istifadəsinə icazəni yalnız dövlətin ən yüksək hərbi orqanının rəsmi təsdiq sənədindən sonra əldə etmək olar. Başqa sözlə, buna yalnız dövlət başçısı icazə verə bilərdi. Bu silahlar oğurlana və yaxud başqa yolla əldə edilə bilməzdi, çünki bu maddələr qadağan olunub və yüksək təhlükə riski daşıyır. Bu kimyəvi silahların təsirinə düşən insanlar boğulmağa başlayır. Bu maddələr damla vasitəsilə insan bədəninə daxil olaraq, daxili orqanları yandırmağa başlayır. Xardal qazı və fosgen xüsusilə təhlükəli sayılır. Bu silahların təsirinə məruz qalmış ərazilərdə olan insanların 50 faizi həlak olur, qalanların bədəni isə həmin zəhərlərin ölümcül dozasını 30-50 dəfə artıq miqdarını qəbul edir. Böyük partlayışdan sonra yaranan toz buludu 20-30 km-ə qədər göyə qalxa bilir. Kiçik partlayış isə 200-00 kvadratmetri əhatə edir. Bu maddələr çökəkliklərdə toplana, torpağın səthini və suyun üzərini zəhərləyə bilir. Əgər BMT Ermənistanın müharibədə kimyəvi silah istifadə etdiyini təsdiq etmiş olsaydı, onda Ermənistan dövlətinə qarşı beynəlxalq sanksiyalar tətbiq oluna bilərdi”.
“Hərbi strateqlər ermənilərin qadağan olunmuş kimyəvi silahları SSRİ-nin dağılmasından sonra aldıqlarına inanırlar, heç kimin o vaxtkı Kreml rəhbərliyinin icazəsi olmadan kimyəvi silah ötürmək və istifadə etmək hüququ yox idi”.
Lakin Rusiya dövləti Ermənistana kimyəvi silah satdığını və ya ötürdüyünü heç vaxt etiraf etməyib. Çünki Qarabağda iki etnik qrup arasındakı münaqişəni ASALA, Daşnaksütyun partiyası və KRUNK kimi təhlükəli təşkilatlar alovlandırıb. Bu terror təşkilatları iki millətin münaqişəsindan daha çox faydalanan tərəflər idi. Müharibə insanlar üçün ölüm-itim deməkdir, bəziləri isə müharibəyə sərvət qazanmaq və firavan həyat yaşamaq üçün fürsət kimi baxırlar. Ermənilərin Qarabağda və Sədərəkdə kimyəvi silahlar yerləşdirməsi onların Avropada və beynəlxalq təşkilatlardakı fəaliyyətinə ciddi maneə ola bilərdi. Mən bu məqaləmi çap etdirməyə çalışarkən, Avropa və Litva qəzetləri onu çap etməkdən imtina edirdilər. Yalnız Litva qəzeti “Dzuku Jines” onu çap etdi. Məqalə çap edildikdən sonra ermənilər dəfələrlə qəzetin baş redaktorunu təhdid edərək, mətbuatda mənə təzyiq kampaniyasına başladılar. Hər şeyə rəğmən, düşünürəm ki, bu məsələni beynəlxalq və ictimai arenada qaldırmaq vacib idi, çünki mülki insanlara kimyəvi silahdan istifadə edilməyə görə ciddi cəzalar nəzərdə tutulur”.
*Kimyəvi silahların hazırlanması, istehsalı və tətbiqi beynəlxalq razılaşmalara əsasən qadağandır. Bu cür sənədlərə 1925-ci il Cenevrə Protokolu, 1972-ci il tarixli Bioloji və Zəhərli Silahların Qadağası Konvensiyası, 1980-ci il tarixli Antihumanist Silahların Qadağası Konvensiyası və 1993-cü il tarixli Kimyəvi Silahların Qadağası Konvensiyaları daxildir.

Ədalət

“Xocalı faciəsində ən tükürpədici məqamlardan biri şəhərin dağıdılmasında, əhalinin vəhşicəsinə qətlə yetirilməsində əli qana batan günahkarların heç birinin məsuliyyətə cəlb edilməməsidir”.
