NARGIS
Ru En
NARGIS MAGAZINE
MÜSAHİBƏLƏR

LESAGE EVİNİN NAXIŞ SİMFONİYASI

Fransız naxış sənəti moda dünyasında layiqli bir nüfuza malikdir. 1924-cü ildən bəri mövcud olan məşhur Evin ən parlaq nümayəndəsi Fransua Lesaj bu sənəti özünəməxsus sənətkarlığı ilə şöhrətləndirdi. Bu gün maestro Lesajın əsərinə Yuber Barrer başçılıq edir. Onunla apardığımız söhbət naxış sənəti və onu yaradanların, yüksək modanın təvazökar qəhrəmanlarının inanılmaz dünyasına özünəməxsus bir ekskursiya oldu.

Siz Chanel, Louis Vuitton, Dior, Valentino, Gucci və Jan-Pol Qotye və Tyerri Mügler kimi istedadlı dizaynerlərlə işləmisiniz. Bu əməkdaşlıqlardan hansı biri sizin üçün ən çox yadda qalan oldu?

Məni təəssüratlandıran ilk şəxslər artıq əfsanəyə çevrilmiş Givenchy və Yves Saint Laurent idi. Ancaq ən parlaq əməkdaşlıq Aleksandr Makkuinlə oldu. Bu ustanın spontanlığı və dahiliyi məni valeh etmişdi.

Siz uzun müddət Lesage evinin art-direktoru vəzifəsində çalışan Fransua Lesajı əvəz edirsiniz. Missiyanızı nədə görürsünüz?

Cənab Lesaj unikal bir şəxsiyyət idi, onu əvəz etmək mümkün deyil. Cəhd etməyə dəyərmi? Missiyamı bu Evin ənənələrini davam etdirməkdə görürəm. Onun mirası böyük hörmətə layiqdir və günümüzdə istifadə olunur. Modanın mahiyyəti isə – daimi dəyişiklikdir.

Fransua Lesajı necə xatırlayırsınız?

Bu insan qeyri-adi keyfiyyətlərə malik idi – həm insani, həm də peşəkar, yüksək yumor hissinə və inanılmaz bir mədəniyyətə sahib idi. İnsanlarla necə ünsiyyət qurmağı bilirdi. Əgər bu gün naxış sənəti inkişaf edirsə, bir çox cəhətdən onun sayəsindədir. Qadağalara qarşı mübarizə aparırdı. Onun sayəsində yüksək modanın kiçik peşələri təqdir olunmağa başladı.

Müxtəlif evlər və onların dizaynerləri ilə əməkdaşlığın xüsusiyyəti nədədir?

Hər Evin üslubunu yaxşı bilmək, hörmət etmək və bu Evi təmsil edən dizaynerin nə istədiyini başa düşməyə çalışmaqla zənginləşdirmək lazımdır. Üstəlik, dizaynerin düşüncələri həmişə Evin düşüncələri ilə üst-üstə düşmür. Bizim vəzifəmiz hər ikisinə uyğun bir şey təklif etməkdir.

Lesage Evi bu gün ən məşhur naxış tikmə müəssisəsidir. Onun uğurunun və uzunömürlülüyünün sirri nədədir?

Bir çox cəhətdən Fransua Lesajın özünün şəxsiyyətində və onun böyük mirasında. Bu müəssisənin 60 min arxivi var, onlardan bəziləri 1860-cı illərdən bəri qorunub saxlanılır. Onlar moda tarixi üçün böyük dəyər kəsb edir. Digərlərinin arasında – Elza Skiparelli və İv Sen Loranın arxivləri yer alır. Bundan əlavə, burada işləyən insanlar çox gözəl sənətkarlardır. Təcrübəli sənətkarlar bilik və bacarıqlarını gənclərə ötürürlər. Burada gördüyümüz işlər yalnız iş deyil, moda evlərinin xidmətində duran əsl yaradıcılıqdır.

Lesage Evi 2002-ci ildə Chanel tərəfindən satın alınıb. Bu onun fəaliyyətində nəyisə dəyişdi?

Chanel moda evi başqalarından əvvəl bu cür peşələri dəstəkləməkdə maraqlı idi. Lesage Evi Chanel brendinin qanadlarının altına aldığı ilk ev deyil. Bu əməliyyatın məqsədi həm Chanel, həm də qüsursuz keyfiyyəti qiymətləndirən digər moda evləri üçün sənətkarlıq müəssisələrinin fasiləsiz işləməsini təmin etməkdir.

Haute couture modellərinə əlavə olaraq siz həm də prêt-a-porter kolleksiyaları üçün də naxış tikirsiniz. İş prosesində bir fərq varmı?

Fərq keyfiyyətdə deyil, daha çox eksklüzivlikdədir. Və əlbəttə ki, büdcədə. Naxış tikişi üçün material çox bahadır, proses çox böyük zəhmət tələb edir. Haute couture kolleksiyalarında nadir və daha spesifik materiallardan istifadə edilir və prêt-a-porter kolleksiyalarından daha çox vaxt sərf edilir.

Cənab Lesajın ifadəsini şərh edə bilərsiniz: "Kuturye bəstəkar kimidir. Ətrafında musiqiçi yoxdursa – musiqi olmayacaq?”

Musiqi ilə müqayisə etmək çox uyğundur. Özümü dirijor kimi hiss edirəm, amma orkestr yoxdursa, mən sadəcə çubuğumu boş yerə tərpədəcəyəm. Birlikdə isə biz simfoniya yaradırıq.

Houtute couture naxış istehsalında iştirak edən peşələr haqqında bizə məlumat verin.

