NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Dubay: Şəhərin möcüzələri

Azərbaycan və Dubay arasında birbaşa və rahat uçuşların mövcud olması, viza tələbinin olmaması, həm aktiv tətillər, həm də ailə ilə rahat vaxt keçirmək üçün uyğun fəaliyyətlərin bolluğu ilə Dubay, istər ilk dəfə, istərsə də yenidən səyahət etməyinizdən asılı olmayaraq unudulmaz və macəra dolu bir tətil vəd edir. Buraya ilk dəfə səfər planlaşdıranlar üçün dünyanın ən hündür göydələni olan Bürc Xəlifə mütləq görülməli olan yerlərdəndir. Daha sonra isə çoxsaylı butikləri, restoranları, rahat istirahət zonaları, alış-veriş məntəqələri və məşhur Dubay Akvarium və Sualtı Zooparkı ilə dünyanın ən böyük ticarət mərkəzlərindən biri olan “Dubai Mall”u ziyarət etmək olar. “Tripadvisor Travellers' Choice Awards” tərəfindən ardıcıl üçüncü il "Ən yaxşı səyahət nöqtəsi" seçilməsi Dubayın cəlbediciliyini daha da artırır və onun ən yaxşı turizm məkanlarından biri statusunu daha da möhkəmləndirir.

Dubayda görməli olduğunuz başqa bir nöqtə isə “Gələcəyin Muzeyi”dir. Bu məkan ziyarətçilərə planetimizin gələcəyi ilə bağlı mövzuları və problemləri araşdırmaq üçün xüsusi imkan yaradır, gələcəyimizi daha yaxşı formalaşdırmaq üçün nələr edə biləcəyimiz barədə düşünməyə həvəsləndirir.

Aktiv tətilə daha çox həvəsi olanlar üçün səhra safarisi mükəmməl başlanğıcdır. Offrod avtomobili və ya kvadromotosikletlə maraqlı “dune trekking”, həmçinin dəvə sürmə və “sandboarding” enerjinizi artıraraq unudulmaz bir təcrübə kimi yaddaşınızda qalacaq.
Sörfinqdə özünüzü sınamaq istəyirsiniz? “Jumeirah Beach” əla hava şəraiti, kristal kimi təmiz suyu və gözəl mənzərəsi ilə hündür dalğaları sevənlər üçün əsl cənnətdir. Yeni başlayanlar üçün isə çimərlikdə təcrübəli təlimçiləri olan xüsusi sörf məktəbləri var. Külək sörfinqi ilə maraqlanırsınızsa, güclü küləkləri və açıq dənizi ilə “Al Mamzar” çimərliyi sizin üçün əla seçimdir.

Əsl həyəcan axtaranlar üçün Dubay əfsanəvi “Palm Jumeirah” adasında və Ərəbistan səhrasında möhtəşəm paraşütdən tullanma macərası təklif edir. Artıq təcrübəli olanlar tək başına və ya peşəkar təlimçi ilə birgə tullanmağı seçə bilərlər. Yeni başlayanların isə narahat olmasına heç bir əsas yoxdur: uçuşdan əvvəl hərtərəfli brifinq alacaqlar.

Bəs ziplayn necə? “XLine Dubai Marina” dünyanın ən uzun şəhər ziplaynıdır. “Dubai Marina”nın super yaxtaları və göydələnlərinin üzəri boyuna 80 km/saat sürətlə uçaraq “Marina Mall”un terrasına eniş edəcəksiniz. Uçuş ümumilikdə 30 saniyə davam etməklə sizə unudulmaz bir təcrübə yaşadacaq. İki paralel trek sayəsində iki nəfərin birlikdə sürməsi də mümkündür.

  •  
  •  
  •  
  •  
  •  
/

Dubay ailəvi tətillər üçün də əla şəhərdir. Hər yaşda olan uşaqlar üçün çoxlu əyləncə fəaliyyətləri mövcuddur. Məsələn, siz “IMG Worlds of Adventures”, “Legoland Dubai” və “Motiongate Dubai” kimi əyləncə parklarını ziyarət edə və ya ailəvi şəkildə “Aquaventure”, “Wild Wadi” su parklarından birinə gedə bilərsiniz. Sizi əmin edirik ki, bütöv ailə olaraq bunu bəyənəcəksiniz!

