Priyanka Aşok Çopra sadəcə hind ilahəsi kimi gözəl deyil. O, həm də bəzi ilahələr kimi çoxəllidir. Çünki o qədər iş görür ki, bütün tanışları heyrətlənməyə bilmir. Özünüz düşünün: o model, kino aktrisa, “Unicef”in xoşməramlı səfiri, Hindistanın yoxsul ailələrindən olan qızların təhsil almasına kömək edən xeyriyyə fondunun qurucusu, prodüser şirkətinin sahibi, TIME jurnalına görə planetin ən nüfuzlu insanlarından biridir. Film çəkilişləri və xeyriyyəçilik layihələrində iştirak etməklə yanaşı, o həm də “electro dance” janrında sinql albomlar çıxarır, The Guardian və The New York Times jurnalları üçün ictimai-siyasi məqalələr yazır, 2018-ci ildən bəri yeni texnologiyalara sərmayə qoyur. Bir sözlə, bu qadın hindistanlı mühacirlər haqqında bütün stereotipləri param-parça edir! Priyanka Çopranın bütün bunların öhdəsindən necə gəldiyini NARGIS jurnalına verdiyi eksklüziv müsahibəsindən öyrənirik.
İşləyən bir mühacir kimi dünyadakı mövcud miqrasiya vəziyyətini necə qiymətləndirirsiniz?
Mən Hindistan vətəndaşı olaraq qalıram. Ancaq həqiqətən çox sevdiyim Amerikada çox vaxt keçirirəm, hərçənd xarici ölkələrdə yaşayan bir çoxları üçün bu olduqca qorxuludur. Son illərdə burada çox qeyri-müəyyənlik var. Lakin ümid edirəm ki, bunun öhdəsindən gələcəyik.
Belə bir hiss var ki, Avropa mühacir axını ilə çox da yaxşı baş edə bilmir. Vəziyyətin gələcək inkişafını necə görürsünüz?
Buna əmin deyiləm, amma düşünürəm ki, əgər insanlar Avropaya üz tuturlarsa, deməli, bunun səbəbi var. Kim bilir onlar nə yaşayıb və nə görüblər! Avropa və bütün dünya bu insanlara kömək göstərməlidir, onlar üçün mümkün olan hər şeyi etməlidir.
UNICEF ilə əməkdaşlığınız barədə bəhs edin. Bu təşkilatda 2006-cı ildə könüllü olaraq işə başlamısınız. Sizin o vaxtkı fəaliyyətiniz nədən ibarət idi və indi nədən ibarətdir?
UNICEF-də daha çox qaçqın uşaqlarla işləyirdim. Evinin olmaması nə deməkdir - öz gözlərimlə görürdüm. Odur ki, həm bu uşaqlar, həm də böyüklər üçün xeyirxahlıq etmək və mərhəmət göstərmək üçün əlimdən gələni edirəm. Düşünürəm ki, öz platforması olan hər bir media siması bu kimi problemlərdən danışmağa borcludur.
Fikrinizcə, tolerantlıq və özbaşınalıq arasındakı sərhəd haradadır?
İnsanlar həmişə fikir azadlığı üçün deyil, həm də tolerantlıq uğrunda mübarizə aparıbar. Əlbəttə ki, öz fikrinin olması və onu ifadə etmək fürsətinin olması vacibdir, ancaq eyni zamanda özünüzə sual verməlisiniz: dediklərim həmişə xeyirxahlıq və mərhəmət sözləridir ya yox?
Bəs söz azadlığı ilə "nifrət nitqini"nı necə ayırmaq olar?
Söz azadlığı çox vacibdir və mən buna çox inanıram. Ancaq insanlara dəri rənginə görə hücum etmək üçün, onların dəyər sisteminə sui-qəsd edərək haradan olduqları, harada doğulduqları üçün istifadə edildikdə - bu artıq söz azadlığı deyil.
Britaniya Moda Şurasının Pozitiv Moda İnstitutunun səfiri vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edirik! 2021-ci ildə bu şuraya necə kömək etməyi planlaşdırırsınız?
Əvvəla, bu o deməkdir ki, Londonda çox vaxt keçirməliyəm və bu məni çox həyəcanlandırır. Britaniya dəbi olduqca cəsarətlidir, mən isə verilən bu fürsətə görə çox xoşbəxtəm. Plan gələcək nəsillərə ilham vermək üçün modanı inklüziv, etik və yaradıcı bir platforma kimi istifadə etməkdən ibarətdir. Belə bir təşəbbüsdə iştirak etmək üçün dəvət almaq böyük şərəfdir və mən hər şeyin alındığına əmin olmaq üçün əlimdən gələni edəcəyəm.
Daha çox nəyə diqqət yetirməyi planlaşdırırsınız: davamlı moda, inklüzivlik və ya başqa bir şeyə?
O qədər çox insan modanı özünüifadə forması kimi istifadə edir ki! Buna görə fərqliliklərimizin əhatəli olmasını norma kimi qəbul edilməsi bu müsbət dəyişiklik kampaniyası üçün vacibdir. Hamımızın fərqli olduğumuz üçün kədərlənmək əvəzinə bunu alqışlamalıyıq, çünki bizi unikal edən məhz fərqliliyimizdir.
18 yaşında, heç bir aktyorluq təhsili almayan Priyanka Çopra Bollivudun ən çox qazanan aktrisalarından biri oldu, daha sonra - Amerika televiziya serialında rol alan ilk hind aktrisası, eyni zamanda ilk hindistanlı model - "Guess" Amerika brendinin siması oldu. Bu yaxınlarda, 22 yanvarda Priyanka Çopranın baş rollardan birini oynadığı Hindistan-Amerika istehsalı "Ağ Pələng" (rejissor Ramin Bahrani) filminin qalası keçirildi.
