NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

LOVE STORY, NARKOTİK VƏ ROCK-N-ROLL

Kortni Lav və Kurt Kobeyn

Kortni beş yaşında ikən valideynləri boşanıb. Atası valideyn hüquqlarından məhrum edilib - çünki o, beş yaşlı qızına LSD verirmiş. On altı yaşında Kortni Harrison artıq zəngin, müstəqil və ... tamamilə idarə olunmayan biri olur. O, sərgüzəştlərlə, romanlarla və coşqu ilə dolu bir dünya səyahətinə çıxır ... Soyadını Lav olaraq dəyişir, rok qrupu yaratmağa çalışır. Əvvəlcə Sugar Baby Doll, daha sonra Faith No More və Pagan Babies və yalnız 1989-cu ildə Kortni artıq iyirmi beş yaşında ikən Hole qrupunu toplaya bilir.

recently-updated37

Kurt ilə konsertdən sonra tanış olurlar. Parlaq, gözəl, seksual və ... tamamilə bir-birinin nəzərindən yayınırlar: nə Kortni Nirvana haqqında bir şey bilir, nə də Kurt onun haqqında eşidib. Kortni konserti bəyənmir - nə mahnıları, nə də Kobeyni və ona xas açıq sözlülüyü ilə, həm də yəqin ki, kifayət qədər alkoqol təsiri altında hər şeyi Kurtun üzünə deyir. Buna başqası necə reaksiya verərdi - bilmirik, Kurt isə ədəbsiz qızı özünə doğru çəkir və heç bir söz demədən onu dodaqlarından öpür.

kurt-cobain-courtney-love-note_jm5wqf

Vəssalam. Müasir rok musiqisinin tarixində əfsanəvi love story belə başlayır. Bir ilə yaxın Kurt öz hisslərinə müqavimət göstərirdi - özünün sonra dediyi kimi, öz azadlığı və müstəqilliyi üçün qorxurdu. Amma Lav israrlı idi. Onlar 1992-ci ildə Havayidə evlənirlər. Kortni və Kurt, həqiqətən də, bir-birilərini sevirdilər, bu hekayə o qədər sürətlə baş verdi ki, bəlkə də sevgiləri bitməyə macal tapmadı, hər halda, həyat onlar üçün asan olmadı. Kurt həmişə ağır depressiyadan əziyyət çəkirdi. Hər ikisi də narkotik aludəçisi idi. Lavın hamilə olduğu ortaya çıxdıqda evlənmək qərarına gəldilər. Kurt bu xəbərdən son dərəcə xoşbəxt idi. Onun nümunəvi ailənin nə olduğunu təsəvvür etdiyini söyləmək çətindir, lakin sevgilisinə dəfələrlə uşaq istədiyini etiraf edib - nə qədər çox, o qədər yaxşıdır. Qızları Frensis 1992-ci ildə anadan olub.

Körpəni doğulan kimi məşhur, heç vaxt ağlı başında olmayan valideynlərin əlindən alırlar. Ancaq 1994-cü ildə geri verirlər. Görünür ki, uşaq Kortnidən kifayət qədər zərər görmüşdü: Frensisin on yeddi yaşı tamam olan kimi anasının hətta ona yaxınlaşmasını belə qadağan edən məhkəmə qərarını çıxartdırır. İndi o evlidir, anası ilə nadir hallarda ünsiyyət saxlayır. Kortni bu barədə danışmağı sevmir. Onun özünə yazığı gəlir, Kurtla bərabər qızlarının uşaqlığını məhv etdiyinə görə, ona axmaq ləqəblər verdiyinə görə, narkotikin nəticəsində Frensisə uşağlığında yaşatdığı bütün çirkinliklərə, pisliyə, əxlaqsızlığa görə çox əzab çəkir.

