NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

MAVİ RƏNGLİ DÜNYA

Rəssam və rejissor Günel Eva Azərbaycan haqqında bəhs edərək dünyanı dolaşır, fərqli mədəniyyətləri yenidən nəzərdən keçirərək onları mənimsəyir, öz fikirlərini kino, rəsmlər və indi isə geyimlər vasitəsilə dünya ilə paylaşır.

Sənət həyatınıza necə daxil oldu?

Valideynlərimlə bəxtim çox gətirib: uşaqlıqdan mənə sənət eşqi aşılayıblar. Atam impressionizm mövzusunda böyük bir kitab kolleksiyası toplayırdı, anamdan isə mənə kino sevgisi keçib. Əlbəttə ki uşaq vaxtı Tarkovskinin və Fellininin sujetlərindən heç bir şey anlamırdım, amma yenə də kameranın hərəkəti, işıqlandırma, səhnələşdirmə və sənətin məni əhatə edən dünyaya təsiri məni valeh edirdi. Yağlı boya ilə rəsm çəkməyə beş yaşında ikən başlamışam və o vaxtdan bəri fırçanı əlimdən yerə qoymuram. Müxtəlif istiqamətlərdə özümü sınamağa davam edirəm: kinematoqrafiya, rəqəmsal sənət, animasiya, səs dizaynı... Hələ ki metal heykəltəraşlığına gəlib çatmamışam, amma öyrənməyi çox istəyirəm. Kətanda yağlı boyama ilə çəkməyi xoşlayıram, həm də bunu özümü tamamilə ifadə etmək üçün tək başına etməyi sevirəm. Kino və ya moda ilə əlaqəli digər layihələr komanda işi tələb edir, amma bu da mənim üçün maraqlıdır.

 

Nəticə olaraq nə işlə məşğul olmağa qərar vermisiniz?

Özümdə yeni istedadları kəşf edərək inkişaf etməyi çox faydalı hesab edirəm, buna görə nəyinsə üzərində dayandığımı və ya nə zamansa dayanacağımı söyləyə bilmərəm. Hal-hazırda bir neçə layihə ilə məşğulam: bədii film, sənət əsərləri kimi təqdim olunan art-kulinariya şouları, və bu yaxınlarda yeni bir layihəyə başladım – geyim xətti hazırlayıram, vaxtımın çox hissəsi buna sərf  olunur.

Mavi rəng həyatınızda mühüm yer tutur. Niyə məhz bu rəng?

Təbiətdə nadir hallarda rast gəlinən mavi piqment məni valeh edir. Bunda mistik bir şey var! Təbiətdə yer alan mavi rəngdə bir şey düşünsək, ağla gələn ilk şey səma və ya okean olur. Onların tünd mavi rəngləri ölçü vahidindən kənara çıxır, onlar hədsiz dərinliklə əlaqələndirilir... Statistikaya görə mavi əksər insanların sevimli rəngidir. Düşünürəm ki, bu bir şəkildə okeanla əlaqəmizi əks etdirir: nəticədə hamımız sudan çıxmışıq.

Hansı nöqtədə və nə üçün geyim kolleksiyası yaratmağa qərar verdiniz?

Planetimizi nələrin məhv etdiyini düşündüyümüzdə, sürətli modanın bu məhvdə ikinci yer tutduğunu unuduruq. Parça hazırlamaq üçün insanlar və ümumiyyətlə Yer kürəsi üçün zərərli olan boyalar və pestisidlər istifadə olunur. Plastikdən qurtula bilmirik, ancaq istehsalını dəstəkləməyə bilərik. Buna görə zərər verməyən, əksinə ətraf mühitlə harmoniyanın qorunmasına kömək edən parçalardan paltar hazırlamağa qərar verdim. Kainatda hər şey bir-biri ilə əlaqəlidir: öz səhhətinə qayğı göstərmək elə ətrafımızdakı dünyanın sağlamlığı deməkdir. Hesab edirəm ki, "Zərər verməyin" ifadəsi burada çox uyğundur. Mən yalnız pambıqdan, bambukdan və ipəkdən olan təbii parçalarla işləyirəm və təbii ki, parçaları özüm seçirəm.

Geyimləriniz nəyə həsr olunub, nədən ilhamlanmısınız və bu geyimlər kimlər üçün hazırlanıb?

