NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Məktub və ya Rəna Felin tale kitabı

Yazıçı, jurnalist, “Литературный Азербайджан” və YOL jurnallarında dərc edilən çoxsaylı tarixi məqalələrin, esse və hekayələrin müəllifi, Alianın Azərbaycandan olan ən parlaq nümayəndələrindən biri, İsrail prezidentinin fəxri fərmanı ilə təltif edilən “Ophir Tours” turistik şirkətin aparıcı əməkdaşı... Bütün bunlar bir qadındır – uzun illərdir ki, müasir istirahətin ən dəbdə olan qollarından biri, müəllif turizmi ilə məşğul olan Rəna Mir-Qasımova Fel.

screen_shot_2017-06-21_at_14.09.27

Rəna xanım, bildiyimə görə, Siz artıq bir neçə müddətdir ki, İsraildə yaşayırsınız...

Bəli, və bu “bir neçə müddət” artıq 27 il davam edir!

Siz Mir-Qasımov nəslinin, Azərbaycanın ən məşhur soyadlarından birinin nümayəndəsisiniz, Sizin əcdadlar sırasında vətəninə şöhrət gətirmiş bir çox dahi şəxsiyyət var. Tanınmış kinorejissor Oqtay Mir-Qasımovun qızı olmaq necə hissdir?

Mənim ailəm kimi ailədə dünyaya göz açmaq böyük xoşbəxtlikdir! Uşaqlığımın ilk dövründən zəkalı, parlaq, son dərəcə istedadlı insanların əhatəsində böyümüşəm, lakin atamın yolu ilə deyil, anamın filologiya yolu ilə getmişəm ... Buna rəğmən, kiçik bacımla evdə hökm sürən son dərəcə yaradıcı atmosfer qarşısında tab gətirə bilmədik. Bacım 5 yaşından aktrisa olmaq arzusundaydı, mən isə Bülbül adına Musiqi məktəbinin fortepiano sinfində təhsil alırdım, hərçənd bilirdim ki, ancaq ədəbiyyatla məşğul olmaq istəyirəm! Amma, necə deyərlər, sən saydığını say, gör Fələk nə sayır... Universiteti bitirdikdən sonra Azərbaycanı tərk etməli oldum.

Bəs gedişiniz nə ilə bağlı idi?

Mən kifayət qədər tez ailə qurdum və tezliklə həyat yoldaşımın valideynləri – Azərbaycanın tanınmış bəstəkarı və pianoçusu Elmira Nəzirova və psixiatriya üzrə professor Miron Fel – İsrailə köçmək qərarına gəldilər, biz isə həyat yoldaşım və kiçik yaşlı oğlumla onların ardınca getdik. Filoloq karyerası barədə arzularla vidalaşmalı oldum. Ümumiyyətlə bu köç mənim həyatımı tamamilə dəyişdi!

Bu gün oğlunuz Teymur Fel dünya miqyaslı tanınmış caz musiqiçisidir. Bu onun məşhur nənəsinin təsirinin nəticəsidir?

Tək onun deyil, həm də atasının, köçməmizdən öncə artıq tanınmış musiqiçi, Azərbaycan bəstəkarlar ittifaqının üzvü olan bəstəkar Elmar Felin. Açığını deyim ki, oğlumun musiqiçi olmasını heç istəmirdim...

 screen_shot_2017-06-21_at_14.10.05

Axı niyə?!

Bu, uşaqlıq xatirələri ilə əlaqəlidir. Məndən fərqli olaraq valideynlərim musiqi təhsili almağımı çox istəyirdilər, amma bu təşəbbüs heç bir yaxşı nəticə vermədi. Mən pianoçu və arfaçıyam, lakin hər iki halda uğursuz! Elə skripka sinfində təhsil alan bacım da bu yolla getmək eşqi ilə alışıb yanmırdı. Amma indi anlayıram: bütün bunlar təsadüf deyildi. Axı mən görkəmli musiqiçilərin ailəsinə düşdüm və musiqi biliklərim Elmira Nəzirova kimi qeyri-adi qayınana ilə ümumi dil tapmağıma yardım etdi. Bundan əlavə oğlumun nə işlə məşğul olduğunu indi gözəl anlayıram. Yalan deməyəcəm və özümü yalandan təvazökarlığa vurmayacam – mən onunla fəxr edirəm!

