NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Udinlər - Qafqaz Albaniyasının varisləri

screen_shot_2017-06-19_at_12.29.07_pm

Udinlər - Qafqazın ən qədim yerli xalqlarından biridir. Onların tarixi yaşadığı yer - Azərbaycandır. Hal-hazırda, udinlərin planetdə ümumi sayı on mindən bir az çoxdur, onların dörd mindən çoxu isə Azərbaycanda yaşayır: Qəbələ rayonunun Nic kəndində kompakt şəkildə, həmçinin Oğuz rayonunda və Bakıda; geri qalanları isə Azərbaycana qonşu olan Rusiya, Qazaxıstan, Gürcüstan regionlarına yayılıblar. Bizim maraqlı insan, qədim udin xalqının nümayəndəsi Cotari Ayko ilə söhbət etmək imkanımız oldu, o da bizim sualları məmnuniyyətlə cavablandırdı. Bizim həmsöhbətimizin 87 yaşı var, o olduqca gümrah görünür və müsbət düşünür. Bəlkə də bu bütün ömrü boyu yaradıcılıqla (dülgərliklə) məşğul olduğuna görə və doğma Nic kəndində yaşadığına görədir ...

screen_shot_2017-06-19_at_12.30.10_pm

Neçə dil bilirsiniz?

Hər bir udin yaşadığı ölkənin dövlət dilindən savayı öz dilini də mütləq bilir. Məsələn mən, üç dildə danışıram: udin, azərbaycan və rus dilində. Kiminlə danışdığımdan asılıdır.

Biz bu sualı əbəs yerə vermədik, çünki eşitdiyimizə görə udinlərin öz əlifbası yoxdur, dilləri isə sadəcə məişətdə, bu dilin daşıyıcısı olan kiçik bir qrup arasında istifadə olunur. Onların fikir ayrılığı qarşılıqlı anlaşmağa mane olmur, baxmayaraq ki, hər bir dialekt müstəqil şəkildə inkişaf edir və əlifbasız hesab olunur...

Ağır doxsanıncı illərdə nə qədər udin buradan köçüb? Kəndinizdə bu gün neçə sakin var?

Çoxları, yarısından çoxu köçüb. Həm də nəinki doxsanıncı illərdə, indi yenə də axın başlayıb. Növbəti böhran baş verdikdən sonra kənddə praktiki olaraq iş qalmayıb və gənclərin harasa iş axtarmağa getməkdən başqa çarəsi yoxdur. Özünüz düşünün, Sovet İttifaqı dağılmazdan əvvəl kənddə səkkiz min udin yaşayırdı, indi isə sadəcə üç min qalıb. Gənc valideynlər artıq çox uşaq dünyaya gətirmirlər: ailədə bir və ya iki uşaq var, əvvəlki kimi üç uşaq - çox nadirdir.

Kəndlilər nə işlə məşğuldurlar? Nə yetişdirirsiniz, nə ilə dolanırsınız?

Biz demək olar ki, təbii kənd təsərrüfatı ilə yaşayırıq: tərəvəz, meyvə əkirik, vaxtı gələndə isə konserv bağlayırıq. Bununla da dolanırıq.

Udinlər uzaq torpaqlarda nə işlə məşğul olurlar?

Müxtəlif cür. Başqa ölkəyə gedənlərin bir çoxu tanınmış alim, həkim, biznesmen olublar - axı biz istedadlı xalqıq! Amma yenə də mən uşaqlarımızın bizdən belə uzağa getmələrini heç istəməzdim.

Dini əqidələrinə görə udinlər - ortodoksal xristianlardır. Hal-hazırda regionda Alban-Udin kilsəsi bərpa olunub.

screen_shot_2017-06-19_at_12.29.41_pm

Kilsəyə tez-tez gedirsiniz?

Mən kilsəyə hər gün gedirəm, amma camaatın əksəriyyəti isə bazar günləri və ya imkan tapdıqda gedirlər.

Bəs bu xaç haqqında nə deyə bilərsiniz? O Udinlərindir?

Bu xaç Qafqaz Albaniyası dövründəndir. Biz xristianlarıq və müxtəlif çətinliklərə və maneələrə baxmayaraq, öz imanımızı və xaçımızı qoruyub saxlamağı bacarmışıq. Bu Alban-Udin xaçıdır. Bəzi qondarma tədqiqatçıların iddia etdikləri kimi, heç də erməni xaçı deyil. Bunun üçün bir çox sübut var. İlk növbədə bizim qədim Nic kəndinin yaxınlığında arxeoloji qazıntılar zamanı aşkar olunmuş artefaktlar buna sübutdur. Səkkiz birləşmiş xaç - bu Qafqaz Albaniyasının rəmzidir. Xaça, hələ bu torpaqlarda bütpərəstlik dövründə, Aya və Günəşə ibadət etikləri zamanı bir simvol kimi sitayiş edirdilər. Demək olar ki, bu torpaqlarda bu simvola 2500 ildən çox ehtiram ediblər. Bu səkkiz guşəli ulduzda bütün ən qədim, əbədi ümumbəşər ideallar əks olunub: yaxşılıq, mərhəmət, məhsuldarlıq, sülh, ümid, şöhrət və vətən sevgisi...

screen_shot_2017-06-19_at_12.27.17_pm

Udin dilini yerli məktəbdə keçirlərmi?