Keçən payızda "Ağ Pələng" filmində icraçı prodüser qismində çıxış edərək həm də, baş rolda çəkilmisiniz. Siz ABŞ-də hindistanlı mühacir rolunu oynamısınız. Şəxsi hekayəniz canlandırdığınız qəhrəmanınızın xarakterinə təsir edibmi?
Bu film əyləncə üçün nəzərdə tutulub və ümid edirəm ki, öz vəzifəsini yerinə yetirib. Ancaq eyni zamanda izləyiciyə insanın özünü xarici ölkədə necə narahat hiss edə biləcəyini hiss etdirməlidir. Bu film mənim üçün çox şəxsi oldu. Bənzər bir şey yaşadığımı deyə bilmərəm, amma bu mənzərənin ölkəmdən olan çox insan üçün nə qədər real olduğunu bilirəm.
"Ağ Pələng" filmi 2008-ci ildə ingilis dilində nəşr olunan və Ədəbiyyat üzrə Nobel mükafatından sonra gələn ən nüfuzlu mükafatlardan biri “Buker” ədəbiyyat mükafatına layiq görülən, hind yazıçısı Aravinda Adiginin eyni adlı debüt romanı əsasında çəkilib. Bu roman yeni "Zəmanəmizin qəhrəmanı" adlandırılıb, The Times jurnalı bu romanı şedevr adlandırıb, Daily Telegraph " "parlaq Hindistanın" ziddiyyətli ştampına qarşı qəzəbli və şiddətli etiraz" olduğunu qeyd edib, The Independent isə onu "ülgüc kimi kəskin" adlandırıb. Şablonlara müqavimət göstərmək Priyanka Çopranın üslubundadır! Yanvar ayının sonunda Netfliksdə yayımlanan Ramin Bahraninin rejissoru olduğu romanın film versiyası artıq Oskara namizəd olaraq görürlər. Bu, müasir dünyanın sinfi bərabərsizliyindən bəhs edən bir hekayədir. Zərafətli və qüdrətli pələng Hindistanın milli simvoludur, ağ pələng isə - ən nadir növün nümayəndələrindən biridir, belələri mində bir doğulur.
İnstaqramda uzun illər əvvəl "Ağ Pələng" romanını oxuduğunuzu qeyd etmisiniz. O vaxtdan bəri bu hekayə haqqında təsəvvürünüz dəyişib?
Bəli, bu hekayəni yaxşı bilirdim, məni bu mövzularda daha çox düşünməyə vadar edən məhz bu roman olub. Müasir Hindistanda aclıq və imkansızlığın insanı hər şeyə rəğmən yaşamaq üçün təbii arzusunu necə stimullaşdırdığı son dərəcə təəccüblüdür! Bir çox Hind filmlərində rol alan Rackumar Rao bunu nə qədər az insanın bacardığını göstərir. O, inanılmaz bir iş görüb!
Siz artıq atanızın danışdığı pəncab dilində bir filmə prodüsserlik etmisiniz. Dil sizin filmlərinizdə hansı yeri tutur?
Pəncab dilində film çəkmək çox gözəldir! Ancaq sənəti heç vaxt dilə görə müəyyənləşdirmək olmaz, film isə sənət deyilsə, bəs nədir? Mən filmlərin aktyorlıq oyunlarına, onlarda bəhs edilən hekayələrə görə qiymətləndirildiyi, nə qədər güclü film olduqlarını bildirən bir dünya görmək istəyirəm, hansı dildə çəkildiyinə görə deyil.
Oskar mükafatının bu yaxınlarda qoyduğu inklüziv tələblərinə münasibətiniz necədir?
Müxtəliflik barədə bəhs edildiyi proqresi dərk etmək vacibdir. Ancaq vəziyyəti düzəltmək üçün çox vaxt lazımdır, buna görə də hamımız dəyişmək üçün səy göstərməyə davam etməliyik. Şəxsən mən xarici filmlərin Oskar alması üçün daha çox fürsəti olduğunu görmək istərdim və sadəcə “xarici film” kateqoriyasında deyil.
Siz gənc yaşlarınızdan səyahət edirsiniz. Yaşamaq üçün niyə məhz Mumbay şəhərini seçmisiniz?
Mən həmişə Mumbaya qayıtmağı sevirəm, bir çox mənada bura mənim evimdir. Tez-tez Los-Ancelesdən və ya Nyu-Yorkdan bura qayıdıram, bu təxminən 16 saat sürən bir uçuşdur. Mumbaya gələndə nəhayət evdə olduğumu hiss edirəm. Ancaq Nyu-Yorkda da təyyarənin pilləkənindən enəndə də özümü evdə hiss edirəm. Hal-hazırda müəyyən bir yerə bağlı olmadığımı və bir neçə şəhəri evim kimi gördüyümü deyə bilərəm.
Müsahibələrinizdən birində demisiniz ki, "Sizin eviniz təyyarədir". Bu qədər çox səyahət edərkən hansı byitü-vasitəsiz heç bir yerə uçmursunuz?
Ümumiyyətlə, dəri üçün maskaları sevirəm, amma “111Skin” adlı bir maska var ki, sadəcə vurğunuyam. Bu ingilis brendidir və nəticə həqiqətən inanılmazdır! Mən, adətən, enişdən iyirmi-otuz dəqiqə əvvəl bu maskanı istifadə edirəm və təyyarədən enərkən özümü tamamilə istirahət etmiş hiss edirəm. Həm də, bu dəri üçün çox faydalıdır.