Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsi davam etdirilir.
Ekskursiyalarda rayon və kəndlərdən olan şəhid və qazi övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, az təminatlı ailələrin övladları, internatdan olan məktəblilər iştirak edir.
Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, həmçinin onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdən ibarətdir.
İnteraktiv ekskursiyalar Heydər Əliyev Mərkəzinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, Azərbaycan Xalça Muzeyinə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğuna, Qobustan Milli-Tarix Bədii Qoruğuna, Suraxanı Gəmi Muzeyinə və Yarat Müasir İncəsənət Mərkəzinə təşkil olunur.
Layihə çərçivəsində təşkil olunan bir günlük ekskursiyalarda Abşeron, Cəlilabad, Hacıqabul, Quba, Şabran, Siyəzən, Salyan, Şamaxı, Sumqayıt, Tərtər, Ucar, Xaçmaz, Yevlax, Oğuz, Zərdab, Ağcabədi, Ağdam, Astara, Bərdə, Ağdaş, Füzuli, İsmayıllı, İmişli, Kürdəmir, Lerik, Masallı, Mingəçevir, Naftalan, Qobustan, Lənkəran, Biləsuvar, Xızı, iki günlük ekskursiyalarda isə Ağstafa, Balakən, Gəncə, Goranboy, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Zaqatala rayonlarının məktəbliləri iştirak edir.
Cari ilin noyabrın 6-dan start verilən ekskursiyalarda 12 dekabr tarixinədək hər şənbə günü 700, bazar günləri isə 950 məktəbli olmaqla 9900 məktəbli iştirak edib. Proqram çərçivəsində ümumilikdə 13700 məktəblinin iştirakı nəzərdə tutulub. "Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsinin icrası cari ilin dekabr ayının şənbə-bazar günləri davam etdiriləcək.
Qeyd edək ki, cari ilin 11 dekabr tarixindən etibarən dekabrın sonunadək "Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsi çərçivəsində hər şənbə günü ekskursiyada iştirak edən 100 məktəbli Nargis jurnalının Port Baku Ticarət Mərkəzində təşkil olunan “Karabakh - Winter Wonderland” sərgisini ziyarət edəcək. Sərgidə Qarabağın tarixi və mədəniyyətindən bəhs olunur. Ümumilikdə 300 məktəblinin iştirakı nəzərdə tutulub.
Kontakt - Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru F.V. Sultan-zadə (+99450 375 13 00)
Məkan: Port Baku Ticarət Mərkəzi (l mərtəbə)
Saat: 14:00