NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Kino: “Saf” suların qaranlıq tərəfi

Ətraf mühit Yer üzündə həyatın mövcudluğu üçün bir faktor hesab oluna bilərmi? Əgər belədirsə, bir insanın ona olan münasibətinin özünə olan münasibətindən asılı olduğunu düşünə bilərikmi? Bu gün təbiətə ən çox zərəri məhz insanların özləri yetirir. Bunun hər zaman belə olması, inkişafın bizi buna sövq etməsi və ya bunun insan həyatının qısalığı ilə əlaqədar olduğu məlum deyil. Ola bilsin ki, insanlar eyni zamanda birdən artıq həyat yaşaya bilmədikləri üçün yalnız indiki anı düşünürlər. Və əgər onlar müəyyən bir iş sahibidirsə, qazancları varsa, ailə və dostları da maddi qazancla təmin ediliblərsə, yeni arzuların meydana gəlməsi üçün şərait yaranır. Bu halda, aktiv insan özünü inkişaf etdirəcək, yeni zirvələr fəth edəcəkdir. İlk baxışda bu hal pozitiv görünür, lakin diqqətlə baxdıqda pozitivlik və neqativlik insanların sosial çərçivələri ilə məhdudlaşır. Və bu sistemlər, bütün bəşəriyyət üçün oxşar olsa da, tamamilə eyni olmadığı üçün, böyümə və genişlənmə ideyası müqayisənin təzyiqinə tab gətirə bilmir. DuPont üçün yaxşı olan inəklər üçün yaxşı deyil, lakin bunun bir əhəmiyyəti varmı?

“Ətraf mühit Yer üzündə həyatın mövcudluğu üçün bir faktor hesab oluna bilərmi?”

6 yanvar, 2016 -cı ildə The New York Times yazarı Nathaniel Rich inadkarlığı və işinə olan heyranedici sevgisi ilə dünyanı silkələyən bir hüquqşünas — Robert Bilott haqqında məqaləsini dərc etdi. Tezliklə ssenaristlər Mario Correa and Matthew Michael Carnahan bu sensasiyalı hadisələr əsasında ssenari hazırlamağa başladılar. Todd Haynes - ın rejissorluq etdiyi bu layihə onun ən yaxşı işlərindən birinə çevrildi.

Dark Waters filmi, DuPont şirkətinə qarşı açılmış tarixi bir məhkəmə işi haqqında danışır. Şirkət təxminən 50 il ərzində PFOA və ya C8 adlı kimyəvi maddənin zərərli təsirlərini gizlətmişdi. Bu qısaltma bir çoxlarına tanış olmasa da, bu maddənin yaratdığı zərərin geri dönməz olduğunu və planetimizin su hövzələrində əbədi olaraq qalacağını bilmək kifayətdir. Bəli, əbədi. Robert Bilott Taft Stettinius & Hollister şirkətində çalışan bir korporativ hüquqşünasdır və kimya şirkətlərini müdafiə edir. Uğurlu və işinə tam qərq olmuş Robert, Wilbur Tennant (Bill Camp) adlı bir fermerlə tanış olur. Wilbur, atasından qalan torpaqda illərdir çalışan bir təbiətsevərdir. O, Robertə müraciət edir, çünki inəkləri tələf olur və DuPont-un bu məsələdə məsul olduğuna inanır. Şirkət, Qərbi Virciniyanın Parkersburq şəhərində onun təsərrüfatının yaxınlığında bir kimya zavodu tikmiş və tullantılarını Wilburun mal-qarasının və yerli vəhşi təbiətin içdiyi Dry Run Creek çayına atmışdır.
Əvvəlcə Robert, çalışdığı şirkətləri məhkəməyə vermək niyyətində olmadığı üçün Wilbura kömək etməyi rədd edir. Lakin Wilbur, Robertin nənəsini xatırladanda, onun içində nəsə dəyişir. Robert Qərbi Virciniyaya gedir və uşaqlığında nənəsinin onu həmin bölgədə at minməyə apardığını xatırlayır. Bu səfər onun içində uzun müddət gizli qalan bir hissi oyadır. Həmkarlarının Qərbi Virciniya sakinlərinə yuxarıdan baxmasına baxmayaraq, Robert bundan təsirlənmir. Onun uşaqlıq xatirələri onu formalaşdırmış və dünyanı bir çoxlarından daha geniş şəkildə qavramağı bacaran gizli bir səyyah ruhuna çevirmişdir. Bu anlayış isə tezliklə onun üçün böyük əhəmiyyət kəsb edəcək.