Xocalı soyqırımının təşkilatçılarından olan Robert Köçəryan və Serj Sarksyan Ermənistanda siyasi karyera quraraq, prezident vəzifəsinə qədər yüksəldilər. 366-cı alayın döyüşçüləri də məsuliyyətdən yayına bildilər. Xocalıya hücum edənlər arasında 366-cı alayla bərabər xaricdən gələn elit hərbi birləşmələr və *Monte Melkonyanın başçılığı altında quldurlar da iştirak edirdi. Niyə tanınmayan Dağlıq Qarabağın keçmiş deputatı “Sonsuz dəhliz” filmində bu haqda təbəssümlə danışır? Haqlı və cəzasız qalacağına arxayın olaraq, bunu belə izah edirdi: “Azərbaycanın milli mentaliteti öz həmyerlilərinin qətlinə haqq qazandırdı”. Sonra öz absurd nəzəriyyəsini davam etdirərək, etnik ayrı-seçkilik edir, erməniləri azərbaycanlılardan daha üstün sayaraq, Xocalı faciəsi qurbanları üçün kədəri “çaqqal ulartısı”na bənzədir. ATƏT-in Minsk qrupu həmsədrlərinin danışıqlarında günahkarların məsuliyyətə cəlb edilməsi heç vaxt müzakirə mövzusu olmayıb. Beynəxlaq təşkilatlar bu cinayətlərə görə heç vaxt heç kimi məsuliyyətə cəlb etmədilər. Əslində isə bunlar hərbi cinayətlər kimi Haaqa Tribunalı tərəfindən araşdırılmalı idi.

*Monte Melkonyan məşhur beynəlxalq terrorçu, dünya terrorunun “ikonası” sayılan Karlos Ramirezin (çaqqal) dostu və davamçısı idi. 1978-ci ildən bəri Livanda erməni silahlı birləşmələrinin tərkibində, sonra da türklərə qarşı kürd dəstələrində, daha sonra İranda şahın devrilməsi iğtişaşlarında iştirak edərək Livana dönüb. 1980-ci illərin əvvəllərində Monte Melkoyan və onun dostları Livanda ASALA erməni terror təşkilatını yenidən dirçəldirlər. 1992-ci ilin fevralında Melkonyan Qaradağlı və Xocalı kəndlərində baş verən azərbaycanlıların soyqırımının aktiv iştirakçılarından idi. Melkonyan Ermənistanın milli qəhrəmanı elan olunub.


“Azərbaycan torpaqları 30 ilə yaxın bir müddət ərzində işğal altında qaldı. Həmişə təəccüb etdiyim odur ki, azərbaycanlılar öz qonşuları ilə sülh şəraitində yaşayıb, onlara həmişə qonaqpərvərlik göstəriblər. Niyə qonşular eyni minnətdarlıq və şükranlıq hissi ilə burada yaşaya bilmədilər? Dünya çox dəyişib və əvvəllər müharibə şəraitində olan dövlətlər artıq dostlaşıb və düşmənçiliyi unudub. Amma Ermənistanda sanki davamlı nifrət sindromu xəstəliyi var. Ən yaxın qonşularına nifrət qəsdən alovlandırılır. Dünyanın onların törətdikləri cinayətlər haqqında həqiqəti bilməməsi üçün “Youtube” kanalında Xocalı dəhşətləri haqqında çəkilmiş “Sonsuz dəhliz” filminin reytinqini qəsdən aşağı saldılar. Xatırlatmaq istərdim ki, filmin rejissoru Mindauqas Urbonaviçus, filmin prodüseri isə Aleksandr Brokasdır. Çəkilmiş materiallar üzərində 14-dən çox ölkənin mütəxəssisləri çalışıb. Film bir çox beynəlxalq festivallarda – “Avrasiya Press” festivalından tutmuş “Accolade” amerikan film festivallarının, eləcə də, Almaniya, İndoneziya, İspaniya və digər ölkə festivallarının yüksək mükafatlarına layiq görülüb. Xocalı haqqında bu sənədli filmi dünyada 1 milyarddan çox tamaşaçı izləyib. Bu il mən Kanadada filmin nümayişində iştirak etmişəm.
