NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

SÜLH ARTİSTİ

Adı demək olar ki, dünyanın bütün böyük musiqi səhnələrindən eşidilən, Azərbaycanın yaradıcı elitasının parlaq nümayəndəsi, istedadlı eksperimentator stereotipləri pozdu və sübut etdi ki: mümkünsüz görünən əslində mümkündür – Şərq və Qərb qarşılaşa bilər! Onun musiqisində Şərq və Qərb məktəbləri, onların tarixi və müasirliyi bir araya gəldi. 2007-ci ildə isə Azərbaycanın xalq artisti, bəstəkar və musiqişünas Firəngiz Əlizadə həssas qadın çiyinlərinə daha bir ağır təşkilati yük alaraq, Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik etməyi öhdəliyinə götürdü. Firəngiz xanıma müsahibə ilə bağlı zəng etməyim işlərinin qızğın vaxtına təsadüf edirdi – eyni anda iki böyük tədbirə: Nəsimi Festivalı və Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına hazırlıq işləri aparılırdı. O, müsahibəyə vaxt ayırmaq üçün beynində bir yığın işləri yerbəyer edib sadalayarkən mənim təxəyyülümdə belə bir səhnə canlanır: bu güclü qadın dəqiq tapşırıqlar verir, təcrübəli baxışları ilə ən kiçik nöqsanlara belə diqqət yetirir, günün sonunda isə yorğun, lakin xoşbəxt halda, görülən işlərə irad tutaraq baxıb taqətsiz deyir – “evə getmək vaxtıdır!”. Amma bu mümkün deyil: zənglər, istəklər, problemlər su kimi axır və belə bir vəziyyətdə istirahət üçün vaxt yoxdur. Sabah isə... Sabah yenidən döyüşə!

“SÜLH ARTİSTİ” – UNESCO tərəfindən “sülh, ədalət, tolerantlıq, uşaqların vəziyyəti, savadsızlığa qarşı mübarizə və ətraf mühitin qorunması problemlərinə ictimai diqqətin cəlb edilməsinə verdiyi töhfələrinə görə”, xalqlar və dövlətlər arasında mədəni və yaradıcılıq əlaqələrini gücləndirməkdə əməyi olan yaradıcı şəxslərə verdiyi fəxri addır. 1995-ci ildə təsis edilib, çox vaxt qısaca “Sülh artisti” kimi istifadə edilir.

Firəngiz xanım, ölkəmizdə mədəni tədbirlərin sayı sonsuzdur...

Bəli, yəqin ki, bu qədər sayda beynəlxalq səviyyədə təşkil olunmuş musiqi tədbirlərinin keçiriləcəyi başqa bir ölkə yoxdur: Üzeyir Hacıbəyli və Qara Qarayev adına “Muğam aləmi” festivalları, “İpək yolu” Şəki festivalı, Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş "Zəriflik" Qəbələ festivalı, Rostropoviç Festivalı, Caz Festivalı... Sevindirici haldır ki, hər il dünya ictimaiyyətinin Azərbaycan tarixi, mədəniyyəti, musiqisi, xalqımızın mənəvi həyatı və etik dəyərləri haqqında təsəvvürünü zənginləşdirən yeni maraqlı musiqi tədbirlərinin sayı çoxalır. Bu məsələdə Heydər Əliyev Fondunun və onun rəhbəri, ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, energetik fəaliyyəti mütləq qeyd edilməlidir. Məhz onun səyləri nəticəsində Azərbaycan muğamı, aşıq sənəti, tar musiqi aləti YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısına salınıb və bu sayədə dünyanın hər yerindən Azərbaycana musiqiçilər və mütəxəssislər, alimlər və tədqiqatçılar, məşhur ifaçı kollektivləri və solistlər axın edir. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva çox gözəl bir təşəbbüs irəli sürdü. Söhbət orta əsrin parlaq mütəfəkkiri və şairi – İmadəddin Nəsimi festivalından gedir. Belə bir şəxsiyyətə festival həsr etmək və bu festivalı ən yüksək səviyyədə həyata keçirmək – parlaq bir fikir idi. Və çox təbiidir ki, Azərbaycan bəstəkarlar ittifaqı, ölkəmizin bütün bəstəkarları və musiqişünasları bu gözəl işdə öz töhfələrini əsirgəmədilər.

Bilirəm ki, Nəsimi yaradıcılığı ilə bağlı sizin öz hekayəniz var...

