NARGIS
Ru En
NARGIS MAGAZINE
SƏYAHƏTLƏR

İfuqao. Yerin sakinləri

Çoxdandır başqa ölkədə, planetin, bəlkə də ən texnoloji və müasir şəhərində ‒ Dubay əmirliyində yaşayıram. Ancaq ruhum, varlığımın mənası – mənim ifuqao xalqımın tarixi ilə, onun ənənələri və taleyi ilə qırılmaz tellərlə bir-birinə hörülüb. Mən nəsil köklərimin heyrətamiz maqnetizmini hiss edirəm, o, mənə həyatın hər bir günündən hər bir anından güc və ilham almağa kömək edir. Bunu mənə əcdadlarım öyrədib...

Filippin dilindən “qəhvəyi insanların şəkilləri” kimi tərcümə olunan Imahe Ng Kayumanggi adlı silsilə fotoşəkillər, Luzon adasının şimalındakı Filippin Kordilyerlərində çəkilib. Bu, mənim əcdadlarımın – İfuqao qəbiləsinin portret kolleksiyasıdır.

Dənizlər və okeanlar arasında itib-batmış, yeddi min adadan ibarət olan Filippin dövləti öz sirli, sehrli gözəlliyi və füsunkar təbiəti ilə səyahətçiləri cəlb edir. Burada təbiətin ritminə, qanun və qaydalarına uyğunlaşaraq, onunla ahəngdar yaşamağa alışıblar. Yəqin, buna görədir ki, Luzon adasının iki min ildən çox yaşı olan məşhur Banaue terraslı düyü tarlaları, YUNESKO tərəfindən, qeyri-adi gözəlliyə malik canlı mədəni landşaft olaraq Ümumdünya miraslar siyahısına salınıb.

İfuqao – adanın yerli xalqının adıdır, onların əsas məşğuliyyəti isə terraslı əkinçilikdir. "İfuqao" etnonimi I-pugaw sözündəndir və mənası "Yer sakinləri" deməkdir.

Bədən tatuajı burada ağrılı bir inisiasiya ayininin nişanəsi, cəsurluq şəhadəti, status nümayişi, dini və hətta siyasi mənsubiyyət işarəsi kimi qəbul olunur. Qəbilə başçılarına meymun kəlləsi, qabanın qılınc dişi, kərgədan-quşun dimdiyi və lələkləri ilə bəzədilmiş əldəqayırma baş örtüyü verilir.

Ənənəvi ifuqao geyiminə qabaqdan sallanan, amma yanları çılpaq qoyan omba sarğısı daxildir. Qəbilə qadınları ətək geyinirlər, bu ətəklərin naxışlarında qırmızı zolaqlar, həmçinin təbiət mövzusunda həndəsi bəzək-tikmələr üstünlük təşkil edir. Əl ilə toxunan parçanı, əsasən qırmızı, yaxud göyü və yeri simvolizə edən indiqo ilə boyayırlar, sarı rəng isə dağları təsvir edir.

Bunlar, təsərrüfatın müasirləşməsi və torpaqlarının mənimsənilməsi səbəbindən bir mədəniyyət kimi itmək üzrə olan ifuqao qəbiləsinin mədəniyyətini təşkil edən əsaslardan bir neçəsidir. Bu foto layihəsini 2014-cü ildə düşünmüşdüm, ümid edirdim ki, bu dağ qəbiləsinə diqqət yönəldə biləcəyəm, çünki buna son dərəcə ehtiyacları var. Hələ də ümid edirəm ki, bu fotoşəkillər həm filippinli dostlarımın həyatında, həm də bütövlükdə dünya ictimaiyyətinin həyatında silinməz iz buraxacaq və əcdadlarımın itməkdə olan mədəniyyətinin – mənim ifuqao mədəniyyətimin – gözəlliyini qorumağın nə qədər vacib olduğunu anlamağa kömək edəcək.

Mətn və foto Dennis Dela Cruz