NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

YAY Qalereyasında“1001 gecə”

27 aprel tarixində saat 19:00-da “Yay Gallery” də  “1001 gecə” adlı qrup sərgisinin açılışı olacaq.

1001_gece_2

“1001 gecə” sərgisində müasir incəsənət sahəsində çalışan görkəmli Azərbaycan rəssamlarının rəssamlıq, heykəltəraşlıq və instalyasiya işlərinin ekspozisiyası təqdim olunacaq.   Sərgi İslam mədəniyyəti ənənələrindən, dəyərlərindən və onların müasir dövrə necə uyğunlaşmasından və hansı transformasiyalara uğramasından bəhs edir.

Orxan Hüseynovun “Müsəlman kosmonavtlar” adlı silsiləsi  rəssamın tarixi tədqiqatları əsasında yaradılıb.

Faiq Əhməd “Düşüncənin təzahürü” əsərində, xalçanın bir hissəsinin strukturunu pozaraq, klassik elementlərin bir qismini qabardır. Bununla rəssam  adi ikiölçülü xalçanı dəyişərək, üçölçülü və həcmli şəkildə təqdim edir.

Rəşad Ələkbərovun “Şəbəkə” və “Və O dedi...” adlı işıq instalyasiyaları rəssamın ənənəvi elementləri fərqli formada göstərmək ideyasına əsaslanır. 

Fərid Rəsulovun “Şəbəkə”  instalyasiyası (Qərb vitraj sənətinin ekvivalenti)  həmçinin Azərbaycan memarlığının incilərindən sayılır.

Hüseyn Haqverdinin “Sınma” silsiləsindən olan heykəl və tabloları rəssamın incəsənətin fərqli növlərinə eyni pozisiyadan yanaşmasını nümayiş etdirir.

Rеza Hazarenin “Letargiya bağçası” silsiləsindən olan qrafik əsərlərində rəssam öz qəhrəmanlarının arxa fonunu boş saxlayaraq, insan faktorundan başqa hər şeyin boş və mənasız olması ideyasını diqqətə çatdırmaq istəyir.

Sərginin kuratoru Fərəh Ələkbərli olacaq.

Nə zaman: 2017-ci ilin 27 aprel – 11 iyul tarixlərində

Harada: Yay Gallery. İçərişəhər  Kiçik Qala 5