Bəli, tale məni onun poeziyası ilə 1998-ci ildə, Yo Yo Ma Silk Road transkontinental proqramı üçün dünyanın ən yaxşı konsert zallarını dolaşan "Dərviş" kompozisiyasını yaratdığımda bağladı. 2017-ci ildə Amsterdamın Royal Concertgebouw orkestrı avropa tamaşaçıları və beynəlxalq media cəmiyyəti tərəfindən səmimi qarşılanan “Nasimi Passion” əsərimi ifa etmişdi. Təsadüfi deyil ki, bu əsər Hollandiyanın HORIZON-8 şirkəti tərəfindən CD-yə yazılıb və satış rekordlarını qırıb.

Musiqi zövqünü uşaqlıqdan aşılamaq lazımdır. Necə hesab edirsiniz, hazırlıqsız bir dinləyici üçün mürəkkəb əsərlərlə musiqi mədəniyyəti ilə tanış olmaq çətin deyilmi?

Əlbəttə ki, istənilən zövq kimi, musiqi zövqünü də uşaqlıqdan aşılamaq lazımdır. Burada hər şey vacibdir – ailə mühiti, məktəb müəllimləri, dostlar, əyləncə. Əgər bir məktəblini ən azı həftədə bir dəfə konsertə və ya tamaşaya getməyə alışdırsalar, tədricən bu çox gözəl vərdiş halı alacaq. Mürəkkəb simfonik əsərləri anlamaq isə həqiqətən də asan deyil. Hətta hər musiqiçi Arnold Şönberq və ya Karlhaynz Ştokhauzenin musiqilərini anlamır və qəbul etmir. Buna baxmayaraq, musiqinin əsrarəngizliyini tədricən qavramaq prosesi hər bir düşünən insanda individual şəkildə baş verməlidir.

Müasir mədəniyyətin kütləvi istehlakçıya istiqamətlənməsinə baxmayaraq, klassik musiqinin cəmiyyətin əsasən seçilmiş, maarifləndirilmiş təbəqənin mülkiyyəti olduğu heç kimə sirr deyil. Müasir reallıqları nəzərə almaq və zamanla ayaqlaşmaq vacibdirmi? Yoxsa klassika təmiz şəkildə, sarsılmaz ənənələrə əsaslanaraq klassika olaraq qalmalıdır?

Təəssüf ki, biz çox vaxt kütləvi istehsalın say olaraq klassik sənətdən daha çox olduğunun şahidi oluruq. Bir insana əgər eyni mahnını gündə yüz dəfə dinlətsək, o zaman gec-tez o, bu mahnıya alışacaq hətta onu yadda saxlayıb, zümzümə edəcək. Lakin bu, bu zamanla ayaqlaşan sənət olduğu demək deyil! Bu baxımdan radio və televiziyanın, idarəçilər və musiqi redaktorlarının, proqram aparıcılarının üzərinə böyük iş düşür. Əgər Televiziyada musiqi proqramının aparıcısı bəstəkarın adını düz deyə bilmirsə, bu haqda başqa nə demək olar? Mədəniyyət mürəkkəb bir sahədir, heç bir ölkə bu sahədə hər şeyin qaydasında olduğunu deyə bilməz. Mükəmməllik mədəniyyətdə əlçatmazdır. Hər bir insan, musiqiçi, kollektiv, cəmiyyət, ölkə müəyyən yol qət edir, daimi inkişaf prosesindədir. Xoşbəxtlikdən bizim muğamımız var, Üzeyir Hacıbəyli, Qara Qaraev, Fikrət Əmirov kimi bəstəkarlarımız var. Bu baxımdan digər ölkələrin onilliklər, hətta əsrlər sərf etdikləri yolu biz çox tez qət etmişik.

XXI əsrdə, xüsusilə, ölkəmizdə akademik musiqiyə maraqların itməsi barədə danışa bilərikmi?

Musiqiçilər həmişə akademik musiqiyə maraq göstərəcəklər. Daha geniş kütlələrə gəlincə, hər kəsin öz seçimi var. Azərbaycanlılar muğam və xalq mahnıları ilə böyüyüblər, buna görə də bizim zövqümüz seçiciliyi ilə fərqlənir. Əminəm ki, heç bir Azərbaycanlı həqiqətən parlaq və peşəkar musiqiyə heç vaxt biganə qalmaycaq.

Müasir musiqini, onun indiki vəziyyətini necə qiymətləndirirsiniz?

