Azərbaycanda onun ailəsini hamı tanıyır. Ana tərəfdən babası Əlövsət Quliyev – tarixçi, professor, AMEA-nın müxbir üzvü, atası Əli Mustafabəyli isə – diplomat, baş konsul, alim, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyasında rəhbər vəzifədə çalışır. Həyat Gülərə Mustafabəyli-Delyasudu başqa ölkə ilə bağladı – o, Şatobriand və Puankarenin vətəninə aşiq oldu.
Amma təbii ki, o, öz vətənini də unutmur: mütəmadi olaraq qohumlarını, dostlarını ziyarət etmək, dincəlmək üçün Bakıya gəlir.
Öz uşaqlığınızdan bəhs edin.
Bir yaş yarım olanda atam Moskvaya işləməyə dəvət olundu, və bütün ailə ora köçdü. Mən Moskvada böyümüşəm, fransız məktəbini bitirmişəm. Fransız dilinə olan sevgim də buradan başladı. Amma Bakı ilə əlaqə heç vaxt kəsilməyib.
Necə oldu ki, Siz artıq Moskva Dövlət Universitetinin tələbəsi olduğunuz halda Bakıya qayıtdınız?
Mürəkkəb ölkələr üzrə mütəxəssis olan atam 1990-cı illərdə Əfqanıstana ezamiyyətə getdi. Uşaqları ora aparmaq qadağan idi, ona görə də mən Moskva Dövlət Universitetində bir il təhsil aldıqdan sonra BDU-nun tarix fakültəsinə keçdim. Burada məni Əlövsət Quliyevin nəvəsi kimi tanıyırdılar, ona görə də zəif oxumağa haqqım yox idi – mükəmməl oxuyurdum. İstədiyi diplomu aldıqdan sonra Xarici İşlər Nazirliyində işə düzəldim və orada sevimli Fransa ilə məşğul olmağa başladım. Nazirlikdə Avropa, ABŞ və Kanada idarələrinə rəhbərlik edən Aqşin Mehdiyevlə işləyirdim. 1994-cü ilin noyabrında Fransada Eleonora Hüseynovanın rəhbərlik etdiyi Azərbaycan səfirliyi açıldı və mən orada mədəniyyət attaşesi kimi işə başladım. Mənim cəmi 22 yaşım var idi...
Bu, Sizin Fransaya ilk səfəriniz idi?
Fransa ilə artıq tanış idim: tələbə tətillərim zamanı xalam Rəna Mustafabəyli-Şereşevskayanın yanına getmişdim. O, 90-cı illərin əvvəllərində oraya gəldi, ustad dərsləri verirdi, sonra qalmağa və işləməyə dəvət aldı.
Hansı çətinliklərlə üzləşdiniz?
Kifayət qədər çətinliklər var idi, çünki mən xarici ölkədə tək qaldım, gözəl, lakin tamamilə fərqli bir koordinat sistemi ilə. Bir çox məişət məsələlərini həll etməli oldum: ev kirayəsi, bəzi hesabların ödənilməsi və sayra. İş də ciddi idi və tam fədakarlıq tələb edirdi. Nə yaxşı ki, çox ünsiyyətciləm və asanlıqla uyğunlaşıram... Rəna xala Elzasda yaşayırdı və mənə yaxşı mənəvi dəstək olurdu, üstəlik, vaxtaşırı qohumlarım məni ziyarətə gəlirdi. Zaman keçdikcə çoxlu dostlar qazandım. Məlum oldu ki, fransızlar çox mehribandırlar və həmişə kömək etməyə hazırdırlar.
İştirak etdiyiniz səfirlik tədbirləri haqqında danışın.
