NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

“SCHIAPARELLI”NİN İZLƏRİ İLƏ

O, UŞAQ YAŞLARINDAN MODA SAHƏSİNDƏ ÇALIŞMAQ ARZUSUNDA OLUB. EVLƏRİNİN YAXINLIĞINDAKI QƏZET KÖŞKÜNDƏN ƏLDƏ ETDİYİ “VOGUE” JURNALININ YEGANƏ NÜSXƏSİ ONUN UŞAQ ƏLLƏRİNDƏ RƏQƏMSAL DÖVRDƏN ƏVVƏL ƏSL XƏZİNƏ, BÜTÖV BİR DÜNYA İDİ. İNDİ İSƏ YAŞI ARTIQ 50-Nİ ÖTÜB, AMMA KEÇMİŞLƏ GƏLƏCƏK ARASINDA TARAZLIĞI BACARIQLA SAXLAYAN BU YARAŞIQLI BRETONLU RUHƏN GƏNCDİR. BERTRAN GİYON – “SCHIIAPARELLI” BRENDİNİN TARİXİNDƏ YENİ FƏSLİN MÜƏLLİFİ.

bertrand_guyon_maison_schiaparelli_bd

“Schiaparelli”yə necə gəldiniz?

Mən öz yerimdə xoşbəxt idim və başqa yer axtarmırdım, amma deməliyəm ki, bu yeni moda Evindən nəzərlərimi çəkmirdim. Oradan daxil olan zəng əsl sürpriz oldu, mən onu heç gözləmirdim, amma bu təklifdən qürurlandım və təsirləndim. Fikirləşdim ki, mənim üçün elə andır ki, onu əldən vermək olmaz.

Siz bir dəfə demişdiniz ki, 2015-ci ilin aprel ayında Elza Skiaparellinin Evinə qoşulmazdan öncə onun haqqında bir o qədər də çox məlumata malik deyildiniz. Ötən 3 il ərzində Sizin düşüncəniz çoxmu dəyişib?

Bəli, Skiaparelli haqqında məlumatlarım çox az idi, mən bunu etiraf edirdim. Axı mən təsəvvürümə də gətirə bilməzdim ki, burada çalışacam!

Xatırladığım qədər 6-cı kolleksiyanı təqdim etsək də, zaman çox sürətlə ötüb keçdi. Çox şey dəyişib: mən artıq özüm üçün bu Evi kəşf etmirəm, artıq özümü burada evdəki kimi hiss edirəm. Elza Skiaparellinin irsinə hörmətlə yanaşıram və özümlə dürüst olmağa çalışıram. İlk növbədə bu layihə mənim barəmdə deyil, Skiaparelli haqqındadır.

Hər mövsüm kolleksiyalarımın qadınlar tərəfindən yaxşı qarşılanması ilə xüsusi qürur duyuram. Hiss edirəm ki, hazırda “Schiaparelli”yə yanaşmam bura gəldiyimdəkindən bir qədər fərqlənir.

Mən axıcı, yüngül, amma eyni zamanda gərgin və getdikcə daha çox meydan oxuyan reallığa daha çox vaxt ayırmaq üçün keçmişin arxivindən uzaq dururam. İlk mövsümlər məqsədimin nədən ibarət olduğu o qədər də aydın deyildi; indi isə özümə qarşı daha tələbkaram.

Elza Skiaparelli məndə özümü ifadə etmək azadlığına, ruh azadlığına iştaha yaradıb... O, həqiqi mənada azad idi. Bu, onun həyatını necə idarə etməsindən sezilir. O, hər şeyi özü edirdi, ona heç kim yardım etmirdi. Azadlıq onun incəsənətinə və ona məxsus “feşn”ə hopub.  O, özünü məhdudlaşdırmadan, istədikləri insanlarla çalışırdı. Bu, onun üçün əsl iş idi: o, qadınları geyindirmək istəyirdi və maskarad kostyumları deyil, paltar yaradırdı. Bu, rəssamlarla kollaborasiya nəticəsində meydana gələn orijinal modellərə də aiddir. Yeri gəlmişkən, 11 il çalışdığım Kristian Lakrua haqqında da eyni sözləri söyləyə bilərəm: o da kutyur kolleksiyalarının yaradılmasında tam sərbəstdir. Bunu hər dizayner haqqında söyləmək olmaz!

elsa_schiaparelli_1937_by_horst_condenast_publications_inc

Deyəsən, madam Skiaparelli üçün heç bir qadağa yox idi. Bəs Sizin haqqınızda nə demək olar?