Bundan əlavə, bu yay Dubaydakı bir çox otellər “Kids Go Free” proqramı çərçivəsində ailələr üçün xüsusi təkliflər, o cümlədən 12 yaşdan kiçik uşaqlar üçün pulsuz yemək, məkan və əyləncə təklif edəcək. Seçilmiş otellərə “NH Collection Dubai The Palm”, “Paramount Hotel Dubai”, “Rove Dubai Marina”, “Address Downtown”, “Kempinski Hotel Mall of the Emirates” və digərləri daxildir. Erkən rezervasiya etməklə yaddaqalan ailə tətilini təmin edə və Dubayı yay tətiliniz üçün seçə bilərsiniz.

Dubaydan danışarkən son onillikdə bu şəhərin dünyanın ən yaxşı qastronomik paytaxtlarından birinə çevrildiyini vurğulamamaq olmaz. Burada “Michelin” ulduzlu restoranlar və “Bib Gourmand”ı tapa bilərsiniz. “Ossiano”, “Orfali” və “Avatara” kimi bu müəssisələrin bir çoxu Yaxın Şərq regionunda ən yaxşısı kimi tanınır.

Bundan əlavə, Dubayda ənənəvi Emirati, Hind və Livan yeməkləri məşhurdur. Onları sınamaq üçün parlaq Əl Diyafa qastronomik küçəsini, küçə yeməkləri restoranlarını və ya “Spice Souk” kimi ənənəvi bazarları ziyarət etməyi məsləhət görürük.
Həmçinin Dubay inkişaf etmiş kafe mədəniyyəti və populyar Aralıq dənizi mətbəxi üzrə ixtisaslaşıb. Şaurma, Levantin mezesi və “meat platter” kimi yeməklər şəhərin simvoludur. Bu yeməkləri Deira və Bur Dubay rayonlarının restoranlarının birində mütləq dadmaq lazımdır. Lukaimat və floral düyü pudinqi kimi ərəb şirniyyatları da xüsusi olaraq dada biləcəyiniz şeylərdir.
Dubay yaz aylarında hər bir ziyarətçi üçün xüsusi bir şey təklif edir. Qastronomik ləzzətlərin həvəskarları şəhərin çoxsaylı restoran və kafelərindən, mədəniyyət həvəskarları bir çox attraksionlardan, yeni təcrübələri sevənlər isə əmirliyin təklif etdiyi bir çox əyləncə seçimlərindən həzz alacaqlar. Bundan əlavə, aprel və may ayları Dubay görülməyə dəyər festivallarla da zəngin olur. Ən yadda qalanlardan biri Dubay Yemək Festivalıdır. Bu il 11-ci dəfə keçirilən bu festival həmişə olduğu kimi, təqribən bir ay davam edəcək: aprelin 19-dan mayın 12-dək. Festival dostlarla əylənmək və bölgənin qastronomik ənənələrini ilə yaxından tanış olmaq üçün əla fürsətdir. Çöldə yemək yemək üçün də mükəmməl vaxtdır: aprelin 28-dən mayın 7-dək 125 dirhəmlik stabil qiymətə nahar və ya 250 dirhəmə şam yeməyi təklif edən ənənəvi Restoran Həftəsi keçirilir. Bu setlər şəhərin bir çox restoranları, o cümlədən lüks restoranlar tərəfindən təklif olunur. Digər diqqətəlayiq layihə də “Dish for Dh10” pop-up layihəsidir, hansı ki, ən yaxşı aşpazların fərqli təamlarını çox sərfəli qiymətə sınamaq imkanı verir.

Dubay innovasiya, müasirlik və şərq ənənələrini qeyri-adi şəkildə birləşdirən, qonaqlara rahatlıq və çoxsaylı fəaliyyətlər təklif edən çox yönlü turizm məkanıdır. Şəhər möhtəşəm çimərlikləri, heyrətamiz attraksionları, dəbdəbəli alış-veriş mərkəzləri və çeşidli mətbəxi ilə məşhurdur. Dubay sözün əsl mənasında hər kəsə uyğundur: çimərlik həvəskarları, göydələn pərəstişkarları, ənənəvi şərq ləzzətini sevənlər və digərləri. Bu şəhər həmçinin dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Alış-veriş həvəskarları üçün burada nəhəng “Dubai Mall”dan tutmuş ənənəvi şərq bazarlarına qədər bir sıra müxtəlif məkanlar var. Dubay öz lüksü ilə məşhur olmasına baxmayaraq, burada sərfəli qiymətə istirahət edə bilərsiniz. Buna görə də əminliklə deyə bilərik ki, Dubay geniş maraq dairəsinə malik səyahətçilər üçün mükəmməl seçimdir.