NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Allah vergisi

İstər inanın, istərsə də yox, amma hər bir insanın özünün belə bilmədiyi istedadı var. Bu istedadın Allah vergisi olduğu, yoxsa insanın kosmosla güclü əlaqəsinin olduğu sualı açıq qalır, lakin mən düşünürəm ki, bütün izahı olmayan güclər bizə Allah tərəfindən verilib, yalnız O bizə kosmik kanalların yolunu açır. Bəzi sualların sübutu olmadığı üçün onların dəqiq cavabını bilmirik – elə bu güclü intuisiya vergisidir. Ancaq bu barədə bir az sonra.


Çox vaxt taleyimizdən, havadan, qonşulardan, müdirimizdən, həyat yoldaşımızdan və hətta bəzən uşaqlarımızdan - özümüzdən başqa hər bir kəsdən şikayət etmək, nəsə bir iş görməkdən daha asan gəlir. Bununla biz üzümüzə açılan bütün imkanların qapılarını sıxıcı şəkildə, səy göstərmədən bağlayaraq uğurumuzu, energetikamızı və gizli potensialımızı məhv edirik. Və bizə aid olanı, öz bacarığımızı, bu dünyaya verə biləcək töhfəmizi görə bilmirik.


Özünüzdə hər bir xırdalıqlara diqqət yetirin – çünki uğurun açarı elə məhz bu xırdalıqlarda gizlidir. Məsələn, hər gün yorulmadan, sevgi ilə görə biləcəyiniz gündəlik işlərdə. Əgər hər gün eyni işi görürsünüzsə və bu sizi bezdirmirsə, eyni zamanda gördüyünüz işdən gözləriniz işıldayırsa, deməli, elə məhz bu sizin istedadınızdır!


Cəsarətli olun! Hətta gündəlik rutin işləri belə mükəmməl etməyə çalışın, sadəcə sizdən tələb olunanı deyil, bəzən də heç kimin gözləmədiyi şəkildə etməyə çalışın, bununla siz həm özünüzü, həm də rəhbərinizi təəccübləndirəcəksiniz. Bu sizin bilinməyən bacarığınızı aşkar etməyə, Allah verginizi tanımağa kömək edəcək. Hətta bu hal-hazırda məşğul olduğunuz işə zidd olsa belə, siz həqiqi, böyük “Mən” pilləsinə bir addım yaxınlaşacaqsınız.


Öz zəkanızı, imkanlarınızı və zamanınızı düzgün idarə edərək, özünüzə və bütün dünyaya dahiliyinizi sübut edəcəksiniz! Əsas stereotiplərdən azad olmaq və «qonşuda nə var» düşüncəsindən əl çəkməkdir.
Dünyada hər bir insan sadəcə fiziki struktur deyil, olduqca mürəkkəb bir varlıqdır. Bu planetdə insanlar heç kimin ağlına gələ bilməyəcək qədər qeyri-adi bəşəri bacarığa sahibdirlər. Ən yayğın və çox vaxt dəyərləndirilməmiş olan hiss – intuisiyadır. İntuisiya – hər bir individual bacarıqda və istənilən həyati situasiyalarda mütləq ehtiyac duyacağınız hissdir. Bu hissi inkişaf etdirin, “üçüncü gözünüzdən” çəkinməyin!

Ülviyyə Mahmudova,
Baş redaktor