1918-ci ilin yazında Ağdamın mənzərəli Novruzlu kəndində bütün Qarabağ ziyalılarının dəvət olunduğu bir toy keçirilir. Onların arasında Segah İslam və onun 16 yaşlı tələbəsi İsfəndiyar var. Şənliyin qonaqları İranlı ustad Əbdülhəsən xanın ifasında "Kürd-Şahnaz" muğamını dinləyir, birdən Segah İslam başda olmaqla bütün dəvətlilər İsfəndiyardan həmin muğamı ifa etməsini xahiş edirlər. Gənc xanəndə tərəddüd etmədən məharətlə kamança və tar musiqi alətlərinin müşayiəti ilə "Kürd-Şahnaz" muğamını ifa edir. İfadan sonra qonaqların təəccübünün həddi-hüdudu olmur. Otağı gurultulu alqışlar və səs-səda bürüyür: "Bu gənc əsl xanəndədir!", "Onun ifası Əbdülhəsən xanın ifasından heç fərqlənmir", "Xeyr, o Xandan daha yaxşı oxuyur". Həmin gecədən bəri İsfəndiyara Xan, Xan Şuşinski adı verilir!
Bu gün Azərbaycan SSR xalq artisti, görkəmli və sevilən müğənni-xanəndə Xan Şuşinskini yad edirik. O, 18 Mart 1979-cu ildə, tam 40 il bundan əvvəl dünyasını dəyişib.
Foto 1979, arxiv