Kobeyn uşağı dumanlı şüur​la nə qədər sevmək mümkündürsə, o qədər də sevirdi. Atasına yazdığı bir məktubda, sentimental oduğunu, televizorda aclıqdan ölən uşaqları gördükdə ağladığını etiraf edirdi, qızını avtomobilə otuzdurmaqdan qorxur - Allah qorusun, qəza ola bilər!.. Kortni ilə münasibətləri - sanki vulkan kimi idi: hər bir kiçik şey üstündə dava edir, qabları sındırırdılar, ətrafda hər şeyi məhv edərək dalaşırdılar. Kobeynin ilk intihar cəhdləri ölümündən təxminən bir il əvvəl başlamışdı. Qorxmuş Kortni dəfələrlə polis çağırırdı və onlar Kurtun əlindən silahı alırdılar... Ancaq 5 aprel 1994-cü ildə o, müdaxilə edə bilmədi. Ya da sadəcə istəmədi?..

114734014

Kurtun cəsədi Sietldakı evində 4 gün hadisə yerində qalır. Onu yerdə, başından vurulmuş tapırlar; sinəsində silah, yanında isə intihar məktubu var idi. Hadisədən on gün əvvəl, Kortni ərinin ən yaxın dostlarını çağırıb onlardan Kurtun narkotik müalicəsi almağa razı salmaqlarını istəyir. Nəhayət, martın 30-da Kurt təslim olur və Los Ancelesda Exodus Tibb Mərkəzinə yerləşdirilir. Elə həmin gün axşam oradan qaçır. Sietla bilet almaq üçün kredit kartından istifadə edir, sonra isə yoxa çıxır. Maraqlı detal: o təyyarədə Guns N’Roses qrupunun solisti Daff MakKaqanla birlikdə uçub və təəccüblü olsa da, gülərüz və səmimi idi, halbuki heç vaxt onların yaradıcılığını sevməyib.

tumblr_nyg4homnuv1skp557o1_1280

Sietlda onunla dəfələrlə əlaqə saxlamağa çalışırlar - həm Kortni, həm dostları, həm də qohumları. Kurt hətta xüsusi detektivlərdən qaçmağı bacarır. Onu evə gələn elektrikçi tapır. Artıq başından vurulmuş bir cəsəd. Yanında isə - qırmızı mürəkkəblə yazılmış məktub. İstedadının bitdiyi və baş verən hər şeydən narazı olduğu barədə yazdığı məktub…

Daha sonra polis Kurtun portmanetində başqa bir məktubu aşkar etmişdi: bu məktubda o, Kortnini ondan pul qoparan əxlaqsız qadın adlandırırdı. Bu məktub ciddi yazılmışdı ya zarafatla? Bunu demək çətindir... Ərinin yasında Kortni xəyal etdiyi hər bir şeyə sahib olduğunu deyirdi: onunla və yalnız onunla olmaq istəyən sevdiyi adam, ortaq (üçqat zərərli olsa da) maraqları, ailəsi, qızı, gələcək planları ... Və bütün bunları bir atəş əlindən aldı.

39275_nirvana_kurt_cobain

Kurtun ölümündən sonra nə oldu? Narkotiklər, narkotiklər və bir sıra qısa münasibətlər. O, yenə də Live Through This albomunu buraxmağa nail ola bildi. Əlbəttə ki, mahnılar meqahit olmadı, amma "Nirvana" qrupunun sarsılmış fanları kumirlərinin dul həyat yoldaşının bütün disklərini satın aldılar. İllər keçdi. Kortninin dəlisov həyatı xarici görünüşünü heç korlamadı, tam əksinə: vulqar görünüşünü bohem şıqlıq əvəz etdi.

O, İngiltərədə yaşayır, aristokratlarla ünsiyyətdə olur, rəsmi gecələrdə konsert verir, daim həyatından şikayətlənir, lakin özünə nə daşınmaz əmlakda, nə avtomobildə, nə də bahalı geyimlərdə korluq vermir. 1994-cü ildə Kurt intihar etməsəydi, bu cütlük birlikdə nə qədər davam edərdi məlum deyil. Onların məhəbbəti, nə qədər paradoksal olsa da ölüm sayəsində ölümsüz oldu. Kortni Mişel Harrison bunu çox yaxşı başa düşür, baxmayaraq ki, heç vaxt və heç kimə bunu etiraf etmir. Onların sevgisi həqiqətən ulduz kimi parlaq yadda qaldı: son dərəcə ehtiraslı və başqalarının gözündə çox böyük! Təfərrüatı isə pərəstişkarların bilməsinə ehtiyac yoxdur.

Mətn: Nata Osmanlı / Foto: mətbuat materialları