Yamyaşıl rəng, ətirli aromat, əlavə etdiyiniz hər şeyə əsl italyan koloritinin ləzzətini verən təravətləndirici dad! Bəli-bəli, bildiniz. Söhbət İtaliyanın şimal tərəfində yerləşən Genuya şəhərində yaranmış pesto sousundan gedir. Pesto İtalyan dilindən tərcümədə "əzmək" deməkdir. Həvəngdəstədə bütün inqrediyentləri üyüdürlər və pastanı, pizzanı dadlandıran bir möcüzə alınır!
Əlbəttə ki, bütün bu işin mötəbərliyi üçün həvəngdəstənin olması yaxşı olardı, amma mən pestonu krem teksturalı sevdiyim üçün blender və ya mətbəx kombaynı istifadə edəcəyəm. Heç də həvəngdəstədən pis alınmır.
Balaca banka pesto üçün (təxminən 200 ml) bizə lazım olacaq:
- 2 dəstə reyhan;
- 30 q qovrulmuş şam fıstığı;
- 100 q rəndələnmiş Parmesan;
- 1-2 diş sarımsaq;
- 80-100 q zeytun yağı;
- Bir çimdik duz.
Reyhanı yaxşıca yumaq və kağız dəsmal ilə qurutmaq lazımdır. Sonra blenderin içinə reyhanı, şam fıstığını, sarımsağı, Parmesan pendirini və bir çimdik duzu qoyuruq. Blenderi yandırırıq və lazımi konsistensiya alınanadək yavaş-yavaş zeytun yağını əlavə edirik. Bankaya boşaldırıq. Mən bir həftəyəcən soyuducuda saxlayıram.
Mən sizə pestolu bağlı tost resepti təqdim edirəm. Hazırlanma qaydası çox sadə və dadı inanılmaz ləzzətlidir. Evdə və ya iş yerində tez qəlyanaltı üçün idealdır.
- 2 ədəd çörək dilimi (Ciabatta, tost, batard və ya baget - zövqünüzə görə);
- 2 qaşıq pesto;
- Mozzarella pendiri (və ya halumi);
- 2-3 dilim təzə pomidor;
- Bir parça kərə yağı;
- Zövgə görə qara istiot və duz
Çörək dilimlərinə bir tərəfinə (çöl tərəfinə) yağ, iç tərəfinə pesto sürürük, nazik dilimlənmiş pendiri və halqa şəklində doğranmış pomidoru üstünə qoyuruq. Duz, istiot əlavə edirik və tostu bağlayırıq. Tostu yağlanmış tərəfindən isti tavaya qoyuruq və iki tərəfini də qızardırıq. Əgər buterbrod bişirmə qabı varsa, o zaman onu istifadə etmək olar.
Bon appétit!