NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

SİBİR GÖZƏLLİYİ

Sibirin hərbi bazasında anadan olan və Rusiyada böyüyən Valentina bu gün özünü dünya vətəndaşı kimi hiss edir. Əvvəllər onun xəyalları moda haqqında jurnalları və televiziya proqramlarını izləməklə məhdudlaşırdı. Nə vaxtsa Calvin Klein, Balenciaga kimi dünya şöhrətli dəbli brendlərlə əməkdaşlıq edəcəyi, daha sonra Ralph Lauren kimi kultlaşmış, ikonik brendin siması olacağını xəyalına belə gətirə bilməzdi.

Bu gün onun nailiyyətləri arasında Vogue Spain, Vogue Latin America, French Vogue, Elle Italy, Harper’s Bazaar Latin America, Elle France, Vogue Japan Beauty, Harper’s Bazaar Russia, Harper’s Bazaar Japan, Elle Brasil, Elle Mexico, Elle Germany, Elle Spain, Elle Italy kimi dünya moda jurnallarının üz qapaqları yer alır. Patrick Demar chelier, Bruce Weber, Steven Klein və David Sims da daxil olmaqla məşhur moda fotoqrafları ilə çalışıb...

Artıq on iki ildir ki, görkəmli Ralph Lauren moda evinin simasısınız. Uşaqlıqda bunumu arzulayırdınız?

Uşaqlıqda stüardessa olmağı arzulayırdım. Onların hər zaman möhtəşəm görünüşləri xoşuma gəlirdi: baxımlı, gözəl və cəlbedici!

Bəs necə oldu ki, model biznesinin zirvəsinə qalxdınız?

16 yaşında ikən agentlər tərəfindən kəşf edildim, amma model olmaq arzusunda olmadığım üçün bu görüş heç bir nəticə vermədi. Ancaq dostlarım və ailəm mənə model məktəbinə getməyi məsləhət gördülər, çünki qrupdakı ən hündür və ən incə qız mən idim. Heç vaxt belə bir şansımın olacağını düşünməzdim. Yaxınlarım məni həm də elit model yarışmasında iştirak etməyimə inandırdılar. Yüzlərlə namizəd arasında beş saatdan çox gözlədim və nə qədər gözəl, perspektivli namizədlərin bir-birinin ardınca müsabiqədən kənarlaşdırıldığını öz gözlərimlə gördüm. Mən finala çıxdım, amma beynəlxalq finalda iştirak etməyə məni çağırmadılar. Ancaq yenə də münsiflər heyətindən biri məni seçdi və mənə model biznes dünyasına girmək üçün müstəsna bir fürsət verdi. Karyeram bax belə başladı...

Bu gün model sənayesinin "axınındasınız". Uğurlu olmaq və hər zaman zirvədə qalmaq üçün bir modelin hansı fərdi xüsusiyyətləri olmalıdır?

Bunun üçün çox şey tələb olunur: peşəkarlıq, dəqiqlik, hər kəsə qarşı xoş münasibət göstərmək bacarığı, çünki müştərilərlə qarşılaşırsan və karyeran boyunca bəxtin gətirərsə onlarla dəfələrlə əməkdaşlıq edirsən. Həmişə fikrin cəmlənmiş olmalıdır və sənin sahənin nə olduğunu bilməlisən. Agentliyinlə yaxşı münasibət qurmalısan... Düşünürəm ki, uğurlu modellər çox yaxşı biznes hissiyatı ilə fərqlənirlər.

Bəziləri model karyerasına ciddi yanaşmırlar, baxmayaraq ki, bu həqiqətən çox mürəkkəb bir işdir, xüsusən də həmişə yaxşı formada və yüksək əhval-ruhiyyədə olmaq məcburiyyətində olduğunuz nəzərə alınmalıdır. Bu barədə nə deyə bilərsiniz?

Düzdür, modellər həmişə yaxşı formada olmalıdır: baxımlı görünmək - bizim işimizdir. "Tənbəllik" etdiyim günlərim olur, dürüst etiraf edim ki, həmişə "motivasiya" düşüncələri ilə oyanmıram. Ancaq bu həyatdır! Hər günümü pozitiv bir şey tapmağa çalışaraq yaşayıram, hər bir vəziyyətdə yalnız irəliləməyə davam edirəm.

Ralph Lauren üslubunu necə təsvir edərdiniz?

Mənim üçün Ralph Lauren əbədi klassikadır. Bu həyat tərzi seçimini əks etdirən daxili bir üslubdur. Bu münasibətlərlə bağlı olan hər bir şeydir... Bu füsunkarlıqdır.

Geyimdə nəyə üstünlük verirsiniz? Mükəmməl geyim üçün formulunuz nədir?

