Rəqəmsal texnologiya əsrində Internet həyatımızın ayrılmaz hissəsidir. Sosial şəbəkələrdə populyarlıq qazanmaq üçün həsəd aparılan ixtira qabiliyyəti, yaradıcı yanaşma və kommunikasiya bacarığı olmalıdır. Əgər bütün dünyaya necə gözəl və ağıllı qızının olduğunu bildirmək istəyən ana bu xüsusiyyətlərə malikdirsə - dünya onu mütləq eşidəcək. Bütün bunların necə baş verdiyi haqda, həqiqətən Instagram ulduzu olan dörd yaşlı Banunun anası Nigar Muradova bizə danışacaq.
Sizin heyran edici gözəl qızınız var! Düşünürəm ki, Siz onunla fəxr edirsiniz. Bizim oxucularımıza bu sirri açıqlayın: niyə onun haqqında təkcə bizim ölkəmizdə deyil, digər ölkələrdə də belə çox danışırlar?
Bəli, mən öz qızımla çox fəxr edirəm. Çoxları onu ölkəmizdə ilk blogger uşaq hesab edir, halbuki bu tamamilə belə deyil. Hər şey isə Banunun doğulduğu ilk gündən onun fotolarını öz profilimdə paylaşmağımdan başladı və bu mənim rəfiqələrimin arasında böyük maraq oyatdı. Sonra mən bu fotolara baxmaq imkanını genişləndirmək qərarına gəldim və başqa istifadəçilərin daxil ola biləcəkləri bir profil açdım. Artıq ilk ayında səhifə 10 minə yaxın abunəçi topladı. Adətən sosial şəbəkələrdə olduğu kimi, istifadəçilər əsasən mənim dostlarım və dostlarımın dostlarından ibarət idi. Lakin üç aydan sonra onların sayı üç yüz minə qədər artdı və artıq onlar dünyanın hər tərəfindən olan tanımadığım insanlar idi. Onlar yazırdılar, səhifəni bəyənirdilər ... Bu gün dörd yaşlı qızımın səhifəsinin bütün dünyadan 700 minə qədər abunəçisi var.
Siz onu heç reklam etmisiniz?
Xeyr, sadəcə fotosunu və onun iştirakı ilə video paylaşırdım. Bir dəfə isə onun maşında telefonla çəkdiyim gülməli videosunu paylaşdım. Bu videonu başqa saytlara və səhifələrə repost etməyə başladılar, hətta türk televiziyasının xəbərlərində belə göstərdilər. Bu xəbərlərdən sonra Banu Türkiyədə tanındı və sevildi. Kidsfashion deyə bir saytda bir dəfə Banunun fotosunu yerləşdirmişdilər. Fotoqraf Kristina Pimenovanın sözlərinə görə, bu Azərbaycandan olan ilk uşaq idi. Bundan sonra onun fotosunu repost edənlərin və Instagram hesabının izləyiclərinin sayı daha çox artdı.
O, sözə baxan uşaqdır?
Çox sözə baxan və yaşına görə çox ağıllı uşaqdır. Ondan nə istədiklərini çox gözəl anlayır və heç vaxt kapriz göstərmir.
Nə qədər tez-tez onun fotosunu çəkirsiniz?
Onun balaca vaxtlarında hər zaman yanında olduğuma görə tez-tez çəkirdim. İndi o qədər çox vaxtım yoxdur, buna görə də daha az çəkirəm.
O reklamlarda çəkilib?
Bəli. Məsələn, Emporiumda, yerli markaların reklamında. Onun fotosunu şəhərin müxtəlif yerlərində yerləşən billboard və bannerlərdə görmək mümkün idi.
Filmə çəkilmək təklifi almısınız?
