NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Bollivud zanbağı

Əfsanəvi Ayşvariya Ray növbəti filminin premyerasında görünəndə və ya qırmızı xalı ilə addımlayanda, Hindistandan olan məşhur gözələ heç olmasa uzaqdan da olsa nəzər salmaq arzusu ilə onu hər zaman hind kinosu pərəstişkarları izdihamı müşayiət edir. Beynəlxalq Kann kinofestivalında bizə nəinki Ayşvariya Rayı yaxından görmək, həm də səmimi söhbət etmək xoşbəxtliyi nəsib oldu...

“Yalvarış” filmində baş rolu ifa etdikdən sonra Siz gözlənilmədən bütün dünyaya elan etdiniz ki, kino və şou-biznesi tərk etməyə hazırlaşırsınız. Belə bir qərar nədən irəli gəlirdi?

Qızım dünyaya gəldi və mən özümü ailəyə həsr etmək istədim. Bu mənim şəxsi qərarım idi, bu məsələdə həyat yoldaşım və qayınanam mənə tam seçim azadlığı verdilər. Lakin mən cəmiyyətdən uzaqlaşmadım: reklam kampaniyalarında çəkilməyə davam edirdim, doğuşdan bir ay sonra isə Kann kinofestivalının qırmızı xalısı ilə addımladım... Beş il ötdü, qızım böyüdü və Sancay Qupta mənə “Qarşılıqlı cəzb”də oğurlanmış uşağın anası rolunda çəkilməyi təklif etdi. Əlbəttə ki, qadın və ana olaraq, bu hadisə məni qəlbimin dərinliyinə qədər həyəcanlandırdı. Elə süjet də kinomuz üçün ənənəyə uyğun qurulmamışdı: axı hind kinolarında adətən diqqət mərkəzində kişilər olur ya da sevən cütlük. Sancayda isə fokusda bütün problemləri və emosiyaları ilə birlikdə qadın idi. Mənə bu rolu təklif etdiyinə görə ona çox minnətdaram. Hadisə sərt triller formatında nəql olunub, amma əslində bu film çox həssas və qadınlar üçündür.

Quptanın bu filmindən sonra Siz cəmi 3 filmdə çəkilmisiniz – Bollivud üçün elə də çox deyil...

Düşünürəm ki, buna səbəb işin mənim üçün artıq maliyyə zərurəti olmamasındadır. Lakin kino əvvəli kimi əsas ehtirasım olaraq qalır. Bu gün mənim üçün maddi gəlir artıq əhəmiyyətli deyil, populyarlıq qazanmaq da lazım deyil – sadəcə istəyirəm ki, tamaşaçı mənim filmimə tamaşa etsin və o, onun qəlbində məskən salsın.

İki il öncə, “Sarabcit” filmində, Siz bədbəxt hadisə nəticəsində Pakistan həbsxanasında 23 il keçirən və edama məhkum edilən şəxsin həyat yoldaşını canlandırdınız. Siz orada makiyajsız, dərin qırışlarla göründünüz. Bu cür, heç də qlamur olmayan rola necə razılıq verdiniz?

Həqiqətən də, qəhrəmanımın çox dərin qırışları var idi, amma xoşbəxtlikdən onların hamısı mənə məxsus deyildi, buna görə də bizim gözəl qrim ustasına təşəkkür edirəm. Mən sadəcə razı olmadım, mən bu rolu ifa etməyi çox istəyirdim, axı aktyorun peşəkarlığı onun yerinə yetirə biləcəyi vəzifələrin mürəkkəbliyi ilə, onun öz təbiətinə tamamilə zidd olan personajı nə dərəcədə uğurla canlandıra bilməsi ilə müəyyənləşir.

Demək olar ki, “Sarabcit” Sizin istedadınızın daha bir şaxəsini – başqalaşma bacarığını üzə çıxardı...

Mən bilirdim ki, bu rolu qəbul etməklə hind kinosunun bütün ənənəvi şərtiliklərini pozacam. Birincisi, bu filmdə heç nə Bollivudu xatırlatmır – nə mahnı var, nə rəqs, yalnız gərgin dramatiklik və emosiyalar. Səmimi etiraf edim: yaşlılıq və zahiri cazibədarlıq artıq məni qorxutmur, bu rolda əsl sınaq isə mənim üçün tam başqa şey oldu – məsələ burasındadır ki, qəhrəmanım məndən çox fərqlidir. Həyatımda heç zaman belə ucadan qışqırmamışdım, məndə onda olduğu qədər emosional enerji yoxdur. Zaman ötdükcə anladım ki, çətin dramatik rollar yetkinlik yaşında daha yaxşı alınır. Çünki artıq emosiyaları “azad” etmək daha asandır, kadrda necə görünməyinə dair narahat olmursan. Cavanlıqda zahiri gözəlliyə və qlamura böyük əhəmiyyət verirdim. Amma mən başlayanda Hindistan kinematoqrafının qaydaları belə idi. O zaman kino aktrisalarını adətən peşəkar modellərdən seçirdilər.

