NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

Être à la mode: TANIŞLIQ

London sadəcə moda paytaxtı deyil. Burada yeni ideyalar və gənc istedadlar toplaşmışdır və həmişə də belə idi. Dumanlı Albionun paytaxtı keçmişdən dünyaya  parlaq və yaddaqalan adlar bəxş edib və hər yeni moda mövsümündə bu ənənəni davam etdirir. Azərbaycanlı dizayner Londonda - qürurlu və çox perspektivli səslənir. Bu gün NARGIS sizi HASANOVA brendinin yaradıcısı və kreativ direktoru Günel Həsənova ilə tanış etmək istəyir. Günel artıq saytımızda şəxsi fashion-blogunu aparacaq və burada dünyanın ən son moda tendensiyaları, maraqlı hadisələr və görkəmli şəxsiyyətlər haqqında oxuculara bəhs edəcək.

 img_9826

Günel, gəlin, ailədən və evdən başlayaq. Valideynləriniz nə ilə məşğuldurlar?

Anam ixtisasca həkimdir, atam mühəndis, mənim böyük qardaşım və ən yaxın dostum, həmçinin Londonda yaşayır, onun kiçik texnoloji şirkəti var.

Onların sizin həyat seçiminizdə və şəxsiyyət kimi formalaşmağınızda rolları nə qədər əhəmiyyətli oldu?

Anamın hər gün səhər saat 6-da bizim səhər yeməyimizi, məktəb formamızı hazırlamaq, atamın köynəyini ütüləmək üçün yuxudan durması kimi həmişəlik xoş xatirlərim var. Hər şeyi çatdırmaq üçün o öz paltarlarını axşamdan hazırlayırdı. Bu vərdişi ondan öyrənmişəm. Axşamlar paltar, ayaqqabı, çanta və aksessuarlar seçməsini izləyirdim. O həmişə mənimlə məsləhətləşərdi, mənim fikrimi soruşardı. Bu bizim ikimizin heyrətamiz oyunumuz idi və mən onunla vaxt keçirməyi çox sevirdim. Mənə elə gəlir ki, məhz bu mənim modaya məhəbbətimin başlanğıcı oldu. Həm də anam evləndikdən və uşaq olduqdan sonra öz həyat yolundan, karyerasından imtina etmədi. Və atam onu ​​tam dəstəkləyirdi, onlar ailə və iş arasında tarazlığı qoruya bildilər. Belə bir mühitdə böyüyərək mən çox qiymətli təcrübə əldə etdim.

Qarabağda anadan olan atam təbiətin və tarixin qiymətləndirildiyi bir mühitdə böyümüşdü. O, antik əşyalar kollesiyaçısıdır və bağbanlığı çox sevir. Onun otağı muzeyə bənzəyir.

bwimg_985wew7

Belə çıxır ki, sənətə və modaya olan məhəbbətiniz, məqsədlərinizə nail olmaqda əzmkarlığınız ailə içində olan vəziyyətdən və valideynləriniz tərəfindən verilən tərbiyədən yaranmışdır?

Geri baxdığımda, tam əminliklə deyə bilərəm: mən valideynlərimin - anamın uzaqgörənliyi və enerjili təbiətinin atamın güclü və şərtsiz dəstəyinin birləşdiyi ailəmin gözəl əksiyəm. Mən həmişə onların hər ikisinə də hörmətlə yanaşmışam.

Siz necə uşaq idiniz?

Anamın sözlərinə görə, uşaq ikən mən çox sakit, yaşından böyük və ağıllı olmuşam. Saatlarla yorulmadan şəkil çəkə bilərdim. Daha sonra yeniyetmə yaşlarımda oxuduğum məktəbdə (Heydər Əliyev adına Müasir Təhsil Kompleksi) yalnız bütün akademik mövzularda əlaçı deyil, həm də məktəb qəzetinin redaktoru, məktəb parlamentinin spikeri, voleybol komandasının kapitanı, musiqi qabiliyyətləri müsabiqəsinin qalibi oldum. Mən, demək olar ki, məktəbdə təşkil olunan bütün tamaşalarda iştirak edirdim və bu hamısı deyil! Mən ilk qızlar futbol komandasında oynayırdım, hətta kapitan idim. Hələ də ilk qolumu xatırlayıram - mən onun başımla vurmuşdum!

Təhsilinizi Londonda davam etdirmək fikrinə necə gəldiniz?

Mən Bakıda anadan olmuşam və 19 il burada yaşamışam. Məktəbin sonlarında anladım ki, daha çox şeyə nail olmaq istəyirəm. Azərbaycan İncəsənət Akademiyasına qəbul olmağıma baxmayaraq, hiss edirdim ki, öz potensialıma tamamilə məhz moda paytaxtı Londonda çata bilərəm. Və AİA-da 1 il təhsildən sonra sənədlərimi Kinqston Universitetinə verdim, məni geyin dizaynı fakültəsinə qəbul etdilər. Bakalavr diplomumu aldıqdan sonra təhsilimi Vestminster Universitetində Moda industriyası menecmenti kurslarında davam etdirdim.  Təhsilimi bitirən kimi mövcud olduğu müddətdə artıq Londonda Saatçi qalereyasında sərgilənmiş HASANOVA qadım geyimləri brendimi yaratmağa başladım.

lookbookf

Sizin üçün Londonda modaya Azərbaycan baxışını təmsil etmək nə deməkdir?

Mən şərtsiz bununla fəxr edirəm və azərbaycanlı qadınları layiqincə təqdim etməyə çalışıram. Axı biz hələ ABŞ, Birləşmiş Krallıq, Fransa, İtaliya, Almaniya qadınlarından daha öncə 1918-ci ildə şərqdə ilk dəfə qadınlara səsvermə hüququ vermiş həmin xalqıq.

Sizi nə ilhamlandırır?

Hər şeydən əvvəl, mən doğma Bakı şəhərimdə birlikdə böyüdüyüm güclü, zərif və qayğıkeş qadınların cəsarətindən ilham alıram.

Müasir modanı necə görürsünüz?

Son onillikdə moda sənayesi çox sürətli və kəskin templə inkişaf edir, texnoloji yenilikləri və insan hüquqları uğrunda hərəkatı özündə birləşdirir. Artıq bu sadəcə son tendensiyaları izləmək üçün podiumda modellərin nümayişi deyil. Bugünkü moda daha yaxşı gələcəyə çağırır, motivasiya edir, innovasiyanı dəstəkləyir.

vb_17_gunel_0266

Siz NARGIS oxucularına nəyi danışmaq və göstərmək istəyirsiniz?

Mən çalışıram ki, dünya modasının sürətli inkişafına öz izimi salım və bunu azərbaycanlı oxucuların mühakiməsinə vermək istəyirəm. Mən onlarla dialoq qurmağı planlaşdırıram, qadınlarımızı gözəllik və modanın gücü ilə bütün yaşayış sferalarında irəliləmək üçün cəsarətləndirmək istəyirəm.