Mən bir çox mədəni tədbirlərdə iştirak edirdim, davamlı olaraq müxtəlif sərgilərə, təqdimatlara, forumlara dəvətlər alırdım... Bu qəbildən olan tədbirlərə bir növ susadım: hər şeyi görmək, hər şeyi seyr etmək istəyirdim! Bu, gənc müstəqil respublika ilə Avropa dövləti arasında münasibətlərin yarandığı və formalaşdığı dövr idi. Biz sadəcə körpülər tikirdik, bu, son dərəcə çətin və maraqlı idi. O vaxt yeni səfirlikdə nəhəng komanda yox, dörd-beş nəfərdən ibarət bir ovuc
əməkdaş işləyirdi. Bu, müxtəlif səviyyələrdə ilk rəsmi və dövlət səfərlərinin, ilk irimiqyaslı tədbirlərin keçirildiyi illər idi. Ümummilli Liderimiz Heydər Əliyevin Fransaya ilk səfərlərinin hazırlanmasında iştirak etmək mənim üçün böyük şərəf idi. Hələ orada diplomatik missiyamız olmayanda mən YUNESKO-nun tədbirlərinə, eləcə də bir çox başqa tədbirlərə – hava nəqliyyatı haqqında müqavilədən tutmuş Toğrul Nərimanbəyovun ilk sərgisinə qədər kuratorluq etmişəm.
Ümumilikdə səfirlikdə neçə il işləmisiniz?
Altı il. Bundan sonra mən işdən çıxdım, ailə həyatı qurdum, övladlarım dünyaya gəldi... Və bir neçə ildən sonra səfirliyə qayıtdım, lakin artıq Azərbaycanın Fransadakı yeni səfiri olmuş Tarik Əliyevin köməkçisi kimi: o, məni dəvət etdi, mən də yerli tariflə işləyirdim. O vaxtı böyük sevgi ilə xatırlayıram...
Səfirlikdəki işinizi tərk etdikdən sonra nə ilə məşğul oldunuz?
Tədbirlərin idarə olunması agentliyində işləyirdim, direktorumuz rusdilli icma ilə əlaqələrin inkişafında maraqlı idi. Biz turist səfərləri təşkil etmək istəyirdik, Bakıya, Moskvaya gedirdik... Amma pandemiya bütün planlarımızı pozdu: insanların səyahət etməyə imkanı yox idi. Direktor fəaliyyət istiqamətini dəyişdi, fərqli sahəyə keçdi, çünki tədbir biznesi pandemiyadan çox əziyyət çəkdi. Mən də belə etdim və üçüncü dəfə ixtisasımı dəyişdim – özəl katolik məktəbində rus dilindən dərs deməyə başladım. Hər axında 15 və ya daha çox tələbəm var, bunlar böyük siniflərdir. Rus dili məcburi fənn deyil, əlavə yük kimi tədris olunur, amma tələbələr çox həvəslidirlər – özləri mənə Çaykovski, Raxmaninov və Tolstoydan danışırlar. Onların yanaşması çox fundamentaldır. Bu fəaliyyətlərdən böyük həzz alıram. Əlavə olaraq, rusdilli auditoriyaya fransız dilini də öyrədirəm. Dərs deməyə isə mən Bakıda fransız dili üzrə tanınmış mütəxəssis olan xalam Afaq Quliyevanın məsləhəti ilə başladım...
Neçə övladınız var? Onlar harada yaşayırlar?
Mənim üç övladım var və hamısı Fransada yaşayır. Böyük oğlum Strasburqda mühəndislik məktəbində oxuyur. Ortancıl oğlum 19 yaşındadır, Parisdə Assas Universitetində maliyyə və iqtisadiyyat fakültəsində təhsil alır. Qızım Alisa 13 yaşındadır, məktəblidir. Onlar Fransada doğulub boya-başa çatsalar da, Azərbaycanı dəlicəsinə sevirlər. Məsələn, Alisadan yayda hara getmək istədiyini soruşsan, o, tərəddüd etmədən Bakı deyəcək. Bu məsələ bizim üçün çox aktualdır, yayda vətənimizə gəlməyi planlaşdırırıq. Müharibə zamanı onlar çox narahat idilər və sosial şəbəkələrdə Azərbaycanı fəal şəkildə dəstəkləyirdilər. Mən hədsiz şadam ki, uşaqlar öz tarixi vətənləri ilə belə mənəvi bağlılıq hiss edirlər. Onların öz köklərini unutmamaq üçün çalışıram.
