İtalyan lazanyası, yunan musakkası, ingilis shepherd's pie - mənim fikrimcə, rahat və tez bişən yeməklərdir. Bu yeməyin versiyası musakka ilə eynidir, amma həm hazırlanma, həm də kalori baxımından olduqca asandır. Ət qiyməsini əvvəlcədən tavada qızartmaq lazım olsa da, tərəvəzləri ayrıca qızartmağa ehtiyac yoxdur, çünki onlar onsuz da sobada bişəcəklər.
3-4 nəfərlik porsiya üçün:
4 orta pomidor;
1 ədəd böyük badımcan (2-3 balaca);
1 yaşıl bolqar bibəri;
500 qram ət qiyməsi;
2 yaşıl soğan saplağı;
Duz və istiot;
Zeytun yağı.
Sobanı 180 dərəcə açırıq. Qiyməni tavada hazır olana qədər 10-15 dəqiqə qızardırıq, duz və istiot əlavə edirik.
Daha sonra əvvəlcədən zeytun yağını sürdüyümüz formalı qaba halqa şəklində doğranmış pomidorları düzürük. Bir az duz əlavə edirik. Sonrakı qata halqa şəklində doğranmış badımcanları düzürük yenə də duz əlavə edirik. Sonra bibərlər gəlir. Bibərlərin üzərinə bişmiş qiyməni qoyuruq. Qiyməni maksimal dərəcədə bərabər bölüşdürmək lazımdır, yenidən pomidor və badımcanları qat-qat düzürük. Yenə də duz əlavə edirik və yağ çiləyirik. Qaba yarım stəkan su tökürük, folqa ilə üstünü örtürük və isinmiş sobaya qoyuruq. Bir saat bişiririk, 40 dəqiqədən sonra folqanı açırıq və suyun üzə qalxması üçün tərəvəzləri çəngəllə basdırırıq.
Üzərinə yaşıl soğan səpirik və yunan yoqurtu ilə və ya qatıqla təqdim edirik.
Bon appetit!
Текст и фото: Хаджар Алиева