Tənqid atəşinə tutulmaq riski olmadan, polemika törətmədən bəzi problemlərə toxunmağın mümkünsüzlüyünü nəzərə almaq lazım gəlir. Onlara toxunmamaq daha təhlükəsiz və məntiqlidir.

Elza Skiaparelliyə gəldikdə isə... Düşünürəm ki, onun üçün də qadağalar mövcud idi. O, “grande bourgeoise” idi. Onun əşyalar haqqında dəqiq təsəvvürü var idi, prinsipləri var idi. Aldığı təhsil, ailəsi və böyüdüyü mühafizəkar sosial mühit – bütün bunlar öz təsirini göstərmişdi. Məsələn, mən əminəm ki, o, qızı və nəvələrinə qarşı çox tələbkar olub. Haradasa, 50-ci illərdən başlayaraq bu sezilir. Ola bilsin ki, onun ailəsinə nə isə demək və etmək qadağan idi. Eyni zamanda, o, ruhən azad, müstəqil, azadfikirli olan – iki dünya müharibələri arasında həyatını tam dolğun yaşayan bir qadın idi.

Elza Skiaparelli ilə şəxsən söhbət edə bilsəydiniz, ondan nə soruşardınız?

Söyləmək çətindir... Ofisimdə onun çox sayda portretləri var. Bəzən üzərimdə onun  nəzərlərini hiss edəndə qeyri-ixtiyari düşünürəm: o, bügünkü dünya və bu dünyada qadın xisləti haqqında nə fikirləşərdi? Ola bilsin ki, mənim etdiklərimi bəyənməzdi: axı biz fərqli nəsillərə mənsubuq. O, qadın idi, mən – kişi. O, müstəqil, qorxmaz şəxsiyyət idi, bu həmən dövrün qadınları üçün tipikdir, mən isə başqa zəmanədənəm.

elsa_schiaparelli_january_1st_1938time_life_picturesgetty_images

Schiaparelli”nin tarixi çətin dövrdə başlayıb. Madam isə deyirdi ki, “çətin zamanlarda moda həmişə qeyzə gəlir”. İndi Siz “Schiaparelli”ni yenidən ixtira edirsiniz, amma artıq başqa kontekstdə. Ümumiyyətlə, bu necə mümkündür?

Bizim etdiklərimiz geriyə baxmaq deyil, “Schiaparelli” ruhunu maksimal dəqiqliklə müasir dünyanın dilinə çevirməkdir. Düzünü deyim ki, mən “yenidən ixtira” ideyasını o qədər də sevmirəm: bu sözlər kifayət qədər köhnəlib. “Mən “Schiaparelli”ni ixtira etmirəm” söyləmək çox iddialı olardı. Mən, Evin atmosfer və ruhunu qoruyaraq, lakin onu günümüzə uyğunlaşdıraraq “Schiaparelli” adını daşıyan kolleksiyalar vasitəsi ilə yeni həyat bəxş etməyə çalışıram. İlahiləşdirilmiş Evə, moda aləmindən kənarda olan nadir şəxslərə bəlli olan onun heyranedici irsi və tarixinə hörmətlə müasirlik arasında tarazlığı tapmaq.  

Sürrealizmsiz “Schiaparelli” nədir?

Bu, dayanıqlı assosiasiyadır, hərçənd əslində Elza Skiaparelli sürrealizmə işarə kimi dəyərləndirilə biləcək cəmi bir-neçə əşya yaratmışdı. Bəli, onun Dali və digərləri ilə kollaborasiyaları möhtəşəm idi, amma yenə də bu çox sadələşdirilmiş tərifdir. Sanki insanlara onun etdiklərini təsvir etmək üçün epitetlər yetmir, nəticədə isə onlar hər şeyi sürrealizm kimi yozurlar, hətta o olmadığı yerdə! Hərçənd bu ilin kolleksiyası heç də sürrealizmdən ilhamlanmamışdı, amma bir çox jurnalistlər məhz belə yazdılar. Bu, məzəli haldır. Sürrealizm tapmaq istəyi varsa, onu daha çox bizim Evin oxlanmış ürək və ya qəsr kimi kodları ilə oyunumuzda tapmaq olar. Amma bu, kolleksiyanın cüzi hissəsidir. Mən “Schiaparelli”ni əhatə edən stereotipləri kənara çəkməyə ümid edirəm. Bu əfsanəvi ada dinamika, yeni baxışlar əlavə etmək istəyirəm.

schiaparelli_pe2018_look_29

Təqribən 100 il əvvəl başlanılanı davam etdirmək necə hissdir?