Karan Coharın “Qəlb işləri” filmində Siz bir gəncin yaşa dolmuş sevgilisini canlandırdınız – səmimi deyək ki, hind kinosunda heç də populyar ampula deyil... Bu yenə şərtiliklərə çağırışdır?

Karanla onun ilk layihəsindən çalışmışam və məni “Qəlb işləri” filmində çəkmək istədiyi barədə ağzını açan kimi reaksiyam belə oldu: “Ciddisən?! Sənin xətrinə hər şeyə gedərəm!”. Zənnimcə, Karanın müasir dünyaya və münasibətlərə kifayət qədər yeni nəzəri var. Xoşbəxtlikdən, Hindistan kinosu da tədricən dəyişir! Amma burada nə var ki? Məgər insanlar plan üzrə aşiq olurlar, məgər həqiqətən sevən eşqini yaşa və ya var-dövlətə görə qiymətləndirir?.. Bu rolum Bollivudda müxtəlif söz-söhbətlərə səbəb oldu. Hətta belə deyirdilər ki, yaşı 40-ı ötən aktrisa üçün 10-15 yaş kiçik sevgili axtarırlar... Və əlbəttə ki, bütün şayiələr bu oğlanın Ranbir Kapur olduğu aydınlaşandan sonra daha da artdı. O, həqiqətən çox istedadlı, gözəl aktyordur, əbəs yerə favorit deyil. Bütün bunlarda ən acınacaqlısı odur ki, Hindistanda heç kim həqiqətən güclü rolları müəyyən yaşdan sonra qadınlara vermək istəmir, hətta onlar ulduz statusuna malik olsalar belə. Xoşbəxtlikdən, bu Karan Cohara aid deyil. Ona görə də filmin buraxılmasından bir il sonra da o, mənim roluma dair sualları cavablandırmaq məcburiyyətində qaldı.

Düşünürəm ki, bu sualları Sizə daha az verirdilər. Axı tamaşaçı istənilən halda kinoya gələcək – sadəcə, Sizi seyr etmək, zövq almaq üçün. Əbəs yerə Sizə “Əbədi gözəllik” titulu verilməyib...

Mübahisə etmirəm, şou-biznesdə həm estetika, həm gözəllik çox vacibdir. Lakin Hindistan kinosunda aktrisaların gözəlliyi dramatik bacarıqdan daha yüksək qiymətləndirilib.

Həyatınızda hansı kredoya sadiqsiniz?

Mənim həyat kredom çox sadədir: heç zaman heç nə planlaşdırmamaq, bu gün və indi yaşamaq! İnsan hər hansı plan qurduqda onu əhatə edən dünyaya uzaq olur, deməli Taleyin şans və sürprizlərinə qapalıdır. Bizim planlarımız çox zaman reallığı bloklayır. Ona görə də mən həmişə müstəsna olaraq intuisiyama əsaslanıram. O da məni bir dəfə də olsa məyus etməyib!

Adi günlərinizi necə keçirirsiniz?

Əgər çəkilişdəyəmsə, o zaman tamamilə özümü işə həsr edirəm, evdə isə mənim üçün ancaq ailəm mövcuddur. Düşünürəm ki, bir məşğuliyyətdən digərinə köklənmək və prioritetləri düzgün qoymaq – istənilən stressdən qurtulmaq üçün ən doğru vasitədir.

Səyahət etməyi sevirsiniz?

Zənnimcə, bu yorğunluğu aradan qaldırmaq, yeni təəssüratlar əldə etmək və ailə ilə birgə vaxt keçirmək üçün ən yaxşı vasitədir. Zəngin tarixə malik ölkələri – İngiltərə, Fransa, İtaliya, yüksək göydələnləri və dükanları ilə dinamik və kreativ Dubayı - sevirəm... Hərçənd, ailəmlə birgə evdə də gözəl istirahət edirəm.

Ayşvariya Ray Longines saatlarında

Siz beynəlxalq səviyyədə nüfuz qazanmış yeganə hind aktrisasınız. Bəlkə bu, 18 ildən artıq ardıcıl olaraq Kann kinofestivalına gəlməyinizlə əlaqəlidir?

Dəqiq desək, mən bura 19 ildir ki, gəlirəm. Siz yəqin mənim burada beynəlxalq jürinin tərkibində olmağımı xatırlamırsınız.

Sizcə, bu illər ərzində Mavi sahil nə dərəcədə dəyişib?