“Erməni millətçilərindən günahlarının etirafını gözləməyin mənası yoxdur. Amma Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Georgi Vanyan bu məsələyə olduqca nikbin baxır. Onun “ermənilər yalnız öz qorxularını məğlub etdikdən sonra Qarabağda törətdikləri cinayətləri etiraf edəcəklər” fikri ilə razıyam. Lakin erməni cəmiyyəti hələ ki, buna hazır deyil. Vanyan olduqca sülhpərvər və dürüst insandır. Onu bu mövqeyinə görə təhdid edirlər və hətta ikinci Qarabağ müharibəsindəki fikirlərinə görə polis ona böyük məbləğdə cərimə də kəsib. Bu yaxınlarda isə onun köpəyini zəhərləyiblər. Mən onunla Vilnüsdə tanış olmuşdum. O, məni Tekaliyə dəvət etdi. Vanyan kimi adamlar az deyil, lakin onların fikirləri heç kimi maraqlandırmır”.
“İllər boyu Ermənistan Qərbdə, ABŞ-da, Rusiyada nüfuzlu diaspor yaratmağa müvəffəq olub. Azərbaycan isə əksinə olaraq, 1992-1994-ci illərdə tam informasiya blokadasında idi. Avropada 250-dən çox qəzet və jurnal erməni lobbisi üçün çalışırdı. Rusiya media qurumları isə bu gün belə ictimai fikri idarə etmək məqsədilə bu məlumatlardan istifadə edərək erməni lobbisini layiqincə təmsil edir. Dünya birliyi erməni yalanları ilə bəslənərkən, onlar insanlığa və bəşəriyyətə qarşı digər cinayətlər törətməkdə davam edirlər. Təəssüf ki, dünya mətbuatı çoxluq etibarilə hələ də Ermənistanın tərəfindədir. Bu yaxınlarda qərbli bir mütəxəssisin ATƏT-in Minsk qrupunun illərdir aktiv hərbi əməliyyatların olmaması üçün əlindən gələni etməsinə dair bir fikrinə rast gəldim. Dəqiqləşdirmək istərdim: onlar heç nə etməyiblər. 28 il ərzində təxminən 800 minə yaxın məcburi köçkündən bir nəfər belə işğalda olan vətəninə qayıda bilmədi. Erməni snayperləri 30 il ərzində dinc əhalinin yaşadığı kəndləri atəşə tutdu. İnsanlar həlak olurdular. Bu nə qədər davam edə bilərdi? Qırmızı Xaç Komitəsi cəbhə xəttinə yaxın evlərdə 7 metrlik hasarlar da tikdirdi. Lakin bu onları yenə düşmən gülləsindən qoruya bilmədi. Bunu necə “sülh şəraitində yaşamaq” adlandıra bilərik?”
“Bu illər ərzində cəbhə xəttinə tez-tez baş çəkərək, Avropaya burada baş verənlər haqqında məlumat ötürməyə çalışırdım ki, erməni separatizminin heç olmasa az da olsa, qarşısını ala bilək. İnsanların köməyinə çatmaq və I Qarabağ müharibəsindən mənə əziz olan insanları və onları övladlarını yenidən görmək çox xoşuma gəlirdi. Bu uşaqların valideynlərinin ölümdən necə ayaqyalın, başıaçıq qaçdıqlarını, canlarını qurtarmaq üçün evlərini tərk edərək, buz bağlamış dağ cığırlarından keçərək qurtulduqlarının canlı şahidi olmuşam. Tərtər rayonunun Həsənqaya kəndində qaçqın ailəsindən olan bir qız vardı. Turanə Həsənova cənnət işığını içində daşıyan iri, ifadəli gözləri olan səssiz bır qız idi. Rus dilini bilmədiyi üçün xarabalıqlar arasındakı kasıb evlərini güllə atəşinə tutan ermənilərdən mənə şikayət edə bilmirdi. Gözəl paltarı yox idi, ətrafını minalar və soyuq qış bürümüşdü. Nə vaxt gəlsəm, “mənim qızım hanı” deyə onu səsləyirdim. Bir gün sadiq köməkçim İlqar Qasımov mənə dedi ki, Turanə artıq yoxdur. 2016-cı ilin Aprel hadisələri zamanı Turanə evlərinin qarşısında öldürülmüşdü. Evinə paltarlarını götürməyə gedən zaman snayper gülləsinə tuş gəlmişdi. Anlayanda ki, Turanə artıq həyatda yoxdur və hansısa erməni snayperinin qurbanı olub, nitqim qurudu. Yerə-göyə sığmayan vəhşilik, heç nədən vurulan uşaq! Sözlər boğazımda tıxanıb qaldı.