Əslində, bu haqda, demək olar ki, düşünmürsən, əks halda belə təzyiq sadəcə dözülməz olardı.

Ola bilsin ki, “Schiaparelli”yə gələndə mən məhz bunu sona qədər dərk etmirdim. Amma bu bir meydan oxumadır!

Razısınız ki, hər yeni şey yaxşı unudulan köhnədir?

Hər zamanın öz qavraması var. Məsələn, indi 90-cı və 2000-ci illər trenddədir, amma onlara surətini çıxarmaq üçün deyil, yenidən işləmək üçün qayıdırlar. Əvvəlki tək “yenidən kəşf” etməli olacağımız çox sayda detallar var. İncəsənətdə də belədir: o, heç zaman təkrarlanmır. Çoxdan üz-üzə gəlmədiyimiz isə - prinsipial yeni düşüncə doğuran nəhəng mədəni tərəqqidir.

Sonuncu belə tərəqqi, mənə elə gəlir ki, 60-cı illərdə olub.  

 schiaparelli_pe2018_look_01

2015-ci ildə Siz “Schiaparelli”yə gəldiniz, elə həmin ildə də Li Edelkort “Anti-fashion” manifestini dərc etdi. O iddia edirdi ki, moda artıq əvvəlkinin parodiyasına çevrilib, XX əsrə geri boylanmağı isə feşn-sənayenin yerində addımlamağının səbəblərindən biri kimi qiymətləndirib. Onunla razılaşmağa dəyər?

Li Edelkorta böyük hörmətim var, amma “feşn”dən daim şikayətlənmək və ona hücumlar etməyin müdrik addım olduğunu düşünmürəm: bu sənaye bütün planetdə çox sayda insanı işlə təmin edir. Bəli, bu sərt sistemdir, amma burada da özünü ifadə etməyin üsulunu və öz yolunu tapmaq mümkündür! Temp intensivdir, bu, elədir. Çoxları şou və moda həftələrinin həddindən artıq çox olduğunu deyir... Amma heç kim bundan daha yaxşısını təklif etməyib, hətta sosial media əsrində belə! Bir də ki, yeni kolleksiyanın təqdimatı üçün şoudan daha yaxşısı yoxdur. Bu xüsusi bir məqamdır: paltarlar, modellər, onların saç düzümü və makiyajı, musiqi – hər şey qonaqların gözü qarşısında vahid bir mənzərədə toplanır... Bu, sadəcə geyim nümayişindən daha artıqdır! Əlbəttə ki, bütün şoular eyni dərəcədə yaxşı deyillər. Amma yeni brendlərin, yeni dizaynerlərin əmələ gəlməsi üçün onlar zəruridirlər. Çünki mətbuat da, ardından müştərilər də onları tanımalıdırlar.

Parçalar haqqında danışardınız. Sizin üstünlük verdikləriniz və tədarükçülər hansılardır.

Yüngül parçaları xoşlayıram, məsələn, ipək şifon kimi. Qalınları da, məsələn, yun. Bu il bizim bütün parçalar və materiallarımız eksklüzivdir. Misilsiz nou-hau və istedadlara malik ustalarla çalışmağı çox sevirəm. Bir də mən nadir sənətkar bacarıqlarını və ənənələrini – “Lesage” ustalarından daha az tanınanlara, amma qeyri-adi əşyalar yaradanlara qədər - əbədiləşdirmə imkanına malik olmağımızı bəyənirəm. Biz birlikdə tək-tək yarada bilməyəcəyimizi yaradırıq. Əslində, “haute couture” sənətkarlıqla və fərqli bacarıqların qarışması ilə bağlıdır. Bu mövsümün kolleksiyasının yaradılmasında istifadə edilən valehedici texnikalardan biri – “Swarovski” muncuqlarının hörülməsi ilə neylon iplikdən trikotajın toxunmasıdır. Biz hər sırıq arası muncuqla neylon donu toxuyan toxucu qadın tapdıq – gözəl naxış alındı. O, bu mövsümdə bizə ilham verən mənbə kimi xidmət göstərmiş İngiltərənin Yelizaveta dövrünü xatırladır. Tək bu kokteyl donunda toxuma texnikası, rəngarəng Swarovski kristalları, atelyenin işi və bizim kutyur kolleksiyasına nəzərlərimiz bir arada toplanıb.

schiaparelli__swarovski_sketch

Kutyur ümumiyyətlə kollaborasiyalar üzərində qurulur. Hər kəs öz istedadını, nəzərini, perspektivini və hisslərini əlavə edir, nəticədə isə nə isə yeni, bir insanın edə biləcəyindən daha gözəl bir şey alınır.