Təklif ediblər, həm də dəfələrlə. Türkiyədən serialda oynamaq təklifləri gəlirdi. Lakin hesab edirəm ki, o, bu işlər üçün hələ balacadı. İstanbulda fotosessiyada biz iştirak etmişdik, amma filmdə rol almaq... O, hələ çox körpədir, üstəlik türk dilini də bilmir. Baxmayaraq ki bizə dedilər ki, onun səsi dublyaj olunacaq... Amma xeyr, düşünürəm ki, hələ tezdir.
Bəs onu hansısa aktyorluq məktəbinə verməyi planlaşdırırsınız? Harasa Qərbə, Hollivuda ...
Əslində, bu barədə fikirləşirəm. Əlbəttə, mən istəyərdim ki, o yaradıcı baxımdan inkişaf etsin, belə bir məktəbdə təhsil alsın. Düşünürəm ki, bu məktəblərdə bu cür artistik istedadı olan uşaqlar üçün daha çox imkanlar var.
Bəs özünüz nə işlə məşğul olursunuz?
Mənim gözəllik salonum var. Banu kiçik olduğuna görə, mən başqa işlə məşğul ola bilmirəm, biznesə vaxt sərf edə bilmirəm. Ona görə də salon açmışam, əslində bu mənim üçün bir növ hobbidir.
Hobbi yoxsa biznes? Mənə elə gəlirki, bu əsl çətin və ağır bir işdir. Bu gəlirli biznesdir?
Siz haqlısınız. Salonu açarkən, bu qədər çətin olacağını heç düşünməmişdim. Hər bir biznes kimi, əgər bu işi də yoluna qoysaq və qaydaya salsaq gəlirli bisnes ola bilər.
Banu sizin işinizə tez-tez gəlir?
Xeyr, nadir hallarda. Bilirəm ki, burada bir qız uşağı olaraq ona nə qədər maraqlı olardı. Vaxtından əvvəl başını lazımsız şeylərlə doldurmamaq üçün bütün bunlardan onu uzaqlaşdırmağa çalışıram.
Siz bir dəfə demişdiniz ki, qızınızın "ulduz xəstəliyi" başlayır. Bu özünü necə biruzə verir?
Sadəcə dörd yaşlı uşağın məntiqini anlamaq lazımdır. Bu yaşda uşaqdan adını soruşanda o öz adını deyir. Banudan isə adını soruşanda, onun adını hələ də bilməyən kimsənin olduğuna həqiqətən təəccüblənir.
Onu küçədə tanıyırlar? Foto çəkdirmək istəyirlər?
Olduqca tez-tez, məhz elə bu populyarlığın mənfi tərəfidir. Mən onunla ictimai yerlərdə görünməməyə çalışıram. Mən başa düşürəm ki, bizim insanların uşaqlara qarşı xüsusi münasibəti var... Lakin, bəzən nə onun, nə də mənim razılığım olmadan uşağıma yaxınlaşıb öpmələri, onunla foto çəkdirmələri bir az məni narahat edir. O bundan çox yorulur. Son zamanlarda hər kəslə foto çəkdirmir, öncə məndən icazə istəyir. Əvvəllər isə hər kəslə dalbadal foto çəkdirirdi!
Banu ünsiyyətcil uşaqdır. Onun dostları var?
Bəli, həm də çox. O, ünsiyyətə çox açıqdır. Uşaq bağçasında və həyətdə gəzdiyimiz zaman uşaqlarla çox yaxşı anlaşır. Düzdür, nədənsə qızlara nisbətən, oğlanlar arasında onun dostları daha çoxdur.
Vaxtı gələndə onu hansı məktəbə verəcəksiniz? Hansısa ixtisaslaşdırılmış ya adi məktəbə?
Xeyr, adi. O, öyrənməyi, oxumağı xoşlayır, sevir ki, onun üçün oxusunlar. O, hər şeyi bilmək istəyən və qabiliyyətli bir uşaqdır.
O hansı dilləri bilir?
Azərbaycan və rus dillərində təmiz danışır. İki il fransız uşaq bağçasına gedib, düzdür bu dildə danışmır, amma çox söz bilir. İndi isə ingilis dilini öyrənir...