Atanızın yolunu davam etdirməkdən boyun qaçırmanızın özünəməxsus etiraz olduğunu düşünmürsünüz ki?

Sözsüz! Mən qətiyyən cəmiyyət insanı deyiləm, üzdə olmağı xoşlamıram. Bəlkə elə buna görə də yazıçılıqla məşğul oldum.

Bəs nə haqqında yazırsınız?

Hər şey publisistikadan başladı. Lakin mənim yazdıqlarım yalnız Azərbaycanda nəşr olunub, vəssalam! İsraildə turizm sahəsində fəaliyyətə başlayandan sonra bir çox səfərlər etmək məcburiyyətində qaldım. Bir dəfə mənə bu səfərlər haqqında təəssüratlarımı bölüşmək təklifini irəli sürdülər. Düzünü desəm, növbəti bələdçi kitabçası yaratmaq mənə maraqlı gəlmədi. Mən düşüncələri daha sərbəst və səmimi ifadə etmək imkanı yaradan esse janrına üstünlük verdim.

Nə üçün bu qədər fəaliyyət növü sırasından Siz məhz turizmi seçdiniz?

Bu tamamən təsadüf nəticəsində baş verdi! Mən ivrit dilini yaxşı bilirəm, müəllimə işləmişəm və bir filoloq kimi məni tam razı salan işimi dəyişmək fikrində deyildim.

screen_shot_2017-06-21_at_14.10.35

Turistik biznes kommunikabellik tələb edir, axı daim çox sayda müxtəlif insanlarla ünsiyyət qurmaq lazım gəlir. Bu, Sizin üzdə olmamaq istəyinizlə necə uzlaşır?

Bəzən həyat güzəştlərə getməyə məcbur edir. İvrit dili müəllimi olduqdan sonra auditoriyaya daxil olaraq dərs vermək məcburiyyətində qaldım. Bəlli oldu ki, bu məndə heç də pis alınmır! Ümumiyyətlə, pedaqoji fəaliyyət bizim ailəmizin ənənələri sırasındadır: nənəm pedaqoq idi, babam Mir-Əsədulla Mir-Qasımov həkim, akademik, Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti olmasına rəğmən həm də dərs deyirdi, mənim valideynlərim və həyat yoldaşımın valideynləri də pedaqoq idilər. Yəqin ki, bu pedaqoji istedad mənə irsən keçib. Odur ki, mən turistik fəaliyyət ilə məşğul olmağı planlaşdırmırdım, amma köçməyimizdən sonra ilk dəfə Bakıya uçanda təsadüfən artıq 26 ildir işlədiyim firmanın sahibi ilə görüşdüm. Bir neçə il öncə isə mənə təşkilatlanmış turizm üzrə iş təklif etdilər və mən tamamilə yeni səviyyəyə yüksəldim. Bakı jurnallarında rus dilində dərc edilmiş məqalələrimi oxuduqdan sonra mənə dedilər: “Belə yaxşı yazırsansa, bəlkə müəllif turları, tələbkar turistlər üçün müxtəlif proqramlar təşkil edə bilərsən?”. O zaman bu sahədə artıq böyük təcrübəyə malik idim və bu təklifi qəbul etdim. Belə bir iş Sizin qeyd etdiyiniz vətənə sevgi tələb edir.

Bəs yeni ölkələrə tez vurulursunuzmu?

Konkret hansılara? Mən bir çox ölkələrə tur təşkil edirəm: Yaponiya, Çin, Koreya, Cənubi Afrika, İspaniya, İtaliya... Bu ölkələrə eyni sevgi bəslədiyimi söyləmək düzgün olmazdı. Lakin İsrailə ilk baxışdan vuruldum. Ən əsas da ona görə ki, köçəndən sonra Hayfada məskunlaşdıq, ora isə, məncə, tamamilə Bakıya bənzəyir, odur ki, dərhal özümü sanki evdə hiss etdim.

screen_shot_2017-06-21_at_14.10.55

Bu şəhərlərin hansı ümumi xüsusiyyətləri var?

