NARGIS
Ru En
NARGIS MAGAZINE
İDMAN

OLİMPƏ DOĞRU

Taleyin çətinliyinə layiqincə sinə gərən bu balaca oğlan öz cəsarəti ilə sübut etdi ki, həyatla mübahisə etmək olar. Asimmetrik ətrafları ilə anadan olan uşaqla ilk başda atası məşğul olurdu. İki il bundan əvvəl isə səkkiz yaşlı gələcək çempion üçün – "mən istəmirəm", "bacarmıram" sözləri ilə  idman zirvələrinə gedən mübarizəli yol başladı. Qafqazdakı yeganə Paralimpiya Mərkəzinin fəaliyyət göstərdiyi Sumqayıt şəhərinə səfərlər, hovuzda məşqlər (həftədə beş-altı dəfə) və Əli Vəliyevin hər dəfəsində qalib gəldiyi müntəzəm yarışlar...

2013-ci ildə dünyada ilk dəfə olaraq Uşaq Paralimpiya Komitəsi ölkəmizdə fəaliyyətə başlayıb. Onun bilavasitə vəzifəsi – Azərbaycan Paralimpiya yığma komandası üçün əlil uşaqlardan ibarət idmançılar yetişdirməkdir; bundan başqa, komitə bu uşaqların cəmiyyətə inteqrasiyası, onların psixoloji hazırlığı və reabilitasiyası ilə məşğul olur. Missiya olduqca cəsarətlidir, düzünü desək, bəzən yerinə yetirmək çətindir! Komitənin fəaliyyətinə BMT-nin Uşaq Fondunun (UNICEF) xüsusi dəvət olunmuş ekspertləri cəlb olunub. Mətanətli iradə göstərərək durmadan özlərinə qalib gəlməyə hazır olan yüzlərlə balaca uşaqlarla çox böyük işlər aparılır və bütün səylər mütləq mükafatlandırılır!

2015-ci ildən başlayaraq hər il Milli Komitənin nəzdində fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi UNICEF-in dəstəyi ilə uşaqlar üçün Paralimpiya Oyunları keçirir. II və IV Paralimpiya oyunlarında (2017 və 2018 illərdə) Əli Vəliyev artıq qızıl medallar qazanmışdı. Anası oğlunun yeni qələbəsi haqqında qürurla danışır: 5 Mart tarixində (Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü) Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş üzgüçülükdə birincilik uğrunda Əli sağlam uşaqlarla yarışdı və yenə də qələbə ilə geri döndü. 

Gün gələcək – bu nailiyyətlər Əli Vəliyev üçün böyük idman dünyasına giriş bileti olacaq. Hələlik isə o, yaşına uyğun olaraq qayğısız və şəndir: velosiped sürür, dostları ilə birliktə şıltaqlıq edir... Əli həyatı sevir, həyat da ona qarşılıq verir və daim xatırladır: arzusuna sadiq olan biri üçün hər şey mümkündür!

Mətn: Nigar Məhərrəmova Foto: Gonzalo Bell for UNICEF Azerbaijan

Material 60-cı buraxılışda dərc olunmuşdur.