NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Sevgi Hekayəsi: Amedeo Modilyani və Janna Ebütern

Sevgi, tarix boyunca rəssamları ən gözəl və ən təsirli sənət əsərlərini yaratmağa ruhlandırmışdır. Dünyanı valeh edən bu sevgi hekayələrindən biri italyan rəssam Amеdeo Modilyani ilə onun ilham qaynağı olan sevgilisi Janna Ebütern arasında baş verib. Onların rəngarəng, lakin faciəvi sonluqla bitən münasibəti Modilyaninin bədii üslubuna təsir etməklə yanaşı, sənət aləmində silinməz iz qoyub.

İki ruhun birləşməsi

Onlar 1917-ci ildə Parisdə Montparnassın bohem bədii dərnəklərində tanış olublar. Birinin 33, digərinin isə 19 yaşı var idi. O vaxt Modilyani artıq öz xüsusi üslubu və çoxsaylı əsərləri ilə tanınmış bir rəssam idi. O, Jannanı dərhal sənətçinin istedadı və xarizması ilə cəlb etdi.

Zaman keçdikcə Modilyani Janna ilə daha tez-tez görüşməyə başlamışdı. Janna, çoxsaylı portretlər üçün pozalar verərək onun əsas modeli olmuşdu, çünki Jannanın incə üz cizgiləri və qeyri-adi gözəlliyi Modilyanini valeh edirdi. Modilyaninin özünəməxsus üslubu, Jannanın zərif görünüşü ilə birləşərək onun bir sıra ən məşhur əsərlərinin ərsəyə gəlməsi ilə nəticələndi. Modilyani üç il ərzində iyirmidən çox portret çəkmişdi. Cütlüyün bu müddətdə bir qızı da dünyaya gəlmişdi.

Sevgi və xaos

Onların sevgi münasibətləri çətinliksiz ötüşməyib. Modilyaninin yoxsulluq, narkomaniya və sənət dünyasından tez-tez uzaqlaşması ilə nəticələnən enişli-yoxuşlu həyatı, onların münasibətləri üçün qeyri-sabit bir mühit yaradırdı. Bu çətinliklərə baxmayaraq, Janna Amеdeoya sadiq qalır, ona emosional dəstək verirdi. Janna Modilyaninin evlənmək niyyətində olduğu yeganə qadın idi. O, hətta sənəddə belə qeyd etmişdi: “Bu gün, 7 iyul 1919-cu ildə sənədlər gələr-gəlməz, madmazel Janna Ebütern ilə evlənəcəyimə söz verirəm”. Lakin bu vəd yerinə yetirilmədi.

  •  
  •  
  •  
/

Xəstəlik

1919-cu ildə onların həyatında bir faciə baş verdi: Modilyani vərəm xəstəliyinə tutuldu. Cütlük maddi problemlərlə üzləşərək tibbi yardım tapmaqda çətinlik çəkməyə başlamışdı. Sevgilisinin ölümünün yaxın olduğunu bilən Janna getdikcə daha çox ümidsizliyə qapılırdı. 24 yanvar 1920-ci ildə, Modilyaninin ölümündən cəmi bir gün sonra Janna doqquz aylıq hamilə olarkən (ikinci uşağını gözləyirdi), özünü pəncərədən ataraq intihar etdi.

İrs

Modilyani və Jannanın sevgi hekayəsi, münasibətləri və bir-birilərinin həyatlarına olan dərin təsirləri ilə bərabər, bu günə qədər rəssamları və sənətsevərləri ilhamlandırmaqda davam edir. Modilyaninin Jannaya qarşı olan dərin sevgisi ilə təcəssüm edən bədii üslubunu dərhal tanımaq mümkündür. Amеdeo sevgilisinə çox saydahədiyyələr vermiş olmasa da, bütün sevgisini və incəliyini kətanlara töküb. Jannanın bütün portretlərində bu xüsusi toxunuşlar bariz şəkildə görünür – o, Jannanı həyatda belə görürdü və bunu əbədi olaraq kətanlar üzərində yaşatdı.