Mən ilk növbədə rəssamam, ona görə sadəcə paltar hazırlamaq mənə darıxdırıcı görünürdü. Planım adi bir modelyer olmaq deyildi, mən rəssam və rejissor qalmaq istəyirdim. Beləliklə, markamın içərisində bütöv bir dünya yaratdım. Təsəvvür edin, yaratdığımız hər geyim modelinin öz hekayəsi var: o haradandır, hazırlananda nədən ilham alınıb... Mənim dünyam – uzun müddət əzab verdiyimiz üçün qisas olaraq insanlara hücum etməyə başlayan bir postokalipsisdir. Və bu dünyada insanla təbiət arasındakı harmoniyanı bərpa etmək üçün mübarizə aparan qəhrəmanlar hələ də var. Hər ay bizim gunel.co veb saytımız bu dünya və burada yaşayan insanlar haqqında yeni bir hekayə təqdim edəcək. Geyim alıcıları bu dünyanın bir hissəsinə çevriləcək, bir növ dünyanın savaşçıları olacaq və eyni zamanda postokaliptik dünyamızın cedaylarına çevriləcəklər.

Kolleksiyanızdakı geyimlər alışdığımız geyimlər deyil. Sizcə, onlar gündəlik həyatda özlərinə yer tapacaqlar?

Mən Los-Ancelesdə yaşayıram və əminliklə deyə bilərəm ki, buradakı paltarlarımın öz həyatları və öz müştəriləri var. Məsələn, Burning Man festivalı üçün bütün sifarişləri artıq hazırlamışıq.

Niyə normalardan və standartlardan uzaqlaşmaq qərarına gəldiniz?

"Norma", "Standart" – bu sözlərin mənasını heç cürə başa düşmürəm. Biz özümüzü xəyal, mənəvi inkişafa sərbəstlik verməyən bir çərçivəyə salırıq. İnanıram ki, hər bir tip insan üçün rahat hiss edəcəkləri bir şeyi tapmaq mümkündür. Paltarlarım sintetik olmayan parçalardan hazırlanmışdır, çox yumşaqdır, rahatlıq hissi verir və eyni zamanda ceday geyiminə çox bənzəyir. Niyə də yox?

Necə düşünürsünüz, moda və sənət ilə yalnız peşəkar dizaynerlər məşğul olmalıdırlar və ya bu sahə hamı üçün açıqdır?

Uğurun açarı – daxili atəşdir. Nəyəsə nail olmaq üçün özünüzə inanmalısınız və təhsiliniz ya da pulunuz olmadığı üçün, ya da sadəcə "bu keçməyəcək" deyə, bunu edə bilməzsiniz kimi danışıqlara qulaq asmamalısınız.

Kolleksiyanızın hazırlanma prosesində nəyi dərk etdiniz? Bəlkə kifayət qədər biliyiniz yox idi və ya əksinə - nəsə kömək etdi?

Geyim dizayneri kimi təhsilim yoxdur. Bir rəssam olaraq düşünürdüm və intuisiyama güvənərək yaradırdım. Bəzən parça özü dizaynı təyin edirdi. Eksperiment – ya uğur, ya da uğursuzluqdur. Səhvlərimdən çox şey öyrənmişəm və məğlubiyyətlərim üçün taleyimə çox minnətdaram. İnsan səhv etmirsə böyümür. Buna görə səhv edərək, təkrarlamamaq üçün bundan dərs almağa çalışıram. Yeniliklərdən qorxmamaq lazımdır. İlhamlanmaq bir növ riskdir, çünki bu özünüzü rahatlıq zonanızdan çıxarmaq və əvvəllər heç vaxt olmadığınız bir vəziyyətə salmaq deməkdir.

Kolleksiya üzərində işləyərkən hansı hekayə daha çox yadınızda qalıb?