Yəqin fikir verdiniz ki, Bakı bu illər ərzində çox dəyişilib...
Çox! Şəhəri tanımaq olmur! İnfrastruktur dəyişilib, çoxlu yeni binalar və başqa tikililər ərsəyə gəlib. Xüsusilə otellər. Qonaqları bura gətirməkdən çox məmnunam. Keçmiş müdirim Bakıya ilk gələndə sözün əsl mənasında şəhərə aşiq oldu və bu, bütün dünyanı gəzmiş adamdır. Peşəkar layihələrində isə o, həmişə şəhərimizlə bağlı nəsə planlaşdırırdı. İki ildən sonra mən başqa bir qrup fransızla gəldim, və onların hamısı “Qafqazın Parisi”nə aşiq oldular; getdikləri hər tədbirdə bu haqda heyranlıqla danışdılar.
Ən çox nə üçün darıxırsınız?
İlk növbədə sevdiklərim üçün darıxıram. Yaşa dolduqca yaxınlarımızla ünsiyyət üçün darıxırıq. Elə oldu ki, biz bütün planetə səpələndik, amma yenə də qohumlarımızla mümkün qədər tez-tez ünsiyyət qurmağa çalışırıq. Bundan başqa, mən mətbəximiz üçün də darıxıram. Heç bir yerdə Bakıdakı qədər dadlı yeməklər bişirmirlər!
Özünüz Azərbaycan mətbəxindən nəsə bişirirsiniz?
Uşaqlarım düyünü çox sevdikləri üçün tez-tez plov bişirirəm. Bəzən üzüm yarpağı ala bilsəm, onları dolma ilə sevindirirəm.
Məşhur ailənin üzvü olmaq çətindir? Bəlkə daha çox məsuliyyət nəzərdə tutur?
Bəli, məsuliyyət böyük idi, çünki ailə hər iki cərgədə tanınır. Amma eyni zamanda, bu həm də böyük qürurdur. Bir hadisəni sizə danışım: Bakıda olarkən uşaqlarımla babamın adı yazılmış xatirə lövhəsinin yanında dayandıq. Uşaqlara anamın burada yaşadığını fransızca deməyə başladım. Sonra bir polis gəldi və dedi ki, bu evdə bir adam yaşayırdı, və o, həmin adamın kitablarından tarixi öyrənirdi. Övladlarım birdən başa düşdülər ki, onların ulu babası tanınır, xatırlanır. Bu inanılmaz hiss idi... Atamın babası Midhət Mustafabəylini də Bakıda yaxşı tanıyırdılar – o, Geologiya İnstitutuna rəhbərlik edirdi.
Xalanız Rəna Şereşevskaya da çox məşhur şəxsiyyətdir. Ailədə onun yolunu davam etdirən varmı?
Bəli, Fransada o, ulduzdur, İncəsənət və Ədəbiyyat ordeni kavalyeridir. Onun tələbələri beynəlxalq müsabiqələrin laureatları olurlar. Qızı Viktoriya Şereşevskaya onun yolunu davam etdirdi: o, pianoçu və opera müğənnisidir, bütün dünyada konsertlər verir. Bizim ailədə bir ənənə sarsılmazdır, bir növ minimum proqramdır: hamı musiqi təhsili alır. Atam və əmim pianoda möhtəşəm ifa edirlər, mən də vaxtaşırı alətdə ifa edirəm, övladlarım da musiqi məktəbində oxuyublar, klassik musiqi haqqında təsəvvürləri var.