İsveçrəli dizayner Tomasin Barnekob ənənələrə meydan oxudu və indi özünün Parisdəki atelyesində istənilən obrazı daha tərzli edə biləcək möhtəşəm aksesuar yaradır. Zərif, qeyri-adi, lakin həmişə eleqant Thomasine Barnekow əlcəkləri – əsl sənət əsəridir, çünki onları nəinki məşhur insanlar məmnuniyyətlə geyinir, həm də bütün dünya muzeylərində nümayiş olunurlar - Los-Ancelesdən Seula qədər.
Tomasin niyə məhz bu moda sahəsinə meydan oxuduğu və belə bir zərif və təsir bağışlayan aksesuar yaratmaq üçün nəyin ilham verdiyi barədə danışdı.
Tomasin, bu gün əlcək məşhur aksessuar sayılmır. Niyə məhz bu aksesuarları yaratmağa qərar verdiniz?
Hər şey on ildən bir qədər əvvəl, peau precieuse konseptindən başladı, yəni əlcəkləri yumşaq, rahat bir zinətə çevirmək fikrindən. Tezliklə başa düşdüm ki, dünyada bu qarderob aksesuarını hazırlayan yalnız bir neçə dizayner var və beynəlxalq lüks mallar bazarında əlcək modasını canlandırmağı qarşıma məqsəd qoydum.
Sizin üçün əlcək yaratmaq - meydan oxumadır, yoxsa həvəsdir?
Mən bunu bir meydan oxuma kimi qəbul edirəm. Hər kəsin əlcəklərin nə gədər gözəl bir əlavə olduğunu dərk etmələri üçün onlara yeni bir imic vermək istədim. Bu aksesuara biganə olan insanları əlcək arzusunda olmağa məcbur etdim. Əlcəklərimin qeyri-adi dizaynı ilə ənənələrə və bu aksesuarın tarixi istehsal üsullarına meydan oxuyuram. Mən peşəkar sənətkarları alışılmış komfort zonasından çıxmağa və yeni modellərə diqqət yetirməyə çağırıram. Mən həmişə onlara deyirəm: əgər mən bacardımsa, o zaman siz də bacaracaqsınız! Hətta sizdə daha yaxşı alınacaq!
Bir çox mədəniyyətdə əlcəklər şərəf, təmizlik, zadəganlıq, yüksək rütbə və s. kimi anlayışlarla əlaqələndirilir. Bəs Sizin üçün onlar nəyi simvollaşdırır?
Əllər mənim üçün qürur və özünə güvəni təcəssüm edir. Və mən bunu əllərdə canlanan modelləri yaradaraq vurğulamaq istərdim: onlar həqiqətən müəyyən bir mesaj daşıyırlar və bu arada, həmişə baxışları cəlb edirlər.
Hər şey necə başladı? Əlcək hazırlamağın xüsusi olaraq dərsini almısınız, yoxsa özünüz öyrənmisiniz?
Nə vaxtsa riyaziyyat dərsi alırdım, lakin sonra özümdə hiss etdiyim bədii istedadın məni nə qədər uzağa aparacağını anlamağa qərar verərək özümə meydan oxudum. Mən hələ də, bu səyahətə davam edirəm... Parçalara və tendensiyaya xüsusi diqqət yetirərək məhsulların konseptual layihələndirmə dərsini almışam. Mənə dizaynla bağlı öz hekayəmi trend yaradacaq qədər yaxşı danışmağı öyrədiblər. Əlcək istehsalının tarixini artıq Fransa və Avropa əlcək istehsalçıları ilə işlədikdən sonra öyrənməyə başladım. Mən demək olar ki, təhsil almış konseptual dizaynerəm, amma əlcək dizaynının hazırlanmasını həqiqətən özüm öyrənmişəm.
Sizin pret-a-porter əlcəkləriniz dünyanın məşhur şəhərlərinin adlarına həsr olunub. Bu şəhərləri ziyarət etdikdən sonra bu əlcəkləri yaratdınız?