Müasir musiqinin olduqca çox sayda istiqamətləri və növləri var, internet müxtəlif əsərlər və kompozisiyalarla doludur. Təbii ki, onların arasında dəyərli nümunələr də var, geniş seçim də var. Bu gün Şərq və Qərb mədəniyyətinin sintezinin nümunələri xüsusilə maraqlıdır. İndi Azərbaycanda bu çox dəbdədir, bununla bağlı bir çox sübutumuz var.

Müasir musiqi mədəniyyəti ciddi ənənəvi janrlara ehtiyac duyurmu? Yaradıcı ifadə etmənin bir üsulu olaraq qarışıq janrlara münasibətiniz necədir?

Xatırladım ki, muğam improvizasiyasının qərb opera estetikası ilə çox gözəl uyğunlaşan "Leyli və Məcnun" operamız dahi Üzeyir Hacıbəylinin sayəsində çox güclü olduğunu sübut etdi və musiqimiz üçün tamamilə yeni inkişaf yolları açdı.

Siz vaxtilə avanqard musiqi ilə maraqlanırdınız, musiqilərinin cəmiyyətdə hələ ciddi statusları olmadığı dönəmdə Şönberq və Berqanın əsərlərini ifa edirdiniz. Bu gün hansı musiqiyə üstünlük verirsiniz? Gənc istedadlar siyahınızda yeni adlar varmı?

Gəncliyimdə avanqard bəstəkarların musiqisini ifa edərkən, onların musiqi dilinin yenilənmə ideyası, ifa üsulları ilə həqiqətən maraqlanırdım və o illər mənim sonrakı musiqi fəaliyyətimin möhkəm təməli oldu. Yeni adlar həm ölkəmizdə, həm də Qərbdə peyda olur. Gənclər eksperimentlər edir, axtarır və gec-tez öz yolunu tapır. Ən çətini, bəlkə də, təkrarolunmaz özünəməxsus musiqi dilinin olmasıdır. Gənc istedadlar üçün biz Bəstəkarlar İttifaqında hər il plenium keçiririk. Onlar bu pleniumda öz əsərlərini ifa edirlər, sonra isə biz musiqişünasların iştirakı ilə konfranslarda bu əsərləri müzakirə edirik. Xoş təəssürat buraxan bir sıra gənc bəstəkarların adını çəkə bilərəm: Tural Məmmədli, Fərid Fətullayev, İlahə İsrafilova, Ayaz Qəmbərli, Səid Qani, Tahir İbişov.

"Muğam Dünyası" Festivalına rəhbərlik etmək, Bəstəkarlar İttifaqına sədrlik etmək, çox sayda tədbirləri keçirmək - bütün bunlar vaxt və inanılmaz təşkilati bacarıqlar tələb edir. Bəzən təklikdə və sakitçilikdə qalmağa ehtiyacı olan yaradıcı bir insan üçün bu necə bir hissdir?

Biz hamımız sülh və sakitçilik arzusundayıq... Amma iş və yeni fikirlər olmadan bu sükut cansız olacaq. Uğurlu əməkdən sonra layiqli bir hədiyyə kimi gələn sakitliyin dəyəri bundadır.

"UNESCO-nun Sülh artisti" adı Sizə əlavə nə kimi məsuliyyət verdi?

"UNESCO-nun Sülh artisti" adının əlbəttə, müəyyən öhdəlikləri var. Digər ölkələrdən olan "Sülh artistlərini" cəlb edərək bir çox layihələr həyata keçirmişik. Çox vaxt, ölkəmizlə, ümumiyyətlə, Şərqlə bağlı tədbirlər üçün yeni ssenarilər yazmalı oluram. Bundan əlavə, mən dəfələrlə UNESCO-nun qərargahında öz əsərlərimlə – sonuncu dəfə 2017-ci ilin may ayında Nəsimiyə həsr olunmuş performansımla çıxış etmişəm.

Bir çox ölkəyə səyahət etmisiniz, çox sayda ifaçılarla böyük işlər görmüsünüz. Xüsusilə maraqlı və yaddaqalan əməkdaşlıq kiminlə olub?

Əlbəttə ki, ilk növbədə Mstislav Rostropoviç, Yo Yo Ma, Berliner Philharmoniker, Royal Concertgebouw Orchestra, Kronos Quartet, möhtəşəm Hilary Khan ilə olan əməkdaşlıqlar. Bütün bunlar üst səviyyəli musiqiçilərdir və onlarla işləmək mənim üçün böyük xoşbəxtlikdir.

Müsahibə: Nigar Məhərrəmova, Foto: Pərviz Qasımzadə

Material 60-cı buraxılışda dərc olunmuşdur.