Bütün bu mövsüm, emal edilməmiş materiallardan və hətta ərzaq dükanından əldə edilmiş plastik paketlərdən (biz onları zolaqlara doğradıq və rafiya və lələklərlə hörərək, qiymətli kutyur keypi yaratdıq) istifadə daxil olmaqla, eksperimental xarakter daşıyırdı. Adi qeyri-adi oldu və bu Skiaparelli üslubundadır.       

Moda kifayət qədər dəyişkəndir. Deyəsən onunla ayaqlaşmaq asan məsələ deyil...

Bu mənada kutyur başqa cür çalışır. Bu haradasa milli sərvətdir. Burada aparıcı aspekt həmin qeyri-adi nou-haudur. Həm də brenddən kənarda da işçi yerləri yaradan real biznesdir. Bu, fransız lüksunun sadələşdirilmiş obrazından daha yüksəkdir: kutyur real olaraq ictimaiyyətə və iqtisadiyyata təsir göstərir. Bu həm aktualdır, həm də vacibdir, indi isə heç vaxt olmadığı qədər. Çünki kutyur olmadığı təqdirdə yox ola biləcək sənətləri mühafizə etməyə yardım edir. Bütün bu naxış tikən, lələklər və ya at tükü ilə işləyən, böyük ustalıq və ixtiraçılıqla əl ilə kroşe toxuyan gözəl insanlar sadəcə olmazdılar. Kutyurun gözəlliyi budur!

“Haute couture” ona görə daha aktualdır ki, onda hər əşya prototip, özünəməxsus ideyalar laboratoriyası kimidir. “Haute couture” əsl unikal nümunələrin yaradılması azadlığını nəzərdə tutur. Bu, ümumiyyətlə insan mədəniyyətinə xasdır: kutyuru Afrikada da, Cənubi Amerikada da tapmaq mümkündür... Siz uzaq və ya təcrid olunmuş tayfaların fotolarında heyranedici geyimlər - lələklərdə bəzədilən baş örtükləri, naxışlı paltarlar və s. görürsünüzsə, bunların arxasında dayanan iş “haute couture”un digər növüdür.

Biz anlamalıyıq ki, Yer kürəsinin bir çox guşələrində olduğu kimi, bir gün bunlar yox ola bilər: indi hara gedirsən get, insanlar eyni libasdadırlar... “Haute couture” – daimilik aktıdır.

sketch_5_by_serge_matta__archives_maison_schiaparelli.

Madam öyrədirdi ki, heç vaxt donu bədən formasına görə tənzimləmək lazım deyil, əksinə, bədən üzərində işləmək lazımdır ki, dona uyğunlaşsın. Onunla razısınız?

Məncə o tam əksini edirdi.

Aydındır ki, don bədən formasına uyğun olmalıdır, texniki cəhətdən başqa variant yoxdur. Arxivə nəzər saldıqda, biçim və oturuşun nə dərəcədə mürəkkəb olduğunu gördükdə, onların arxasında parçanın maneken və ya model üzərində necə davranmasına dair bütöv bir tədqiqatın dayandığını anlayırsan. Bəzi tikişlər, bəzi detallar onun donu məhz bədən formasına uyğun oturtduğunu nümayiş etdirərək sırf müəyyən yerdə yerləşirlər. Özü də sketçlər yox idi, onlar daha sonra, biçimin ardınca peyda olurdular. Ola bilsin ki, o, bu ifadəsi ilə demək istəyirdi ki, don şəxsə uyğun olmalıdır, qadının f ə r d i l i y i n i vurğulamalıdır, onu gözəl görünməyə və özünü belə hiss etməyə məcbur etməlidir.

MÜSAHİBƏ SONA NƏSİBOVA FOTO MƏTBUAT MATERİALLARI