Bu kolleksiya dünyanın müxtəlif ölkələrinin insanlarına həsr olunub. Səyahət zamanı insanların münasibəti məni həmişə üsluba ilhamlandırır. Əlcəklərimi hansısa şəhəri ziyarət etdikdən və ya sadəcə bu şəhərin insanı ilə görüşdən sonra yaranan təəssüratdan, ya da nə vaxtsa bu şəhərə səyahət etmək arzusundan ilhamlanaraq adlandırıram.
Bakıya həsr olunmuş əlcəkləriniz var?
Bəli, əlbəttə ki, kolleksiyamda BAKU adlı model var. Bu kənarları su samuru xəzi ilə haşiyələnmiş qısa əlcəklərdir – lüksu aydın şəkildə vurğulayan qadınlıq zərafəti ilə icra olunmuş modeldir. Azərbaycana gəlmək imkanım hələ olmayıb, lakin coğrafi olaraq şərq və qərb arasında yerləşən bu tarixi zəngin bölgədə cəsarətlə əlcək geyinən tərzli qadınları artıq təsəvvür edə bilirəm.
"BAKU" adlı əlcəklər
Səyahətdən başqa sizi nə ilhamlandırır?
İnsanlarla görüşməyi sevirəm, onların hekayələri məni ovsunlayır, bir insanın gəldiyi yerə görə qürur hissi duyması çox xoşuma gəlir.
Əlcəkləriniz bir çox məşhur moda jurnallarında yer alır. Bu brendinizin inkişafına necə kömək etdi?
Birgə layihələrə verdiyim əsas töhfələrdən biri zəngin əlcək seçimidir – həm mətbuat nümayəndələri, həm də nümayişlərdə iştirak edən dizayner modelləri üçün. Nəticədə stilistlərin və fotoqrafların işimdən necə ilham aldığını müşahidə edirdim. Onların kreativliyi sayəsində layihələrim dünyanı gəzir, onları daha çox insan görə bilir. Mənim konsepsiyam jurnallar vasitəsilə uğurla ötürülür - tam arzu etdiyim kimi, insanlar əlcəklərlə maraqlanırlar.
Yaradıcılığınız vasitəsilə çatdırmaq istədiyiniz əsas mesaj nədir?
Özünüzə xüsusi olmağa izn verin!
Brendinizin ən məşhur müştərisi kimdir?
NEW YORK adlı əlcəklərimi nə vaxtsa memar Zaha Hadidə hədiyyə olaraq alındığını eşitmişəm. Onun şəxsi kolleksiyasında mənim yaratdığım əşyanın olduğu üçün çox qürur duyuram. Belçikalı dizayner Uolter Van Beyrendonk üçün yüksək moda dünyasında gördüyüm işlərim əsnasında yaratdığım bir neçə unikal nümunələrə bu gün məşhur muzeylər, məsələn LACMA – Los-Anceles İncəsənət Muzeyi, Antverpendə Moda Muzeyi sahibdir. Bu mənə moda tarixinin bir hissəsi olduğumu hiss etdirir.
Deyirlər ki, Siz studiyanızın ustaları ilə birlikdə əlcək tikirsiniz. Siz də prosesdə iştirak edirsiniz?
Mən həmişə modelin ilk dizaynını öz atelyemdə özümün hazırlamağıma üstünlük verirəm. Mənim dizaynıma uyğun məhsul istehsal edən ən istedadlı Avropa əlcək ustaları ilə işləyirəm. Kuturye layihələri üzərində çalışdığımda əlcəkləri özüm tikirəm. Bəzən sifarişlərin sayı və vaxt məhdudiyyətlərindən asılı olaraq köməkçi alıram. Prosesi içəridən bilmək mənə yeni əlcək formaları yaratmağa hətta peşəkarlara belə meydan oxumağa imkan verir.
Bütün dünyada sərgilər keçirirsiniz. Bu marketinq siyasətinin bir hissəsidir, yoxsa işinizi sənət növü olaraq görürsünüz?
