Bakı, Azərbaycan - Fairmont Baku-nun zövqlü və özünəməxsus ab-havası ilə seçilən məkanında Fransanın nüfuzlu Hair Rituel by Sisley brendinin Port Baku Mall-da satış guşəsinin açılışına həsr olunmuş özəl gözəllik branşı keçirilib. Dünyəvi tədbirin təşkilatçısı qismində Emporium və Nargis jurnalı çıxış ediblər. Görüşün əsas məqsədi Hair Rituel by Sisley brendinin saçlara qulluq kolleksiyasını təqdim etmək olub. Kolleksiya tezliklə Emporium univermağında geniş ictimaiyyətə təqdim ediləcək.
İncə zövqü və detallarda estetikanı görmək bacarığı ilə tanınan Nargis jurnalı tədbirdə yalnız xüsusi qonaq kimi deyil, həm də onun birgə təşkilatçısı qismində iştirak edib. Branş çərçivəsində influenserlərə saçlarının vəziyyətini müəyyənləşdirmək üçün diaqnostik müayinədən keçmək, fərdi saç baxımı proqramı seçmək, eləcə də yeni kolleksiya haqqında şəxsi təəssüratlarını bölüşmək imkanı yaradılıb. Onlar həmçinin yeni seriyaya daxil olan saç baxımı vasitələrinin müasir Bakı xanımının gündəlik gözəllik rutinində necə istifadə oluna biləcəyini nümayiş etdiriblər. On ildən artıqdır ki, ölkənin dəb və üslub dünyasında özünəməxsus yer tutan, mədəniyyət və moda hadisələrini işıqlandıran Nargis jurnalı tədbirin media tərəfdaşı kimi çıxış edərək onun ən yaddaqalan anlarını oxucuları üçün lentə alıb.
Beauty Brunch qonaqlarını dünyəvi səhər görüşlərinin ən gözəl ənənələrinə uyğun səmimi və zərif atmosfer, yüngül təamlar, Fairmont-un baş qənnadı ustasının hazırladığı müəllif desertləri və, əlbəttə ki, kolleksiyanın təqdimatı gözləyirdi. Proqram çərçivəsində qonaqlar yeni kolleksiyanın teksturaları və tərkib formulları ilə yaxından tanış olub, brend nümayəndələrinin peşəkar şərhlərini dinləyib, həmçinin Emporium-un satış guşəsində məhdud sayda təqdim olunan seriyanın məhsullarını ilk sınaqdan keçirənlər sırasında yer alıblar.