Rayonumuzda beş məktəb var: üçü - rus bölməsi, ikisi - azərbaycan bölməsidir. Bu məktəblərin üçündə ibtidai siniflərin tədrisinə udin dili daxil edilib. Yeri gəlmişkən, udin dilinin tələffüzü azərbaycan dilinə çox yaxındır, bənzər sözlər çoxdur, əsasən də dualarda.

May ayında hansısa bir Udin bayramı var?

May ayında bizdə mayovkalar olur və bu da sadəcə Sovet dövründə geniş qeyd olunan Beynəlxalq Əmək günü ilə əlaqəli deyil. 1-30 may arası udinlər əcdadlarının xatirəsini yad edirlər - bütün ailə ilə qəbiristanlığa gedirlər, anım süfrələri açırlar. Belə bir masa üçün bir çox şirniyyatlar bişirilir: paxlava, kətə, milli qoz və cemli şirniyyat hərsə. Masada evdə hazırlanmış, çox keyfiyyətli araq və şərab olur.

Buna görəmi udinlər uzun ömurlüdürlər?

Biz bu cür gözəl yerdə yaşayırıq, məhsulların hamısı özümüzündür, əlavə qatqısı olmayan, herbisidsizdir. Süd, pendir, kəsmik, ət, meyvə, tərəvəz... Həm də qohumlarımız, dostlarımız yanımızdadır. Yaxşı əhval-ruhiyyə, xoşbəxtlik və uzun ömür üçün başqa nə lazımdır?

Udinlər – məxsusi xalqdır! Bu qədər minillikdə bu xalq başqa mədəniyyətlər arasında itməyib. Öz mədəniyyətinizi qorumağı necə bacarırsınız?

İlk növbədə, öz əcdadlarına hörmət etməlisən, onların bizə ötürdükləri tarixi ehtiramla anmalısan, dil və ənənələrini qorumalısan, bunları da öz uşaqlarına öyrətməlisən.

İlk udin folklorunu toplamağa XIX əsrin etnik udini M.Bejanov cəhd göstərmişdi. O, "Qafqaz ərazilərinin və tayfalarının təsviri üçün materiallar toplusunda" bəzi udin nağıllarını, atalar sözünü, mahnılarını dərc etməyə müvəffəq olmuşdu. Bir neçə udin nağıllarını alman dilşünası A.Dirrin öz işlərində dərc etmişdi. Ana dilimizin populyarlaşmasında Nic kəndinin maarifçisi G. Keçaarinin böyük əməyi olmuşdur. O, udi nağılları, əfsanələri, rəvayətləri, atalar sözləri, inancları, o cümlədən, udin dastanları və lətifələrindən ibarət udin dilində kitablar hazırlamışdı.

screen_shot_2017-06-19_at_12.28.35_pm

Bəzi xalqlarda olduğu kimi, qohum evlilikləri sizdə xoş qarşılanırmı?

Heç bir halda! Bizdə qohum evlilikləri qəti surətdə dinimiz tərəfindən qadağandır.

Bəs udinlərin xarakterində hansı xüsusi əlamətlər var?

Düşünürəm ki, bizim əsas xüsusiyyətlərimiz - qonaqpərvərlik, ehtiyac sahiblərinə yardım əli uzatmaq, yaxınlarımıza dəstək verməkdir. Hətta gözlənilmədən qonaq gəldiyində evdə heç nə olmasa belə, biz ümumi gücümüzlə onun üçün çox gözəl süfrə açırıq və onu elə qarşılayırıq ki, o olduqca məmnun qalır. Biz qonaqlara hər zaman şadıq!

screen_shot_2017-06-19_at_12.28.12_pm

Fakt №1 Udin dili Şərq-Qafqaz dilləri ailəsinin nax-dağıstan dillər qrupunun ləzgi qoluna məxsusdur. O, iki dialektə bölünür: Nic və Oğuz.

Fakt №2 Alban-Udin Xristian Müqəddəs Yelisey Kilsəsi (Cotari) tarixi mənbələrə əsasən Alban hökmdarı Urnayr tərəfindən miladdan öncə 314-cü ildə inşa edilib.

screen_shot_2017-06-19_at_12.27.35_pm

Vəndamda, Alban-Udin Xristian kilsəsinin qarşısında Nargis komandası baş redaktorun rəhbərliyi ilə nərgiz gülləri əkdi. Qoy bu uzunömürlü güllər bu gözəl diyara müvəffəqiyyət və firavanlıq arzusu nişanəsi olaraq qonaqpərvər kəndlilərlə səmimi görüşümüzün xatirəsi olaraq yaddaşlarda qalsın!

screen_shot_2017-06-19_at_12.39.28_pm

screen_shot_2017-06-19_at_12.39.48_pm

screen_shot_2017-06-19_at_12.40.12_pm

Harada ki çoxlu sevgi var, orada çiçək - hər zaman azdır. Leonid Suxorukov

MÜSAHİBƏ ÜLVİYYƏ MAHMUDOVA FOTO PƏRVİZ QASIMZADƏ