NARGIS
Ru En
NARGIS MAGAZINE
Reportaj

Heyvanlar aləmi qəddar, eyni zamanda da, dürüstdür

Aleksey Lyokin nadir heyvanlar və uzaq yerləri lentə alan vəhşi təbiət fotoqrafı və səyyahdır. NARGIS Magazine ilə əməkdaşlıq çərçivəsində o, Azərbaycanın müxtəlif bölgələrində nadir heyvan və quşların fotolarından ibarət layihə təqdim etmişdir. Bu foto şəkillər Zero Waste (Sıfır Tullantı) ekoloji layihəsinin bir hissəsi olaraq foto sərgidə nümayiş etdiriləcəkdir. Bu müsahibədə fotoqraf, onu həvəsləndirən amillərdən, çətinliklərdən və bu işin ona verdiyi dərslərdən bəhs etmişdir.

Təbiəti araşdırmağa və foto lentə almağa sizi nə ruhlandırdı?
Fotoqrafiya sənətinə ilk dəfə 2008 – ci ildə, kompakt kamera ilə başlamışam. 2010 – cu ildə başıma xoşagəlməz hadisə gəldi və sağalmağım təxminən altı ay sürdü. Bu dövrdə gəzintilərim zamanı daha çox şəkillər çəkir, tez – tez şəhərdən uzaqlaşıb təbiətə üz tutmağa başladım. Mənə elə gəlirdi ki, mən təbiətin gözəlliyini başqa bir tərəfdən kəşf etmişəm. Bu anların və emosiyaların gözəllik və möcüzəsini başqaları ilə paylaşmaq istədim.











Foto çəkilişlər zamanı başınıza gələn ən ekstremal təcrübəni bizimlə bölüşə bilərsinizmi?
Vəhşi təbiət fotoqrafiyası sənəti özündə hər zaman bir macəra elementi saxlayır və siz daha çox məskunlaşmış ərazilərdən uzaqlaşdıqca bu macəra daha da nəfəskəsici olur. Lakin bu, həmçinin nadir şəkillərin əldə edilməsi üçün münbit şəraitdir. Mən çox ekstremal təcrübələr yaşamışam – məsələn, Qəbələdə çayı keçərkən atdan yıxıldım və tamamilə islandım. Xoşbəxtlikdən, avadanlığım zədələnmədi, lakin at üçün çox məyus oldum. Mən ona kömək etməyə çalışarkən o, çox çətinlik çəkirdi. Şükürlər olsun ki, hər şey yaxşı bitdi.

Heyvanlar aləmi ilə təmasda olarkən hansı həyat dərslərinə yiyələnmisiniz?
Heyvanlar aləmi sərt, eyni zamanda da dürüstdür. Heyvanlar və təbiətlə təmasda olmaq mənə səbirli və dözümlü olmağı, sürətli reflekslərə yiyələnməyi və hər bir vəziyyətə hazır olmağı öyrədib. Dağlarda özü üçün qida və su axtaran heyvanları izləyərkən bizim onlardan kəskin fərqimizin olmadığını fərqinə vardım.











Ziyarət etməyi xəyal etdiyiniz məkan varmı?
Mən sivilizasiyadan uzaq yerlərə getməyi sevirəm. Dağlara dırmanarkən, səyahətiniz dağın həyatında bir an olur. Mən bu keçicilik hissini çox sevirəm – bu, gündəlik stresslərdən uzaq olmağa kömək edir. Nepal dağlarına geri qayıtmaq və həmçinin İslandiya və bəlkə də Antarktidaya səyahət etmək istərdim. Mən həmçinin Qarabağın dağlarına bir neçə dəfə səfər etmişəm, amma yenidən qayıtmaq istəyirəm, çünki orada artıq nəsli tükənmiş hesab olunan bir çox növ olduğunu düşünürəm.

NARGIS ilə əməkdaşlıq layihəsindən bəhs edin. Ən maraqlı hissələr nələr olub?
Bu layihə həqiqətən də məni ruhlandırdı və sevdiyim işə zaman ayırmama şərait yaratdı: uzaq yerlərə getmək və nadir heyvan və quşların foto şəkillərini çəkmək. Məqsədimiz ən unikal və xüsusi kadrlar əldə etmək idi. Biz Milli Park əməkdaşlarından öyrəndik ki, ceyranlar suyu dənizdən içir, lakin onlara yaxınlaşmaq demək olar ki, mümkünsüz idi. Biz çadırda səkkiz saat gözlədik, ətraf ərazini nəzərdən keçirdik və hətta ora yaxın yerdə gecələdik. Nəhayət ki, kadrı əldə etməyə müvəffəq olduq. Foto həqiqətən də bütün bu əziyyətə dəyərdi. Zamanımızın dar olması bizə çətinlik yaradırdı, lakin əldə etdiyimiz dəyərli kadrlar bizi daha da ruhlandırırdı. Mən sevinirəm ki, indiki dövrdə insanlar təbiətdə zaman keçirməyə daha çox üstünlük verir və müxtəlif təşkilatlar bunu qorumaq üçün könüllü fəaliyyəti həyata keçirirlər.

Son zamanlarda hansı heyvanın şəklini çəkmək daha çətin olub?
Layihə boyu, ən çətin cəngəllik pişiklərini tapmaq olub. Başqa layihələrdə onun şəklini çəkməyə müvəffəq olsam da, bu dəfə o bizdən qaçdı. Biz dörd – beş saatımızı ayını müxtəlif yerlərdə çəkməyə sərf etdik – Şahdağ Milli Parkı, Qonaqkənd kəndləri və Laza – lakin o, hər zaman avadanlığımızı quraşdırdığımız ərazilərdən uzaq dururdu.













Niyə heyvanlar aləmi insanlar üçün vacibdir?
Balansı saxlamaq üçün bizim bir – birimizə ehtiyacımız var. Bu əlaqələr zənciri elə mükəmməl qurulub ki, hər şeyin nə dərəcədə qarşılıqlı əlaqədə olmasını təsəvvür etmək çətindir. Bir növün yoxa çıxması bu balansı poza və təbiətdə geri dönməz nəticələrə səbəb ola bilər. Təbiətin qorunmağa ehtiyacı var və onu orijinal formasında qoruyub saxlamaq bizim borcumuzdur.