Belə oldu ki, təbii parçalar axtarışında Türkiyəni gəzərkən həqiqi kaşmir və pambıqdan hazırlanan malların satıldığı bir dükan gördüm. Küncdə orta əsrlərdən qaldığı bəlli olan bir dəzgah var idi. Dükan sahibi özü bu dəzgahda toxuyurdu. Məlum oldu ki, ailəsinin on bir nəsli iplik və parçaların hazırlanması ilə məşğul olub – bu sənət ona miras qalıb. Qarşımda duran sadəcə toxucu deyildi: işinə aşiq olan bir adam idi! Elə görünürdü ki, o işləmir, hansısa bir musiqi alətində çalır. O, hətta mənə master-klass verməyə razılıq verdi və toxuculuq məndə rəsm çəkmək qədər maraq oyatdı... Bu hekayə məni həmin türk toxucusu qədər öz işini sevən bir komanda toplamaq üçün ruhlandırdı.

Parça ilə işləmək kimi təcrübəniz olubmu? Bu işdə şəxsən iştirak etməyiniz niyə bu qədər vacibdir?

İnanıram ki, bir işə başlayırsansa, bu barədə ətraflı bilməlisən. Film çəkdiyimdən kamera və montaj haqqında hər şeyi bilirəm. Çalışdığınız insanlarla eyni dildə danışmaq üçün onların işini peşəkar səviyyədə bilməlisən. Həm də alıcıların satın aldıqları paltarların necə yaradıldığını bilmək hüququna sahib olduqlarına inanıram.

Xaricdə doğma mədəniyyətinizi necə çatdırırsınız?

Bu illər ərzində Azərbaycanın harada yerləşdiyi, onun xüsusiyyətləri haqda suallara alışmışam və bununla bağlı tez-tez tarix və coğrafiya dərsləri keçirəm. İstəyirəm ki, insanlar mənim ölkəm haqqında sadəcə orada anadan olduğum üçün öyrənməsinlər: Azərbaycanın çox zəngin və bənzərsiz irsi olduğuna inanıram, buna görə də onu bütün dünyaya çatdırmaq lazımdır ki, sənət dünyasına qlobal nüfuzda öz layiqli yerini tutsun. Zəngin və qədim mədəniyyətimizin elementlərini hekayələr vasitəsilə ortaya qoyaraq onu göstərməkdən daha yaxşı bir üsul tapmadım. Brendimdə doğma mədəniyyətimizin bir çox elementinin əks olunduğu bir dünya yaratdım. Azərbaycan dilində hər geyim parçasının adı planetimizin bir elementini təmsil edir, qısametrajlı filmlərimizin hər birində ölkəmin tarixindən bəhs edən fraqmentlər var və əsas hekayələrdən biri Odlar Yurdunda baş verir.

Kolleksiya nə vaxt işıq üzü görəcək? Onu harada təqdim etməyi planlaşdırırsınız?

Müştərilərin paltar sifariş edə biləcəyi veb saytımız artıq fəaliyyət göstərir. Daha sonra Los-Anceles və Nyu-Yorkda pop-up shows keçiriləcək. Kolleksiyamı doğma Bakıda təqdim etməyi çox istəyirəm. Yaratdığım dünya mənim böyüdüyüm mədəniyyətlə sıx bağlıdır. Hər kolleksiya beş elementdən ibarətdir, hər birininin adı Azərbaycan dilindədir. Amerika üçün bu çox gözəl ekzotikadır, mənim üçün isə bu nostalji və şərq köklərimlə qürur hissi keçirməkdir.

Azərbaycan mədəniyyətində ən çox nəyi qiymətləndirirsiniz?

Musiqimizi, xüsusən bizim cazı çox sevirəm, çox vaxt xariciləri Vaqif Mustafazadənin kompozisiyaları ilə tanış edirəm. Onun mədəniyyətimizə verdiyi hədiyyə əvəzsizdir!

Moda sahəsində işləməyə davam etməyi düşünürsünüz?

Bu istiqamətdə fəaliyyətə yeni başlamışam. Yeni eskizlərim artıq hazırdır. Tezliklə Asteklərin dövründə qədim texnologiyadan istifadə edərək təbii boyalarla işləmə texnikası ilə tanış olmaq üçün Meksikaya gedəcəyəm. Bu yaxınlarda ananasdan dəri hazırlayan bir şirkət haqqında məlumat əldə etmişəm. Bununla eksperiment aparmaq istərdim. Bu konsepsiyanın inkişaf edəcəyinə əminəm.

Müsahibə: Nigar Orucova 

Foto: Günel Eva

Material əlli səkkizinci buraxılışda dərc olunmuşdur.