İsti dəniz, gözəl körfəz... və sonsuz mavi səma. Ümumiyyətlə İsrail şərq ölkəsidir, ona görə də ənənələr, mətbəx, ətrafdakı hər şey şərqə aiddir! Mürəkkəb vəziyyətə rəğmən, bu son dərəcə tolerant ölkədir, burada iki xalq rifah və harmoniya halında yaşayır. Hayfa isə İsrailin ən beynəlxalq şəhəridir! Hər şeydən də əlavə, İsraildə hər bir vətəndaş özünü təhlükəsiz və mühafizə olunmuş hiss edir.

Fəaliyyətiniz daimi uçuşlarla əlaqəli olsa da, Siz uçmaqdan qorxursunuz. Aerofobiyanın öhdəsindən necə gəlirsiniz?

Gənc olanda mən uçmaqdan heç qorxmurdum, amma 30 yaşında artıq uçuş haqqında fikirlər belə məni qorxutmağa başladı. Bilmirəm, bəlkə də bu o zaman artıq 2 uşaq anası olmağımla ya da sinirlərimlə əlaqəli idi, amma o zamandan hər uçuş mənim üçün bir sınaqdır. Hər şey isə ondan başladı ki, mən Bakıya uçmalı idim...

Siz bu fobiya ilə necəsə mübarizə aparırsınız?

Mən dua edirəm. Doğma və əziz adamlar səni gözləyirsə, istənilən qorxunun öhdəsindən gəlmək mümkündür!

screen_shot_2017-06-21_at_14.11.12

Siz inanclı insansınız?

Bəli, bunda da ailəmin böyük xidməti var, bizdə həmişə inanca və Yaradanın qanunları əsasında qurulan həyata hörmət olub. Lakin mənim üçün din və inanc iki tam fərqli anlayışdır. Bir dəfə İtaliyaya səfər ərəfəsində qrup üçün gənclik illərində varlı tacirin ərköyün oğlu olmuş dahi xətib Fransisk Assizlinin həyatı haqqında mühazirə hazırlayırdım. Onun həyatını araşdırdıqca istər-istəməz Buddanın həyatının təsviri ilə paralellər aparırdım... Mühazirəmdə “Din insanlar üçün tiryəkdir” ifadəsindən istifadə etmək istədim. Məsələ burasındadır ki, Fransisk Assizli çox təvazökar və zahid insan idi: o var-dövlətdən imtina etmiş, sadə kətan köynək geyinərmiş və ilboyu ayaqyalın gəzərmiş. Hazırda Fransisk Assizi şəhərinin qızıl və daş-qaşla bəzədilmiş ən gözəl məbədində dəfn edilib. Lakin mənə elə gəlir ki, o özü belə dəbdəbəli qəbir məkanından narazı qalardı. “Vladimir İliç Lenin düzgün buyurub ki, din xalq üçün tiryəkdir” - mənə ev işlərində yardım edən qadına dedim. O isə dərhal cavab verdi: “Bunu Lenin deyil, Karl Marks söyləyib!”. Mən utandım, kitablara baş vurdum və müəyyənləşdirdim ki, Lenin bu ifadəni Karl Marksdan mənimsəyib, Marks – Geggeldən, Geggel isə, necə düşünürsünüz, kimdən? Təntənəli surətdə bu suala cavabı deyəndə hamı təəccüblənir: bu ifadəni Markiz de Sad həbsxanada olarkən deyib! Axı o yalnız sadizm tərəfdarı və sadist hekayələr müəllifi deyil, həm də filosof idi. Buna görə də mənim üçün dini institutlar yalnız xalqı idarə etmək üsuludur. İnanc isə müəyyən mənada intim, sırf şəxsidir; hər kəsin Allaha dair öz nəzərləri var.

Sizin turistik hədəf auditoriyanız kimdən ibarətdir?

Onlar əsasən rusdilli israillilərdir.

İlk növbədə onların diqqətini nəyə cəlb edirsiniz?

Ən maraqlı tarixi hadisələrə, tur keçirdiyim ölkənin ənənələri, incəsənəti və mədəniyyəti haqqında çox danışıram.

Gid işinə başlamazdan əvvəl hansısa xüsusi hazırlıq keçmisiniz?

Yox, mənim məktəbim – 25 illik peşəkar səfərlər və tur təklif etdiyimiz ölkələrin dəqiq, hərtərəfli öyrənilməsidir, bütün bunlar birlikdə isə “educational trip” adlanır. Hətta bu gün, bütün bu ölkələrdə dəfələrlə olmağıma baxmayaraq, hər səfərə çox ciddi hazırlaşıram.

screen_shot_2017-06-21_at_14.11.26

Bu ölkələr sırasına Azərbaycanı da daxil etməyi planlaşdırırsınız?