Mənim üçün siluet və forma çox vacibdir. Mən torba kimi geyimləri sevmirəm, əlbəttə ki, əgər başqa şeylərlə tam uyğun gəlirsə olar: məsələn, dar cins şalvarla qısa hündürdaban çəkmə, üstündən enli gözəl sviter və əlavə olaraq günəş eynəyi, şlyapa və uzun qalın kəmərli çanta... Son vaxtlar cins geyimlərini bəyənirəm. Məncə bu obraz çox gözəl və seksualdır.

Uzun müddətdir ki, Nyu-Yorkda yaşayırsınız. Özünüzü amerikalı kimi hiss edirsiniz?

Özümü dünya vətəndaşı kimi hiss edirəm. Mən möhürləri sevmirəm – möhürlər şəxsiyyəti məhdudlaşdırır. Hər mədəniyyətdən ən yaxşı şeyləri götürürəm və bacardığım hər şeyi öyrənməyə, tamamilə hər şeyi mənimsəməyə və təcrübə qazanmağa çalışıram. Həyat qısadır və özümü heç bir şeylə məhdudlaşdırmadan bu "səyahətdən" həzz almaq istəyirəm.

"Sizin" Nyu-York barədə bizə danışın. Çoxları üçün bu sehrli bir şəhər və dünya modasının mərkəzidir. Bəs Sizin üçün Nyu-York nədir? Sevimli yerlər, kafelər, küçələr?

Manhetten yer üzünün ən əyləncəli, ən həyəcan verici və ən cazibədar yeridir! Bu şəhərə aşiq oldum və günü-gündən burada özümü evdəki kimi hiss edirəm. Cafe Gitane və ya Bar Pitti-də səhər yeməyini yeməyi, Juice Press şirəsini içməyi, sevdiyim ABC Carpet mağazasında alış-veriş etməyi, Pratima Spa ayurveda mərkəzinə getməyi sevirəm... Ancaq Nyu-York mənim üçün Manhettendən daha üstündür. Onun şimal hissəsi həqiqətən çox xoşuma gəlir. Maşına minib həftə sonu yola düşürəm, piyada gəzirəm, yerli məkanlarda nahar edirəm...

Model biznesindən ayrılmaq və özünüzü başqa bir sahədə sınamaq barədə heç düşünmüsünüzmü? Bir çox model filmlərdə çəkilmək, televiziyada və ya başqa yerdə işləmək üçün karyerasını buraxır...

Model biznesini sevirəm və bacardığım qədər karyerama davam etmək istəyirəm. Eyni zamanda, fərqli layihələr üzərində cəmləşmişəm. Xeyriyyəçiliyə daha çox vaxt ayırmaq istəyirəm. Bir də yalnız təbii, sağlam yeməklərin veriləcəyi kafe açmaq istəyirəm.

Həyatınızda nəyisə dəyişdirmək, hər şeyi yenidən başlamaq imkanınız olsaydı, nəyi dəyişərdiniz?

Heç nəyi dəyişməzdim. Yaxşı, pis – bütün keçmiş təcrübəm məni bu gün olduğum insan edib. Və həyatımdakı hər bir şeyə minnətdaram.

Şəxsi bloqunuz var və bu bloqun əksər hissəsi sağlam həyat tərzinə və gözəlliyə həsr olunub. Gözəllik və gənclik eliksirinizi artıq tapmısınız?

Təzə tərəvəz şirələri içməyə başladığım andan böyük bir fərq görürəm. Onların tərkibində çox miqdarda mineral və vitamin var, bu isə sağlamlığın, gözəlliyin və gəncliyin ən vacib tərkib hissəsidir. Həmçinin pəhrizimə superfud əlavə edirəm: məsələn, dereza, spirulina, arı çörəyi, çia toxumu, asai giləmeyvəsi... Fəal həyat tərzi sürürəm, yoqa, pilateslə məşğul oluram, həmçinin güc məşqləri edirəm. Etiraf edim ki, gündəlik ilham almaq üçün yerli fermer bazarlarının aludəçisi olmuşam. Həm də məni tez-tez velosiped sürərkən, piyada gəzərkən, kapoeyra rəqs edərkən və ya foto çəkərkən görə bilərsiniz. Təbiətdən həzz almadığım nadir hallarda isə çox güman ki, mənə karaokedə rast gələ bilərsiniz.

Həyatda aldığınız ən yaxşı məsləhət?

Eynşteynin ifadəsini çox sevirəm: "İzdiham arasında gəzən biri, izdihamdan önə keçə bilməz. Tək gəzənin heç kimin olmadığı yerlərdə olma şansı daha çoxdur". 

 

Müsahibə: Stas Karavayev və Nigar Nəzərova

Foto: Olimpia Soheve