NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

M.A.P.-2019 FESTİVALI: ONU NİYƏ GÖZLƏYİRİK

10-20 oktyabr tarixlərində Bakı şəhərində 3-cü M.A.P. (Musiqi, Art, Performans) Beynəlxalq Teatr Festivalı keçiriləcək. Şəhərin əsas teatr səhnələrində yaxın və uzaq xarici ölkələrin ən yaxşı teatrlarının tamaşaları nümayiş olunacaq. Festival proqramına müxtəlif janrlarda və müxtəlif teatr məktəblərindən 16 tamaşa daxil edilmişdir. Burada dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından tutmuş klounada və sirk elementlərinə malik musiqili tamaşalar görmək mümkün olacaq...

Bu il festivalda Yevgeni Vaxtanqov adına Teatr (Rusiya), “AXE” Teatrı (Rusiya), "Priyut komedianta" Teatrı (Rusiya), "Kukolnıy dom" Teatrı (Rusiya), Yeni Riqa Teatrı (Latviya), Avropa Teatrı (Rusiya), Devid Espinozanın  Kukla Teatrı (İspaniya), "OLE!" kollektivi (İspaniya-Böyük Britaniya), "WHS" Teatrı (Finlandiya), dünyaca məşhur "Kibbutz" rəqs kollektivi (İsrail), "Sardegna" Teatrı (İtaliya), "Atelye" Teatrı (Rusiya), "Puppet Cinema" kollektivi (İsrail) və “Recircuel” şirkəti (Macarıstan) iştirak edəcək.

Festival rəsmi olaraq Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında rejissor Kamran Şahmərdanın "Dəli yığıncağı" tamaşası ilə açılacaq, lakin festivalın ilk qaranquşları hələ sentyabrın əvvəlindən qanad açıblar və Bakı tamaşaçılarına əfsanəvi Yevgeni Vaxtanqov adına Teatrının üç tamaşasını izləmək imkanı yaradıblar: Dövlət Akademik Musiqili Teatrında Rimas Tuminasın səhnələşdirdiyi "Yevgeni Onegin", Rus Dram Teatrında isə "Medeya" (baş rolda Yuliya Rutberq) və aktrisa Sara Bernarın xatirələri haqqında olan "Lanqustun harayı" tamaşası göstəriləcək.

Festivalda həmçinin məşhur Lev Dodinin quruluşunda, füsunkar Kseniya Rappoportun Yelena Andreyevna rolunu ifa etdiyi "Vanya dayı" tamaşası; Sankt-Peterburqun "Priyut komedianta" Teatrının "Podolskdan olan adam" komediyası və məşhur latviyalı rejissor Alvis Hermanisin səhnələşdirdiyi yazıçı Tatyana Tolstoyanın "Sonya" pyesi də yer alır.

M.A.P. Festivalı ötən mövsümlərdə olduğu kimi gənc aktyorlar, rejissorlar, ssenaristlər və teatr tamaşalarının sirlərinə bələd olan hər bir kəsə təcrübələrini bölüşmək, ən vacib suallara cavab almaq və peşə əlaqələrinin coğrafiyasını genişləndirmək üçün fürsət yaradacaq. Oktyabr proqramı festival qonaqlarının mühazirələri və ustad dərsləri ilə dolu olacaq. Heç bir şeyi əldən verməmək üçün yalnız M.A.P. saytına abunə olmaq qalır.

M.A.P. Festivalının açılışı festivalın keçirildiyi üç il ərzində göstərilmiş bütün tamaşaların afişalarının sərgisi ilə müşayiət olunacaq.

 

Biletləri iticket.az saytında, şəhərin kassalarında və ASAN xidmət mərkəzlərində əldə etmək olar.