Azərbaycan artıq bizim siyahıdadı! Bizim firma bu istiqamətdə ciddi işlər aparır və mən əminəm ki, yaxın zamanlarda turistlərimiz bizim vasitəmizlə Odlar Yurdunu kəşf edəcəklər.

Bəs onlara vətəniniz haqqında nə danışacaqsınız?

Onun qədim tarixi, böyük Ağqoyunlu, Qaraqoyunlu və Şirvanşahlar sülalələri, əlbəttə ki, Gəncə və dahi yazıçılar, dünyanın haqsız olaraq az tanıdığı Şah İsmayıl haqqında, hərçənd o, Hannibal, Makedoniyalı İskəndər, Napoleonla müqayisə ediləcək dərəcədə çox böyük tarixi şəxsiyyətdir! Şah İsmayıl böyük əraziləri fəth etmiş, az qala Hindistana qədər gedib çıxmışdı. Düzdür, hələ bilmirəm, Azərbaycandakı ekskursiyaları mən keçirəcəm ya yox. Amma hətta başqa ekskursiya rəhbəri olsa belə, onun materialları mütləq mənim əlimdən keçəcək və mən çalışacam ki, ölkəmiz bütün əzəməti ilə təqdim olunsun.

Bəs turistlərə haqlı olaraq Azərbaycan mədəniyyəti tarixinin bir parçası olan öz ailəniz haqqında məlumat vermək istəməzdiniz?

Düzünü desəm, bilmirəm... Sualınız gözlənilməz oldu! Əlbəttə ki, bizim nəsildə çox sayda dahi şəxsiyyət var, o cümlədən ən sevimli və hörmətli Qarik əmim – biz öz aramızda dahi bəstəkar Qara Qarayevi belə çağırırdıq... Amma mən Azərbaycan sülalələrindən danışmağa başlasam, başqa şeyə sadəcə vaxt qalmayacaq! Axı son illər ərzində Azərbaycanda çox sayda mühüm hadisələr baş verib, “Qara yanvar”dan başlayaraq günümüzə qədər, və onlar haqqqında söz açmaq zəruridir...

Bu qədər ad-san və xidməti olan ailənizi nəzərə alaraq nə zamansa Azərbaycanda qalacağınız təqdirdə həyatınızın hansı səmtə yönələ biləcəyi haqqında düşünmüsünüzmü?

Bilirsiniz, bu məsələ məni həyatım boyu narahat edir. Amma tarixin lazımi forması olmur... Mən həmişə taleyə inanmışam, bunun üçün də dərin fəlsəfi məna kəsb edən çox əsrarəngiz ərəb sözündən istifadə edirəm – “məktub”. Yeri gəlmişkən bu söz Azərbaycan dilində də mövcuddur. “Məktub” – yəni talelər kitabında yazılanlar deməkdir. Bütün bizim həyatımız məktubdur, namədir, təqdirdir... Əlbəttə ki, köçməyimiz məni şəxsiyyət olaraq dəyişdi... Mən də, həyat yoldaşım da, hətta onun tanınmış valideynləri də hər şeyi yenidən başlamalı olduq. İlk zamanlar ən çətini bu idi ki, professor Fel, professor Nəzirova, bəstəkar Elmar Fel və akademik Mir-Qasımovun nəvəsi kimi adlar heç kimə tanış deyildi! Zaman ötdükcə mən çox qüvvətləndim, əvəzsiz təcrübə topladım...

screen_shot_2017-06-21_at_14.11.42

Vətənə gəldikdə hansı hissləri keçirirsiniz? Axı Siz buralarda elə də çox olmursunuz.

Bilmirəm, vətəni daha çox sevmək mümkündürmü. Mən Azərbaycana məftunam, amma eyni hissləri İsrailə qarşı da bəsləyirəm, çünki uzun sürən səfərlərdən sonra İsrailə döndükdə hiss edirəm ki, evdəyəm! Yaradanın təqdiri ilə bu gün iki evim var: Azərbaycan – doğulduğum, valideynlərimin yaşadıqları, böyük oğlumun dünyaya göz açdığı, ürəyimə ovqat verən musiqinin səsləndiyi, tanıdığım və tanımadığım bütün əcdadlarımın dəfn olunduqları vətən... İsrail isə - Tövratdan ad verdiyimiz Rahil qızımın vətənidir.

