27 iyun tarixində Bakı şəhərində Müasir İncəsənət muzeyində Azərbaycan qadınlarına həsr olunmuş unikal fotosərgi açılmışdır.
“Nargis” jurnalının və fondunun Samsung Electronics və Unilever tərəfindən maliyyələşdirilən sosial layihəsi çərçivəsində yeddi fotoqraf – Leyli Ələkbərova, Mələk Bayramlı, Mehparə Vaqif, Natəvan Vahabova, Səadət Qurbanova, Sitarə İbrahimbəyli və Ülviyyə Mahmudova Azərbaycanın müxtəlif guşələrindən olan qadınların həyat tərzini əks etdirən çəkilişlər etmək üçün Bakıdan Lənkərana, Lahıcdan Qubaya qədər Azərbaycanın yeddi bölgəsini gəzmişlər. Çəkilişlər zamanı fotoqraflar ancaq Galaxy S10+ smartfonlarından istifadə etmişlər.
Layihə çərçivəsində “Nargis” Nəşriyyat Evinin BMT Uşaq Fondu, UNİCEF ilə əməkdaşlığı davam etmişdir. “Nargis” jurnalı iyun sayını UNICEF təşkilatının dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi fəaliyyətlərə həsr etmişdir və jurnalın üzqabığını UNICEF-in Xoş Məramlı Səfiri Türkan Şorayın əksi bəzəyir.
Layihənin təşəbbüskarı və ideya müəllifi “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudovadır. Layihənin baş sponsoru olan Samsung Electronics bütün layihə iştirakçılarına ən qabaqcıl Galaxy S10+ smartfonu təqdim etmişdir.
Kadrda qadınların gözü ilə qadınları, Azərbaycanın bölgələrində, heyrətamiz dərəcədə zəngin təbiətin qoynunda yaşayan gənc anaları görürük. Layihənin məqsədi ictimaiyyətin diqqətini bu qadınların həyat tərzinə cəlb etməkdən, onlar xalçaların sehrli naxışlarına ilmə atarkən, ya da sakit, ulduzlu gecədə beşik yırğalayarkən onların özünə məxsus məişətlərinin diqqətdən kənar qalan məqamlarını, eləcədə, qorxularını və arzularını göstərməkdən ibarətdir. Foto turların təşkilində maliyyə dəstəyi Unilever şirkəti tərəfindən göstərilmişdir.
Rəqəmsal çəkilişə baxmayaraq, 35 foto şəklin hamısı vahid nüsxədədir, beləki, bu şəkillər çap edilmiş, sonra isə, telefonların yaddaşından silinmişdir. Fərdi şəxslər bu kolleksiyadan olan eksklüziv fotoları Müasir İncəsənət muzeyində 27 iyun tarixində açılacaq və 4 iyul tarixinə qədər davam edəcək sərgidə əldə edə bilərlər. Bir foto şəklin qiyməti 2000 manatdır. Bütün toplanılan vəsaitlər uşağın müalicəsi üçün Nargis xeyriyyə fonduna təqdim ediləcək.
Sərginin açılışı – 27 iyun saat 19:00. Açılış mərasiminə giriş – ancaq dəvətnamə ilə.
Digər günlər giriş sərbəstdir.