NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

Pasta: Bişirmək ya bişirməmək?

icon

Bişirmək ya bişirməmək? Budur məsələ! Məsələn, niyə bişirim ki, əgər mən yoxlanılmış yerdən evə yemək sifariş edə bilirəmsə, həm də əminəm ki, bu, mütləq dadlı olacaq! Çoxları elə bilir ki, yemək bişirmək çox vaxt və zəhmət tələb edir, lakin bu, həqiqətdən çox uzaqdır. Yemək sadə, faydalı və dadlı ola bilər. Ən əsası isə - səbrli olmaq, tez və sağlam qidanın hazırlanmasında lazım olan məhsulları tədarük etmək lazımdır.

Bu gün sizə mənim anbarımın əsas qəhrəmanı olan - pasta haqqında danışmaq istəyirəm.

image2ff

Pasta. Makaron, vermişel, əriştə deyil - adi italyan pastasıdır. Pastanın yaxşı tərəfi odur ki, uzun müddət saxlanılır və tez hazırlanır: bir neçə dəqiqə ərzində ləzzətli bir nahar yeməyi hazırlamaq mümkündür. Seçim, əlbəttə, bizim zamanımızda kifayət qədərdir. Daha faydalı bir seçim istəyirsinizsə, bərk buğda növündən hazırlanan pasta alın. Mənim "anbarımda" həmişə spagetti, linguini (spagetti və fettuccine arasında olan bir şey) və daha kiçik, məsələn, fusilli yaxud penne kimi növlər yer alır.

fusilli

Sevdiyim pasta reseptləri sonsuz saydadır: ət, toyuq, dəniz məhsulları, tərəvəz ilə olan variantlar... Yaxın gələcəkdə sizinlə favorit reseptlərimi paylaşacağıma ümid edirəm.

Uğurlu pasta hazırlamaq üçün nə lazımdır? Ötürməmək. Belə bir anlayış mövcuddur - "Al dente". İtalyan dilindən tərcümədə "dişinə görə" mənasını verir, sadə dildə isə - az bişmiş. Başqa sözlə desək, pastanı qablaşdırmada yazıldığı müddətdən 2 dəqiqə az bişirmək lazımdır. Məsələ bundadır ki, o, lazımı vəziyyətə sousla birləşdikdə çatacaq. İkinci əhəmiyyətli nüans - pastanın qaynadıldığı sudan bir az saxlamaq lazımdır. Suyun tərkibində olan nişasta sousa krem teksturasını əldə etməyə kömək edəcək.

Və əlbəttə, Parmesan, Grana Padano və ya Pecorino pendiri. Mənim zövqümə görə sonda bir az rəndələnmiş pendir yeməyi tamam başqa səviyyəyə qaldırır.

parmesan

Ən sadə və ən sevilən (mənim fikrimcə) - Cacio e Pepe pastasıdır. Orijinal resept çox sadədir və dadına görə inanılmazdır. Bu pastanın bir qədər dəyişdirilmiş variantını təqdim edirəm.

4 nəfərlik porsiya:

  • 3-4 xörək qaşığı zeytun yağı;
  • 1 paket spagetti və ya bukatini (boru formasında);
  • 3 xörək qaşığı kərə yağı;
  • 1/2 çay qaşığı təzə üyüdülmüş qara bibər;
  • 1-2 diş sarımsaq;
  • 90-100 qram rəndələnmiş Parmesan və ya Grana Padano pendiri.

Hazırlama qaydası:

Su ilə dolu qazanı qaynamağa qoyuruq və yaxşıca duz əlavə edirik. Su qaynadıqdan sonra pastanı tökürük.

Sarımsağı soyuruq və bıçağın yastı tərəfi ilə əzirik, sonra onu tavada zeytun yağında qovururuq. Sarımsaq rəngini dəyişən kimi - altını söndürürük və qapağını örtürük. Sarımsaq öz dadını və ətrini yağa buraxacaq.

Pasta al dente olan kimi, atəşi minimuma endiririk, fincan ilə suyu qazandan götürürük, onu yağ olan tavaya tökürük və altını yandırırıq. Pastanın suyu və yağı həll olunmalıdır.

Kərə yağını tavaya əlavə edirik, əridirik və sonra pastanı qazandan bu tavaya boşaldırıq. Pastanı sousla birgə bir neçə dəqiqə qarışdırırıq.

Altını söndürürük, qara bibəri və rəndələnmiş pendiri əlavə edirik. Krem teksturası alınanadək qarışdırırıq.

image1

Rəndələnmiş Parmesan pendiri ilə təqdim edirik.

Bon appétit!

 

Mətn: Həcər Əliyeva