NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

KODALY SPİCY JAZZ BAKIDA

23 oktyabrda Macarıstan Xalq Respublikası Müstəqillik Gününü qeyd edir və Kodaly Spicy Jazz qrupu milli bayramında pozitiv əhval-ruhiyyələrini və gözəl musiqilərini - caz tərtibatında qədim Macarıstan mahnılarını Bakılı dinləyiciləri ilə paylaşdılar. Qrup məşhur bəstəkar, müəllim, musiqi nəzəriyyəçisi Zoltan Kodaly'nin adını daşıyır.

Kodaly kiçik yaşlardan asanlıqla və sərbəstcəsinə böyük musiqi dünyasına gətirib çıxaran məşhur musiqi tədris metodikasını hazırlayıb. Və Macarıstanın mədəni irsinin bütöv bir təbəqəsini əbədiləşdirərək çox sayda xalq mahnılarını notalara həkk edib. Konsert ərəfəsində musiqiçilərlə xalq musiqisinə, caza və macarıstan ruhuna olan maraqları haqqında söhbət etdik.

img_1898_

Bakıya xoş gəlmisiniz! Şəhərimizi bəyəndiniz?

Mark: Biz şəhərə sadəcə terasdan baxa bilmişik, amma onun gözəlliyi artıq buradan belə görünür.  Ümid edirik ki, onun haqqında daha çox şey öyrənəcəyik.

Sizin qrupunuz Zoltan Kodaly'ın adını daşıyır. Bu sizin üçün nə ifadə edir?  

Daniel: Kodaly – bizim musiqimizin əsas hissəsidir. Biz onun Macarıstan ərazisində topladığı kompozisiyaları caz formasına salmışıq. Axı o, sadəcə bəstəkar deyildi, həm də qədim Macarıstan mahnılarının məşhur kolleksiyaçısı idi. Elə bu toplanmış mahnıları da biz caz formatına salırıq.

img_1855

Siz Kodaly'ın irsi ilə yoxsa aranjımanı ilə məşğul olursunuz?

Zoltan: bəstəkar Kodaly'ın irsi tamam başqa repertuardır və onun əsərlərini yenidən tərtib etmək bu qədər asan olmazdı. Həm də müəllif hüquqları məsələsi var. Biz sadəcə xalq mahnılarını istifadə etmişik. Biz onun folklor toplusu ilə işləyirik və buna görə də onun adını daşıyırıq.   

Qrupunuz necə yaranıb. Neçə vaxtdır fəaliyyət göstərir?

Giorgi: 2016-cı ildən bəri. Biz müxtəlif qruplarda çıxış edirdik və 3-4 il bundan əvvəl düşündük ki, niyə də birgə layihə etməyək. Bu qərardan bir qədər əvvəl Kodaly'ın ölümündən 50 il, doğum günündən isə 120 il ötürdü. Bu da bizdə təəsürat yaratdı. Biz caz musiqiçiləriyik, gənc nəsilik və bu dahi musiqiçinin xatirəsinə bir şey etmək, bir daha onun əhəmiyyətini və öz potensialımızı göstərmək istədik. Layihə, demək olar ki, baş tutdu. İki ay bundan əvvəl biz ilk albomumuzu buraxdıq və dünyanı həm cazla, həm də Kodaly'la tanış etməyə davam edirik.  

img_1869

Mark: Buna qədər Budapeştin küçələrini gəzən kiçik maşın - Jazzmobil var idi. Bu bizim ilk birgə layihəmiz idi. Bizim ideya ruhlandırıcımız Daniel bizi elə orada bir araya gətirdi.

Repertuarınız haqqında bəhs edin.

Mark: Biz konsertin harada və hansı formatda keçirildiyindən asılı olaraq yeni albomumuzdakı kompozisiyaları ifa edirik, bu 10-12 mahnıdır. Biz həmişə publikaya uyğun musiqi təqdim etməyə çalışırıq. Çox proqressiv musiqi var, birdə smooth jazz tərzinə yaxın kompozisiyalar var. Biz daima nəsə əlavə edirik, dəyişirik, çünki əlini nəbzdə tutmaq və hər gün öz üzərində işləmək çox vacibdir.  

img_1867

Bəs repertuarın hansı hissəsini Bakıya gətirmisiniz?  

Daniel: Bakı dinləyiciləri üçün az söz, amma çox musiqi hazırlamışıq. Bütün repertuarımızı gətirmişik, çünki əvvəlcədən bilirdik ki, burada musiqiyə çox dəyər verilir.   

img_1866

Zoltan Kodaly həm də xüsusi tədris proqramını yaratmaqla tanınır. Siz bu proqram vasitəsilə öyrənmisiniz?   

Mark: Həqiqətən, Kodaly bir pedaqoq kimi də çox şey edib və onun tədris sistemi Macarıstanda çox yayğındır. Biz hamımız 4 ilə yaxın ən erkən yaşlarda bu pedaqoji forma ilə tanış olmuşuq. Kodaly üçün uşaqların musiqini sevmələri çox vacib idi, istənilən tədris bu metoddan başlayırdı. Və biz də belə başlamışdıq. Macarıstanda bir çox uşaqlar üçün həyat musiqi ilə başlayır.  

Kodaly'la eyni dövrün adamı olan Bela Bartok deyirdi ki, Zoltan Kodaly'ın musiqisi macar ruhunu ortaya qoyur. Bu ruh nədir?

Zoltan: Kodaly və Bartoku müqayisə etmək ümumiyyətlə çox maraqlıdır, bu barədə saatlarla danışa bilərəm. Mənə görə Kodaly'ın məhz xor mahnıları macarıstan ruhunu çox yaxşı ortaya çıxarır. Bartok - modern adamıdır, o qaydalarla yazırdı, ustalığın ən yüksək səviyyəsində əsər yaradan kimyaçı kimi işləyirdi. Kodaly isə uydurulmuş əsərlər yazmırdı, onun musiqisi kədərlənməyə və ya sevinməyə məcbur edərək insanın daxilindən keçir. Bela Bartok musiqinin tarixi üçün çox vacib şəxsiyyətdir, onsuz bugünkü caz bu cür ola bilməzdi, amma bu moderndir. Kodaly isə - dinamikadır. Bir tərəfdən musiqi bəzən səni düşündürməlidir, deməli, ciddi musiqi - Bartokdur. Digər tərəfdən isə musiqi sənə pozitiv yükləməlidir - və əlbəttə ki, bu Kodaly'dır.

img_1864

Təşəkkür edirik! Bizim musiqimizdə belə bir əhəmiyyətli ad var ki, bizim üçün cazı onsuz təsəvvür etmək mümkün deyil - bu Vaqif Mustafazadədir...

Mark: Əzizə Mustafazadə onun qızıdır?

Bəli, dinləmisiniz?

Mark: Bəli, bu, bir növ çox güclü daxili partlayışdır! O, piano arxasında oturarkən elə hiss yaranırdı ki, sanki onun ayaqları Azərbaycan torpağına kök salır və oradan bütün bu duyğuları və səsləri dartıb çıxarır.

MÜSAHİBƏ: SONA NƏSİBOVA

FOTO: PƏRVİZ QASIMZADƏ