“Qələbə paradı Bakı küçələrində hərəkət edərkən Turanənin də həyatı bu tarixin bir parçasına çevrildi. Allah Turanənin qismində Vətən müharibəsində həlak olanların ruhunu şad etsin. Onlar əbədi olaraq bizim xatirələrimizdə yaşayacaqlar. Azərbaycanın rayon və kəndlərinin işğaldan azad edilməsi ilə ədalət bərqərar oldu. Şuşada Azərbaycan bayrağı dalğalanır! Azərbaycan əsgərlərinə və Ali Baş Komandan İlham Əliyevə eşq olsun! İnanırdım ki, bir gün haqq-ədalət öz yerini tutacaq və Azərbaycan torpaqları işğaldan azad ediləcək. Həmişə hesab etmişəm ki, danışıq xatirinə aparılan danışıqlar mənasızdır. Qərb rəsmiləri və ATƏT-in Minsk qrupu həmsədrləri boşuna vaxt itirərək, heç nəyə nail ola bilmədilər. Milyona yaxın qaçqının acınacaqlı taleyi onların tükünü belə tərpətmədi”.
“İndicə tərk etdikləri şəhərlərdə törətdikləri vəhşilikləri gördünüzmü? Niyə dünya birliyi Azərbaycanın yaşayış məntəqələrinin, təbii sərvətlərinin, fauna və florasının, eləcə də, tarixi irsinin məhv edilməsinin qarşısını almaq üçün tutarlı tədbirlər görmədi? Ermənilər işğal etdikləri torpaqlardan çıxarkən hər şeyi yerlə-yeksan edərək yandırıblar. Orada insanların yaşadığına dair sübut tapmaq çətindir. Hər yer xarabalığa çevrilib. Hər şey yandırılıb. Azərbaycanın iri sənaye şəhəri olan Ağdamı ermənilər işğal zamanı ins-cins olmayan məskənə çeviriblər. Bu gün Ağdam mühasirədən sonra Stalinqrada yaxud atom hücumundan sonrakı Hiroşimaya bənzəyir. Əminəm ki, erməni qəsbkarlarının vurduğu ziyanlarlarla bağlı suallar beynəlxalq səviyyədə də qaldırılacaq. Bu zərərin qiyməti milyardlarla ölçülə bilər”.
“Qələbə hissini yaşayan kimi ümidlər, arzular da dirçəlir. Biz onu yenidən bərpa edəcəyik və Qarabağ turistləri cəlb edən bir mərkəzə çevriləcək! Dünya bu torpaqların əsl sahiblərini tanıyacaq. And içmişdim ki, bu torpaqlar işğaldan azad olunan kimi burada ağac əkəcəyəm. Mütləq andıma əməl edəcəyəm”.
P.S. Məsihin rəsmi Riçardasda o qədər dərin iz buraxmışdı ki, onu Şahindən satın almaq istəmişdi. “Bunu sənə sata bilmərəm, amma hədiyyə edə bilərəm” - deyə, Şahin cavab vermişdi. Məsihin bu rəsmi uzun illərdir Riçardasın Vilnüsdəki mənzilini bəzəyir. Bir gün Riçardasa zəng edib, evə oğru girdiyini xəbər verirlər. Onun ilk sualı bu olur: “Məsihin rəsmi də oğurlanıb?” Rəsmin yerində olduğunu öyrənən Riçardas sinədolusu nəfəs alır. Bu, hər şeyin düzələcəyinə işarə idi.

DOSSIER


§
•Armenian military forces commited genocide in the town of Khojaly with
the population of 7000 people on February 26, 1992
•There were 3000 people in the town
•613 people were killed •1000 peaceful people of different
age became invalid during Khojaly genocide •106 women, 63 children, 70 old men were killed
•8 families were completely annihilated
•130 children lost one parents, while 25 both of them
•1275 peace residents were taken hostages, the fate of 150 of them is
still unknown.
§
•According to a February 24, 1994 Resolution of the Milli Majlis of the Republic of Azerbaijan, February 26 was declared as the Day of the
Khojaly genocide.
§
•The “Justice for Khojaly” International Awareness Campaign was launched on May 8, 2008, at the initiative of Leyla Aliyeva, Vice President of the Heydar Aliyev Foundation, chairman of the Azerbaijani Youth Organization
of Russia.