Mənim pret-a-porter kolleksiyam – lüks mallar beynəlxalq bazarına çıxmağa layiq dəbli aksesuarlardır. Amma yüksək moda sahəsində işləyərkən daxilimdə olan rəssam düşüncələrini və duyğularını sərbəst şəkildə ifadə edə bilər. Hazırladığım kuturye əlcəklərini poeziya təcəssümü kimi görürəm, əsərlərimi bütün dünyaya göstərən fotoqraflarla əməkdaşlıq isə işimi daha yüksək səviyyəyə çıxarır.
İşlərinizi tez-tez Asiyada nümayiş etdirirsiniz. Necə hesab edirsiniz, Qərbdə və Şərqdə sənət və moda qavrayışı fərqlənir?
Bəli, fərqi hiss edirəm, görürəm ki, Şərqdə modada poeziyanı qavrama çox yüksək qiymətləndirilir. Bundan əlavə, təbiətdən ilhamlanmağım şərq dəyərləri və gözəllik anlayışı ənənələri ilə olduqca yaxşı uyğunlaşır. Bundan əlavə, qərarvermə sürətində və tamamlayıcılıqda da böyük fərq var: Avropada hər şey vaxt alır, amma haradasa Cənubi Koreyada, əgər onları nəsə maraqlandırırsa, onu çox qısa müddətdə həyata keçirirlər!
Sonuncu kolleksiyanız əsasən dəridən hazırlanıb. Sizin üçün bu əsas meyardır?
Bəli, qoyun dərisi – kolleksiyam üçün baza materialıdır, ancaq həmişə digər materiallarla da bəzi gözlənilməz kombinasiyalar istifadə etməyə çalışıram: dərini yun parça, incə krujeva, şəffaf vinil, qalın dana dərisi, işıq əks etdirən elastik materialla, nəfis xəz, metal tor ilə birləşdirirəm... Mənim vəzifəm, bu materialların bir-birinə harmonik şəkildə uyğunlaşdığı bir forma yaratmaqdır.
Eko-dəri istifadə edirsinizmi?
Mənim üçün yaxşı işlənilmiş qoyun dərisindən davamlı, moda tendensiyalarından asılı olmayan əlcəklərin hazırlanması – ən ekoloji variantdır. Qoyun dərisindən hazırlanmış məhsullar çox davamlıdır, buna görə də, hesab edirəm ki, əlcəyin aktual dizaynının olması vacibdir. Bundan əlavə, innovativ materiallarla işləmək, müxtəlif kombinasiyalar yaratmaq, yeni xüsusiyyətlər barədə düşünmək mənim üçün hər zaman maraqlıdır. Eko-dəri istifadə etməyə çalışdım, amma hələ lazımi keyfiyyətlərə malik olan struktur materiala rast gəlməmişəm.
Yəqin ki, belə bir ənənəvi sahədə novator olmaq çətindir?
Beyniniz ideyalarla dolu olduğu zaman çətin heç bir şey yoxdur, xüsusilə uzun müddət durğunluq olan və yalnız bir neçə dizaynerin yeni imkanlara diqqət yetirdiyi bir sahədə. Hələ də çox sayda əlcək modellərini düşünüb hazırlamaq mümkündür! Və haqqımda başqalarının nə düşündüyü qətiyyən narahat etməməsi mənə çox köməklik edir.
Əlcəklərinizi geyinən birini gördüyünüzdə nə hiss edirsiniz?
Əlcəklərimi geyinən birini gördüyümdə həqiqətən özümü xoşbəxt hiss edirəm.
Bəs özünüz əlcək taxırsınız?
Əlbəttə! Mən həmişə paris və ya milan müəllif modellərini üzərimdə daşıyıram, əhəmiyyətli tədbirlərə isə coquillage de main əlcəklərini taxıram.
Moda haqqında sevdiyiniz sitat?
"Moda keçir, stil isə əbədidir" – bunu Yves Saint Laurent deyib.
Ən cəsur yaradıcılıq arzunuz?
Bir "əlcək cənnəti" yaratmaq, hər eksklüziv univermaqda "ayaqqabı səmasına" bənzər bir şey!
Müsahibə: Nigar Orucova Foto: Benjamin Taguemount