Müəssisəmizdə yetmişə yaxın işçi var. Onlar ya rəsm (dizaynerlər) ya da birbaşa tikiş (naxıştikən) üzrə ixtisaslaşırlar. Dizaynerlər yaradıcı və texniki mütəxəssislərə bölünür. Naxış tikişində bir çox fərqli üsul var. Əsas əl və maşın ilə işlənilmiş naxış sayılır. Biz nə kompüter, nə də fabrik naxışları tikmirik, çünki bu bizim profilimiz deyil. Tətbiq etdiyimiz istənilən hər bir texnikada, istər əl, istər maşın işi olsun insan əməyi həmişə mövcuddur. Əl naxışları, öz növbəsində qarmaq və iynə ilə tikiş sənətinə bölünür. Qarmaqla tikmə "Lünevil" (Luneville) adlanır, bu naxış növü tikiş prosesini sürətləndirmək üçün yaradılıb. Hər şeyin başladığı iynə ilə tikiş ən əziyyətli və ən yavaş əl işi qalaraq ən nəcib naxış hesab olu.

Sizcə, fransız naxışları nəyə görə yüksək nüfuza malikdirlər?

Fransız naxışlarına dünyanın demək olar ki, bütün tikiş texnikaları daxildir. Onun məşhurluğunun səbəbi siyasi və iqtisadi vəziyyətdir. Hər şey orta əsrlərdə – "ağ naxış" adlandırılan, yəni ipliklə tikilən naxışdan başlayıb. XII əsrdə mərkəzləşdirilmiş hakimiyyətin yaranması ilə Fransa dövləti gücləndi və ticarət əlaqələrinin inkişafı ilə fars qızıl naxışları karvanlarla Fransaya gəlməyə başladı. Marko Polo ipək iplik əsasında tikilən dünyanın ən yaxşı Çin naxışını ölkəyə gətirdi. Fransız naxış sənəti həm Misir tikişarası, həm də I Fransiskanın təşəbbüsü ilə Fransaya gələn italyan ustalarının texnikası ilə zənginləşdi.

Haute couture modelinə naxış tikişinin əsas mərhələləri nələrdir?

Hər şey müəyyən bir nümunənin seçilməsindən başlayır. Ya dizayner artıq modelin hazır eskizi ilə gəlir, ya da onu təklif etdiyimiz rəsmin əsasında hazırlayır. Sonra mən sifarişçilərimizin emalatxanalarının rəhbərləri ilə görüşürəm, birlikdə tikilməkdə olan modelin prototipini nəzərdən keçiririk və üzərinə naxışın necə vurulacağını düşünürük. Sonra naxış nəzərdə tutulmuş ornamentin üstünə vurulur və nəticədə atelyedə düzəldilib təsdiqlənən naxış nümunəsi hazırlanır. Daha sonra naxışı parça üzərinə tikirik.

Haute couture paltarının tikilməsinə nə qədər vaxt sərf olunur?

200-dən 3000 saata qədər, bu da "təcili" sifarişləri yerinə yetirməyi çətinləşdirir. Orta hesabla bir paltara naxış tikməyə təxminən 500 saat vaxt sərf olunur.

Hansı parçanın üzərinə naxış tikmək çətindir?

Məsələn ipək tül üzərinə. İpək çox incədir və ağır naxışlara tab gətirmir. Ya da xovlu olduğuna görə naxış tikən üçün kabus sayılan velür parça üzərinə!

Ən məşhur brendlərlə işləmək bugünkü tendensiyaları müşahidə etmək və müşayiət etmək imkanı verir. Bəs bu gün modada yeni nə var?

Haqqında bu qədər bağırdığımız azadlıq – dəqiq estetik cərəyanın modadan yox olmasına, yalnız ümumi ideyaların və istəklərin qalmasına səbəb oldu. Ətəyin uzunluğu ilə bağlı mübahisələr dövrü artıq keçmişdə qalıb. Bu gün hər bir moda evi subyektiv moda görüşünü təqdim edir. Baxmayaraq ki, dizaynerlər eyni havanı udur və eyni enerjini alırlar. Məsələn, Raf Simons Dior Evindəki ilk – olduqca çiçəkli kolleksiyasını New Vintage adlandırmışdı. Eyni zamanda, Karl Lagerfeld də eyni adlı kolleksiya yaratmağa qərar vermişdi. Lakin Simons üçün bu Dior Evinin ənənələrini yenidən təfsir etmək demək idisə, Karl üçün isə New Vintage "sabahın vintajı" demək idi. Beləliklə eyni söz fərqli fikirləri ifadə etdi. Bizim rolumuz hər dizaynerin konsepsiyasını dərk etmək, yaradıcı və texniki istəkləri düzgün istiqamətə yönəltməkdir.

Önümüzdəki ildə Lesage Evinin art-direktoru olaraq hədəfləriniz nələrdir?

Moda evləri ilə əməkdaşlığımızı davam etdirəcəyik, yeni sifarişçilər axtarırıq və Qustavo Lins, Maksim Simmens, Aleksander Votye, İris Van Herpen kimi gənc dizaynerlərlə daha yaxından tanış olmaq istəyirik... Bizim vəzifəmiz modaya xidmət etməkdir, moda isə yalnız böyük Evlər demək deyil. Biz gözəllik yaradırıq. Gözəllik yalnız onu dərk etdiyində canlanır. Lesage Evinin məqsədi gələcək nəsillərə sənətkarlıq və gözəllik anlayışını çatdırmaqdır.

 

Müsahibə: Irina de Puiff

Foto: Céline Barrere