İlk öncə hər şey rəsmiyyət kimi görünür. Robert DuPont-a qarşı məhkəmə iddiası qaldırır. Cavab olaraq, şirkət ona Ətraf Mühitin Mühafizəsi Agentliyinin hesabatını təqdim edir. Robert bu hesabatı Wilbura göstərmək üçün ona yaxınlaşır. Lakin Wilbur əsəbiləşir, onları yalan danışmaqda ittiham edir və qəzəbini açıq şəkildə Robertə bildirir. Onların gərgin söhbətini tarlada qəribə davranan bir inəyin görüntüsü kəsir, bu isə Wilburu inəyi iki dəfə vurmağa məcbur edir. Robert vəziyyəti sadəcə anlamır, həm də dərin hisslərlə yaşayır. Bilott hesabatdakı PFOA ilə bağlı bəzi məqamları anlamadığı üçün DuPont-un hüquqşünası Phil Donnelly (Victor Garber) ilə yenidən əlaqə saxlayır. Lakin Phil ona sərt reaksiya verir. Bu andan etibarən Robert, stres, əsəb böhranları və həm öz, həm də işlədiyi firmanın reputasiyasını itirmək riski ilə dolu bir yola çıxır. Bu yol onun üçün on il davam edir – lakin əbəs yerə deyil.

Günlərin birində, Robert Bilott DuPont-dan 1950-ci illərə qədər gedib çıxan 110,000 səhifəlik sənədlər alır. Növbəti aylarını ofisdə keçirir, sənədləri tarixə görə sıralayır, məlumatları strukturlaşdırır və onları ətraflı şəkildə öyrənməyə hazırlaşır. Bir gecə, hamilə həyat yoldaşı Sarah Bilott (Anne Hathaway) onu mətbəxdə həyəcanlı şəkildə nələrisə axtararkən tapır. Sarah qorxuya düşür, ərinin ağlını itirdiyini düşünür, lakin ona qarşı anlayışla yanaşmağa çalışır.Robert ona etiraf edir ki, Teflon əvvəlcə Manhetten Layihəsində, daha sonra isə tank örtüyü kimi istifadə olunub və 1990-cı illərə qədər balıqçılıq alətlərindən tekstil boyalarına qədər hər şeydə tətbiq olunub. Lakin DuPont onun bədənə zərərli təsirləri barədə istehsalın demək olar ki, başlanğıcından xəbərdar olub. Şirkətin sənədləri həm işçiləri, həm də laboratoriya siçovulları üzərində aparılmış testlərin nəticələrini əks etdirirdi.

Araşdırmaların nəticələri insanı şoka salacaq qədər təsir edicidir. Bu andan etibarən, Sarah ərinin sənaye nəhəngi ilə mübarizəsində ona dəstək olur. PFOA və ya C8 bəşəriyyətin və təbiətin üzləşdiyi ən böyük ekoloji problemlərdən biridir və bu problem DuPont tərəfindən yaradılmışdır. Bu gün hesab olunur ki, bütün canlı varlıqların 99%-nin qanında C8 mövcuddur.
Robert Bilott ədalət uğrunda uzun və çətin mübarizə apararaq, zərərçəkmişlər üçün 700 milyon dollardan çox təzminat qazanmağa nail olur. Lakin DuPont Teflon satışlarından hər il 1 milyard dollar qazanır və təbiətə və bəşəriyyətə vurulan ziyana görə heç kim şəxsi məsuliyyət daşımır. 2012-ci ildə DuPont Teflon istehsalında PFOA-dan istifadəni dayandıraraq, GenX adlanan yeni kimyəvi maddəyə keçib. Lakin 2021-ci ildə bu maddənin də insan orqanizmi üçün son dərəcə zərərli olduğu aşkar edilmişdir. Todd Haynes 2019-cu ildə çəkilmiş Dark Waters filmi ilə ən böyük sənaye cinayətlərindən birini ölümsüzləşdirdi, lakin bütün bunların indi bir əhəmiyyəti varmı?