Bu illər ərzində yalnız Mavi sahil deyil, hər şey dəyişib! Dünya dinamikləşib, kompaktlaşıb, insanlar – mobil, özlərinə daha çox inamlı olublar, daha çox hərəkət, səyahət edirlər. Daha çox əlaqə və mübadilə baş verir, xüsusən də mədəniyyət sahəsində. Mavi sahildə əvvəlki kimi qalan isə - ən məşhur kino festivalında hökm sürən xaos və vurnuxmadır! Lakin bu xüsusi bayram atmosferi xoşuma gəlir, zənnimcə, onsuz dünya kinematoqrafını artıq təsəvvür etmək mümkün deyil. Kinoaktrisa isə hadisələrin mərkəzində olmalıdır – yalnız özü çəkilməməli, həm də premyeralarda iştirak etməli, müsahibələr verməlidir... Bu o deməkdir ki, o hələ də fəaldır. Bu hissdən daha xoş nə ola bilər ki?

Qızınız Sizinlə səyahət edir?

Aaradhiya yeddinci dəfədir ki, Kanna gəlir və o, hər şeyi bəyənir. O, Burada tanışları ilə rastlaşır, çoxu artıq onu tanıyır. Aaradhiya uşaq deyil, o, kiçik insandır. O, festivalda hər gün libasını dəyişdiyinə və dondurma yediyinə görə xoşbəxtdir. O, hətta mənə hansı libası seçməyimə dair məsləhət verəcək qədər böyüyüb! Hərçənd, onun üstünlük verdikləri paltarın forma və ya üslubu ilə deyil, daha çox rəngi ilə əlaqəlidir. Kann kinofestivalında qrafikim çox sıx planlaşdırılıb, ona görə də qızımla çox vaxt keçirə bilmirəm, lakin mənim üçün onun yanımda olduğunu bilmək həmişə vacibdir. Məsələn, indi bizim söhbətimiz əsnasında Aaradhiya qonşu otaqda anamla birlikdədir.

Aaradhiya Sizin kinodakı işinizə necə münasibət bəsləyir?

O, mənim iştirakımla filmə ilk dəfə bir il əvvəl tamaşa etdi – bu, “Fanni Xan” idi. Orada mən çox da gözəl olmayan müğənni rolunu ifa edirəm. Amma qızım işimi yenə də bəyəndi.

Festivalda boş vaxtınız olanda nə ilə məşğul olmağı sevirsiniz?

Burada filmləri seyr etməyi sevirəm, hərçənd bunu tez-tez edə bilmirəm. Həmçinin mehmanxanadakı otağımdan dənizə açılan mənzərəni xoşlayıram, - təəssüf ki, çimərliyə baş çəkməyə macal tapmıram. Yerli mətbəxi sevirəm, xüsusən də fransız çörəyini. Səhər yeməyində kruassanlar – bu nə isə çox haram bir şeydir, amma eyni zamanda ləzzətlidir! Amma mən qurmanam, bütün dadlı şeylərdən dadmağı sevirəm və pəhriz haqqında düşünmürəm.

Qırmızı xalıda Siz təhrik edirsiniz, heyrətləndirirsiniz və valeh edirsiniz, hər dəfə publika nəfəsini qısaraq Sizin gəlməyinizi gözləyir. Məsələn, 2016-cı ildə Siz tutqun tünd göy rəngli dodaq boyasından istifadə etdiniz, bununla da hamının diqqətini çəkdiniz, bu dəfə isə xalıda Maykl Sinkodan olan bu fantastik, gözəl, uzun ətəkli bənövşəyi rəngli paltarda görünərək emosiyalar fırtınası yaratdınız...

Zənnimcə, daxilimdə hələ də bəzənməyi və müxtəlif oyunlar oynamağı həddindən artıq sevən kiçik qız yaşamaqdadır. Qırmızı xalıya çıxış müəyyən mənada teatr tamaşasıdır. Və bəzən, - düzü, nadir hallarda, - mən hələ də bu oyunda iştirak etmək istəyirəm...

Azərbaycanda hind filmlərinin sevildiyini və ölkəmizdə Sizin çox sayda pərəstişkarınız olduğunu bilirsinizmi?

Mən buna çox şadam və fürsətdən istifadə edib bütün bu zaman ərzində mənə inanan, mənə dəstək verən və bununla da bu gün sevimli işimlə məşğul olmağa və həqiqətən də iştirak etmək istədiyim layihələr seçməyə imkan yaradan populyar aktrisa mövqeyimi möhkəmləndirən tamaşaçılara minnətdarlığımı bildirirəm.

Müsahibə : Tatyana Rozenştayn

Foto Jean-Claude Capt və b.

VMF şirkəti – Azərbaycanda Longines İsveçrə saat markasının rəsmi distribütorudur və bu saatlarla Bakı Longines butikində tanış olmağı təklif edir.