Qızınız İsrail ordusunda xidmət edib. O zamanlar hansı hissləri yaşadınız?

İsraildə hər bir vətəndaş hərbi xidmət keçməlidir, bu israilli üçün böyük şərəf hesab olunur. Mənim qızım da orduda xidmət edərkən həmçinin öz evini müdafiə edəcəyini bilirdi. Xoşbəxtlikdən, onun xidməti hadisələrsiz ötüşdü. O dövrdə mən çox həyəcanlanırdım, axı mən anayam, amma bu mənada da israilli olmağı bacarmışdım: anlayıram ki, qorxulara qarşı mübarizə aparmaq, valideyn eqoizminin öhdəsindən gəlmək lazımdır. Və mən bunu tam səmimi deyirəm!

Təsəvvür edin ki, mən heç zaman Azərbaycanda olmayan bir insanam. Mənə hansı kitabları oxumağı, nəyi dinləməyi, hara getməyi məsləhət görərdiniz?

Əvvəla, mütləq “Koroğlu” operasını və “Arşın mal alan” operettasını dinləməyi və mütləq muğam konsertinə getməyi məsləhət görərdim. Mən hətta öz qrupum üçün belə səfər təşkil edərdim, çünki bu, Azərbaycan mədəniyyətinin əhəmiyyətli, heç nə ilə müqayisə edilməyəcək incisidir! Mən Sizi İçəri Şəhərə və Qəbələyə aparardım. Qəbələdə mən, təəssüf ki, hələ olmamışam, amma deyirlər ora nadir yerlərdən biridir! Biz həmçinin mütləq Lahıca, Şəkiyə və Azərbaycanın digər qədim şəhərlərinə gedərdik. Sizi xalça muzeyinə aparardım: bu da əcdadlarımızın unikal, yüksək dəyərə malik irsidir. Yəqin ki, bugünkü Bakıda kifayət qədər olan sərgi salonları və qalereyalara ekskursiya təşkil edərdim... Bilirsiniz mən necə edəcəm? Mən Bakıya ailəvi səfər etməyəcəm, diqqətə layiq yerlərimizin peşəkar öyrənilməsi üçün gələcəm! Hər şeyi müşahidə edəcəm, hər yerdə olacam, sonra isə məsləhət verəcəm!

Siz hər şeyin əvvəlcədən müəyyən edildiyini düşünsəniz də, hər halda planlarınız barədə sual verəcəm: bəlkə müəyyən ideyalar, arzularınız var?

Biz hər zaman özümüz üçün yeni ölkələr kəşf edirik. Daimi turist qruplarım var ki, ancaq mənimlə səfərlərə getmək istəyirlər. Onlar bizim iş üslubumuzu çox bəyənirlər. Biz heç zaman ekskursiyalarımızı “sola baxın, sağa baxın, gedək yemək yeyək, sonra isə tarantella rəqsini edək!” prinsipi üzərində qurmuruq! Biz eksklüziv proqram təklif edirik: əgər İntibah dövrüdürsə - biz bu dövrü tam təfərrüatı ilə təqdim edirik; əgər bu yapon incəsənətidirsə - mütləq Kiotonun tarixi yerlərinə tur keçiririk, axşam isə çay dəsgahı təşkil edirik və Samuray silahının qədim incəsənətindən və ya Buddanın həyat hekayəsindən danışırıq... Yaxın zamanlarda ilk dəfə Madaqaskara tur təşkil edirəm və mümkün qədər çox turist cəlb edə bilsəm şad olaram. Bu mənim üçün sadəcə iş deyil, əsl yaradıcılıq prosesidir, axtarışdır, elmi tədqiqatlardır. Onların sayəsində mən turistlər üçün səfər etdikləri ölkənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ənənələrini, təbiətini və milli xüsusiyyətlərini maksimal dərəcədə öyrənmək üçün unikal, təkrarolunmaz proqramlar təşkil edirəm. Yeni ölkələr – yeni üfüqlər deməkdir və mən istirahətlərini mənə etibar edən insanlar üçün onları kəşf etməyi çox xoşlayıram!