Siz ondan nə gözləyirsiniz?
Mənim üçün əsas odur ki, hər şey onun istədiyi kimi olsun.
Necə anasız? Ciddi?
Qətiyyən ciddi deyiləm! Mən həmişə qızıma ana olmaqdan çox rəfiqə olmaq istəmişəm. Seçimi hər zaman ona buraxıram: nə geyinmək, hara getmək, nə yemək...
Bizneslə məşğul olduğunuza görə, yəqin ki, dayə xidmətinə müraciət edirsiniz?
Heç bir halda. Qızımın tərbiyəsi ilə özüm məşğul oluram. Bəli, mənə asan deyil, lakin düşünürəm ki, hər bir ana övladına özü tərbiyə verməlidir. Rəfiqələrimin uşaqları dayələrlə daha çox vaxt keçirdikləri üçün onları daha çox sevdiklərini müşahidə etmişəm. Mən isə istəyirəm ki, qızım sadəcə məni sevsin. Bütün gənc analara, uşaqları ilə daha çox vaxt keçirmələrini məsləhət görürəm - onlarla daha çox söhbət etsinlər, onları dinləsinlər və anlasınlar, sosial şəbəkələrdə tamamilə tanımadıqları insanlarla az ünsiyyət qursunlar. Hamıya elə gəlir ki, mən sosial şəbəkələrə "bağlı" biriyəm, lakin düzünü deyim: internetə girmək üçün çətinliklə vaxt tapıram və çalışıram bunu qızımın başqa bir məşğuliyyəti olduğunda və ya evdə olmadığı zaman edim.
Siz sosial şəbəkə tərəfdarısınız yoxsa ona qarşısınız?
Əlbəttə ki, tərəfdarı. Banunu ilk dəfə televiziyada göstərəndə, profilində bizim insanlardan çox sayda fikirlər yazıldı. Onlar hesab edirdilər ki, mən səhv iş görürəm, "övladımı uşaqlığından məhrum edirəm"... Amma mən bununla qətiyyən razı deyiləm: Banunun uşaqlığı bəzi "sosiallaşmayan" uşaqlardan daha yaxşı və maraqlı keçir. O, bütün adi uşaqlar kimi, hər zaman nə iləsə məşğuldur, oynayır. Sadəcə mən həmin o anlarda onun fotosunu çəkirəm. Bununla yanaşı foto çəkdirmək onun üçün daha bir maraqlı oyundur. O, bəzənməyi, poz verməyi xoşlayır, bu ona sevinc hissi verir.
Sizi yəqin ki, öz övladınızın üzərindən pul qazanmaqda da günahlandırıblar?
Əvvəla bundan başlayaq ki, iki il bundan əvvəl Banu reklamlara çəkiləndə, bu mənim dostlarımın və tanışlarımın reklamı idi və mən onlardan heç bir pul almamışam. Bundan əlavə, o vaxtı izləyicinin bəyənməsindən və reklamdan pul qazanmaq anlayışı yox idi. O vaxtı bloggerlərə reklama görə pul ödəyən marketinq də heç yox idi. Zamanla hər şey dəyişib və indi abunəçilərin çoxu mənə reklam etməklə pul qazanmağı tövsiyə edirlər. Amma yenə də buna çox ehtiyatla yanaşıram: məsələn Banu ancaq, mənim də öz uşağıma məsləhət gördüyüm vitamin reklamında iştirak edə bilər.
Banunun cizgi filmlərinə münasibəti necədir?
Çox sevir, lakin bunun üçün ona gündə sadəcə bir saat ayrılıb. Mən uşaqlarının əlinə bütün günü iPad verən anaları anlamıram. Banu plastilin, kinetik qum ilə oynamağı sevir, yaxşı rəsm çəkir... Düşünürəm ki, onun cizgi filmləri olmadan da əyləncəsi var. Yaxşısı budur yaradıcı tərəfini inkişaf etdirsin!