NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Dj Heyder

DJ Heyder – Azərbaycandan kənarda tanınan, EDM musiqi istiqamətində çalışan ilk və indiyədək  yeganə ifaçıdır. DJ-lik etməyə 2015-ci ildə başlamış və tezliklə EDC Mexico 2016 adlı ən böyük elektronik musiqi festivallarından birində çıxış etmək üçün dəvət almışdır. Onun remiksləri Tomorrowland, Ultra Music kimi böyük musiqi festivallarında səslənir. 

Amerikanın Billboard jurnalı Dj Heyderin “We don’t talk anymore” remiksini Çarli Putanın mahnılarından ibarət 12 ən yaxşı remiks siyahısına daxil edib. 

Dj Heyder – We don’t talk anymore

2017-ci ildə Heyder məşhur SDM Management ilə müqavilə imzaladı və Stefan Dabrаk ilə çalışmağa başladı. Onun sonuncu remikslərini Universal music, Warner Music, Atlantic Records, Big Beats Records, BMG və başqaları kimi musiqi leyblları imzalayır.  DJ Heyderin trekləri  One Republic, Nicky Romero, Dash Berlin, Robin Schulz, David Guetta, Timmy Trumpet, Paul van Dyk kimi nüfuzlu Dj-lər tərəfindən dəstəklərin və tanınır.

Elektron musiqiyə necə başladınız?

Uşaq yaşlarından musiqiyə böyük marağım olub. Xüsusən də, xarici musiqilərə. Musiqiyə pianoçu olaraq başlasam da, içimdəki elektron musiqi sevgisi daha böyük idi. Bu səbəbdən hərbi xidmətdən sonra FL studio proqramı ilə tanış oldum və beləliklə elektron musiqiyə başladım.

Sizi nə ilhamlandırır?

Hər zaman musiqi yazmamışdan öncə ilk sevdiyim DJ və sənətçilərin yaradıcılıqlarını izləyirəm. Xəyal gücümü hər zaman yüksək tuturam və bu məni ilhamlandırır.

Kaver versiyalara münasibətiniz?

Kaver versiyalar mənə çox maraqlıdır.  Bir musiqini hər kəs başqa cür duyur və təxəyyülu ilə qəbul edir. Ona görə də kaver versiyalar, ola bilər ki, orijinaldan belə yaxşı alınsın. Bu remikslərə də aiddir. Axı kaver versiya və remiksləri istehsal etməyə heç kəs qadağa qoymayıb və hansısa bir orijinal versiyanı çox adam kaver və remiks edə bilər və bu çoxluq içərisində o qədər istedadlı insanlar var ki, orijinal versiyanı yazan bir bəstəkardan, prodüser və ya ifaçıdan daha yaxşı versiya ərsəyə gətirə bilər.

Dj Heyder – Adventure

Rəqəmsal musiqi, yoxsa həm də analoq musiqi ilə çalışırsınız? Bu bir vərdiş məsələsidir, yoxsa səslənmədə fərq var?

Mən Rəqəmsal platformada çalışıram ki, hal-hazırda janrından asılı olmayaraq bütün musiqiçilər ondan istifadə edirlər. Günümüzdə möhtəşəm analoq alətlərinin də artıq rəqəmsal variantları çıxıb ki, eyni keyfiyyəti verir. Bəlkə də 10 il əvvəl bu belə deyildi, amma hal-hazırda istehsal olunan rəqəmsal alətlərdən görünür ki, rəqəmsal daha effektivdir və səslənmədə də analoq ilə eyni keyfiyyətdədir. Əlbəttə ki, həmin rəqəmsal alətlərin necə düzgün və eksperimental istifadəsindən də çox şey asılıdır. Əgər düzgün istifadə olunursa, nəticə verir.

Tez-tez qastrol edirsiniz?

Xeyr, tez-tez etmirəm. Əsasən beynəlxalq arenalar və festivallarda çıxış etməyə üstünlük verirəm. Bu il Amsterdamda keçiriləcək Amsterdam Dance Event-də çıxışım olacağı gözlənilir.

DJ-lik etməyə 2015-ci ildə başlamısınız, bir ildən sonra isə ən böyük "EDC Mexico 2016" elektron musiqi festivalında iştirak etmisiniz. Bu necə oldu?

Bəli, bu mənim karyeram üçün inanılmaz bir addım idi. İlk rəsmi remiksim Dash Berlin “Shelter” remiksi olub. Bu səbəbdən onlar mənə e-mail ünvanına çox bəyəndiklərini yazdılar. Daha sonra Dash Berlin – və indiki səhnə adı Jeffrey Sutorius – və onun Meksikada yaşayan dostları ilə münasibətim yarandı. Onların köməkliyi ile EDC Mexicoya dəvət qazandım.

Dj Heyder – Shelter (Dash Berlin)

İştirak etdiyiniz ən yadda qalan musiqi festivalı? Və niyə?

Ən yadda qalan Vietnamda keçirilən Fun Beach Festivalı idi. Çünki insanlar həqiqətən musiqini hiss edərək rəqs edirdi. Orada çox sayda fanatım olduğu üçün xoşbəxtəm.

Hazırda elektron musiqi aləmində maraqlı nə baş verir?

Bildiyiniz kimi, elekton musiqi sahəsində böyük itki baş verib. Avicinin (Tim Berling) ölümü məni və bütün dünyanı həqiqətən sarsıtdı. Hazırda elektron musiqisi aləmində yeni-yeni janrlar peyda olur. Buna səbəb elektron musiqinin eksperimental olmasıdır. Hər bir elektron musiqiçi çalışır ki, öz dəsti-xəttini yaratsın. Bəzi vaxtlar olur ki, bu dəsti xətt yeni janra çevrilir. Hal-hazırda da son 4 ildə bir çox yeni janrlar peyda olub.

Siz Stefan Dabrаk ilə SDM management-lə artıq iki ildir ki, çalışırsınız. Əməkdaşlığınız barədə bizə məlumat verin. Bu işinizə necə təsir göstərdi?

Artıq iki ildir, bəli. Əməkdaşlığımız çox yaxşı nəticə verir. Stefan Dabrаk sayəsində dünya ulduzları ilə rəsmi remiks həyata keçirmişəm. SDM management karyeramda böyük dəstək olur.

Oxucularımıza dinləmək üçün tövsiyə etdiyiniz sizin sevimli top-3 trek.

  1. Porter Robinson – Language
  2. Alesso – Years ft. Matthew Koma
  3. Rudimental Feat. James Arthur – Sun Comes Up (Heyder Remix)

DJ-yin uğuru necə ölçülür?

DJ-yin uğuru bir çox qaydalara görə ölçülür. Söhbət beynəlxalq DJ-lərdən və beynəlxalq miqyasdan gedirsə, o zaman müvafiq saytlar və chartlara görə DJ-lər uğurlarına görə sıralanır. Amma, məncə, DJ-yin auditoriyanı ələ alması ən böyük uğurlardan biridir. Onun prodüser və ya musiqi istehsalçısı olması da DJ-yə böyük ad və fərqlilik verir və onun qiymətini qaldırır.

Emin – Let me go (DJ Heyder Remix)

 

Yay mövsümü üçün planlarınız? Dj Heydəri harada dinləmək mümkün olacaq?

Bu yay iki yeni single ve iki yeni klip gözlənilir. Əlavə olaraq Radio Show-a start verəcəyəm.

Avicii – SOS ft. Aloe Blacc (Heyder Remix)

 Müsahibə: Sona Nasibova